Azərbaycanda qadın siyasətinin uğurları

 

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının növbəti (24 may 2014-cü il) ümumrespublika konfransı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qaldı və Azərbaycanda qadın fəallığı ənənələrinin daha bir nümunəsi olaraq tarixə yazıldı.

Cəmiyyətlərin inkişaf səviyyəsini müəyyən etmək, bu inkişafa yol açan əsas amilləri üzə çıxarmaqdan ötrü tarix boyu çox nəzəriyyələr, formullar irəli sürülüb. Uzun illər ərzində bu istiqamətdə əldə edilən bilik və təcrübələrin məcmusu müasir cəmiyyətlərin inkişafında qadın amilinin rolu barədə indi daha rasional şəkildə düşünmək imkanı verir.

Müasir dünyamızda qadınların ictimai fəallığı, cəmiyyətin sosial-iqtisadi həyatında yaxından iştirakı, konkret bir toplumun tarixi təkamül prosesinin hansı mərhələsində olduğunu müəyyən edən göstərici kimi çıxış etmir. Həm də bu təkamülə yol açan, ümumi inkişaf meyillərinə istiqamət verən, bu prosesin mənəvi-əxlaqi meyarlarını konkretləşdirən əhəmiyyətli faktor rolunu oynayır.

Bir qədər obrazlı tərzdə ifadə etsək, biz indi vaxtilə ulu Cavidin ölməz misralarında öz poetik əksini tapmış "Sürüklənən bəşəriyyət qadınla yüksələcək" ümidinin reallığa çevrilməsinə daha böyük ehtiyac duyan ziddiyyətli bir dünyada yaşayırıq. Bu gün müharibələrdən, soyqırımı  aktlarından, beynəlxalq terrorizmdən, insan alveri, narkotik, silah qaçaqmalçılığı kimi bəşəri cinayətlərdən əziyyət çəkən dünyanın qadın humanizminə, qadın nəcibliyindən irəli gələn mənəvi-əxlaqi dəyərlərin hakimliyinə, qadın həmrəyliyinə daha böyük ehtiyacı vardır.

Hazırda Azərbaycan qadınlarının müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında getdikcə artan rolu və mövqeyi bizim milli dövlətçilik tariximizin ən böyük uğurlarındandır. Bu uğurlar bir tərəfdən Azərbaycanda qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən isə ölkə rəhbərliyinin həyata keçirdiyi strateji inkişaf xəttində qadın siyasəti ilə bağlı seçilmiş prioritetlər üzərində qərar tutur.

Dünyanın hansı qütbündə yaşamasından asılı olmayaraq, özünü mənəvi tellərlə bu torpaqlara bağlı sanan bütün soydaşlarımıza həmişə doğma ana kimi qucaq açmış müstəqil Azərbaycan dövləti, şükürlər ki, bu gün tarixinin ən böyük inkişaf dövrünü yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan dövləti tarixdə heç zaman indiki qədər qüdrətli olmamışdır. Bu reallıq, təbii ki, müstəqil Azərbaycan dövlətini öz memar əlləri ilə qurub-yaradan, ölkəmizi zamanın sərt sınaqlarından üzüağ çıxaran, müstəqil Azərbaycan dövlətinə azad, firavan, rifah dolu gələcəyə doğru aydın istiqamət verən ümummilli lider Heydər Əliyevin milli dövlətçilik kursunun təntənəsidir. Bu kursu tükənməz inam, Heydər Əliyev ideallarına yüksək sədaqət hissi və böyük dinamizmlə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət sayəsində Azərbaycan gündən-günə güclənir, inkişaf edir.

Bu gün Azərbaycan dövləti həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, ölkəmizin müasirləşdirilməsinə, dünyanın ən modern ölkələrindən birinə çevrilməsinə yönələn ardıcıl tədbirlərlə sanki yenidən qurulur. Bu inkişaf meyilləri tarixin bütün mərhələlərində ən yüksək dəyərlə xatırladığı Azərbaycan qadını üçün də ictimai fəallığın artırılması, qadın hərəkatı ənənələri tarixində möhtəşəm bir mərhələnin yaradılması üçün yeni mühitdir. Müstəqilliyimizin ilk illərində cəmiyyətdəki mürəkkəb ictimai-siyasi, sosial-iqtisadi və mənəvi problemlərin burulğanına düşən, mərd, fədakar, mübariz qadınlarımız o illərdə yaşananların sıxıntılarına rəğmən bu gün üçüncü minilliyin növbəti onilliyində dünya qadınlarının öncülləri sırasında qərar tutur. Bütün dövrlərdə kişilərlə çiyin-çiyinə dayanan, öz dəstəyini onlardan bir an belə əsirgəməyən Azərbaycan qadını bu gün də müstəqil dövlətimizin inkişafı, tərəqqisi istiqamətində görülən ardıcıl işlərdə ön sıradadır.

