«Sumqayıt 1988: Cinayət və cəza» kitabında ermənilərin

 Azərbaycanın bu şəhərində törətdikləri kütləvi

 iğtişaşların səbəb və nəticələri əksini tapmışdır

 

Sumqayıt hadisələrinin başlamasından 26 il keçir

 

Fevralın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətinin binasında Azərbaycan Respublikası Prokurorluğunun təşkilatçılığı ilə hazırlanmış "Sumqayıt 1988: Cinayət və cəza" kitabının təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası ProkurorluğuXarici İşlər Nazirliyi ilə birgə təşkil olunmuş tədbiri AMEA-nın prezidenti akademik Akif Əlizadə açaraq Sumqayıt hadisələrinin gerçək mahiyyətinin üzə çıxarılmasının və dünya ictimaiyyətinə təqdim olunmasının ümummilli dövlət maraqlarının strateji əhəmiyyətindən danışmışdır.

Akademik qeyd etmişdir ki, 26 il bundan əvvəl baş vermiş bu hadisənin əsasında erməni millətçilərinin saxta ərazi iddiaları ilə keçmiş SSRİ rəhbərliyinin imperiya maraqlarının bir nöqtədə kəsişməsi dayanır. Bu niyyəti həyata keçirmək üçün Azərbaycan xalqını qaniçən, qeyri-tolerant obrazda dünya ictimaiyyətinə təqdim etmək istəyən erməni millətçiləri bu məkrli niyyətlərini reallaşdırmaq üçün hətta öz soydaşlarını belə güdaza verməkdən çəkinmədilər.

Akademik  xüsusi vurğulamışdır ki, bu gün dünyanın diqqətinin Qarabağ həqiqətləri və Xocalı soyqırımına yönəldiyi bir vaxtda xalqımıza qarşı əks-təbliğat vasitəsi kimi istifadə olunan Sumqayıt hadisələrinin gerçək üzünün beynəlxalq ictimaiyyətə çatdırılması hüquq-mühafizə orqanları işçiləri ilə yanaşı, alimlərin, tarixçilərin, hüquqşünasların da üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan tədqiqatçı jurnalist-alimlər Ramazan Məmmədov və Eyruz Məmmədov tərəfindən yazılan və üç dildə işıq üzü görən "Sumqayıt 1988: Cinayət və cəza" kitabı xüsusi əhəmiyyətə malikdir.

Kitabın mühüm məziyyətlərindən bəhs edən akademik A.Əlizadə bildirmişdir ki, burada Sumqayıt hadisələrinin dövrün digər analoji prosesləri ilə müqayisədə işıqlandırılması çox təqdirəlayiqdir. Kitabda müxtəlif siyasi sənədlər, mətbuat yazıları, xatirələr, cinayət işi ilə bağlı ayrı-ayrı faktlar dövrün siyasi mənzərəsi kontekstində sistemləşdirilmişdir.

 Nəşrdə SSRİ və Azərbaycan SSR prokurorluqlarının əməkdaşları tərəfindən aparılmış istintaq materiallarından, cinayətin icraçılarının, zərərçəkənlərin və digər şahid ifadələrindən, həmçinin məhkəmə materiallarından istifadə olunmuşdur. Bununla belə, uydurma "Böyük Ermənistan" problemi, "erməni məsələsinə" həsr olunmuş çoxsaylı ədəbiyyatdan istifadə edilməklə hadisələrin səbəb və nəticələri, cinayətin icraçılarının cəzalandırıldığı da göstərilir. Nəşrdə Sumqayıt iğtişaşlarının yaranma səbəbinin izahını verən, iştirakçılarını ifşa edən müəlliflərin obyektivliyisubyektivliyi ilə seçilən fərziyyə, mühakimə və mülahizələri də yer almışdır.

Təqdimat mərasimində Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubovun mövzu ilə bağlı məruzəsi dinlənilmişdir. Qeyd edilmişdir ki, kitabın hazırlanmasının əsas məqsədi Sumqayıt hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Kitabda əsasən 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələrinə gətirib çıxaran səbəblər, onu törədənlər, təşviq edən qruplar haqqında materiallar yerləşdirilməklə yanaşı, müəlliflər hadisələri sifariş verən və təşkil edən qüvvələrin izlərinin respublikanın hüdudlarından kənara çıxdığını göstərməyə çalışmışlar.

