Sumqayıt hadisələri şahidlərin gözü ilə

 

Sumqayıt hadisələrinin başlamasından 26 il keçir

 

1988-ci il fevralın 28-29-da Sumqayıtda ermənilər tərəfindən öncədən planlaşdırılmış qanlı hadisələrdən 26 il keçir. Həmin hadisələr zamanı ermənilərin Sumqayıtda törətmək istədikləri məkrli planları tam çılpaqlığı ilə üzə çıxıb, istintaq proseslərində sübuta yetirilib. Yalan və iftiralarla dolu tarixə malik olan ermənilər həmişə qarşılarına qoyduqları məkrli məqsədə yetmək üçün hər cür vəhşilikdən, terrordan, insanlığa sığmayan qanlı cinayətlərdən, hətta öz millətlərinin belə  qanını tökməkdən çəkinməyiblər. O dövrdə Moskvadan gələn hüquq-mühafizə orqanlarının əməkdaşları baş verənlərdən xəbəri olmayan namuslu, qeyrətli şəhər əhalisini ləkələməkdən belə çəkinmirdilər. Onu da qeyd edək ki, məhz sumqayıtlıların səyi və hadisələrə vaxtında müdaxilə etmək baxımıından erməni fitnəkarlığının böyük miqyasa keçməsinin qarşısı alındı. Ermənilərin məkrli planının həyata keçirilməsi üçün Sumqayıt təsadüfən seçilməmişdi.

Bu hadisələrin şahidlərindən biri - Sumqayıt Səhər İcra Hakimiyyətinin məsul işçisi Seyfəddin Rəhimov o günləri belə xatırlayır:

- Həmin dövrdə şəhərin icra qurumlarının, hüquq-mühafizə orqanlarının fəaliyyəti SSRİ rəhbərliyi tərəfindən məhdudlaşdırılmışdı. Sumqayıt şəhərinin prokuroru İsmət Qayıbovun və digər səlahiyyət sahiblərinin hadisələrə nəzarət etmək imkanları yox idi. Çünki SSRİ Prokurorluğunun xüsusi istintaq qrupu, Dövlət Təhlükəsizlik Komitəsinin nümayəndələri şəhərə ezam olunmuşdular. Şəhərə əvvəlcədən çəkiliş, terrorçu qrupların göndərilməsi, xarici müşahidəçilərin dəvət edilməsi bu hadisələrin məqsədyönlü şəkildə düşünülmüş planın tərkib hissəsi olduğunu göstərirdi. Azərbaycan xalqını törətmədiyi faciələrdə ittiham etmək üçün böyük təbliğat maşını işə salınmışdı.

Ermənilər Sumqayıtı təsadüfən hədəf seçməmişdilər. Həmin ərəfədə minlərlə soydaşımız Ermənistandan - öz ata-baba yurdlarından qaçqın düşərək Sumqayıta pənah gətirmişdilər. Burada xeyli məxfi erməni təxribatçıları fəaliyyət göstərirdi. Planlı şəkildə aparılan qətllər, talanlar və digər cinayət halları göstərir ki, proseslər şəhərdəki təxribatçı qüvvələr tərəfindən idarə edilirdi. Hadisələrin Moskvadan göndərilmiş yüksək səlahiyyətli şəxslərin gözü qarşısında törədilməsi onların hər şeydən məlumatlı olduğunu söyləməyə əsas verir.

Sumqayıt sakini alman əsilli Valentina  Yantsn - Rəhimova:

- Fevralın 25-də şəhərdə söz- söhbət gəzirdi ki, ermənilər nəsə etməyi planlaşdırırlar. Bunu sadə adamlardan tutmuş yüksək vəzifəli məmurlara qədər hamı bilirdi. Bir çox valideynlər uşaqları bayıra buraxmırdılar. Amma ermənilər həmin günlərdə daha sərbəst hərəkət edirdilər. Onlar əvvəlki kimi işə gedir, axşamlar parklarda gəzirdilər. Biz də bir şeyin olmayacağına inanmağa başlamışdıq. Demə bu sakitlik özü növbəti təxribatın təzahürü imiş.

Yaşadığımız mikrorayona  kimlərsə gəlir, nəyisə qeydiyyata alırmış kimi davranırdılar. Demə həmin şəxslər ərazinin giriş-çıxışını öyrənirdilər.