Dəhşətli müharibənin xalqımıza və ümumilikdə bəşəriyyətə vurduğu ağır yaralara mətanətlə, böyük ləyaqətlə dözüm göstərən, ölkəmizin müstəqilliyi, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş doğmalarımızın yoxluğu acısını çəkən, itirilmiş yurdlarımızın, soyumuş ocaqlarımızın həsrəti ilə yaşayan Azərbaycan qadını yeni əsr, zaman qarşısındakı məsuliyyətini də unutmur. Qadınlarımız onun mənəvi dəyərlərini təmsil etdiyi ölkədə - tarixin heç bir mərhələsində görünməmiş imkanların - qurub yaratmaq, bəşəriyyətin yüksəlişinə töhfələr vermək, özünü cəmiyyətin əhəmiyyətli sahələrində sübuta yetirmək imkanlarının mövcudluğu fərqindədir. Qadın fəallığı ənənələrinin yüksəlişinə yol açan bu şərait ulu öndər Heydər Əliyevin cəmiyyət həyatında anaların roluna verdiyi böyük dəyərlərdən bəhrələnir.

Hələ sovet Azərbaycanına rəhbərliyi dövründə qadınların ictimai fəallığının artırılması, onların təhsili, məşğulluğu, vəzifə pillələrində irəliləyişi üçün mühüm addımlar atan Heydər Əliyev 1993-cü ildə dövlət rəhbərliyinə qayıdışından sonra bu xətti yeni məzmunda, müstəqillik dövrünün mahiyyətinə uyğun bir tərzdə davam etdirdi. Qadına ailədə, əmək kollektivlərində, əhatə olunduğu sosial mühitdə, ümumilikdə isə cəmiyyətdə mənəvi-əxlaqi normaların, saflığın, səmimiyyətin, tamlığın, bütövlüyün mühafizi kimi yanaşan Heydər Əliyev qadın amilini cəmiyyətimizdə milli vəhdət faktoruna çevirdi.

Ulu öndərin ideyaları üzərində bərqərar olaraq 1992-ci ilin noyabrında Azərbaycanın siyasi həyatında tarixi zərurət kimi meydana çıxan Yeni Azərbaycan Partiyası milli vəhdətə, müstəqilliyini yenicə əldə etmiş dövlətimizin təlatümlərdən qurtuluşuna can atan, ölkənin faciələr, sarsıntılar dövrünü keçmişə buraxaraq sabit, ardıcıl, məqsədyönlü inkişaf yoluna qədəm qoymasını arzulayan və bu prosesə öz töhfəsini vermək istəyən Azərbaycan qadınlarının birlik, bərabərlik ünvanı oldu.

Ulu öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra qadınlarımız onun milli inkişaf strategiyasının fəal müdafiəçiləri oldular. Ümummilli liderin siyasi qüdrətindən ilham alan Azərbaycan qadınları aydın siyasi təfəkkürləri, analitik düşüncə və imkanları, ən əsası isə müstəqil Azərbaycan dövlətinə, onun milli-mənəvi dəyərlərinə sonsuz sevgiləri ilə ölkəmizin xoşbəxt gələcəyi, demokratik inkişafı üçün bu strategiyanın müdafiəçilərinə çevrildilər. Çünki bu strategiyanın hədəfləri qadınlarımızın daim qəlblərində gəzdirdikləri, ən müqəddəs dua kimi dilə gətirdikləri arzularla üst-üstə düşürdü.

1995-ci ildə ulu öndərin tövsiyəsi ilə Yeni Azərbaycan Partiyasının mərkəzi və yerli təşkilatlarının tərkibində qadınlar şuralarının yaradılması böyük ictimai dəstəklə müşayiət olunurdu. Heydər Əliyevin siyasi dəstəyinə inanan Azərbaycan qadınlarının qabaqcılları belə bir təşəbbüsü yaxından müdafiə edir, bu şuranın işində fəal iştirak etmək üçün dəstə-dəstə Yeni Azərbaycan Partiyasının sıralarına gəlirdilər. Azərbaycan qadınının tarixdə ilk dəfə bu qədər böyük mütəşəkkilliklə ümumxalq mübarizəsinə qoşulması, hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu işində yaxından iştirakı böyük hakimiyyət ustadı olan Heydər Əliyevin xalq arasındakı sarsılmaz nüfuzunun, cəmiyyətin əhəmiyyətli hissəsini təşkil edən Azərbaycan qadınlarının ümummilli liderin həyata keçirdiyi müdrik siyasətə sonsuz inamının ifadəsi idi. 

