Uğurları artırmaq üçün geniş imkanlar var

 

Bərdədə 2013-cü ilin yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş yığıncaq keçirilmişdir. Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası sahəsində həyata keçirilmiş genişmiqyaslı tədbirlərdən, rayonda tikinti, abadlıq, quruculuq işlərinin böyük vüsət almasından, rayon əhalisinin həyat şəraitini yaxşılaşdırmağa artan dövlət qayğısından ətraflı danışmışdır.

Qeyd edilmişdir ki, hesabat ilində Bərdə rayonunda bütün maliyyə mənbələri hesabına 90 milyon manatlıq tikinti-quruculuq və abadlıq işləri görülmüşdür. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2009-2013-cü illəri əhatə edən ikinci mərhələsində nəzərdə tutulan əsas vəzifələr uğurla icra edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına şəhərin  M.Ə.Sabir, İ.Qayıbov, Nüşabə və A.Əhmədov küçələri yenidən qurulmuşdur. Rayonda 34 hektar ərazidə Heydər Əliyev park-bulvarı inşa olunur. Mərkəzdə aparılan abadlıq işləri nəticəsində Bərdə şəhəri daha da gözəlləşmişdir. Genişmiqyaslı abadlıq və quruculuq işləri rayon mərkəzi ilə yanaşı, kəndləri də əhatə edir.

2013-cü ildə Həsənqaya kənd ərazisində məcburi köçkünlər üçün 866 ailəlik yaşayış məhəlləsi, Seyid Yusifli kəndində  müasir memarlıq üslubunda Seyid Yusif ağanın məqbərə-kompleksi, kəndlərarası 6,5 kilometr yol, Mirzalıbəyli kəndində 220, Qullar kəndində 180 şagirdlik orta məktəblər, Mehdili kəndi ərazisində 2000 başlıq ətlik və 1000 başlıq südlük istiqamətli cins heyvandarlıq kompleksi, Daxili İşlər Nazirliyinin daxili qoşunlarının rayonda dislokasiya olunmuş hissəsinin beşmərtəbəli korpusu tikilib istifadəyə verilmişdir. Rayon təhsil şöbəsinin inzibati binasının, 1 saylı uşaq incəsənət məktəbinin tikintisi başa çatdırılmış, suvarma suyu ilə təminatı yaxşılaşdırmaq üçün 9 kənddə 12 ədəd subartezian quyuları vurulmuş, 2  inzibati binanın dam örtükləri yenidən tikilmişdir. Hazırda "Bərdə" türbəsi bərpa edilir. Əmlak komitəsinin rayon şöbəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyasının inzibati binaları, Gənclər evi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası, məcburi köçkünlər üçün 2100 ailəlik yeni yaşayış məhəlləsi, rayon mədəniyyət mərkəzi, tutumu 2 min ton olan soyuducu  anbar, 180 şagirdlik Qazaxlar, 220 şagirdlik Nazırlı, 380 şagird yerlik Bərdə şəhər 7 saylı tam orta məktəbləri tikilir. Bərdə şəhəri ərazisində Tərtər çayı yatağında sahilbərkitmə işləri, kəndlərin qazlaşdırılması, rayonun Elektrik şəbəkəsinin yenidən qurulması davam etdirilir.

2013-cü ildə rayonda 329,3 milyon manat dəyərində ümumi məhsul, o cümlədəm 10,8 milyon manat dəyərində sənaye, 127,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Hesabat ilində rayon iqtisadiyyatının inkişafı üçün əsas fondlara 92,7 milyon manatya 2012-ci ildəkindən 2,6 dəfə çox investisiya yönəldilmişdir. Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 2009-2013-cü illərdə 11,916 yeni yeri açılmışdır ki, bunun da 5244-ü daimi yeridir. Keçən il açılan  daimi yerlərinin sayı 1333 olmuşdur.

Rayonda sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmışdır. Dövlət tərəfindən göstərilən diqqət və qayğının artırılması, yeni iqtisadi münasibətlərin formalaşmasının daha da sürətləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi işləmək istəyən hər kəsə qol-qanad verir. Ötən il sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 17,8 faiz artaraq 7,8 min nəfərə çatmışdır. Rayonda istehsal olunmuş ümumi məhsulun 96,6 faizi qeyri-dövlət sektorunun payına düşür. Sahibkarlığın inkişaf etdirilməsi üçün mövcud imkanehtiyat mənbələrindən səmərəli istifadə olunur. Sahibkarlığa Kömək Milli Fondu rayonda fəaliyyət göstərən müvəkkil kredit təşkilatları və banklar vasitəsilə 2013-cü ildə 243 sahibkara 2,3 milyon manat kredit vermişdir ki, bu da əvvəlki ildə verilən kreditdən 74,2 faiz çoxdur.

Aqrar-sənaye rayonu olan Bərdədə kənd təsərrüfatının inkişafına böyük önəm verilir. Dövlətin torpaq istifadəçilərinə ildən-ilə artan maliyyə dəstəyi aqrar sahədə dönməz xarakter alan inkişafın başlıca stimuluna çevrilmişdir. Hesabat ilində ət, süd, yun, yumurta, taxıl, tərəvəz məhsulları istehsalında xeyli artıma nail olunmuşdur. Bir faktı qeyd etmək yerinə düşər ki, Bakı şəhərində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına il ərzində Bərdədən 357,1 ton məhsul göndərilmişdir.

Hesabat ilində təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmiş, böyük uğurlara imza atılmışdır. Əhalinin sosial ehtiyaclarının daha dolğun şəkildə ödənilməsini təmin etməyə yönələn qayğı və diqqətin nəticəsidir ki, elektrik enerjisinin verilməsindəki fasilələr artıq tamamilə aradan qaldırılmışdır. Yaşayış məntəqələrinin qazlaşdırılması sürətlə davam etdirilir. İçməli su ilə təminatda indi demək olar ki, heç bir problem yoxdur.

Yığıncaqda çıxış edənlər 2014-cü ildə nailiyyətləri daha da artırmaq üçün böyük imkanların olduğunu vurğulamışlar.

Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Zahid Oruc yığıncaqda çıxış etmişlər. Yığıncağın işində Prezident Administrasiyasının məsul işçisi Pənah Cahangirov iştirak  etmişdir.

 

 

 

Lazım QULİYEV,

Azərbaycan.-2014.- 4 mart.- S.3.