Sumqayıt rus icmasının rəhbəri Lyubov İsmayılova isə deyir:

- "Krunk" erməni təşkilatının üzvlərinin bir qismi Sumqayıtda yaşayırdı. Onlar Ermənistanla mütəmadi əlaqə saxlayır, təlimatlanırdılar. Şəhərdə qalan ermənilər isə hələ də böyük sovet ideyalarına inanaraq heç bir yerə getməmişdilər. Onu da qeyd edək ki, həmin ermənilərin çoxu heç bir təşkilatın üzvü olmamışdılar, sadə insanlar idilər. Mitinqlərdən sonra başlanan qətllərin qarşısını almaq o qədər də çətin olmadığı halda, heç bir tədbir görülməmiş, seyrçi münasibət bəslənilmişdi. Xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri şəhərin hansı yerlərində çəkiliş aparmaq barədə əvvəlcədən təlimatlandırılmışdılar.

Sumqayıtda elə bir erməni ailəsi yox idi ki, onun yaşayış şəraiti digər xalqlardan olan sakinlərdən aşağı səviyyədə olsun. Tolerant ölkə Azərbaycanda onlar üçün hər cür şərait yaradılmışdı. Hətta orta məktəblərdə erməni dili tədris olunurdu. Halbuki həmin hadisələrdən sonra Ermənistana köçənlər orada yaşaya bilmədilər, Rusiyanın müxtəlif şəhərlərində məskən saldılar. Onu da deyim ki, Sumqayıtda yaşayan rus icmasının üzvləri Böyük Vətən müharibəsindən sonra bura köçənlərdir. O vaxtlar az adam tapılardı ki, Xəzərin sahilində yerləşən gənclər şəhərindən danışmasın. Rus millətindən olan elə bir adam tapmazsınız ki, nə vaxtsa doğma Sumqayıtı tərk etmək haqqında düşünsün. Çünki biz ruslar özümüzü bu şəhərin əhalisinin ayrılmaz hissəsi sayırıq. Bütün bayramlarda öz qonşularımızla bir yerdə olur, onların sevincinə sevinir, kədərinə kədərlənirik.

1982-1996-cı illərdə Sumqayıt şəhər 1 saylı doğum evinin baş həkimi işləyən Şəhla Abışova:

- Fevralın 28-də şöbəyə zorlama faktı ilə erməni Karina və Anna bacıları gətirildi. Bir neçə dəqiqə sonra iki nəfər müstəntiq gəlib onları sorğu-suala tutdu. Həmin adamlar qızlara əvvəlcə rus, sonra erməni dilində suallar verməyə başladılar. Erməni dilini bilən bir tibb bacısı Ş.Abışova həmin adamların qızları məcburən azərbaycanlıların əleyhinə ifadə verməyə təhrik etdiklərini bildirirdi. Qızlar isə hər dəfə həmin adamın Edik olduğunu deyirdilər.

Mən bunu o zaman respublikanın baş prokuroru işləyən İsmət Qayıbova  bildirdim. Sonralar məlum oldu ki, müstəntiqlər Sumqayıtda baş verənləri istədikləri kimi mərkəzə çatdırmaq niyyəti güdürmüşlər. Ümumiyyətlə, harada qətl hadisəsi baş verirdisə, çox keçmədən orada mərkəzdən gəlmiş hüquq-mühafizə orqanlarının əməkdaşları peyda olurdu.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Vaqif Qəhrəmanov:

- 1988-ci ildə baş vermiş Sumqayıt hadisələri, eyni zamanda gələcəkdə Azərbaycan ərazilərinin işğalını ört-basdır etmək məqsədinə xidmət edirdi. Qarşıdurma baş verdikdən dərhal sonra şəhərdə tibb işçilərindən ibarət xüsusi qərargah yaradıldı. Təcili tibbi yardım maşınları yaralıları xəstəxanalara daşıyırdılar. Bizə məlum oldu ki, yaralanan, ölən ermənilərin hamısı Qarabağ erməniləridir. Həmin dövrdə Xankəndidə mitinqlər təşkil olunurdu. Ermənilər bunu həmin aksiyaların miqyasını genişləndirmək üçün edirdilər.

Həmin dövrdə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində hərbi qarnizon vardı. Sumqayıtda yaşayan ermənilərin çoxu orada məskunlaşmışdı. Tibb işçiləri o əraziyə gələndə məlum oldu ki, orada olan xəstə bir uşağı ermənilər özləri öldürüb qətlin guya azərbaycanlılar tərəfindən törədildiyini dünyaya çatdırmaq istəyirdilər. Tibb  işçiləri uşağı nəzarət altına aldılar.  Sumqayıtda uşaq ölümünün olmadığına görə isə qətl törətmək tapşırığı alanları Ermənistanda çox incitmişdilər. Mənfurlar məqsədlərinə çatmaq üçün günahsız körpəni belə qətlə yetirməkdən çəkinmirdilər.