Heydər Əliyevin Azərbaycan qadınının cəmiyyətdəki roluna, Azərbaycan qadınınınsa Heydər Əliyev siyasətinə verdiyi yüksək dəyər ölkədə qadın fəallığı ənənələri tarixinə yeni salnamələr yazdı. Cəmiyyətdə qadınların mövqeyini möhkəmləndirmək üçün Heydər Əliyevin 1998-ci ildə Azərbaycan tarixində ilk dəfə olaraq Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə sərəncamı bu istiqamətdə atılan tarixi addımlardan biri oldu. 26 illik fasilədən sonra, 1998-ci ildə Azərbaycan qadınlarının ilk qurultayı keçirildi. Ulu öndər Heydər Əliyevin həmin qurultaydakı proqram xarakterli çıxışı Azərbaycan qadınına verilən tarixi dəyərin, onun fədakarlığına, sədaqətinə, mərdliyinə hörmət və ehtiramın, eyni zamanda demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu prosesində Azərbaycan qadınının dəstəyinə yüksək inam və ümidin ifadəsi idi.

"Qadınların adları və xidmətləri bizim tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Ancaq XX əsrdə Azərbaycan qadınının keçdiyi yol, əldə etdiyi nailiyyətlər, həqiqətən, dünya miqyasında bizim üçün iftixar mənbəyinə çevrilmişdir. İndi biz hədsiz iftixar hissi ilə deyə bilərik ki, cəmiyyətimizin hər bir sahəsində qadınlar böyük rol oynayır". Ulu öndərin həmin çıxışında öz əksini tapan bu fikirlər həm də XX əsrdə əldə edilmiş nailiyyətlər üzərində XXI əsrdə Azərbaycanda qadın fəallığı tarixinin yeni dönəmini yaradacaq xanımlarımıza ünvanlanmış çağırış, tarixin və taleyin onlar qarşısında müəyyən etdiyi mənəvi məsuliyyət idi.

Azərbaycan qadını bu qiymətin, bu mənəvi məsuliyyətin işığında yeni əsrdə üzərinə düşən vəzifələri düzgün dəyərləndirərək cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizdə gedən çoxşaxəli inkişaf proseslərinə öz töhfələrini verməyə çalışır. Bu siyasətə verilən dəstəklə İlham Əliyevin Azərbaycana qazandırdığı nailiyyətlərin məzmununda özünün, ailəsinin, övladlarının gələcəyinə ünvanlanmış arzularının addım-addım reallığa çevrildiyini görür.

Bu gün Azərbaycan qadını İlham Əliyevin həyata keçirdiyi siyasətdə özünün, doğmalarının güvənli, təhlükəsiz həyatından əlavə, həm də gündən-günə zənginləşən süfrəsindəki bolluğu görür. Bəlli işi, sabit qazancı olan əzizlərinin məmnunluq dolu baxışlarını hiss edir. Ev-eşiyinin getdikcə müasirləşən görkəminə, yeniləşən məişət avadanlıqlarına, gündəlik həyatında, geyim-kecimində, bir qadın kimi tələbat və ehtiyaclarında müsbətə doğru əks olunan dəyişikliklərə fərəhlənir. Cəmiyyətdə əhəmiyyətli bir qüvvə kimi çıxış edən Azərbaycan qadınının İlham Əliyev şəxsiyyətinə, onun həyata keçirdiyi siyasətə inam və etimadının əsasında həm də bu həqiqət dayanır.

Ölkə rəhbəri cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan qadını ilə bağlı olan problemlər dövlətin prioritet məsələlərindən ən ümdəsinə çevrildi, qadınların problemləri dövlət rəhbərliyinin ən yüksək diqqət və qayğısı ilə əhatə olundu. Azərbaycan Prezidentinin 6 fevral 2006-cı il tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri daha da genişləndirildi, komitə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi statusunu aldı.

Yarandığı dövrdən bu qurumun fəaliyyəti ölkəmizdə qadın fəallığına böyük təkan vermiş, həyata keçirilən sosialyönümlü dövlət siyasətinə uyğun olaraq qadınların işlə təmin olunması, məşğulluq strategiyasının həyata keçirilməsi, gender bərabərliyinin qorunması, uşaq hüquqlarının müdafiəsi və s. istiqamətlər üzrə mühüm nailiyyətlər əldə edilmişdir.

Hazırda mərkəzi və yerli icra hakimiyyəti orqanlarında qadınların yüksək vəzifələrə irəli çəkilməsi xoş bir tendensiya kimi diqqəti cəlb edir və fikrimizcə, bu müsbət təcrübə gələcəkdə də davam etdiriləcəkdir.

