Azərbaycan Avropanın mütərəqqi standartlarını tam mənimsəyib

 

Prezident İlham ƏLİYEV: "Bizim ölkəmizdə siyasi məhbus yoxdur"

 

Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edildikdən sonra onunla respublikamız arasında sıx əməkdaşlıq formalaşmışdır. Bu əməkdaşlıq müxtəlif formatda həyata keçirilir. Ölkəmizin bu mötəbər qurumla əlaqələr yaratdığı gundən bəri qurumun nümayəndələri tez-tez Azərbaycana gəlir və ölkənin dövlət və hökumət başçıları ilə görüşlər keçirirlər. Beləliklə, Azərbaycan həqiqətləri Avropa Şurasına və eyni zamanda bütün dünyaya çatdırılır.

Ölkəmiz 2001-ci ildə tamhüquqlu üzv olduqdan sonra isə Parlament Assambleyasına göndərilmək üçün Azərbaycan Respublikasının Milli Məclisi cənab İlham Əliyevin rəhbərliyi ilə 6 parlamentar və onların 6 müavinindən ibarət nümayəndə heyəti təşkil etdi. Cənab İlham Əliyevin nümayəndə heyətinə rəhbərlik etdiyi 2001-2003-cü illərdə və eləcə də 2003-cü ildən sonra nümayəndə heyətimiz Parlament Assambleyasının ən fəal üzvləri olmuşlar. Assambleyanın iclaslarında, komitələrində, siyasi qrupların iclaslarında nümayəndə heyətimiz çox fəal iştirak edir. Demək olar ki, müzakirə olunan bütün məsələlər haqqında Azərbaycanın mövqeyi bildirilir. Təbii ki, bu fəallıq öz nəticəsini verməyə bilməzdi. Azərbaycan həqiqətləri artıq Avropa Şurasına düzgün çatdırılır. Ermənistan nümayəndə heyətinin Azərbaycana qarşı mənfur planları isə Avropa Şurasında dəfələrlə alt-üst edilmiş, nümayəndə heyətimizin gərgin fəaliyyəti nəticəsində Ermənistanın mənafeyinə zidd olan çoxsaylı qərarlar qəbul edilmişdir.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycanı AŞ PA-da təmsil edən parlament nümayəndə heyətinin səyi nəticəsində təşkilatın sessiyasında qəbul etdiyi rəsmi sənəddə Ermənistan təcavüzkar dövlət kimi tanınmış, Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının yolverilməz olduğu vurğulanmışdır. Təşkilatın 1416 saylı qətnaməsində Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi göstərilmiş, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin və silahlı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi vurğulanmışdır. Bu tələblər AŞ PA-nın 2005-ci il 1690 saylı tövsiyəsində öz əksini tapmışdır. ATƏT-in faktaraşdırıcı missiyası nümayəndələrinin 2005-ci ilin martında Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı isə orada ermənilərin kütləvi şəkildə qanunsuz olaraq məskunlaşdırıldığı təsdiq olunmuş, bu fakt təşkilatın yekun hesabatında göstərilmişdir.

Azərbaycanın son illər bütün sahələrdə qazandığı nailiyyətlərdən, beynəlxalq aləmdə nüfuzunun artmasından narahat olan antiazərbaycançı qüvvələr bütün mümkün vasitələrdən istifadə edərək ölkəmizə qarşı qara yaxmaq kampaniyası aparmaqdadırlar. Azərbaycana qarşı daim qərəzli mövqe nümayiş etdirən ermənilər və onların bəzi avropalı havadarlarına "sapı özümüzdən olan baltalar"ın da dəstək vermələri olduqca ikrah hissi doğurur. Bu dəfə AŞ PA-nın yay sessiyasının plenar iclasında antiazərbaycançı qüvvələr qara yaxmaq ənənələrindən əl çəkməmişlər. Buna baxmayaraq onların yersizarqumentsiz çıxışları həmişəki kimi yenə bumeranq effekti vermişdir.

