Şəhid olub əbədiyaşarlıq qazandı

 

Bünyadəli 1957-ci ildə Lerikin Züvüç kəndində dünyaya göz açmışdı. O vaxt Böyük Vətən müharibəsinin bitməsindən 12 il keçmişdi. Artıq ölüm-itim xəbərləri, müharibədə oğul, qardaş, ata itirənlərin ah-naləsi acı xatirələrə dönürdü. İnsanlar uzun illərin müharibə təlaşından qurtulmuş kimi, nə qədər çətin olsa da, yeni həyata başlamışdılar. Onlar əsl vətən müharibəsinin qabaqda olduğunu ağıllarına belə gətirmirdilər.

 

 

1990-cı illərin əvvəlləri. Azərbaycan torpağı üzərində qara buludlar dolaşır, hər tərəfdən barıt qoxusu gəlirdi. Ermənilər suyundan, torpaqlarından faydalandıqları, sərvətlərindən gen-bol istifadə etdikləri Azərbaycana yenə düşmən kəsilmişdilər.

Belə bir vaxtda vətəni müdafiə etmək üçün  savadlı, təcrübəli oğullara ehtiyac var idi. Bünyadəli Qulam oğlu Pələngov da belə oğullardan idi. O, hərbi xidməti başa vurub qayıtdıqdan sonra M.F.Axundzadə adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirmişdi. Əslində, o vaxt onun böyüdüyü kənddə rus dili və digər xarici dillər üzrə ixtisaslı müəllimlərə ehtiyac çox idi. Elə bu peşəyə yiyələnməsi də bu ehtiyacdan yaranmışdı. Musiqiçi ailəsində böyüməsi, el-oba arasında çox olması da onda uşaqlığından vətənə, yurda bağlılıq, torpağa sadiqlik hisslərini yaratmışdı. Odur ki, Bünyadəli uğrunda canından keçəcəyi vətənə hərbçi kimi xidmət etməyə üstünlük verdi. Artıq 1990-ci ilə qədər keçdiyi beş illik təcrübə, eyni zamanda bu müddətdə Tbilisidə aldığı hərbi təhsil onu peşəkar zabit kimi formalaşdırmışdı.

Bünyadəlinin döyüş yolu 90-cı ildə Naxçıvanda Sədərək uğrunda gedən vuruşlardan başladı. Erməni quldurları Sədərəyi və digər əraziləri ələ keçirmək üçün hücuma keçmişdilər. Onun xatirə kitabçasından: “Düşmən dayanmadan həmlələr edir, kəndlərə od vururdu. Qüvvəmiz tükənsə də, əsgərlərlə sərhəd boyu sipər kimi düzülmüşdük ki, kəndlilər taxıl zəmilərini biçə bilsinlər, düşmən güllələri onlara dəyməsin”.

Güllə, qrad səsləri Qarabağı da bürüyür. Erməni faşistləri rayonları, kəndləri talan edir, yandırır, dinc əhaliyə divan tuturdular. Silahsız, köməksiz qalan adamlar ev-eşiklərini tərk edir, zorla canlarını qurtarmağa çalışırdılar. O zaman  Azərbaycanda nizami ordu formalaşmamışdı. Digər tərəfdən də ölkə daxilində hökm sürən xaos, siyasi hərc-mərclik düşmən hücumlarını dəf etməkdə çətinlik yaradırdı.

Həmin dövr könüllülərdən ibarət özünümüdafiə batalyonları və digər ordu bölmələri ilə bərabər, Daxili Qoşunların (DQ) zabit və əsgərləri müxtəlif istiqamətdə gedən döyüşlərdə düşmən həmlələrini dəf etməkdə fəallıq göstərirdi. Baş leytenant Bünyadəli Pələngov Dağlıq Qarabağda “N” saylı hərbi hissədə komandirin arxa cəbhə üzrə müavini olsa da, döyüşün ən qızğın nöqtələrinə gedir, əsgərlərlə çiyin-çiyinə vuruşurdu. B.Pələngov məhz həmin döyüşlərdə gözlənilməz hücumları dəf etmək və rəhbərlik etdiyi dəstə ilə əks-hücuma keçib düşmənə ağır zərbələr endirməklə yağının arzusunu dəfələrlə ürəyində qoymuş, Xankəndi, Əsgəran və Ağdərədə gedən döyüşlərdə xüsusilə fərqlənmişdi. Hərbi təcrübəsi ona imkan verirdi ki,  ən ağır vəziyyətdə döyüşdən çıxış yolunu tapsın, yoldaşlarını xilas etsin.