Cənab İlham Əliyev Azərbaycan qadınlarına müstəqillik ideyası ətrafında sıx birləşərək bu gün milli dövlət quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı olaraq respublikamızın sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına əvəzsiz töhfələr verən əhəmiyyətli qüvvə kimi yanaşır. Onların xüsusən təhsil və səhiyyə sistemlərində dolğun fəaliyyətləri ilə maarifpərvər qadın ziyalılarımızın ideyalarını müvəffəqiyyətlə həyata keçirmələrini yüksək dəyərləndirir: "Cəmiyyətimizdə qadının daim artan nüfuzu və hazırkı yüksək ictimai mövqeyi Azərbaycanın müasir həyatının diqqətəlayiq hadisəsidir.

Qloballaşan dünyada dəyərlər sisteminin sürətli dəyişikliklərə məruz qaldığı indiki vaxtda məhz analarımız milli-mədəni zənginliklərimizin və əxlaqi-mənəvi sərvətlərimizin qorunub saxlanılmasının həqiqi təminatçılarıdır. Gənc nəslin qədim adət-ənənələrimizə, milli məfkurəyə və dövlətçilik ideallarımıza sədaqət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirməklə onlar üzərlərinə düşən işlərin öhdəsindən hər zaman olduğu kimi, yenə şərəflə gəlirlər.

İnanıram ki, Azərbaycan qadını respublikamızın dinamik inkişafı və tərəqqisi naminə qüvvəsini bundan sonra da əsirgəməyəcəkdir".

Azərbaycan qadınının İlham Əliyevin müəllifi olduğu tarixi dövrə rəğbətini, bu dövrün yaradılması prosesində aktiv iştiraka həvəsini şərtləndirən əsas amillərdən biri də bu dövrdə Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, bu günlərdə 10 yaşını qeyd etdiyimiz Heydər Əliyev Fonduna ləyaqətlə rəhbərlik edən Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadınının layiq olduğu ən yüksək ictimai məqama, mənəvi zirvəyə yüksəlməsidir.

Dünyada ən böyük məktəb, hansısa dəyərli keyfiyyəti əxz etmək üçün təsirli vasitə bir insanın öz həyat və fəaliyyəti ilə yaratdığı şəxsi nümunədir. Mehriban xanım Əliyeva bu mənada Azərbaycan qadınları üçün müasir dünyamızda bəşəriyyətə faydalı olmağın yeni meyarlarını müəyyən edən parlaq örnəkdir. Müasir Azərbaycan tarixinə dünyanın bir çox demokratik, sivil ölkələrinin ictimai həyatında faydalı bir norma kimi çoxdan sabitləşmiş birinci xanım ənənələrini gətirən Mehriban Əliyeva ümumilikdə bəşəriyyətə təlqin etdiyi prinsiplərlə mədəni dəyərlərə sayğını, insanın insana mərhəmətini, sevgisini, xeyirxahlığı, tolerantlığı, dözümlüyü müasir dünyamızda insan həyatının əsas mənası kimi gündəmə gətirir.

Bu gün mədəniyyətlər arasında dialoq məkanına çevrilmiş Azərbaycanda təşkil edilən beynəlxalq tədbirlər, bütün dünyada bu yöndə aparılan maarifləndirmə ilə multikulturalizmi, savadlılığı, sivilizasiyalar arasında qarşılıqlı təmasları dünyanı bir çox bəlalardan, konfliktlərdən, toqquşmalardan hifz edə biləcək dəyər kimi diqqətə çatdırır. Onun təşəbbüsü ilə Azərbaycan mədəniyyəti incilərinin, səsimizin, sözümüzün bütün dünyada təbliği, dövlətimizin dəstəyi ilə ölkə daxilində və ölkədən xaricdə keçirilən mədəni tədbirlər, reallaşdırılan layihələrlə Azərbaycan özü bu prosesin ən fəal iştirakçısı qismində çıxış edir.

Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən ictimai təşəbbüslərin əhəmiyyətli bir hissəsinin ailə və uşaq sağlamlığı, yeniləşən Azərbaycan üçün yeni məktəblərin tikilməsi məsələlərini əhatə etməsi xüsusilə mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondunun xətti ilə Azərbaycanın müxtəlif regionlarında tikilən, təmir edilən, ən müasir tələblərə uyğunlaşdırılan məktəblər bu bölgələrdə təhsilin, maarifin aparıcı amilə çevrilməsi, insanların təhsilə marağının stimullaşdırılması deməkdir. Hər bir gənc ana, ata bu məktəblərə, onların müasir görkəminə balalarının gələcəyi ilə bağlı böyük bir ümid kimi baxır. Sirr deyil ki, paytaxt və bölgələr arasında inkişaf fərqi ümumtəhsil məktəblərinin səviyyəsində, onların gənclərə verdiyi biliklərdə də nəzərə çarpır. Bu baxımdan bölgələrimizdə müasir dövrün tələblərinə uyğun məktəblərin inşası, onların ən müasir texnologiyalarla təchiz olunması bu fərqin aradan qaldırılmasına, regionların tarazlı inkişafına, ümumilikdə isə Azərbaycanın sosial-iqtisadi tərəqqisinə istiqamətlənmişdir.   

