Əskişəhərdə görkəmli Azərbaycan ədibi Hüseyn Cavidin

 əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı olmuşdur

 

Türkiyənin Əskişəhər şəhərindəki Anadolu Universitetində fəaliyyət göstərən Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzində görkəmli Azərbaycan şairidramaturqu, ictimai xadim Hüseyn Cavidin əsərlərinin qardaş ölkədə ilk nəşrinin təqdimatı olmuşdur.

Ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsində çəkdirdiyi şəkillərin, ədibin zəngin mənalı həyatını əks etdirən nadir fotoların da daxil edildiyi 944 səhifəlik kitab Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü ilə "Kaspi" Təhsil Mərkəzi tərəfindən hazırlanmışdır.

Əvvəlcə qonaqlara Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzinin fəaliyyəti barədə məlumat verilmiş, iştirakçılar ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən nadir fotolar, müxtəlif kitabjurnallar ilə tanış olmuşlar.

Anadolu Universitetinin tələbə-müəllim kollektivinin, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, Əskişəhər ictimaiyyətinin tanınmış nümayəndələrinin, türkiyəli cavidsevərlərin və Azərbaycandan gəlmiş nümayəndə heyətinin iştirakı ilə keçirilən mərasim Hüseyn Cavidin zəngin həyat və yaradıcılığına həsr olunmuş filmin nümayişi ilə başlanmışdır.

Mərasimi giriş sözü ilə açan Anadolu Universitetinin "Azərbaycan proqramları"nın rəhbəri Azər Hətəmov böyük ədibimizin zəngin bədii yaradıcılığı, onun sovet repressiya maşınının qurbanı olan həyatı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Hüseyn Cavidin nəşinin uzaq Sibirdən vətəni Azərbaycana gətirilməsi, əsərlərinin nəşri və dünyada tanıdılması istiqamətində görülən işlərdən bəhs etmişdir.

Anadolu Universitetinin rektoru professor Naci Gündoğan rəhbərlik etdiyi təhsil müəssisəsində Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzinin fəaliyyət göstərməsinin əhəmiyyəti, Hüseyn Cavid şəxsiyyətinin böyüklüyü, ədibin yaradıcılığının türk dünyasının ədəbiyyatına  gətirdiyi ucalıqdan danışmışdır. Ədibin əsərlərini türkdilli xalqların ortaq mədəni xəzinəsi adlandıran rektor əminliklə bildirmişdir ki, Hüseyn Cavid yaradıcılığı bütün dövrlərdə sevilə-sevilə oxunacaq və bəşəri dəyərini həmişə saxlayacaqdır.

Tədqiqatçı alim, "Ədəbiyyat qəzeti" baş redaktorunun müavini,  filologiya üzrə fəlsəfə doktoru, kitabın tərtibçisi Azər Turan Hüseyn Cavid yaradıcılığının bəşəri mahiyyəti, müraciət etdiyi tarixi hadisələr, əbədi qəhrəmanlarının  şəxsiyyəti, onun əsərlərində böyük duyğu və nəcib hisslərin tərənnümü barədə fikir və mülahizələrini bölüşmüşdür.

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova ədibin yaradıcılığındakı rəngarəngliyin onun dərin təfəkküründən və zəngin dünyagörüşündən qaynaqlandığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Hüseyn Cavidin müraciət etdiyi mövzular tarixi, qəhrəmanları dünyəvi simalar olduğu üçün əsərləri həyatda əbədiyaşarlıq qazanmışdır. Hüseyn Cavid Azərbaycan xalqının dünya ədəbi xəzinəsinə bəxş etdiyi nadir şəxsiyyətdir.

Çıxışlarda qeyd olunmuşdur ki, keçmiş sovet dövründə əsərləri uzun illər yasaq edilən Hüseyn Cavidin Azərbaycan xalqına qaytarılması və əsərlərinin yayılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən ədəbi simalarının əsərlərinin yayılması və dünyada tanıdılması Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanılır. Hüseyn Cavidin əsərlərinin külliyyatının Türkiyədə nəşri bu sahədə həyata keçirilən çoxistiqamətli tədbirlərin tərkib hissəsidir.

Sonda Anadolu Universitetinin "Azərbaycan proqramları"nın bakalavr məzunları  Hüseyn Cavidin  əsərlərindən  parçalar oxumuşlar.

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

 

Əskişəhər

Azərbaycan.-2014.- 24 iyun.- S.7.