AŞ PA-nın budəfəki sessiyasında irlandiyalı deputat Mikael Manknamaranın Azərbaycanda "siyasi məhbus"ların olması barədə qərəzli sualına dövlətimizin başçısı layiqli cavab verib. Prezident İlham Əliyev irlandiyalı deputatun sualını konkret arqumentlərlə cavablandırıb və onun qərəzli mövqe tutduğunu bildirib: "Bizim ölkəmizdə siyasi məhbus yoxdur. Sizin dedikləriniz yalan və əsassız məlumatlar üzərində qurulub, ya da bizim ölkəmizə qarşı qərəzli mövqeyinizdən irəli gəlir. Siz yenə də Azərbaycanı təhqir etmək niyyətindəsiniz, amma bu, uğursuz cəhddir. Əminəm ki, sizin bu yöndə uğursuz təşəbbüsünüz də iki il əvvəlki təşəbbus kimi eyni nəticələrlə sona çatacaq. 2013-cü ildə Kristofer Ştrasserinbu istiqamətdəki təşəbbüsü tam uğursuzluqla nəticələnmişdi".

Xatırladaq ki, almaniyalı Kristofer Ştrasser bir il öncə Azərbaycanda "siyasi məhbus" məsələsi ilə bağlı məruzə etmişdi. Ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı məruzə ətrafında çıxış edən 50-dən artıq deputat Azərbaycanda gedən demokratik prosesləri dəstəklədiyini bildirmişdir. K.Ştrasserin hesabatı isə geniş diskussiyaya səbəb olmuş, narazılıqla qarşılanmış və rədd edilmişdir. AŞ PA-nın iclasından sonra Ştrasser öz iflasını "qara gün" adlandırmışdır. K.Ştrasserin təqdim etdiyi siyahıda mövcud olmayan adamların, azadlığa buraxılmış şəxslərin, yuridiksiya qarşısında olan adamların adlarının salınması qəzəli və subyektiv yanaşmanın olduğunu təsdiqləmişdi.

Qondarma "siyasi məhbus" məsələsinin gündəmə gətirilməsi məhz Azərbaycana təzyiq göstərmək istəyindən irəli gəlirdi. Halbuki Azərbaycan bu cür siyahıların müəyyən qərəzli qurumlar tərəfindən hazırlandığını və hüquqi-siyasi baxımdan tam əsassız olduğunu dəfələrlə bəyan edibbunu konkret sübutlarla təsdiqləyib. Hər hansı bir siyasi partiya, hərəkat üzvüya yüksək səviyyəli dövlət məmuru olmasından asılı olmayaraq hər kəs törətdiyi cinayətlərə görə qanun qarşısında cavab verməlidir. Bu məsələyə siyasi don geyindirmək demokratik, hüquqi dövlətin inkişafı və vətəndaş cəmiyyətinin formalaşmasının başlıca amili olan hüququn aliliyi prinsipinə ziddir. Əgər kimsə milli məhkəmə-hüquq sistemində qəbul edilmiş qərarlardan razı deyilsə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək hüququna malikdir. Azərbaycanda "siyasi məhbus problemi" ilə bağlı məsələnin gündəmə gətirilməsi qərəzdən, ikili standartların əyani nümayişindən başqa bir şey deyil.

Prezident İlham Əliyev AŞ PA-nın sessiyasında Azərbaycanın qəsdən ortaya atılmış təxribatın qurbanına çevrildiyindən təəssüfünü də ifadə edib: "Biz dəqiq bilirik ki, bunun səbəbləri heçinsan hüquqları, demokratiya, xüsusən də geopolitik məsələlərlə bağlı deyil. Sizin qəzetlərdə oxuduqlarınız Azərbaycana hücum etməkdə maraqlı qüvvələr tərəfindən təqdim edilib. Bir də deyirəm, Azərbaycanda siyasi məhbus yoxdur. O vaxt cənab Ştrasserin hazırladığı hesabat elə buradaca, bu zalda süquta uğramışdı. Çünki o hesabat böhtan xarakterli, yalan məlumatlar üzərində qurulmuşdu, siz indi eyni şeyi eşitmək istəyirsiniz. Siz assambleyanın mövqeyini dəyişmək istəyirsiniz, amma yenə təkrar edirəm ki, bizdə siyasi məhbus yoxdur".

"Siyasi məhbus" axtarışında olan bəzi Avropa dövlətləri yaxşı olar ki, Azərbaycanda 1 milyondan atıq vətəndaşın pozulmuş hüquqları ilə bağlı hesabatlar hazırlasınlar. Ermənistanın həyata keçirdiyi təcavüzkar siyasəti pisləyərək konkret fəaliyyətlə məşğul olsunlar. Əks-təqdirdə özləri apardıqları "bumeranq siyasət"in qurbanı olacaqlar.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 26 iyun.- S.4.