Silahlı Qüvvələrimiz Azərbaycanın ərazi

 bütövlüyünü təmin etməyə tam hazırdır

 

1918-ci ildə xalqın müstəqillik arzusunun, eyni zamanda çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafın, milli oyanışın məntiqi yekunu kimi tarix səhnəsinə çıxan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə dövlətçiliyin mühüm atributu sayılan ordunun formalaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirmişdi. Bu həm də 1917-1918-ci illərdə azərbaycanlılara qarşı erməni-daşnak təcavüzünün güclənməsi ilə bağlı idi. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı.

Avqustun 1-də cümhuriyyətin Hərbi Nazirliyi təsis edildi, dekabrın 25-də istedadlı general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski isə nazir müavini təyin edildi. Qısa müddətdə Azərbaycan Ordusu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan Ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi, generallarının əksəriyyətini Nargin adasına aparıb güllələdilər.

Azərbaycan xalqı 1941-1945-ci illərdə - Böyük Vətən müharibəsi illərində sovet imperiyasının tərkibində faşizmə qarşı əzmkar müqavimət göstərdi. O zaman cəmi 3,4 milyon əhalisi olan Azərbaycan SSR-in 600 mindən artıq vətəndaşı faşizmə qarşı müharibədə iştirak etdi, onlardan 300 min nəfərə yaxını döyüşlərdə qəhrəmancasına həlak oldu. Böyük bir qismi döyüşlərdə şücaət və qəhrəmanlıq nümunələri göstərdi. Onlarca azərbaycanlı "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görüldü, ordenmedallarla təltif olundu. Həmin dövrdə Bakı neftçilərinin fədakar əməyi müharibənin SSRİ-nin qələbəsi ilə yekunlaşmasını təmin etdi.

Azərbaycanın mükəmməl hərb ənənələri olsa da, müstəqilliyi bərpa etdikdən sonra  bu sahədə ciddi böhranla üzləşdik. Ölkədəki naşı və yarıtmaz hakimiyyətlərin səriştəsizlyi üzündən ordu quruculuğu yönümündə heç bir ciddi addım atılmadı, silahlı qüvvələr ayrı-ayrı siyasi qruplaşmaların əlində hakimiyyət uğrunda mübarizə alətinə çevrildi. Nizami orduya malik olmayan Azərbaycan hərc-mərclik və xaos burulğanında ərazisinin 20 faizini itirmək məcburiyyətində qaldı.

Müstəqil Azərbaycanda nizami ordu quruculuğu istiqamətində ardıcıl və sistemli addımlar atılması yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra mümkün oldu. Belə mürəkkəb şəraitdə Heydər Əliyevin qarşısında dövlətçiliyin qorunub saxlanması ilə yanaşı, cəbhə bölgəsində üzləşdiyimiz hərbi uğursuzluqları aradan qaldırmaq, düşmənə qarşı mütəşəkkil müqaviməti təşkil etmək, iqtisadi, siyasi, mənəvi və psixoloji cəhətdən ağır durumda olan bir ölkədə ordu quruculuğuna başlamaq kimi ağır vəzifələr dayanırdı. Daxili sabitlik üçün potensial təhlükə mənbəyi sayılan qanunsuz silahlı qruplaşmaların - hərbi müxalifətin zərərsizləşdirilməsi ümummilli liderin üzərinə düşən məsuliyyət yükünü bir qədər də artırır, onun kifayət qədər riskli və qətiyyətli addımlar atmasını zəruri edirdi. Yaranmış acınacaqlı durumda bu taleyüklü problemlərin həllinə paralel yanaşmaya, bütün sahələrdə köklü islahatların aparılmasına ehtiyac yaranmışdı. Cəbhə bölgəsində vəziyyətin stabilləşməsinə nail olmadan xarici investorları ölkəyə cəlb etmək, iri neft şirkətləri ilə müqavilələr imzalamaq, iqtisadi böhran və tənəzzül mərhələsini adlamaq mümkün deyildi. Belə bir şəraitdə vəzifə səlahiyyətlərinin icrasına başlayan Heydər Əliyev qısa müddətdə həlledici uğurlara imza atmaqla peşəkar idarəçi və xarizmatik lider olduğunu bir daha təsdiqlədi.