Mehriban xanım Əliyevanın irəli sürdüyü layihələr təkcə Azərbaycanda deyil, ölkə sərhədlərindən kənarda - Pakistanda, Əfqanıstanda, Rumıniyada, Türkiyədə, Gürcüstanda, Rusiyada və digər ölkələrdə də köməyə möhtac insanları, toplumları əhatə edir, Azərbaycandan uzaq ölkələrə xeyir, mərhəmət, humanizm işığı aparır.

Bu gün adı cəmiyyətimizdə xeyirxahlıq, mərhəmət, insanlara kömək, nəciblik, alicənablıq məzmunu ilə assosiasiya olunan Mehriban xanım Əliyeva amilinin Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artması, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində  rolu böyükdür.

2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının V qurultayında Mehriban Əliyevanın şəxsində ümumilikdə Azərbaycan qadınına böyük etimad  göstərildi. Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası sədrinin müavini seçilməsi ilə Azərbaycan qadınının siyasətdə təmsilçiliyinə böyük dəyər verildi və bu fakt qadınlarımızın Yeni Azərbaycan Partiyasına axınını daha da stimullaşdırdı. Çünki qadınlarımız bir daha dərk etdilər ki, YAP-ın üzvü olmaq şərəfdir, YAP-ı təmsil etmək qürurdur. Əqidəli yeni azərbaycanlı olmaq ali mənəviyyat və yüksək ləyaqətdir.

Yeni Azərbaycan Partiyasının tərkibi haqqında 1 yanvar 2014-cü ilin statistik məlumatı partiyamızın ölkədə həm kəmiyyət, həm də keyfiyyət etibarilə qüdrətli bir siyasi qüvvə olduğunu təsdiq edir. Partiya üzvü olan 620.371 nəfərin 283.269 nəfəri, yəni 45,7 faizi qadınlardan ibarətdir. Onlar təhsil, səhiyyə, elm, mədəniyyət, incəsənət, idarəetmə və digər sahələrdə çalışırlar. Yeni Azərbaycan Partiyasındakı qadınların tərkibində 971 nəfər fəlsəfə doktoru, 269 nəfər elmlər doktoru təmsil olunur. 

Son illərdə qadınlarımızın seçkili orqanların fəaliyyətində iştiraka marağı artmışdır. Əgər ilk mərhələdə yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi cəmi 3-4 faiz təşkil edirdisə, indi bu göstərici 30 faizə çatmışdır. Artıq ölkəmizdəki bir sıra bələdiyyələrin sədrləri də məhz qadınlardır. Bundan başqa, Azərbaycan Respublikası Milli Məclisində 19 qadın millət vəkili təmsil olunur.     

Bu gün YAP-çı qadınların ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətlə əldə etdikləri uğurların ölkə Prezidenti tərəfindən layiqincə davam etdirilməsi faktoru aydın görünür.

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası hazırda partiya sıralarında təmsil olunan 283.269 Azərbaycan qadınını bir araya gətirir. Şuranın Milli Məclisdə 12, yerli idarəetmə orqanlarında isə 2.868 təmsilçisi var.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun Qadınlar Şurasının ümumrespublika konfransındakı çıxışında qeyd etdiyi kimi, bu göstərici partiya üçün hələlik qaneedici sayıla bilməz. Ona görə də konfrans zamanı dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində YAP Qadınlar Şurasının üzvlərinin daha fəal olmaları, ən layiqli və intellekt səviyyəsi yüksək qadınların namizədliyinin irəli sürülməsi vacib sayılmışdır.

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının təmsilçiləri Azərbaycan sərhədlərindən kənarda keçirilən beynəlxalq tədbirlərdə də fəal iştirak edirlər. Belə ki, 2009-2012-ci illərdə Türkiyədəki hakim AK partiyanın qadın qollarının qurultayında YAP Qadınlar Şurasının çıxışı dinlənilmiş, Azərbaycan həqiqətləri böyük dəstəklə qarşılanmışdır.

