Sumqayıt möhtəşəm sənaye şəhərinə çevrilir

 

Dünən Sumqayıt Şəhər İcra Hakimiyyətində 2013-cü ildə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr  olunan hesabat yığıncağı keçirildi.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı  Eldar Əzizov bildirdi ki,  ötən ili uğurla yola salan sumqayıtlıların gələcəyə nikbin baxmaq üçün ciddi əsasları var. Görülən işlərin miqyası, qarşıda duran vəzifələrin ciddiliyi bu şəhəri ölkənin ikinci sənaye şəhərinə çevirməkdədir. Aparılan iqtisadi islahatlar Sumqayıtın şöhrətini ölkənin hüdudlarından kənara çıxarır, onu regionun müasir şəhərlərindən birinə çevirir. Məhz buna görə qarşıda duran böyük vəzifələrin yerinə yetirilməsi, Sumqayıtın dünyanın ən müasir sənaye şəhərlərindən birinə çevrilməsi üçün daha böyük əzm, daha böyük qüvvə ilə çalışmaq lazımdır.

Eldar Əzizov tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, dinamik inkişaf dövrünü yaşayan respublikamızda qazanılan  uğurlar bütün istiqamətlərdə ölkəmizin intibahına xidmət edir. Artıq dünya ölkələri  Azərbaycanın iqtisadi inkişafının fenomenal xarakter daşıdığını etiraf edir, onun səciyyəvi xüsusiyyətlərini müxtəlif beynəlxalq qurumlar  geniş rakursdan öyrənir, dəyərləndirir və təşviq edirlər. Sosial-iqtisadi inkişafın intibah dövrünü yaşayan Azərbaycan qazandığı müvəffəqiyyətləri davamlı şəkildə genişləndirməkdə və yeni xarakterli makroiqtisadi layihələrin müəllifi kimi çıxış etməkdədir. Bu gün ölkənin həyatında qeyri-neft sektorunun inkişafına diqqətin artması, bu sahədə yeni ideya və layihələrin reallaşmasına start verilməsi dinamik inkişafın təzahürüdür.

E. Əziziov  vurğuladı ki, Azərbaycan üçün xarakterik cəhətlərdən biri də sürətli tərəqqinin hər bir ölkə vətəndaşının sosial rifahının yüksəlməsinə, firavanlığının artmasına xidmət etməsindədir. Azərbaycanın sosial-iqtisadi həyatında özünəməxsus çəkiyə malik olan Sumqayıt şəhərinin ölkəmizin uğurlarına töfhə verməyə hər cür imkanı var. Bir neçə gün öncə Sumqayıta səfər edən ölkə başçısı  "Azərsun Sənaye Parkı"nda Sumqayıt yağ fabrikinin açılış mərasimində iştirak etmiş, şəhərimiz və onun gələcəyi haqqında ürək sözlərini demişdir. Cənab Prezident İlham Əliyev bildirmişdir: "Sumqayıt şəhəri Azərbaycanın sənaye mərkəzidir. Bakıdan sonra Cənubi Qafqazda ikinci böyük sənaye şəhəridir. Əslində, Sumqayıt sənaye şəhəri kimi yaradılmışdır. Hazırda Sumqayıt müasir sənaye şəhərinə çevrilir. Burada onlarla zavod, fabrik fəaliyyət göstərir. Sumqayıt Texnologiyalar Parkı neçə ildir ki, fəaliyyət göstərir. Texnologiyalar parkında 13 zavod fəaliyyət göstərir, 5 zavod tikilir. Keçən il Sumqayıtda Kimya Sənaye Parkının təməl daşı qoyulmuşdur. 200 hektara yaxın ərazidə yaxın illərdə böyük bir sənaye şəhəri yaradılacaqdır. O zavodların fəaliyyəti genişlənəcəkdir. Bir sözlə, Sumqayıt müasir sənaye şəhəri kimi bu gün ölkəmizin sənaye potensialının inkişafında mühüm rol oynayır. Demək olar ki, işsizlik aradan qaldırılmışdır. Sumqayıtda sosial infrastrukturun yaranmasına diqqət göstərilir".

E.Əzizov bildirdi ki, Sumqayıtda  həyata keçirilən bütün layihələr ölkə başçısının tapşırıq və tövsiyələrindən bəhrələnir.  Əldə edilən nailiyyətlər əhalinin rifah halının yüksəlməsinə, maddi vəziyyətlərinin yaxşılaşmasına yönəlmişdir. Artıq şəhərimizə axın var. Bu da yeni fəaliyyətə başlayan müəssisə və zavodlardakı yerlərinin sayının artması ilə bağlıdır.

Tədbirdə şəhərdə, son bir il ərzində həllini tapan məsələlərə həsr olunan film göstərildi. Video görüntülərin nümayişindən sonra şəhər icra aparatının məsul nümayəndəsi Sahib Quliyev ötən il şəhərin uğurlarının vacib məqamlarını müşavirə iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra Sumqayıt şəhərinin əlaqədar təşkilat rəhbərləri çıxış etdilər.

Görülən işlər barədə hesabat verən şəhər icra hakimiyyətinin başçısı  bəzi idarə və müəssisələrin fəaliyyətindəki qüsurlara və tənqidi məqamlara da toxundu. Son günlər yağan qarın törətdiyi fəsadlarla bağlı təsərrüfat rəhbərlərinin yarıtmaz işi diqqətə çatdırıldı və onlara xüsusi tapşırıqlar verildi.

Tədbirdə iştirak edən şəhər sakinlərindən  Ellada Həsənova, Zaur Əsgərov, İradə Quliyeva, Musa Behbudov, Əşrəf Şəfiyev, Adil Ələsgərov və digərlərinə söz verildi. Uğurların fonunda  müxtəlif mikrorayon və məhəllələrdə sıravi insanların qarşılaşdıqları problemlər müzakirə olundu, təklifləri dinlənildi.

Tədbirin sonunda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı bütün mikrorayonlarda keçirdiyi "Açıq mikrafon" günlərini xatırlatdı. Belə tədbirin gücü ondadır ki, insanlar evində, küçədə hökumətdən gileylənmirlər. Sözləri varsa, icra hakimiyyətinə gəlir, tənqid də edirlər, təkliflərini də verirlər.

Zalda quraşdırılan mikrafonlarla çıxış edən şəhər sakinlərinin iradlarına, suallarına şəhərin müəssisə və təşkilat  rəhbərləri elə müşavirədə cavab verdilər. Təkliflər də nəzərdən keçirilmək üçün qeyd olundu.

Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev iştirak edirdi.

Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olundu. 

 

 

 

Akif ƏLİYEV,

Azərbaycan.-2014.- 1 mart.- S.8.