Milli təhlükəsizlik orqanlarının fəaliyyətinin

 hüquqi təminatı milli təhlükəsizlik siyasətinin aparıcı istiqamətidir

 

"Ölkəmizin normal, hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi funksiyası var, xüsusi rolu var və Milli Təhlükəsizlik Nazirliyi bu vəzifənin öhdəsindən şərəflə gəlir".

 

 İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı

 

 

Fəaliyyətini dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunması kimi ali məqsədlər naminə səfərbər etmiş milli təhlükəsizlik orqanlarının yaranmasının 95-ci ildönümü tamam olur. Dövlət müstəqilliyinin bərpası ilə keyfiyyətcə yeni mərhələyə, milli özünüdərk və dünya təhlükəsizlik sisteminə inteqrasiya dövrünə qədəm qoyan Azərbaycanın xüsusi xidmət orqanları yarandığı dövrdən çətin, eyni zamanda, şanlı və ibrətamiz tarixi yol keçmişdir. Mənalı və şərəfli həyatının 25 ildən artıq bir dövrünü xüsusi xidmət orqanlarına həsr etmiş ümummilli lider Heydər Əliyevin dövlətçilik ənənələrində varislik prinsipinin təsbit olunması baxımından müstəsna əhəmiyyətə malik 23 mart 1997-ci il tarixli sərəncamı ilə 28 mart Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan edilmişdir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyinin təsis edilməsi ilə bu mühüm dövlət orqanının tarixində yeni dövr başlanmışdır. Yeni dövrün və ictimai-siyasi formasiyanın məzmununa uyğun olaraq təhlükəsizlik orqanlarının qarşısında duran vəzifələrin mahiyyəti dəyişmiş, ölkənin suverenliyi, konstitusiya quruluşu, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı daxili və xarici təhdidlərin müəyyənləşdirilməsi və bu istiqamətdə mübarizə sahəsində mühüm tədbirlərin görülməsi zərurəti yaranmışdır. Lakin 1991-1993-cü illərdə Azərbaycanda hökm sürən xaos, özbaşınalıq, siyasi səbatsızlıq və naşı idarəçilik, vətəndaş müharibəsi təhlükəsi, mövcud vəziyyəti daha da ağırlaşdıran aqressiv separatizm və ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması qarşıda duran həyati əhəmiyyətli bu vəzifələrin yerinə yetirilməsini mümkünsüz edirdi. Eyni zamanda, SSRİ-dən miras qalmış hüquq sistemi və qanunlar hüquqi, demokratik dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni, mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi. Əfsuslar olsun ki, ötən əsrin 80-ci illərinin sonlarında və müstəqilliyin bərpasının ilk illərində Azərbaycana rəhbərlik edən şəxslərin səriştəsizliyi ucbatından ulu öndər Heydər Əliyevin milli təhlükəsizlik strukturlarında işlədiyi, respublikaya birinci şəxs kimi rəhbərlik etdiyi dövrdə ciddi təzyiqlərlə, təqiblərlə üzləşməsinə baxmayaraq, respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün hazırlamış olduğu möhkəm təşkilati və hüquqi zəmindən istifadə edilmədi, əksinə, onun mühüm bir qismi itirildi, dağıdıldı. Halbuki, ulu öndərin ölkəmizə birinci rəhbərliyi dövründə dahiyanə bir uzaqgörənlik və fədakar vətənpərvərlik nümayiş etdirərək yaratdığı geniş sosial-iqtisadi baza, mükəmməl inzibati idarəçilik sistemi və icra intizamı, peşəkar milli kadr korpusu Azərbaycanın müstəqillik dönəminə problemsiz keçidi və bu tarixi nailiyyət üzərində müstəqil dövlət kimi öz gələcək inkişafını qurması üçün zəngin potensial demək idi. Tarixi təcrübə ulu öndərimiz Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi bu fikirləri bir daha təsdiq etdi ki, "hüquqi cəhətdən müstəqil olmaqla real müstəqillik arasında çox böyük məsafə və olduqca ciddi maneələr var".

Yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə müstəqil dövlətimizin ali rəhbərliyinə qayıdışından sonra respublikamızda sosial-siyasi sabitliyin, qanunçuluğun bərqərar edilməsi, milli dövlətçiliyin və ictimai təhlükəsizliyin qorunması istiqamətində atılan məqsədyönlü addımlar dövlət-vətəndaş münasibətlərində qanunçuluğa hörmət prinsipinin bərpasına, cəmiyyətin cinayətkar ünsürlərdən təmizlənməsinə, güclü və səmərəli hüquq-mühafizə sisteminin formalaşmasına şərait yaratdı. Ulu öndərin şəxsi iradəsi sayəsində Azərbaycan parçalanıb dağılmaq, müstəqilliyini itirmək və vətəndaş müharibəsi təhlükəsindən xilas olmuş, qısa müddət ərzində dövlət və hakimiyyət böhranına, xaos və anarxiyaya son qoyulmuş, cəbhədə uğurlu hərbi əməliyyatlar keçirilməklə işğal altındakı ərazilərimizin bir qismi azad olunmuş, atəşkəs əldə edildikdən sonra ordu quruculuğu prosesləri daha da sürətləndirilmişdir. Bunun ardınca çoxsaylı dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı qətiyyətlə alınaraq sabitliyə nail olunmuş, insanların dinc yaşaması üçün təhlükə yaradan cinayətkarların hakimiyyətə meydan oxuması, qanunsuz silahlı birləşmələrin mövcudluğu kimi mənfi təzahürlər aradan qaldırılmaqla kriminogen vəziyyət stabilləşdirilmişdir. Ümummilli lider sonralar bu barədə deyirdi: "İndi... bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda, bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam".

Cinayətkarlığa qarşı mübarizə sahəsində əldə edilmiş bütün müsbət nailiyyətlər qanunun aliliyi prinsipini fəaliyyətinin əsas devizinə çevirmiş ulu öndər Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi məqsədyönlü hüquqi islahatların məntiqi nəticəsidir. Heydər Əliyevin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" 9 avqust 1994-cü il tarixli fərmanı ilə cinayətkarlığa qarşı qətiyyətli və barışmaz mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir. Məhz həmin dövrdən etibarən ölkədə hüquq-mühafizə, o cümlədən təhlükəsizlik orqanlarının qarşısında duran başlıca vəzifələrin icrası, xarici xüsusi xidmət orqanlarının həyata keçirmək istədikləri kəşfiyyat, təxribat-pozuculuq fəaliyyəti hallarının aşkar olunması və neytrallaşdırılması istiqamətində ciddi işlərə başlanıldı və tədricən, lakin qətiyyətlə mühüm nailiyyətlər əldə olundu. Bu müddət ərzində Milli Təhlükəsizlik Nazirliyi müstəqilliyimizin və dövlətçiliyimizin, ölkəmizin siyasi və iqtisadi əsaslarının xarici və daxili təhdidlərdən qorunmasında fəal iştirak etmiş, digər hüquq-mühafizə orqanları ilə səylər nəticəsində respublikada vətəndaş müharibəsi təhlükəsi sovuşdurulmuş, dövlət çevrilişi cəhdlərinin qarşısı alınmış, terror-təxribat törətməkdə və ya buna cəhddə təqsirləndirilən onlarla şəxs və qrup vaxtında zərərsizləşdirilmişdir.

Dövlət müstəqilliyimizin qorunub saxlanılması uğrunda gərgin mübarizə dövrü kimi xarakterizə olunan 1993-1995-ci, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırıldığı 1995-2003-cü illərdə ulu öndər Heydər Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində itirilmə təhlükəsində olan suverenliyimiz və məhvolma təhlükəsi ilə üzləşən dövlətçiliyimizin varlığı bugünkü və gələcək nəsillər üçün hifz edilərək möhkəm ictimai-siyasi sabitlik fonunda hərtərəfli quruculuq işlərinin həyata keçirilməsi, demokratik, hüquqi və dünyəvi bir dövlət, vətəndaş cəmiyyətinin formalaşdırılması, qüdrətli iqtisadi potensialın yaradılması yolunda inamlı addımlar atılmış, dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiya proseslərinin sürətləndirilməsi təmin edilmişdir. Bütün bu görülən tədbirlər sayəsində müstəqil dövlətimiz iqtisadi və siyasi cəhətdən möhkəmləndirilmiş, ölkəmiz dünyada tanınaraq regionun lider dövlətinə çevrilmiş, transmilli enerji və nəqliyyat layihələrinə qoşulmaqla, müasir dünyanın qlobal problemlərinin həllində, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminində yaxından iştirak etməyə başlamışdır.