2013-cü ildə YAP-ın Qadınlar Şurasının üzvləri Malayziyanin Kuala Lumpur şəhərində Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının qadınlar qolunun I iclasında və hakim partiyanın qurultayında, 2011-2014-cü illərdə Moldovada, Rumıniyada, Tailandda, Koreyada, Nepalda və digər ölkələrdə keçirilən Asiya siyasi partiyalarının beynəlxalq konfranslarının, Azərbaycanda həmin illərdə olan beynəlxalq konfransların, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, "XXI əsrdə - qadın siyasətçilərinin rolu", Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar qolunun I iclasında, İslam, elm, təhsil və mədəniyyət təşkilatına üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransında nümayəndə kimi iştirak etmişlər.   

Partiyanın sədr müavini Əli Əhmədovun da konfransda xatırlatdığı kimi, YAP-ın aparıcı üzvləri olan qadınların fəaliyyətinin nəticəsidir ki, YAP Qadınlar Şurası Asiya Siyasi Partiyalar Assosiasiyasının Qadınlar Şurasına üzv olmuşdur. Bu beynəlxalq təşkilatda Azərbaycanı layiqincə təmsil edir, uğurlarımızı və problemlərimizi dünya arenasına çıxarırıq.

Milli Məclis Sədrinin müavini Bahar Muradovanın konfransda seçilən yeni idarə heyətinin müntəzəm şəkildə toplanmasının, hədəflərini müəyyənləşdirməsinin, daha geniş beynəlxalq arenalara çıxmaq haqqında düşünməsinin vacibliyi barədə səsləndirdiyi fikirlər də bu baxımdan təqdir olunmalıdır.

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının ötən illər ərzində, o cümlədən 2013-cü ildə gördüyü işlər barədə geniş söhbət açmaq olar. Bu işlər miqyas etibarilə ölkəmizdə və Azərbaycandan kənarda keçirilən tədbirlərdən - ötən ilin oktyabrında respublikada keçirilmiş prezident seçkisi kampaniyasındakı fəaliyyətdən, mətbuatda ictimaiyyətin diqqətini cəlb edən aktual mövzularla bağlı qoyulmuş çıxışlardan, cəmiyyətin qayğısına, diqqət və mərhəmətinə ehtiyacı olan sosial qurumlarda olan humanitar aksiyalardan, ictimai-siyasi xarakterli tədbirlərin təşkilindən, hərbi hissələrdə əsgərlərlə görüşlərdən, səhiyyə aksiyalarından və bu kimi digər müxtəlif istiqamətlərdən ibarət olmuşdur. Hesabat dövründə qadınlarımız dəfələrlə əlillər evlərində, ahıllar evlərində, ata-ana himayəsindən məhrum uşaqların məskunlaşdığı internat tipli məktəblərdə görüşlər keçirmiş, cəmiyyətin köməyinə böyük ehtiyacı olan ayrı-ayrı insanlara dəstək vermişlər. 

Düşünürük ki, görülmüş işlərin nəticələri barədə söhbət açmaqdansa qarşıda duran vəzifələri diqqətə çatdırmaq daha faydalı olardı. Bu vəzifələrdən ən ümdəsi, təbii ki, qadınların fiziki və mənəvi sağlamlığının qorunmasıdır. Cəmiyyətin sağlamlığı o cəmiyyəti təşkil edən insanların sağlamlığından başlanır. Qadınların, anaların sağlamlığı isə hər bir cəmiyyət üçün sağlam övladların dünyaya gətirilməsi, tərbiyə olunması deməkdir. Biz qadınlar yaşadığımız qloballaşan dünyamızın problemlərinə açıq gözlə baxmalı, çətinlikləri görməli, bu ehtiyaclardan irəli gələn fəaliyyətimizi genişləndirməliyik.

Bu gün Avropada və Qərbdə gender problemlərinin hədsiz qabardılması "Kaliforniya sindromu"nu önə çəkir. Bu neqativ sindrom insanların eqoist davranmaları, iş, karyera, sərbəstlik, əyləncə barədə daha çox düşünmələri, ailəni ikinci plana keçirmələri zəminində özünü göstərir. Boşanmaların çoxalması, dünyaya uşaq gətirməyin azalması demoqrafik problemlərin kəskinləşməsi ilə müşahidə olunur. Bunun səbəblərindən ən əsası gender problemlərinin şişirdilərək feminizm səviyyəsinə çatdırılması, ailə münasibətləri fonunda fərdin şəxsiyyət azadlığının ziyanlı stereotip kimi qabardılmasıdır.

Azərbaycanda isə Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyondan çox insanın qaçqın və məcburi köçkün düşməsi, ölkənin müharibə şəraitində yaşaması psixoloji cəhətdən gender bərabərliyinin real gerçəkliyə çevrilməsinə maneə yaradan ən böyük problemdir.