1992-ci il martın 12-də DQ-nin xüsusi batalyonu Ağdama yola düşür (indi həmin tarix Daxili Qoşunların yarandığı gün kimi qeyd olunur). Bünyadəli də onların arasında idi. Ağdamın Qalayçılar, Papravənd və digər kəndləri istiqamətində gedən döyüşlərdə Bünyadəli növbəti dəfə düşmənlə üz-üzə gələrək hünər göstərir. B.Pələngovun  döyüş yoldaşı polkovnik-leytenant Salam Hadıyev onu həm təcrübəli komandir, həm də peşəkar kəşfiyyatçı kimi xatırlayır: “Bünyadəlinin döyüş bacarığı və çevikliyi o zaman bizi çox ürəkləndirirdi. Onu döyüş nöqtələrinin hər birində görmək olardı. Ən ağır döyüşlərdə belə tabeliyində olan əsgər və zabitlərdən ayrılmazdı. Bir dəfə tapşırıq aldıq ki, Arənzəmindən Naxçıvanikə hərbi texnika, silah-sursat aparmalıyıq. Ancaq bu kəndlər arasındakı məsafə çox idi, həm də ərazi düşmən silahlıları ilə dolu idi.  Düşmən görməsin deyə gecə saatlarında yola çıxacağımızı qərarlaşdırdıq. Amma texnikaların heç birində gecəgörmə cihazları işləmirdi, işıqları da yandırmaq təhlükəli idi, çünki hər tərəfdən bizi izləyirdilər. Bünyadəli 10 kilometrə yaxın yolu qaranlıqda qabaqda tək getdi. O, həm şəxsi heyətin təhlükəsizliyini təmin etdi, həm qaranlıq dağ yollarında bir mayak kimi maşın karvanına yol göstərdi”.

26 iyun 1992-ci il. Azərbaycan Ordusunun bir bölüyü Naxçıvanik ərazisində mühasirədə idi. Ora təcili silah-sursat çatdırmaq, onları mühasirədən çıxarmaq lazım idi. Bünyadəli  bu ağır tapşırığı öz üzərinə götürüb iki zabitlə döyüş bölgəsinə yollanır. Orada isə qızğın döyüş gedirdi. Arası kəsilməyən atəş səsləri hər tərəfi bürümüşdü. Yaralıların, əlini, ayağını itirənlərin iniltisi güllə səslərinə qarışmışdı. Aranzəmin yüksəkliyində gedən bu qeyri-bərabər döyüş Bünyadəli və onun silahdaşları üçün əsl hünər savaşı idi. Və bu savaşda zəhmətləri hədər getmədi, canı bahasına olsa belə yoldaşlarını mühasirədən azad etdilər və düşmənin geri çəkilməsinə müvəffəq oldular. Lakin döyüşün son dəqiqələrində düşmən mərmisinə tuş gələn Bünyadəli də həlak oldu.

Tale elə gətirmişdi ki, Tanrı Bünyadəli Pələngova mərd, qürurlu, cəsarətli bir ömür yoldaşı nəsib etmişdi. Bünyadəlinin istək və arzularını davam etdirəcək, onun yadigarlarını vətənə, qəhrəman atalarına layiqli vətəndaş kimi böyüdəcəkdi. Qətibə Pələngova həyat yoldaşını çox tez itirsə də, onun vətən uğrunda şəhid olmasından özündə təsəlli tapdı. Canında, ruhunda güc toplayıb azyaşlı övladları - Röya, Günay və Anarı böyüdüb ərsəyə çatdırdı.

Cəmi 35 il yaşamış Bünyadəli Pələngov Azərbaycan xalqının müqəddəs ziyarətgahına çevrilən Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan dövləti digər şəhid və qəhrəmanlarımız kimi, onun da adının əbədiləşməsi üçün xeyli görüb, övladlarına, ailəsinə qayğı göstərib. Prezident İlham Əliyevin 9 mart 2007-ci il tarixli sərəncamı ilə Bünyadəli Pələngov  “İgidliyə görə” medalı ilə təltif olunub. Doğulub boya-başa çatdığı Züvüç kəndindəki orta məktəb və uşaqlarının da təhsil aldığı Suraxanı rayonunda yerləşən 285 nömrəli orta məktəb onun adını daşıyır. Hər iki məktəbdə şəhidin adına muzey var və hər il onun doğum günü bu məktəblərdə qeyd olunur.

Bəli, bu gün hər bir azərbaycanlı inanır ki, qəhrəmanlarımızın, şəhidlərimizin başladığı mübarizə yolu qələbə ilə başa çatacaq, onların qanları yerdə qalmayacaq. Azərbaycanın işğal olunmuş torpaqları düşmən tapdağından azad olunacaq. Çünki indi bizim o yerlərə qayıdışımıza inam yaradan qüdrətli dövlətimiz, güclü ordumuz və iradəli liderimiz var.

 

Elnur HADIYEV,

Azərbaycan.-2014.- 29 iyun.- S.11.