Heydər Əliyevin bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyası respublikamızın hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatlarını, hakimiyyətin və dövlətin əsaslarını müəyyən etmiş, ən yüksək qüvvəyə malik olmaqla və hüquq sisteminin bünövrəsini təşkil etməklə, əsaslı məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə zəmin yaratmışdır. Ümummilli liderimizin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatı çərçivəsində demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi təsisatlar yaradılmış, hüquq-mühafizə fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti sərbəstləşdirilmiş, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılmışdır. Beynəlxalq prinsiplərə və müasir tələblərə uyğun ictimai münasibətlərin ən müxtəlif sahələrini tənzimləyən mütərəqqi qanunlar, məcəllələr və digər normativ aktlar qəbul edilmişdir. Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyev həmin dövrü xarakterizə edərkən demişdir: "1993-2003-cü illər Azərbaycan üçün, dövlətçiliyimiz üçün həlledici illər olmuşdur. O illərdə əldə edilmiş uğurlar bu gün də bizə imkan verir ki, ölkəmizi inamla irəliyə aparaq, bu siyasəti davam etdirək və qarşıda duran bütün vəzifələri layiqincə icra edək".

Bütün sahələrdə olduğu kimi, təhlükəsizlik orqanlarının da fəaliyyətinin keyfiyyətcə yenidən təşkili, sözün əsl mənasında, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, dövlət orqanlarında islahatlar prosesinin tərkib hissəsi qismində 1993-cü ilin ortalarından başlanmışdır. Ümummilli lider özünə əziz və doğma saydığı təhlükəsizlik orqanlarından yüksək diqqət və qayğısını heç bir zaman əsirgəməmiş, Azərbaycan xalqına qarşı yönəlmiş qüvvələrlə mübarizənin ön sıralarında duran və ölkənin milli təhlükəsizliyini təmin etmək kimi müqəddəs və şərəfli bir missiya həvalə olunmuş bu strukturun möhkəmlənməsini dövlətimizin çox mühüm və başlıca vəzifələrindən biri olaraq dəyərləndirmişdir. Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizlik siyasətinin aparıcı istiqamətlərini, xüsusi xidmət orqanları qarşısında duran taleyüklü vəzifələri, təhlükəsizlik siyasətinin yaxın və uzaq perspektivi üçün konseptual müddəaları müəyyənləşdirməsi tam məsuliyyətlə bunu deməyə əsas verir ki, çağdaş dönəmdə Azərbaycanın təhlükəsizlik strategiyası bilavasitə ümummilli liderin adı ilə bağlıdır. Heydər Əliyev nəinki bu strategiyanı formalaşdırmış, eyni zamanda, onun əməli surətdə həyata keçirilməsi üçün konkret istiqamətləri də dəqiq göstərmişdir. Ümummilli liderin Azərbaycanın milli təhlükəsizliyinin, maraq və mənafelərinin qorunması istiqamətində müəyyən etdiyi strateji xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir, müasir dövrün tələblərinə uyğun olaraq zənginləşdirilir. Prezident İlham Əliyevin fəaliyyətində ulu öndərin təliminin təməl prinsipi - milli təhlükəsizliyimizin etibarlı şəkildə qorunması əsas yerlərdən birini tutur və dövlət başçısı sürətlə inkişaf edən, müxtəlif sahələrdə böyük uğurlara imza atan müstəqil respublikamızın milli təhlükəsizliyinin xarici və daxili təhdidlərdən müdafiəsini hər zaman vacib məsələ kimi daim önə çəkir, bu sahəni diqqət mərkəzində saxlayır.