1993-cü il noyabrın 2-də Azərbaycan dövlət televiziyası və radiosu ilə xalqa müraciət edən ulu öndər Heydər Əliyev ictimai ruh düşkünlüyünün qarşısını almış, hamını bir nəfər kimi düşmənə qarşı mübarizədə fəal iştirak etməyə çağırmışdı. Ulu öndər Heydər Əliyev müraciətində təkcə hərbi uğursuzluqların səbəblərini deyil, həm də vəziyyətdən çıxış yollarını göstərmişdi. Eyni zamanda, keçmiş hakimiyyətin dövründə Qarabağ məsələsindən çirkin siyasi məqsədlər üçün istifadə edildiyini, silahlı birləşmələrin hakimiyyət uğrunda qeyri-qanuni mübarizəyə qoşulduğunu təəssüflə vurğulamışdı: "Ordunu bir gündə, bir ayda, üç ayda yaratmaq mümkün deyil. Ancaq iki-üç il müddətində ordu yaratmaq, Azərbaycanın etibarlı müdafiəsini təşkil etmək olardı. Təəssüf ki, bu fürsətlər əldən verilib".

Milli Məclisin 1993-cü il noyabrın 18-də keçirilən iclasında müdafiə və təhlükəsizlik məsələləri müzakirə olundu. Orduda kadr problemini aradan qaldırmaq məqsədilə MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin vətənə qayıtmasına xüsusi diqqət və qayğı göstərildi. Ordu quruculuğunun qanunvericilik bazası yaradıldı. Milli Məclisdə "Silahlı Qüvvələr haqqında", "Hərbi xidmət haqqında", "Müdafiə haqqında", "Hərbi qulluqçuların statusu haqqında" və digər qanunlar qəbul edildi. "Hərbi xidmətə çağırışın əsasları haqqında" qanunla çağırış yaşı 18 yaş müəyyən olundu.

Bütün bunlardan sonra qəlbində vətən sevgisi olan, respublikadan kənarda hərbi xidmət keçən peşəkar zabitlərin, kadrların Azərbaycana axını başlandı. Bu müraciət ictimaiyyətin ayrı-ayrı kateqoriyaları tərəfindən dəstəkləndi, vətəndaşlar, eləcə də ayrı-ayrı təşkilat və müəssisələr ictimai müdafiə prosesinə fəal şəkildə qoşuldular, ordudan yayınma hallarının, cəbhədə geriləmələrin qarşısı alındı. Hərbi uğursuzluqlarla üzləşdiyini görən təcavüzkar Ermənistan 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan "Bişkek Protokolu"nu imzalamağa məcbur oldu. Atəşkəs Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından da mühüm bir mərhələyə çevrildi.

Həmin dövrdən başlayaraq ümummilli liderin rəhbərliyi altında Silahlı Qüvvələrin komplektləşdirilməsi, nizam-intizamın, döyüş əhval-ruhiyyəsinin qaldırılması, Milli Ordunun maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində qətiyyətli addımlar atıldı. Vahid komandanlıq əsasında hərbi hissələrin formalaşdırılması tezliklə başa çatdırıldı. Yeni yaradılan ayrı-ayrı qoşun növlərinin hərbi nizamnamənin tələblərinə uyğun idarə olunması, hərbi hissələrin mərkəzləşdirilmiş maddi-texniki təminatının, maliyyə-təsərrüfat fəaliyyətinin nizama salınması Azərbaycan Silahlı Qüvvələrini keyfiyyətcə yeniləşdirdi.

Ümummilli lider Heydər Əliyevin vaxtilə hərbi hissələrdə şəxsi heyətlə müntəzəm keçirdiyi görüşlərin nəticələri zaman keçdikcə ordunun əzmkarlığının artmasında özünü büruzə verirdi. Ulu öndərin hərbi hissələrdəki vəziyyətlə -  əsgər və zabitlərin problemləri, qayğıları ilə maraqlanması, hərbi təhsil sisteminin müasirləşməsinə və hərbi biliklərin tədris səviyyəsinin yüksəlməsinə böyük diqqət yetirməsinin səmərəsi Milli Ordunun bugünkü səviyyəyə çatmasında əsas rol oynadı. Ulu öndər hələ 1970-ci illərdə Azərbaycanda yaratdığı hərbi məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirdi. C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradıldı, digər hərbi ali məktəblərin NATO standartları əsasında yenidən qurulub inkişaf etdirilməsi istiqamətində addımlar atıldı.

