Ombudsman hesabat verdi

 

Milli Məclisin iclasında

 

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, iclasın gündəliyinə beş məsələ daxil edilmişdir. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinin dinlənilməsi də gündəlikdə idi.

Əvvəlcə cari məsələlərin müzakirəsi üçün vaxt ayrıldı. İlk çıxış edən deputat Qüdrət Həsənquliyev təklif irəli sürdü ki, ölkədə kimsəsiz və aztəminatlı ailələrdən olan xəstə uşaqların xaricdə müalicəsi ilə bağlı xüsusi fond yaradılsa, bunun çox müsbət effekti olar. Deputat qeyd etdi ki, son vaxtlar uşaqlar müxtəlif xəstəliyə yoluxur və bəzi xəstəliklərin müalicəsi Azərbaycanda mümkün olmur: "Hər kəs bilir ki, belə məsələlərə Heydər Əliyev Fondu böyük dəstək verir. Prezident İlham Əliyev dəfələrlə bəzi xəstə uşaqların xaricdə müalicə olunması üçün göstəriş verib. Amma bu məsələlərə aid xüsusi fond yaradılsa, belə xəstələrin xaricdə müalicəsinə  yardımçı olar. Bir sıra adamları da ora vəsait köçürə bilər".

İclasda çıxış edən deputat Asim Mollazadə bildirdi ki, bu günlərdə ABŞ-ın İndiana ştatı da Xocalı faciəsi ilə bağlı bəyanat qəbul edib. Onun sözlərinə görə, bu il Azərbaycan hökumətinin və digər qurumların Xocalı soyqırımının tanıdılması istiqamətində apardığı təbliğat kampaniyası uğurlu olub. Ancaq gələcəkdə bu kampaniya daha geniş xarakter almalı və dünya hüququn aliliyi prinsipini qəbul edərək Azərbaycanın haqq səsini eşitməlidir.

Spiker Oqtay Əsədov isə bildirdi ki, Milli Məclisin 20-dən çox deputatı Xocalı faciəsinin 22-ci ildönümü ərəfəsində bir çox ölkələrə ezam olunaraq bu dəhşətli qətliamın soyqırımı kimi tanınması istiqamətində keçirilən toplantılarda iştirak edib. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov da Xocalı faciəsi ilə bağlı parlament üzvlərinin xarici səfərləri və bu səfərlər zamanı təşkil olunan toplantılar, konfranslar, görüşlər barədə məlumat verdi. Deputat Elman Məmmədov isə qeyd etdi ki, o, Türkiyəyə ezam olunan deputat qrupu ilə İstanbuldabaşqa-başqa şəhərlərdə təşkil olunan konfranslarda iştirak edib. Onun sözlərinə görə, Uşak şəhərində "Xocalı soyqırımı" abidəsi ucaldılıb. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bildirdi ki, onun da daxil olduğu deputat qrupu Almaniyada  səfərdə olub və səfər müddətində bir çox tədbirlər, aksiyalar həyata keçirilib.

Siyavuş Novruzov ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı müddəalara kəskin etirazını bildirdi. Qeyd etdi ki, həmin hesabatda 10 il əvvəl nə yazılıbsa, indi yenidən təkrar olunur. Spiker Oqtay Əsədov isə bildirdi ki, həmin qurumlar Azərbaycanı sevmirlər: "Problemlər nə qədər həll olunsa da, yenə də ikinci bir məsələ ortaya çıxaracaqlar. Lakin onların qaldırdığı məsələ öz-özlüyündə həll olunacaq. Biz bu kimi məsələləri güc yolu ilə həll edə bilmərik. Hər kəs şahidi olacaq ki, bu kimi problemlər yavaş-yavaş həllini tapacaq".

Sonra Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova illik məruzəsini təqdim etdi. Bildirdi ki, ötən il ərzində daxil olmuş müraciətlər üzrə əhatəli aparılıb, insanların pozulan hüquqlarının bərpası istiqamətində müvafiq işlər görülüb. Müvəkkilin ünvanına 2013-cü ildə 13 670 müraciət daxil olub. Müraciətlərin 75,8 faizi şikayətlərdən, 24,2 faizi ərizələrdən ibarət olub. Müvəkkil konstitusiya qanununun tələblərinə müvafiq olaraq şikayətlərin onun səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatının getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlarsübutlar olmaması səbəbindən onların 52,4 faizinə baxılmasından imtina edib. Qalanları baxılmaq üçün icraata qəbul edilib ki, bunların da 65,5 faizi təmin olunub.

