Professor Naci Gündoğan: Prezident İlham Əliyev Azərbaycan

 dövlətinin müstəqillik sütunlarını insan kapitalı ilə möhkəmləndirir

 

Xəbər verdiyimiz kimi, Türkiyənin Anadolu Dövlət Universiteti iyunun 23-də təxminən 30 min nəfərin iştirakı ilə Əskişəhərdə təntənəli məzun günü təşkil etmişdir.

Universitetin rektoru, professor Naci Gündoğan rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti və perspektivləri barədə AzərTAc-a müsahibə vermişdir:

- Hörmətli professor, Anadolu Dövlət Universitetinin keçdiyi inkişaf yolu və fəaliyyəti barədə nə deyə bilərsiniz?

- 1958–ci ildə təsis edilən Anadolu Universiteti ötən dövrdə böyük bir inkişaf yolu keçməklə hazırda 17 fakültə üzrə kadrlar hazırlayır. Universitetimizin nəzdində 3 institut fəaliyyət göstərir. Əyani şöbələrdə 28 min 622 tələbəmiz, 3443 nəfər magistrimiz təhsil alır. İnternetlə fəal təhsil alan tələbələrimizin sayı 1.191.486 nəfərdir. Universitetimiz 30 ildir ki, fəaliyyətini xarici ölkələrdə də davam etdirir. Azərbaycan, Fransa, Belçika, Hollandiya, İngiltərə, İsveçrə, Avstriya və digər ölkələrdə beynəlxalq təhsil proqramları həyata keçiririk. Almaniyanın Köln Universiteti ilə xüsusi təhsil layihəsi gerçəkləşdiririk.

- Universitetin maddi-texniki bazası necədir?

- Anadolu Universiteti təhsil üçün bütün lazımi resurslarla təmin olunmuşdur. Universitetin özünün Əskişəhərdə müasir hava limanı, 27 təyyarəsi, 22 beynəlxalq dərəcəli pilotu, 97 min 776 üzgüçülük hovuzu, 4734 idman kompleksi vardır. Zəngin kitabxanalarımız, ən müasir laboratoriyakonfrans zallarımız mövcuddur. İstənilən beynəlxalq səviyyəli konfrans və forumları təşkil etmək üçün salonlarımız və kadr potensialımız mövcuddur. Biliyə yiyələnmək üçün bütün tələbləri tam təmin etmişik. Müəllim və tələbələrimiz bütün beynəlxalq elm yarışlarının, elmi araşdırmaların fəal iştirakçısıdır.

- Universitetin Azərbaycan ilə əlaqələri hansı səviyyədədir?

- Anadolu Universitetinin “Azərbaycan Proqramları” yeni olsa da cəlbediciliyini təmin edə bilmişdir. Prezident İlham Əliyev Azərbaycan dövlətinin müstəqillik sütunlarını insan kapitalı ilə möhkəmləndirir. Hesab edirəm ki, Anadolu Universitetinin “Azərbaycan Proqramları”nın gerçəkləşməsi də Azərbaycan dövlətinin başçısının elm və təhsil sahəsindəki rəngarəngliyə diqqət göstərməsindən irəli gəlmişdir.

Müasir dünyada elm və təhsil sahəsini ən ciddi rəqabət əhatə etmişdir. Rəqabətə davam gətirməyən təhsil müəssisəsi özünü qoruyainkişaf edə bilməz. Bu sahədə rəqabətin yeganə göstəricisi məzunların bilik səviyyəsi və onların kadr kimi qəbul olunmasıdır.

 

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Azərbaycan.-2014.- 26 iyun.- S.5.