Rüstəm Usubov demişdir ki, uzun illər ərzində erməni tərəfi öz separatçı və işğalçı siyasətinə, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdikləri terror və digər cinayətlərə bəraət qazandırmaq üçün Sumqayıt hadisələrinə istinad etmişdir. Baş prokurorun birinci müavini təəssüflə vurğulamışdır ki, Sumqayıt hadisələri ilə bağlı cinayətin iştirakçıları barəsində müvafiq cəza tədbirləri görülsə də, hətta ölüm cəzası verilsə də, Xocalı soyqırımını törətmiş erməni faşistləri bugünədək məhkəmə məsuliyyətinə cəlb edilməmişlər.

Qeyd olunan hadisələrdən uzun müddət keçməsinə baxmayaraq, ermənilər hələ də dünya ictimaiyyətini, beynəlxalq təşkilatları bu hadisələrin mahiyyəti ilə əlaqədar aldatmağa çalışmaqdan əl çəkmirlər. Onlar Sumqayıtda törədilmiş hadisələrin əsl mahiyyətini gizlədərək Azərbaycan xalqını dünyaya qaniçən və cinayətkar qismində təqdim etmək üçün bütün yaramaz üsullara əl atırlar.

Bildirilmişdir ki, o vaxt hadisələrlə bağlı işin istintaqı tam, hərtərəfli və obyektiv aparılmamış, baş vermiş iğtişaşın əsl mahiyyəti açılmamış, faktiki olaraq gizlədilmiş, cinayətlərin bütün iştirakçıları müəyyən edilməmiş, cinayətin baş vermə səbəb və şəraiti qətiyyən araşdırılmamışdır. Bütün bunlar Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurətini yaratmışdır.

Xüsusi vurğulanmışdır ki, cinayətin təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Baş Prokurorluq Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla bağlı cinayət işləri üzrə istintaqı təzələmiş və istintaqın hərtərəfli aparılması üçün baş prokurorun birinci müavininin rəhbərliyi ilə Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

İstintaq qrupu tərəfindən Sumqayıt hadisələrinin çoxsaylı şahidinin, həmin hadisələrdən məlumatı olan digər insanların, o cümlədən keçmiş SSRİ Prokurorluğunun istintaq qrupuna daxil olan şəxslərin ifadələri alınmış, xarici ölkələrə müvafiq sorğular göndərilmiş, arxiv sənədləri açılmış, mətbuatda verilmiş məlumatlar təhlil edilmiş, digər zəruri istintaq-əməliyyat tədbirləri görülmüşdür.

Aparılmış istintaq nəticəsində Sumqayıt hadisələrinin həqiqi mahiyyəti üzə çıxmış, bu hadisələrin əsas sifarişçi və təhrikçiləri Mixail Qorbaçov, sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst dairələr və "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni millətçi və separatçı qüvvələrinin olması müəyyən edilmişdir.

Hazırda aparılan istintaqın əsas məqsədi də məhz Sumqayıt hadisələri ilə əlaqədar erməni yalanlarını üzə çıxarmaq, toplanmış sübutlarla bu hadisələrin əsl mahiyyətini açmaq, mümkün qədər cinayətin bütün iştirakçılarını, əsasən də təşkilatçılarını müəyyən etməkdir. Bu məqsədlə baş prokuror Zakir Qaralovun əmri ilə SSRİ Baş Prokurorluğunun istintaq qrupunun aparmış olduğu və icraatlarını dayandırdığı cinayət işlərinin öyrənilməsi üçün prokurorluğun təcrübəli işçilərindən ibarət komissiya yaradılmış və komissiya işləri öyrənərək həmin işlərin icraatlarının təzələnərək yenidən istintaq aparılmasını tövsiyə etmişdir.