Hesabatda qeyd olunur ki, 2013-cü ildə 3 məhkəmə sədri vəzifəsindən azad edilib, 5 hakimin səlahiyyətlərinə xitam verilib. 2013-cü ildə Daxili İşlər Nazirliyinə göndərilmiş 203 müraciətin araşdırılması nəticəsində vətəndaşlara qarşı kobud rəftara, qanunda nəzərdə tutulmuş müddətdən artıq polisdə saxlamağaistintaq orqanına vaxtında təhvil verməməyə görə 25 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. 4 əməkdaş daxili işlər orqanından xaric edilib, 4-ü tutduğu vəzifədən azad olunub, 17-si barədə isə intizam tənbehi tətbiq edilib.

Ombudsmanın sözlərinə görə, mülki, iqtisadisosial hüquqların pozulmasına dair şikayətlər - şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi, qeydiyyata alma, informasiya sorğusunun cavablandırılması, torpaq, mülkiyyət, mənzil, o cümlədən təbii fəlakətin vurduğu ziyan, pensiya və müavinətlər, ünvanlı sosial yardımlar, işə bərpa, məhkəmə qərarlarının icrası, xüsusilə alimentinborcun ödənilməsi ilə bağlı bir çox şikayətlər öz həllini tapıb, müvafiq dövlət qurumları ilə əməkdaşlıq sayəsində insanların pozulmuş hüquqları bərpa edilib.

Müvəkkilin hesabatından sonra müzakirələr başladı. Çıxış edən deputatlar Zahid Oruc, Siyavuş Novruzov, Qənirə Paşayeva, Fəzail Ağamalı, Mübariz Qurbanlı, Astan Şahverdiyev, Fərəc Quliyev qeyd etdilər ki, Ombudsman Aparatı ötən il ərzində ölkədə fəaliyyət göstərən qurumlar daxilində daha çox fərqlənib. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən işlər, müvəkkilin həbsxanalarda, müvəqqəti saxlama məntəqələrində keçirdiyi görüşlər, təmin olunan şikayətlər bunu deməyə əsas verir. Deputatlar bununla bərabər bəzi təkliflər də irəli sürdülər. Qeyd edildi ki, Xocalı faciəsinin soyqırımı kimi tanıdılması istiqamətində Ombudsman Aparatı dünya ombudsmanlarının iştirakı ilə beynəlxalq konfrans təşkil edərsə, bu, aparılan kampaniyaya müsbət təsir göstərə bilər. 

Vitse-spiker Bahar Muradova isə qeyd etdi ki, hesabatlar tərtib olunarkən beynəlxalq QHT-lərin hesabatlarına istinad edilir və həmin QHT-lər də hansı ölkə haqqında hesabatlar tərtib edirlərsə, o ölkədəki QHT-lərə istinad etdiklərini vurğulayırlar. Dolayısı ilə həmin hesabatların tərtib olunmasında dünya ölkələrində,  o cümlədən Azərbaycanda fəaliyyət göstərən QHT-lərin, ictimai qurumların, siyasi partiyaların, özünü müxalifət hesab edən qurumların mövqeyi əsas rol oynayır.