Dövlət müstəqilliyini bərpa edəndən sonra çoxqütblü inkişaf modelləri sırasından Qərb dəyərlərini seçən Azərbaycan hərbi-siyasi təhlükəsizliyinə təminatı gücləndirmək, beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrilmək üçün aparıcı beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə əməkdaşlığa mühüm önəm verdi.  Ümummilli lider Heydər Əliyev Şimali Atlantika Alyansı ilə hərbi-siyasi əlaqələrin dərinləşdirilməsini balanslaşdırılmış xarici siyasət doktrinasının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirərək bu istiqamətdə praktik addımların atılmasını təmin etdi. Alyansın beynəlxalq münasibətlər sistemində yerinirolunu nəzərə alan ulu öndər respublikanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" (SNT) proqramına qoşulması barədə qətiyyətli qərar verərək 1994-cü il mayın 4-də Brüsseldə təşkilatın çərçivə sazişini imzalamış, bununla da Azərbaycan MDB məkanında Ukrayna, MoldovaGürcüstandan sonra bu proqrama qoşulan dördüncü respublika olmuşdur.

Azərbaycan-NATO münasibətləri ötən müddətdə qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir. Rəsmi Bakı alyansla münasibətlərini regionun geosiyasi özəlliklərini nəzərə almaqla inkişaf etdirmək, regionda sülh və təhlükəsizliyin qorunması üçün hərbi-siyasi sahədə birgə proqramlar həyata keçirmək niyyətini açıq bildirir. "SNT" proqramı və "Fərdi Əməkdaşlıq üzrə Fəaliyyət Proqramı" çərçivəsində əməkdaşlıq ölkəmizə NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrların hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək və s. imkanlar yaratmışdır. Bu əməkdaşlıq strateji məzmun kəsb etməklə, regionun mühüm enerji layihələrinin təhlükəsiz gerçəkləşdirilməsinə əsaslı təminat baxımından da çox əhəmiyyətlidir.

Ulu öndərdən sonra ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsinə nal olmuşdur. Nizami ordu Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilməklə ona dünya miqyasında maraq və mənafeyini, milli təhlükəsizliyini lazımi səviyyədə qorumaq, müstəqil siyasət yeritmək imkanı yaradıb. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir. Orduya diqqət və qayğının ən bariz təcəssümü özünü büdcə xərclərinin dinamik artımında göstərir. Hələ 2003-cü ildə "Azərbaycan Ordusunun hərbi xərcləri işğalçı Ermənistanın dövlət büdcəsindən çox olmalıdır" deyən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu vədini də əməli surətdə gerçəkləşdirmişdir.

Azərbaycanın qüdrətli Silahlı Qüvvələrə malik olmasını işğalçı tərəf, eləcə də dünya ictimaiyyəti hələ 2008-ci ilin iyun ayında keçirilən möhtəşəm hərbi paradda bir daha gördü, buna növbəti dəfə əmin oldu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 90-cı ildönümü münasibətilə Bakının bayram libası geymiş Azadlıq meydanında keçirilən parad ölkəmizin müzəffər silahlı birləşmələrə malik olduğunu bir daha nümayiş etdirdi. Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin şəxsi heyətinin, modernləşdirilmiş hərbi texnikanın, döyüş vertolyotlarının, təyyarələrin, gəmilərin və qayıqların iştirak etdiyi hərbi parad hər bir azərbaycanlıda qürur hissi doğurdu. Çünki bu, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən, onun yenilməzliyindən, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən an zəfər yürüşünə hazır olmasından xəbər verən möhtəşəm parad idi.

Hərbi paradda yenə də hər bir azərbaycanlıda qürur doğuran daha bir önəmli məqam tədbirə qatılmış şəxsi heyətin sıralarında Azərbaycan hərb məktəbinin yetirmələri, kursantları olması idi. Ümummilli lider Heydər Əliyevin  yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarının, Quru Qoşunlarının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursantlarının təntənəli marşla Azadlıq meydanında Ali Baş Komandanın dayandığı tribunanın önündən keçmələri həm də ölkəmizin gələcək təhlükəsizliyinin də etibarlı əllərdə olacağından xəbər verirdi. Azərbaycanın mətin, qorxmaz, igid övladları - beynəlxalq təhlükəsizliyin qorunmasında fəal iştirak edən Silahlı Qüvvələrin sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyası, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının bölmələri, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının hərbçiləri, Silahlı Qüvvələrin dəniz piyadaları, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının bölməsi, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları da bu paradda ölkəmizin yenilməz silahlı birləşmələrə malik olduğunu göstərdi. Paradda nümayiş etdirilən hərbi texnika isə Azərbaycan Ordusunun, digər növ Silahlı Qüvvələrin maddi-texniki təminatının yüksək səviyyədə olmasının bariz nümunəsinə çevrildi.