Aparılan istintaq zamanı Sumqayıt şəhərində yaşayan milliyyətcə erməni olan qadınlar dindirilmiş və onlar ifadələrində azərbaycanlıların həmin hadisələr zamanı yüzlərlə erməninin həyatını xilas etmələrini göstərmişlər.

Bildirilmişdir ki, Sumqayıt hadisələrinin SSRİ xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi barədə məlumatlar hələ 1989-1990-cı illərdə aparılmış istintaq zamanı əldə edilmişdir. O vaxt başlanmış cinayət işinin materiallarında Sumqayıtda talanlar törətmiş qrupa rəhbərlik edən, ermənilərin öldürülməsində, zorlanmasında, əmlaklarının məhv edilməsində fəal iştirak edən erməni Eduard Qriqoryanın kütləvi iğtişaşlar ərəfəsində şübhəli şəxslərlə görüşməsi, onlardan Sumqayıtda yaşayan ermənilərin siyahısını alması, hadisələr zamanı öz qrupunun üzvlərinə spirtli içkilər və psixotrop preparatlar paylaması barədə ifadələr var idi. Lakin bu məlumatlar SSRİ Prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılmırdı. Əksinə, kütləvi iğtişaşların təşkilatçılarını aşkara çıxara bilən məlumatlar ört-basdır edilirdi. Azərbaycanın hüquq-mühafizə orqanlarının sorğularına Ermənistandan və Moskvadan mücərrəd, heç bir informasiya daşımayan cavablar göndərilirdi, Eduard Qriqoryanın erməni millətçiləri ilə əlaqələrinin müəyyən edilməsinə yönəlmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə imkan verilmirdi. Belə şəraitdə talanların kimlər tərəfindən təşkil edilməsi, Sumqayıt iğtişaşlarının arxasında kimlərin olmaları ilə bağlı əsas suallar cavabsız qalmışdı.

Yeni açılmış hallar onu göstərir ki, Sumqayıtda baş vermiş kütləvi iğtişaşlar Eduard Qriqoryan, onun iki qardaşı, Dağlıq Qarabağdan xüsusi tapşırıqlarla gəlmiş emissarlar və DTK-nın agentləri tərəfindən təşkil olunmuşdur. Dağlıq Qarabağdan olan emissarlar Eduard Qriqoryanı ətraflı təlimatlandırmış, ona Sumqayıtda yaşayan və separatçıların yaratdığı "Qarabağ" və "Krunk" təşkilatlarına pul köçürməyən ermənilərin siyahısını və dəqiq ev ünvanlarını vermişlər. Bu emissarlar aqressivliyi artırmaq məqsədilə iğtişaş iştirakçılarına paylanılması üçün Eduard Qriqoryanı psixotrop dərmanlar və spirtli içkilərlə təmin etmişlər. Hadisələr zamanı isə bu şəxslər Eduard Qriqoryan və onun qardaşı Albert Qriqoryan ilə birlikdə camaata soyuq silah paylayırdılar.

Dövlət Təhlükəsizlik Komitəsinin açılmış arxiv materiallarından məlum olmuşdur ki, Dağlıq Qarabağ separatçılarının emissarları, SSRİ DTK-nın agentləri olan Sarkisyan, Osipov (Osipyan) və digərləri Sumqayıt hadisələrində fəal iştirak etmiş və həmin hadisələrdən dərhal sonra Orta Asiya respublikalarına ezam olunmuşlar. Bu agentlərin izləri sonradan Özbəkistan və Qırğızıstandakı hadisələr zamanı aşkar olunmuşdur. Bu fakt Sumqayıtda, Fərqanədə, Oşda və keçmiş SSRİ-nin digər yerlərində baş vermiş təxribatların bir mərkəzdən təşkil və idarə olunduğunu birmənalı təsdiqləyir.

Sumqayıtdakı kütləvi iğtişaşların əvvəlcədən təşkil edilmiş aksiya olmasını sübut edən faktlardan biri də talançıların hərəkət etdikləri marşrut üzrə yerləşdirilmiş naməlum şəxslərin kütləvi iğtişaşlarda iştirak edənlərin bütün hərəkətlərinin videoçəkilişini aparmasıdır. Bu kadrlar Qərb ölkələrinin televiziya kanallarında operativ şəkildə göstərilmişdir. Şübhəsiz ki, çəkiliş aparan şəxslər talançıların planları haqqında əvvəlcədən məlumatlı idilər.