B.Muradova hesab edir ki, həmin qurumların bu addımlarına layiqincə cavab verilməlidir: "Azərbaycan hökuməti, parlament bu məsələlərə bənd-bənd münasibət bildirir. Biz qəbul edilən bütün qətnamələrə, onların qəbulu üçün tərtib edilən bütün hesabatlara, Azərbaycanda insan hüquqlarının pozulduğunu sübut etməyə çalışan şəxslərə cavab veririk. Bu, müvafiq sənədlərdə də öz əksini tapır. Bir dəfə görmədik ki, Azərbaycandakı QHT-lər, siyasi partiyalar, o cümlədən konstruktiv mövqeli siyasi partiyalar onlara cavab versinlər. Yaxşı olardı ki, milli, eləcə də dövlətçilik maraqlarına, cəmiyyətimizi irəli aparan proseslərə maneçilik törədən bu kimi hesabatlara cavab verilsin. Belə cavablar ortada olduğu təqdirdə QHT-lərin hesabatlarına istinad edənlər və Azərbaycan dövlətinin tərtib və təqdim etdiyi hesabatları qulaqardına vuranlar Azərbaycanın özündən gələn və siyasi ambisiyaları, maraqları olan qrupların da mövqelərini öyrənib müəyyən obyektiv bir mövqe sərgiləməyə məcbur olardılar. Həmin qrupları bu hesabatlara cavab verməyə səsləyirəm. Sübut və məhkəmə hökmü olmadan kimisə günahsız adlandırıb azadlığa çıxarmaq özüabsurddur. Hesab edirəm ki, bu kimi çağırışlara getmək lazım deyil".

Bahar Muradova vurğuladı ki, Azərbaycanda müvəqqəti saxlama yerlərində polis əməkdaşları sırasına qadınların cəlb edilməsinə ciddi ehtiyac var. Dünya praktikasını misal çəkən Bahar Muradova qeyd etdi ki, bu həm də həmin sistemdə gender bərabərliyini qorumağabir sıra problemlərin həllinə xidmət edə bilər. Ombudsmanın illik məruzəsini müsbət qiymətləndirən vitse-spiker sənədin mükəmməl hazırlandığını qeyd etdi.

Sonra insan hüquqları üzrə müvəkkilin illik məruzəsi səsə qoyularaq qəbul edildi.

Günün ikinci yarısında iclasın gündəliyində duran digər məsələlər müzakirə edildi. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ilk olaraq "Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi barədə məlumat verdi. Bildirdi ki, Azərbaycanın Polşa ilə həm iqtisadi, həm də siyasi əlaqələri gündən-günə inkişaf edir. Ölkələr arasında belə bir sazişin imzalanması beynəlxalq avtomobil əlaqələrini daha da gücləndirəcək. Belə bir sazişin təsdiq edilməsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verəcək.

Qanun layihəsi təsdiq olundu.

Sonra "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi barədə məlumat verən Ziyad Səmədzadə qeyd etdi ki, məcəllənin 6-cı maddəsində "bayraq" sözü "dövlət bayrağı" sözü ilə əvəzlənib. Bu qanun layihəsi də səsə qoyularaq təsdiq edildi.

İclasın müzakirəsinə təqdim olunan "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi barədə isə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, dəyişikliyə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 (əlli) manat miqdarında cərimə tətbiq olunur. Həmçinin qeyd olundu ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, fotovideo qeydiyyat funksiyalarına  malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır.

Deputatlardan Sahib Alıyev və İlham Əliyev qanun layihəsinə müsbət münasibət bildirdilər.

Qanun layihəsi səsə qoyularaq təsdiqləndi.

İclasın gündəliyində duran sonuncu məsələ "Akkreditasiya haqqında" qanun layihəsi idi. Layihə barədə məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd etdi ki, sözügedən sənəd akkreditasiya sahəsində fəaliyyət göstərən şəxslər arasında yaranan münasibətlərin dövlət tənzimlənməsinin və bu sahədə beynəlxalq əməkdaşlığın əsaslarını müəyyən edir. Qanun layihəsinə əsasən akkreditasiya attestatı verildiyi tarixdən 4 il müddətində etibarlı sayılır.

Müzakirələr zamanı Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qanun layihəsində bir sıra düzəlişlər edilməsini təklif etdi.  Deputatlardan Arif Əşrəfov, Bəxtiyar Əliyev və Məlahət İbrahimqızı da sənəddə redaktə xarakterli düzəlişlərin vacibliyini qeyd etdilər.

Qanun layihəsi ikinci oxunuşda qəbul edildi.

Sonda Milli Məclisin Sədri Oqtay Əsədov qeyd etdi ki, mart ayının 14-də Milli Məclisdə Nazirlər Kabinetinin hesabatı dinləniləcək.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Elgün MƏNSİMOV,

Azərbaycan.-2014.- 5 mart.- S.2.