Yüksək döyüş ruhuna malik Azərbaycan Ordusunun və Silahlı Qüvvələrin digər növlərinin peşəkarlığını nümayiş etdirən daha bir möhtəşəm təlim isə 2010-cu il iyunun 24-də baş tutdu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimini yenə də Ali Baş Komandan, Prezident İlham Əliyev şəxsən izlədi. Eyni zamanda, Silahlı Qüvvələrin möhkəmləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnikadöyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır. Hərbi təyinatlı məhsullar istehsal edən hərbi sənayenin qurulması prosesi elə böyük zaman kəsiyini əhatə etməsə də, burada istehsal edilən məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir.

2011-ci il iyunun 26-da Bakının Azadlıq meydanında Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilən möhtəşəm paradda Bakı səmasında nümunəvi uçuşlar edən Azərbaycan "şahinləri" də hər bir azərbaycanlıda böyük qürursevinc hissləri doğurmuşdu. Prezident İlham Əliyev 2012-ci ildə cəbhə bölgəsinə səfər etmişbir sıra hərbi hissələrdə yeni qərargah binalarının açılışında iştirak etmişdir. Bu sırada ölkə rəhbəri yanvarın 21-də Goranboy rayonunda təmas xəttindəki "N" saylı hərbi hissədə olmuş, mayın 30-da Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində qərargah binasının açılışında iştirak etmiş, əsgər yataqxanası, yeməkxana və məişət kompleksi ilə tanış olmuşdur. Həmin tarixdə Culfada sərhəd komendantlığının və sərhəd zastavasının açılışında da iştirak etmişdir. Dövlət başçısı iyulun 31-də Dövlət Sərhəd Xidmətinin yenidən qurulan və əsaslı təmir edilən Lənkəran sərhəd dəstəsi qarnizonu ilə tanış olmuş, oktyabrın 7-də Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı "N" saylı yeni hərbi hissəsinin qarnizonu və yaşayış binaları kompleksinin açılışında iştirak etmişdir. Dekabrın 17-də isə Müdafiə Sənayesi Nazirliyinin Təcrübə-sınaq Zavodunun əsaslı yenidənqurmadan sonra açılışında olmuşdur.

2013-cü il 26 iyunda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən hərbi parad öz möhtəşəmliyi ilə  əvvəlki paradlardan da fərqlənirdi. Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 5 min nəfərlik şəxsi heyəti, 300-dək hərbi texnikasilah sistemləri, 100-dən çox döyüş təyyarəsi və vertolyot, 40-dək gəmi iştirak etmişdi. Prezident İlham Əliyev hərbi paradda bildirmişdi: "Azərbaycan müharibə şəraitində yaşayır. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatmışdır. Bizim ordumuz hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü istənilən yolla bərpa etsin".

Sülh danışıqları ilə yanaşı, Azərbaycan cəmiyyətində daim gündəmdə qalan məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli perspektividir. Torpaqlarımızın müharibə yolu ilə işğaldan azad edilməsi perspektivi Azərbaycana hərbi qələbə vəd edir. Çünki ordu quruculuğu münaqişənin həlli prosesində dönüş yaratmaq imkanına malik ən vacib amillərdən biridir ki, Azərbaycan bu sahədə də kifayət qədər böyük uğurlar qazanmışdır. 

Ali Baş Komandan İlham Əliyev Azərbaycandan hələ də güzəşt umanlara sərt mesaj ünvanlayaraq bildirmişdir: "Sirr deyildir ki, Azərbaycan başqa sahələri inkişaf etdirdiyi kimi, hərbi sahəyə də böyük diqqət göstərir. Bu bizim təbii yanaşmamızdır. Çünki Azərbaycan müharibə şəraitindədir. Müharibə bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır. Biz elə etməliyik ki, istənilən anda torpaqlarımızı hərbi yolla azad edə bilək".

Prezident İlham Əliyev ölkəmizin müdafiə potensialının qüdrətlənməsi istiqamətində ötən müddətdə böyük işlər həyata keçirmişdir. Ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca orduya ayrılan vəsaitin həcmi də buna adekvat olaraq yüksəldilir. Azərbaycan tərəfi açıq bəyan edib ki, sülh danışıqları nəticə verməzsə, münaqişə hərb yolu ilə həll ediləcəkdir. İşğalçı Ermənistan dövləti də qeyri-konstruktiv mövqeyindən əl çəkərək Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir. "Status-kvo"nun dəyişdirilməsi üçün əsl vaxtdır. Əks-təqdirdə təcavüzkar Ermənistan öz qarşısında qüdrətli Azərbaycan Ordusunu görəcək.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 26 iyun.- S.6.