Sumqayıtda təxribatın hazırlanmasını göstərən növbəti sübut. Bir çox erməni şəhəri əvvəlcədən tərk etmiş, 1988-ci ilin yanvar-fevral aylarında ermənilər tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından pulların çıxarılması da kütləvi hal almışdı.

Digər tərəfdən, müəyyən olunmuşdur ki, Sumqayıt hadisələri ərəfəsində Ermənistandan və Dağlıq Qarabağdan Sumqayıt və Bakı şəhərlərinə çoxlu sayda milliyyətcə erməni olan şübhəli şəxslər gəlmiş, onların bir qismi mehmanxanalarda yığcam yerləşdirilmişdir. Həmin şəxslər Sumqayıtda yaşayan ermənilərlə çoxsaylı görüşlər keçirmiş, onları təlimatlandırmış, baş vermiş kütləvi iğtişaşlardan dərhal sonra isə yoxa çıxmışlar.

Baş prokurorun birinci müavini Rüstəm Usubov hazırda həmin iş üzrə tam və hərtərəfli istintaq aparılmaqla Rusiya Federasiyası, Ukrayna, Belarus və Moldova hüquq-mühafizə orqanlarına SSRİ Prokurorluğunun istintaq qrupunun üzvləri barədə məlumatlar əldə edilməsi üçün sorğular verilməklə istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini bildirmişdir.

Daha sonra akademik İsa Həbibbəyli, kitabın həmmüəllifləri Ramazan Məmmədov, Eyruz Məmmədov, professor Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Rafael Hüseynov, Xarici İşlər Nazirliyinin şöbə müdiri Hikmət  Hacıyev və başqaları çıxış edərək kitabın ərsəyə gəlməsinin əhəmiyyətli və eyni zamanda gərgin bir fəaliyyətin məntiqi nəticəsi olduğunu qeyd etməklə, nəşrin Azərbaycan xalqının və dövlətinin milli maraqlarına xidmət edən əsər olmasını xüsusi vurğulamışlar. Bildirilmişdir ki, bədnam qonşularla müharibə vəziyyətində olan Azərbaycan bütün sahələrdə Ermənistanı üstələsə də, tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılması baxımından müəyyən boşluqlarla üzləşmişdir. Sumqayıt hadisələrini araşdıran istintaq-əməliyyat qrupuna AMEA-nın Tarix İnstitutunun fəal kömək etdiyini bildirən natiqlər Gəncə quberniyasında, Zəngəzurda, Qarabağda, Naxçıvanda, İrəvanda və digər bölgələrdə ermənilərin törətdikləri soyqırımlarının bütövlükdə və sistemli şəkildə araşdırılaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə daha sıx əməkdaşlığın vacibliyini vurğulamışlar.

Kitabın müəllifləri nəşrin hazırlanmasında onlara göstərdikləri böyük köməyə görə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Xarici İşlər Nazirliyinə minnətdarlıqlarını bildirmişlər.

Təqdimat mərasimində Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev təmsil etdiyi qurumun, o cümlədən Azərbaycanın xarici diplomatik korpuslarının Sumqayıt hadisələrinin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində həyata keçirdikləri işlərdən ətraflı danışmışdır. Bildirilmişdir ki, Sumqayıtda törədilmiş cinayətlər, Xocalı soyqırımı və digər erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması, bütün bunlara dünya birliyinin ədalətli mövqeyinə nail olunması nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindəndir. O, kitabın nəşrini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq aləmə çatdırmaq siyasətinin tərkib hissəsi kimi  qiymətləndirmişdir.

Təqdimatı keçirilən kitabla bağlı geniş müzakirələr aparılmış, suallar ətraflı cavablandırılmışdır.

Vurğulanmışdır ki, bu  kitab ölkəmizin müasir tarixini, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini tam reallıqları ilə əks etdirir.

 

Azərbaycan.-2014.- 1 mart.- S.6.