Buna baxmayaraq, xalqın tarixən formalaşmış mental dəyərlərini bu gün də yaşadan gənc azərbaycanlı qadın ailənin onun həyatında oynadığı müstəsna rolu düzgün dərk edir.

Lakin bu gün bizi narahat edən məişət zorakılığı problemi ölkəmizdə də istisna deyil. Qadınlara və uşaqlara qarşı zorakılıq qəbuledilməzdir, mənəviyyatsızlıqdır. Belə hallara qarşı qadın şuraları barışmaz mövqe tutmalı, mövcud problemin həllinə xüsusi diqqət yetirməli, qanunun və ən əsası isə cəmiyyətimizdə ali bir simvola çevrilmiş ağbirçək öyüdündən, nəsihətindən, tövsiyəsindən, ana hökmündən və iradəsindən yetərincə və ləyaqətlə istifadə etməlidirlər.

Bu baxımdan qadınlara geniş hüquqların verilməsi, onların cəmiyyətdə layiqli yerinin təmin edilməsi, ilk növbədə sağlam nəslin formalaşması, xalqın genetik fondunun qorunub saxlanması çox vacibdir.

Əlbəttə, bu gün Azərbaycan dövləti öz vətəndaşlarının sağlamlığının qorunması üçün müvafiq sosial proqramlar həyata keçirir. Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının təmsilçiləri olaraq biz də bu prosesə öz töhfələrimizi verməyə çalışır, təşəbbüslərimizlə dövlət və hökumət orqanları qarşısında irəli sürdüyümüz faydalı təkliflərlə qadınlarımızın sağlamlıq imkanlarının artırılmasından ötrü bütün mümkün vasitələrin təmin olunmasına səy göstəririk. Ötən dövr ərzində YAP Qadınlar Şurasının təşəbbüsü ilə Lerik rayonunda 17 nəfər müxtəlif ixtisaslı həkimin iştirakı ilə bir həftə ərzində 863 uşaq müayinədən keçirilmiş, müvafiq tədbirlər görülmüşdür.

Qadınların mənəvi sağlamlığına gəlincə isə, bunun təməlində təhsil, savadlılıq dayanır. Bu gün xüsusilə bəzi ucqar bölgələrimizdə yetkinlik yaşına çatmayan qızlarımızın  məktəbdən, təhsil prosesindən ayrılaraq ərə verilməsi barədə ara-sıra gələn xəbərləri böyük məyusluq hissi ilə izləyirik. Bu mənfi tendensiyanın qarşısının alınması üçün biz hər bir imkandan - həm Azərbaycan Respublikası qanunvericiliyinin, həm ictimai maarifləndirmənin gücündən, həm də milli-mənəvi dəyərlərimizdən irəli gələn ağsaqqal-ağbirçək sözünün, nəsihətlərinin çəkisindən istifadə etməliyik. Hesabat dövründə YAP-ın Qadınlar Şurası problemin daha çox qabardığı bölgələrdə - Salyan, Sabirabad, Saatlı, Şirvan, Şamaxı, Ağsu, Lənkəran, Astara, Masallı rayonlarında bu mövzuya həsr olunmuş görüşlər keçirmişdir.

Bu görüşlərdə qadınların təhsil hüququnun təmin olunması zərurəti bir daha önə çəkilmiş, gender siyasəti sahəsində əldə olunan uğurlara rəğmən bəzi problemlər, arxaik düşüncədən irəli gələn qüsurlu cəhətlər də kəskin tənqid edilmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın da konfransda qeyd etdiyi kimi, müasir cəmiyyətdə erkən nikah, təhsildən yayınma hallarının, qanunsuz kəbin kimi problemlərin aradan qaldırılmasına kömək baxımından Yeni Azərbaycan Partiyası ölkədəki digər partiyalara örnəkdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva çıxışlarının birində ölkəmizdə qadınların təhsili ilə bağlı problemə toxunaraq demişdir: "Bir sıra bölgələrdə bəzi ailələr qızlarına hətta orta məktəbi bitirməyə belə icazə vermirlər. Hesab edirlər ki, qız uşağı üçün təhsil o qədər də vacib deyil. Fikrimcə, bu, dözülməz bir faktdır... Mən bu kürsüdən istifadə edərək, sizə müraciət edirəm və düşünürəm ki, biz bu məsələləri birgə təhlil edib, bu xoşagəlməz meyillərin qarşısını almağa çalışmalıyıq".