Başqa bir misal. Sumqayıt idman dispanserinin baş həkimi E.Avakyan həmin hadisələrin baş verdiyi gün qəribə bir sirr açdı. Dedi ki, erməniləri bir yerə yığıb onları ermənilərdən qoruyurduq. Ondan soruşanda ki, bunlar nə ilə bitəcək, cavab verdi ki, "Bu məsələlər sizlik deyil. Bu qırğınların arxasında xallı rəhbər dayanır. Yoxsa bu necə şişirdilə bilərdi?!" Zaman E.Avakyanın sözlərinin həqiqət olduğunu təsdiq etdi. Ermənilər düşünülmüş, öncədən planlaşdırılmış Sumqayıt hadisələrindən uzun müddət yararlandılar. Təxribatları törədənlər qətllərin kimlər tərəfindən həyata keçirildiyini yaxşı bilirlər. İndi isə öz uşaqlarına türklərin, azərbaycanlıların "qəddarlıq"larından danışır, bizə qarşı nifrət oyatmağa çalışırlar.

Sumqayıt hadisələrindən öncə şəhərdə gəzən söz-söhbət fevralın 28-nə keçən gecə baş vermiş hadisələrdə öz təsdiqini tapdı. Şəhərin müxtəlif ərazilərində tonqallar yandırılır, nömrəsiz maşınlardakı xüsusi təlim görmüş adamlar küçələri dolaşaraq hamını səfərbər olmağa, ermənilərə qarşı hücuma çağırırdı. Bəzi maşınlardan səsgücləndiricilərlə ermənilərin yaşadığı ünvanlar, ad və soyadları səsləndirilirdi.

Hadisə baş verəndən bir gün sonra  ermənilər öz soydaşlarını sağ-salamat gördükdə çox sevinirdilər. Sonradan məlum oldu ki, talan və qarətləri törədənlər elə xüsusi təlim görmüş ermənidir.

Şəhər sakini Cəmilə Əliyeva:

- Bizim mənzil  köhnə avtovağzalın yanındaydı. Fevralın 26-dan başlayaraq şəhər qarışmaqda idi. Camaatın ən çox yığışdıqları yerlərdən biri də yaşadığımız ərazi olduğu üçün hadisələrin necə törədildiyini görürdük. Qarşısını almaq mümkün olardı. Lakin bu hadisələri Moskva "KQB"si törətdiyi üçün qarşısı alınmaz problemə çevrildi. 

Sonradan bildik ki, şəhərdə təxribatçılar tərəfindən talan törədiləcəyi barədə komitə üzvləri məlumatlandırılmışdılar. Hadisələri lentə almaq üçün hər cür şərait  yaradılmışdı. Dünyanın bir çox ölkələrindən, eləcə də Ermənistanın özündən əvvəlcədən planlı şəkildə hazırlanan hadisələri lentə almaq üçün operatorlar, fotoqraflar Sumqayıta üz tutmuşdular. Sonradan bizə o da məlum oldu ki, fevral ayı başlayandan ermənilər əmanət kassalarına qoyduqları pulları götürmüşdülər.

Sumqayıt hadisələrindən bir neçə gün əvvəl ermənilər yaşayan evlər xüsusi adamlar tərəfindən də işarələnmişdi. Təsəvvürə gətirin ki, fevralın 27-28-də Sumqayıtda iğtişaşlar törədilir, ermənilər öz millətlərindən olan insanları amansızcasına qətlə yetirir, SSRİ-nin o vaxtkı hərbi prokuroru Katusev Bakıda ola-ola Sumqayıtda baş verənlərin qarşısını almaq üçün tədbir görmür. Azərbaycanı fakt qarşısında qoymaq üçün onlar güc strukturlarını işə salmağa tələsmədilər, çünki bu onlara sərf etmirdi.

Hadisələrdən iki gün sonra ölənlərin siyahısı üzə çıxdı. Məlum oldu ki, onların hamısı Dağlıq Qarabağdan olanlardır. Erməni millətçiləri soydaşlarını Sumqayıtda öldürməklə Xankəndidə başlanan mitinq dalğasını gücləndirə bildilər. Xankəndidə ermənilər operatorların çəkdikləri kadrları göstərərək insanları qızışdırdılar.

Sumqayıtda erməni qətllərinin qəddar icraçısı iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Sumqayıt hadisələrinin "təşkilatçısı" kimi azərbaycanlı Əhməd Əhmədov dəlilsiz-sübutsuz güllələnsə də, danılmaz şahid ifadələri əsl günahkarın Eduard Qriqoryan olduğunu sübut etdi.

