Milli Qurtuluş Günü münasibətilə “Azərbaycanı Avropada tanıdaq!” devizi altında keçirilmiş motoyürüş yüksək qiymətləndirilmişdir

 

Milli Qurtuluş Günü münasibətilə iyunun 7-dən 21-dək Bakı-Zaqreb-Bakı marşrutu üzrə “Harley Devidson HOG Baku”nun təşkilatçılığı, ANS-in informasiya dəstəyi ilə “Azərbaycanı Avropada tanıdaq!” devizi altında motoyürüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, iyunun 23-də Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov motoyürüş iştirakçıları ilə görüşmüşdür.

Əli Əhmədov motoyürüşün əhəmiyyətini yüksək qiymətləndirmişdir. Baş nazirin müavini vurğulamışdır ki, yürüş zamanı çətinliklərə tab gətirmək ümummilli lider Heydər Əliyevin xatirəsinə dərin hörmətdən irəli gəlir. Yürüşə çıxmazdan əvvəl siz bilirdiniz ki, çətinliklərlə rastlaşacaqsınız, ancaq ümummilli lider Heydər Əliyevin xatirəsinə dərin ehtiram və Azərbaycanı Avropada daha yaxşı tanıtmaq üçün bu çətinliklərə sinə gərmək lazımdır. Biz bunu yüksək qiymətləndiririk. Bu aksiya gənclərə bir nümunədir.

Yürüş haqqında məlumat verən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev demişdir ki, aksiyanın məqsədi Azərbaycanın bugünkü reallıqları və Xocalı faciəsi haqqında xarici ölkələrdə insanları daha dolğun məlumatlandırmaq idi. Biz buna nail ola bildik.

 

Azərbaycan.-2014.- 24 iyun.- S.5.