Azərbaycan ordusu istənilən an

 torpaqlarını işğaldan azad etmək qüdrətindədir

 

Prezident İlham ƏLİYEV:  “Azərbaycan heç vaxt öz ərazisində  ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir”

 

Prezident İlham Əliyev ötən son 10 ildə ölkəmizin müdafiə potensialının qüdrətlənməsi istiqamətində böyük işlər həyata keçirmişdir. Dövlət başçısı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının diqqət və qayğısı sayəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmış, onun döyüş qabiliyyəti qat-qat yüksəlmişdir.

 

Ölkə rəhbərinin apardığı danışıqlar, nümayiş etdirdiyi mövqe, verdiyi bəyanatlar nəinki təbliğati prizmadan olduqca effektiv olmuşdur, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı aparılan danışıqlarda rəsmi Bakının psixoloji-siyasi üstünlüyünü də təmin etmişdir. Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi, Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi problemin həlli ilə bağlı danışıqlarda rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Azərbaycanın iqtisadi potensialının güclənməsi, hərbi büdcəsinin ildən-ilə artması fonunda danışıqlar prosesi də keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Avropa Şurası, Avropa Birliyi, ATƏT, İƏT kimi nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etmiş BMT TŞ problemin həllində ərazi toxunulmazlığı prinsipini önə çəkmişdir.

Ulu öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində quran Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ötən müddətdə bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Nizami ordu Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilməklə ona dünya miqyasında maraq və mənafeyini, milli təhlükəsizliyini lazımi səviyyədə qorumaq, müstəqil siyasət yeritmək imkanı yaradır. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir.

Son illər hərbi və təhlükəsizlik məsələlərinə büdcədən ayrılan vəsaitlərin  artırılması da ulu öndər Heydər Əliyevin bununla bağlı tövsiyələrinə ciddi əməl olunmasından xəbər verir. Dövlət başçısı İlham Əliyev orduda islahatların davam etdirilməsini, daha müasir metodlara üstünlük verilməsini, Silahlı Qüvvələrin gücləndirilməsini, döyüş hazırlığının müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirib. Orduya diqqət və qayğının ən bariz təcəssümü özünü büdcə xərclərinin dinamik artımında göstərir. Son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artıb və Silahlı Qüvvələrimizə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur.

Hərbi məqsədlər üçün büdcədən ayrılan vəsaitlərin artırılması Azərbaycan hakimiyyətinin ordunun möhkəmləndirilməsinə olan diqqətinin və ölkəmizin təhlükəsizliyi, xarici təhdidlərin aradan qaldırılması kimi məsələlərdə nümayiş etdirdiyi həssaslığın təzahürüdür. Hərbi xərclərin artması ordu quruculuğu prosesini daha da sürətləndirmişdir və bunu Azərbaycan ordusunun bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür. İldən-ilə dövlət büdcəsində orduya ayrılan vəsaitin artımı hərbi qulluqçuların - generalların, başkiçik zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin, matrosların, müddətdən artıq xidmət göstərən hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, mənzil şəraitlərinin daha da yaxşılaşdırılması, ordunun maddi-texniki bazasının modernləşdirilməsi ölkənin müdafiə sisteminin gücləndirilməsi deməkdir.

İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü günü keçirilən Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimlər ordumuzun möhtəşəmliyini bir daha göstərdi. Ümumilikdə təlimlərə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-nə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilmişdi. İrimiqyaslı birgə əməliyyat-taktiki təlimlərində qarşıya qoyulan bütün məqsədlərə nail olundu, təlimə cəlb edilən bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirdi.

Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxışı zamanı bildirib: “Biz müharibə istəmirik. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin. Ancaq görürük ki, iyirmi il ərzində bu məsələ öz həllini tapmır. Bu məsələni dondurulmuş vəziyyətdə saxlamaq istəyən qüvvələr, əfsuslar olsun ki, öz niyyətlərinə, öz məqsədlərinə nail olurlar. Biz isə bu vəziyyətlə barışmaq istəmirik və barışmayacağıq. Biz sülh istəyirik. Amma, eyni zamanda, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını istəyirik. Bizim tələbimiz əsaslıdır. Bizim tələbimiz tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı Dağlıq Qarabağdabu gün işğal altında olan digər yerlərdə memarlıq əsərləri yaratmışdır. Binalar, şəhərlər salmışdır, infrastruktur yaratmışdır. Dağlıq Qarabağda bütün yer adları, kəndlərin adları Azərbaycan mənşəli adlardır. Bu, bizim əzəli torpağımızdır. Bu, həmişə belə olub, bu gün belədir və sabah da belə olacaqdır. Beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Heç kim heç vaxt qondarma “Dağlıq Qarabağ Pespublikası”nı tanımayacaq və Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Bu, bizim prinsipial mövqeyimizdir. Biz bu mövqedən bir addım kənara çəkilməyəcəyik”.

Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan ordusu Ali Baş Komandan,  Prezident İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlir və torpaqlarımızı düşmən işğalından azad etməyə qadirdir.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 29 iyun.- S.6.