Məhz həmin günlərdə şəhər əhalisinin sayıqlığı nəticəsində yüzlərlə erməni ailəsi qəddar qriqoryanlardan qoruna bildi. Neçə-neçə azərbaycanlı ailəsi ermənilərə evlərində sığınacaq verdi.

Eduard Qriqoryan sonralar etdikləri barədə belə bir ifadə vermişdi: "Atam erməni, anam isə rusdur. O, evə içib gələr, anamı yerli-yersiz döyər, təhqir edərdi. Bütün bunlara görə mən ermənilərdən intiqam almaq istəyirdim və aldım da". İstintaq gedəndə bəlli oldu ki, qətlə yetirilən ermənilərin bir qismi "Krunk" erməni terror təşkilatına "üzvlük" haqqı ödəməyənlərdir. İki  gün sonra Xankəndidə keçirilən mitinqdə çıxış edən Silva Kaputikyan öldürülən erməniləri yazdığı şeirlə "tərənnüm" etmişdi. Sonda yana-yana dilinə gətirmişdi ki, necə yəni, diri erməni uşağı tapılmadı ki, qətlə yetirəsiniz?! Əgər ölənlərdən bircəciyi uşaq olsaydı, mən sizin hamınızın əlindən öpərdim.

Keçmiş SSRİ Baş Prokurorluğunda Sumqayıt hadisələri ilə bağlı 444 nəfərə cinayət işi açılmış, onlardan 400 nəfəri 10-15 sutka saxlandıqdan sonra buraxılmış, bir neçəsi uzunmüddətli həbs cəzasına məhkum edilmişdi. Keçmiş SSRİ Prokurorluğu Baş İstintaq İdarəsinin rəis müavini V.Nenaşev və SSRİ Prokurorluğu yanında xüsusilə mühüm işlər üzrə müstəntiq V.Qalkinin başçılıq etdikləri istintaq araşdırmalarında SSRİ DTK-nın və Hərbi Prokurorluğunun  əməkdaşları iştirak etmişlər. Həmin qruplar baş vermiş hadisələrin səbəblərini, cinayətlərin törədilməsi üçün yaradılmış şəraiti, təşkilatçıları müəyyən etməyə səy göstərməmiş, ermənilərin özləri tərəfindən edilmiş cinayətlərin üstünü malalamaq üçün qondarma şahidlərin ifadələrinə əsaslanaraq yanlış ittihamnamələr hazırlayaraq keçmiş ittifaqın müxtəlif məhkəmələrində baxılmaq üçün təqdim etmişlər. 1988-ci ilin 18 oktyabr-18 noyabr tarixlərində Moskvada keçmiş Ali Məhkəmədə Ə.Əhmədovun, Y.Cəfərovun, T.İsmayılovun cinayət işlərinə baxılmışdır. Həmin məhkəmə iclaslarında bu cinayət işini bütövlükdə yenidən istintaqa qaytarmaq əvəzinə yalnız Y.Cəfərov və T.İsmayılovun cinayət materialları istintaqa qaytarılmışdır. Ə.Əhmədov isə heç bir hüquqi dəlil-sübut olmadan hadisələrin "təşkilatçısı" kimi güllələnməyə məhkum edilmişdi. Məhkəmə tərəfindən qəbul edilmiş bu hökm 17 ay sonra Moskva şəhərində icra olunmuşdur. Sumqayıt şəhər sakini Elçin Gəncəliyev təcridxanada müəmmalı şəkildə öldürülmüş, T.İsmayılov isə 15 il müddətinə azadlıqdan məhrum edilərək siyasi məhbus kimi Tbilisiyə göndərilmiş, bir neçə ay sonra o da həlak olmuşdur.

Ermənilər o vaxtdan Sumqayıtda törədilən fevral hadisələrindən istifadə edərək  dünya ictimaiyyətinin nəzərində azərbaycanlıların qaniçən, qəddar obrazını yaratmaq, onlarla birgə yaşamağın qeyri-mümkünlüyünü sübuta yetirmək üçün dəridən-qabıqdan çıxırlar.

Həmin hadisələrdən sonra respublikamızda baş verən hakimiyyət dəyişiklikləri, yarıtmaz idarəçilik ucbatından torpaqlarımızın 20 faizi işğal edildi. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev mənfur erməni məkrinin, neçə-neçə terror aktının qarşısını aldı. Məhz aparılan düzgün siyasət sayəsində əsl həqiqət dünya ictimaiyyətinə çatdırıldı.

 

 

 

Akif ƏLİYEV,

Azərbaycan.-2014.- 1 mart.- S.6.