Azərbaycanın bu sahədə də öz brendi olacaq

 

 

24 iyun ölkəmizdə maşınqayırma sənayesi işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Maşınqayırma sənayesi hələ keçmiş sovet dönəmində respublika iqtisadiyyatının aparıcı sahələrindən idi. Müstəqil Azərbaycanın iqtisadiyyatında da bu sahənin özünəməxsus yeri var. Həm də qeyd edək ki, əgər əvvəllər əsasən neft maşınqayırması üstünlük təşkil edirdisə, indi ölkə maşınqayırması bir sıra müxtəlif istiqamətlərdə inkişaf edir.

Azərbaycan qədim neft ölkəsi olduğundan burada neft maşınqayırmasının təşəkkül tapması da qanunauyğun haldır. Neft-qaz maşınqayırma sənayesi birliyinin tarixi 1935-ci ildən başlayır. Həmin dövrdə neft-mədən avadanlıqlarının və alətlərinin istehsalı və təmiri müəssisələrinin birləşdirilməsi əsasında  "Azneftmaş" yaradıldı və sonralar Ümumittifaq Sənaye Birliyinə - "Soyuzneftmaş"a, daha sonra isə "Azneftkimyamaş" Dövlət Şirkətinə çevrildi.

Azərbaycanın erkən neftçıxarma mərkəzi kimi inkişafı nəticəsində respublikanın neft maşınqayırma sənayesi keçmiş Sovet İttifaqının neft maşınqayırma sənayesinin özəyi hesab olunurdu. Keçmiş SSRİ-nin bütün neftçıxarma ərazilərində neft və qazın çıxarılması,  quyuların cari və əsaslı təmiri xidməti üçün avadanlığın 70 faizə qədəri Azərbaycanda istehsal olunurdu. Neft maşınqayırma sənayesinin məhsulları dünyanın 35 ölkəsinə göndərilirdi. Respublikamızın neft maşınqayırma sənayesi bu tipdən olan sənaye müəssisələrinin ən çox cəmləşdiyi sahə hesab olunurdu.

1970-1980-ci illərdə respublikanın neft maşınqayırma sənayesi öz inkişafının yeni mərhələsinə daxil oldu. Bu sahənin strukturunda ciddi dəyişikliklər baş verdi, strateji müəssisələr yenidən quruldu, yeni istehsal sahələri işə salındı. Bakıda Leytenant Şmidt adına (sonralar Səttarxan adına), B.Sərdarov adına, "Bakı fəhləsi", Keşlə və zəngin ənənələri ilə fərqlənən neçə-neçə digər nəhəng neft maşınqayırma müəssisələri fəaliyyət göstərirdi.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu həmin illərin  yadigarıdır. Ulu öndərin təşəbbüsü və səyi ilə tikintisi Bakıda mümkün olan bu müəssisə indi Azərbaycan iqtisadiyyatında böyük rol oynayır. Zavod indiyədək çoxlu sayda dəniz özülləri və digər avadanlıqlar buraxıb. Xəzərdə xarici şirkətlərlə birgə işlənən yataqlarda quraşdırılan platformalar da ya bütövlükdə, ya da onların ayrı-ayrı hissələri məhz bu müəssisədə inşa edilib. Mütəxəssislərin fikrincə, əgər bu gün ARDNŞ-yə məxsus həmin zavod olmasaydı, Azərbaycanda həyata keçirilən neft-qaz layihələrinin hər biri ən azı 5 il gecikərdi. 

Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələndən sonra sənayenin bütün sektorlarının, o cümlədən maşınqayırmanın inkişafı üçün xüsusi proqramlar icra edilməyə başladı. Müəssisələr özəlləşdirildi, səhmdar cəmiyyətlərinə çevrildi, onların maddi-texniki bazası yenidən quruldu. Bütün bunlar getdikcə maşınqayırma müəssisələrinin yeni texnologiyalar əsasında təchizatına, onların həm istehsal güclərinin, həm də yeni çeşiddə məhsullar buraxılışı üçün imkanlarının artmasına səbəb oldu.

Hazırda neft-mədən avadanlığının istehsalı ilə "Azneftkimyamaş" ASC məşğul olur və zavodları onlarca növ məhsul buraxır. Ümumiyyətlə, indi Azərbaycan maşınqayırma sənayesində istehsal olunan rəqabətqabiliyyətli məhsullara malikdir. Bu sırada avtomobillərin istehsalı xüsusi yer tutur. Azərbaycan maşınqayırma sənayesində də öz milli brendi ilə tanınmağa çalışır. Artıq bir neçə ildir ki, bölgədə ən iri avtomobil müəssisəsi olan Gəncə Avtomobil Zavodu məhsul istehsal edir. Həm yük, həm də minik maşınları istehsal etmək imkanına malik olan zavod illik gücünü artırmaq potensialına görə də fərqlənir. Zavodda Belarusla birgə istehsal edilən kənd təsərrüfatı traktorları yerli tələbatın ödənilməsində mühüm rol oynayır. Bir neçə ildən sonra bu maşınların qonşu dövlətlərə ixracı da nəzərdə tutulub.

Təqdirəlayiq haldır ki, maşınqayırma sənayesi təkcə paytaxtı və iri şəhərləri əhatə etmir. Bu sənaye sahəsi regionlarda da inkişaf etməyə başlayıb. Şamaxıda, Naxçıvanda yeni texnologiyaların tətbiqinə əsaslanan maddi-texniki bazanın yaradılması sayəsində müasir avtomobillərin buraxılışı getdikcə artır. Naxçıvanda "Lifan" avtomobilləri, Mingəçevir və Zəyəmdə (Şəmkir rayonu) kənd təsərrüfatı maşınları buraxılır. Digər markalı maşınların buraxılışı ilə bağlı layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu da Bakı ilə yanaşı, regionlarda yaşayan insanların məşğulluğunun təmin olunması, sosial vəziyyətlərinin yaxşılaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

"Azərbaycan Respublikasında maşınqayırma sənayesinin İnkişaf Proqramı"na uyğun olaraq son illər bu sahəyə dövlət dəstəyi gücləndirilmişdir. Sənəddə nəzərdə tutulan tədbirlər maşınqayırma sahəsinin hərtərəfli inkişaf etdirilməsi məqsədini daşıyır.

Proqramda ölkədə neft-mədən və neft-kimya sənaye sahələri üçün avadanlıqların, maşın və mexanizmlərin istehsalının genişləndirilməsi, keyfiyyətinin yaxşılaşdırılması, bu məhsullar üzrə ixrac potensialının artırılması, habelə Gəncə və Bakı avtomobil zavodlarının bazasında ilk növbədə daxili tələbatı ödəmək üçün müasir yük avtomobillərinin və kiçik avtobusların yığma istehsalatlarının yaradılması nəzərdə tutulub.

Azərbaycanda buraxılan maşınqayırma məhsullarının dünyada tanınan brendi olacaq. Bu gün peşə bayramını qeyd edən maşınqayıranlar məhz həmin məqsəd uğrunda çalışırlar.

 

Azərbaycan.-2014.- 24 iyun.- S.5.