Düşünürük ki, hər bir Azərbaycan qadını Mehriban xanım Əliyevanın bu çağırışını nəzərə almalı, təbliğatın, maarifləndirmənin geniş imkanlarından istifadə etməklə bu problemin həllinə əlindən gələn köməyi göstərməlidir. Sadəcə hər bir valideyn, təhsilin müasir həyatımızdakı rolunu dərk etsə, qız övladlarının oxumasına dəstək versə, bu sahədə vəziyyətin çox tezliklə müsbətə doğru dəyişəcəyinə inanırıq. Həm də tərbiyə deyərkən təkcə övladın təhsildəki nailiyyətlərinə, yaxşı oxumasına diqqət göstərməklə  kifayətlənmək nəzərdə tutulmur. Analar öz övladlarını bayağı musiqi, film və televiziya verilişlərindən, zərərli internet vərdişlərindən də qorumalıdırlar. Xüsusilə onların cəmiyyətdəki davranışlarına diqqət yetirməli, insanlara, ətraf mühitə sevgini, ədəbli, nəzakətli davranışı, yüksək ünsiyyət etikasını onların xarakterik xüsusiyyətlərinə çevirməyə çalışmalıdırlar. Çünki bunlar hər bir insanı uğura aparan yoldur. İntellektual, mədəni, yüksək etik keyfiyyətlərə malik insan XXI əsrin ən dəyərli sərvətidir və belə bir insanın yetişdirilməsi missiyası ilk növbədə anaların üzərinə düşür. Övladını belə bir xarakterdə tərbiyələndirməyi isə əsas etibarilə məhz təhsilli qadınlar bacara bilər.

Bu gün ölməz Heydər Əliyevin azərbaycançılıq ideyası vətəndaş tərbiyəsi işinin təşkilinin ən başlıca istiqamətlərini müəyyənləşdirən, hər bir şəxsiyyətin həqiqi vətəndaş obrazını özündə təcəssüm etdirən mükəmməl bir konsepsiyanın həyata keçirilməsi analarımızın, qadınlarımızın fəaliyyətindən çox asılıdır.

İnanırıq ki, Qadınlar Şurasının gələcək fəaliyyətində bu problemlərlə bağlı tədbirlər ardıcıllıqla həyata keçiriləcəkdir.

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının fəaliyyətində ən faydalı ənənələrdən biri də müvafiq bölgələrimizdəki hərbi hissələrə vaxtaşırı səfərlərin edilməsi, ordumuzda psixoloji tərbiyə işlərinin təşkili, əsgərlərin qidalanması, gigiyena qaydalarına riayət və s. bu kimi mühüm məsələlərlə bağlı durumun qiymətləndirilməsindən ibarətdir. Müharibə şəraitində yaşayan ölkəmizdə bizim əsgər anaları missiyasını davam etdirməyimiz həm bu gün ordumuzda aparılan davamlı islahatlara mənəvi kömək, həm də mövcud problemlərin aradan qaldırılması baxımından faydalıdır. Eyni zamanda, bu missiyanın müəyyən destruktiv qüvvələr tərəfindən ordumuzla bağlı mətbuatda aparılan ziyanlı təbliğatın qarşısının alınması, xoşagəlməz söz-söhbətlərin aradan qaldırılması baxımından da faydası böyükdür. Hesabat dövründə Qadınlar Şurası Füzuli rayonunda cəbhə bölgəsində, Biləsuvar rayonundakı "N" saylı hərbi hissədə, Daxili Qoşunların hərbi hissəsində olmuş, övladlarımızın əsgər həyatı ilə yaxından tanış olmuşlar.

Bu gün ölkə ictimaiyyətinin geniş dəstəyini qazanan, sıralarında yüz minlərlə layiqli vətəndaşımızı bir araya gətirən Yeni Azərbaycan Partiyasında, eləcə də çoxpartiyalı sistemə malik Azərbaycan Respublikasındakı digər siyasi partiyalarda qadın təşkilatlarının mövcudluğu, cəmiyyətimizdə qadın fəallığı ənənələrini təmsil edən xanımlarımızın əhəmiyyətli bir hissəsinin bu qurumlarda bir araya gəlməsi bizim tarixdəki böyük nailiyyətlərimizdəndir.

Hər birimiz bu nailiyyətlərin qorunmasına çalışmalı, cəmiyyətimizdə getdikcə güclənən qadın fəallığının hər hansı arzuedilməz niyyətlərə deyil, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, rifahına yönəlməsi üçün səylərimizi daim birləşdirməli, möhtərəm Prezidentin Azərbaycan qadınlarına olan ümidlərini doğruldaraq respublikamızın dinamik inkişafı və tərəqqisi naminə qüvvəmizi bundan sonra da əsirgəməməliyik.

 

Nurlana ƏLİYEVA,

YAP Qadınlar Şurasının sədri, filologiya

 elmləri doktoru, professor

Azərbaycan.-2014.- 25 iyun.- S.7.