Azərbaycanın milli təhlükəsizlik orqanları hazırda zəngin tarixinin ən məsuliyyətli dövrünü yaşayır. Bu mərhələ ölkə daxilində və onun hüdudlarından kənarda keyfiyyətcə yeni reallıqlar və maraqlar zəminində cərəyan edən proseslərlə bilavasitə bağlı olmaqla, daxili və xarici təhdidlərin konkretləşməsi və sistemləşdirilməsi, milli mənafelərin hərtərəfli və etibarlı təmin olunması üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirilməsi ilə səciyyəvidir. Müasir dövr, həmçinin qloballaşma və inteqrasiya proseslərinin dərinləşməsi, dünyanın coğrafi-siyasi mənzərəsində dəyişikliklərin baş verməsi, bütün beynəlxalq aləmi təhdid edən qeyri-ənənəvi, asimmetrik təhlükələrlə xarakterikdir. Milli təhlükəsizliyimizin prioritetlərinin yeni dövrün çağırışlarına uyğun olaraq dəqiq təsnifatının verilməsi baxımından milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov demişdir: "Ölkəmizdə həyata keçirilən milli təhlükəsizlik siyasətinin əsas daşıyıcı və aparıcı qüvvəsi olan Milli Təhlükəsizlik Nazirliyinin başlıca vəzifələri milli maraqların etibarlı qorunması, təhlükəsizliyin hərtərəfli təmin edilməsi, ölkə həyatının bütün sahələrində dinamik inkişaf, ümumən sosial-iqtisadi və xarici siyasətin uğurla həyata keçirilməsi üçün normal şərait yaratmaqdır".

Ötən müddət ərzində milli dövlətçilik ənənələrinə əsaslanan yeni milli təhlükəsizlik sistemi formalaşdırılmış, təhlükəsizlik orqanlarının fəaliyyətini təmin etmək məqsədi ilə əsaslı normativ hüquqi baza yaradılmış, milli maraqların xarici və daxili təhdidlərdən qorunması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın yaradılması, əks-kəşfiyyat və kəşfiyyat fəaliyyətinin hüquqi əsaslarını təşkil edən qanunvericilik təşəbbüslərinin dəstəklənməsi, əməliyyat-xidmət işinin təkmilləşdirilməsi üçün struktur islahatlarının aparılması, müxtəlif dövlətlərin xüsusi xidmət orqanları ilə tərəfdaşlıq münasibətlərinin qurulması, nazirliyin fəaliyyətində qabaqcıl beynəlxalq təcrübənin nəzərə alınması dövlət başçısı tərəfindən milli təhlükəsizlik orqanlarına göstərilən diqqət və qayğının, müstəsna etimadın bariz nümunəsidir.

Bununla əlaqədar xüsusi xidmət orqanları tərəfindən insan həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni mənafelərinin, dövlət sirrinin, habelə milli təhlükəsizliyin cinayətkar qəsdlərdən müdafiə edilməsi, kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin kodifikasiyası, vahid qaydaya salınması üzrə normayaradıcılığı prosesi milli hüquq sistemində mütərəqqi yenilik olmaqla mühüm əhəmiyyət kəsb edir. Milli təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılması baxımından milli təhlükəsizlik, milli maraqlar kimi anlayışların normativ məzmununun açıqlanması, milli təhlükəsizliyinin təmin olunması sisteminin, onun tərkib hissələri və sahələrinin dəqiqləşdirilməsi, milli təhlükəsizliyi təmin edən qüvvələrin və dövlət orqanlarının səlahiyyətlərinin müəyyən edilməsi üzrə qəbul edilən fundamental qanunvericilik tədbirləri bu prosesin ardıcıl və məqsədyönlü davamı olmuşdur. Eyni zamanda, Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin implementasiyası üzrə terrorçuluğa, habelə kiberterrorçuluq və nüvə terrorçuluğu da daxil olmaqla onun ən müxtəlif təzahürlərinə, insan alveri və qanunsuz miqrasiyaya, korrupsiya əməllərinə, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların, odlu silahın və döyüş sursatının, ikili təyinatlı malların qanunsuz dövriyyəsinə və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli növlərinə qarşı mübarizəyə dair normaların milli qanunvericiliyə daxil edilməsi və icraya yönəldilməsi də milli təhlükəsizlik sahəsində aparılan hüquqi islahatların önəmli nəticəsidir.

Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təməlini Azərbaycan Respublikasının Konstitusiyası, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında", "Milli təhlükəsizlik haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Dövlət sirri haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "İxrac nəzarəti haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir. Bu fəaliyyət qanunçuluq, humanistlik, insan hüquq və azadlıqlarına hörmət, konspirasiya, aşkar və gizli iş üsullarının uzlaşdırılması, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsi, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin vahid dövlət siyasətinə əsaslanması və onun təmin olunması istiqamətlərinin əlaqələndirilməsi, beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiya, insan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanılması və onların qarşılıqlı məsuliyyəti prinsiplərinə əməl olunması ilə həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli fərmanı ilə qanunvericilik qaydasında, ölkəmizin dövlət quruluşu sistemində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin yeri müəyyənləşdirilmiş, milli təhlükəsizlik sistemində xüsusi xidmət orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri təsbit edilmişdir. Həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə"yə müvafiq olaraq Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı qismində müəyyən edilmişdir. Milli Təhlükəsizlik Nazirliyinə xüsusi xidmət orqanı olaraq, Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılması üzrə tədbirlərin görülməsi, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin təşkili və həyata keçirilməsi, səlahiyyətlərinə aid edilmiş cinayət işlərinin təhqiqatının və ibtidai istintaqının aparılması vəzifələri həvalə edilmişdir. Qarşıya qoyulan vəzifələrin icrası zamanı Milli Təhlükəsizlik Nazirliyi hüquq-mühafizə orqanları və digər dövlət qurumları ilə sıx əməkdaşlıq edir və bu, uğurlu nəticələr verməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 23 may 2007-ci ildə imzaladığı sərəncamla qüvvəyə minən "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası" milli təhlükəsizlik siyasətinin əsasını təşkil edir, dövlətin milli maraqlarının qorunması məqsədi ilə müvafiq dövlət strukturlarının üzərinə xüsusi vəzifələr qoyur və bu kontekstdə onların əlaqələndirilmiş fəaliyyətini şərtləndirir. Strateji əhəmiyyətli bu konsepsiyanın məhz indiki mərhələdə real həyata vəsiqə alması isə təsadüfi olmayıb, respublikamızın artan iqtisadi potensialı, beynəlxalq səviyyədəki yüksək nüfuzu, regional proseslərə təsiretmə imkanları ilə şərtlənir.

Qloballaşma proseslərinin vüsət aldığı çağdaş dövrümüz milli təhlükəsizlik sahəsində adekvat ixtisaslı tədbirlərin həyata keçirilməsini zəruri edir. Geostrateji mövqe baxımından beynəlxalq maraqların kəsişdiyi bir məkanda yerləşən Azərbaycan Respublikasının son illərdə dinamik inkişafı, tranzit əhəmiyyətinin artması, beynəlxalq neft-qaz kəmərlərinin işə düşməsi, kosmos sənayesinə malik dövlətlər cərgəsinə daxil olması bu nailiyyətləri gözü götürməyən düşmən dairə və qüvvələrin, rəqib xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının milli maraqlarına qarşı fəallaşması, habelə dəyişən dünya nizamı şəraitində terrorçuluğun, informasiya müharibəsinin, kibercinayətkarlığın genişlənməsi ilə müşayiət olunan təhlükəsizlik məsələlərini daha qabarıq formada üzə çıxarır və mübarizənin yeni formada, müasir tələblərə uyğun aparılmasını zəruri edir. Milli Təhlükəsizlik Nazirliyi həmin cinayətkar niyyətlər, planlar və əməllər barədə məlumatları əldə edir, milli təhlükəsizliyə real və potensial təhdidləri proqnozlaşdırır, xarici xüsusi xidmət orqanlarının və təşkilatların, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyinə, iqtisadi, elmi-texniki, müdafiə potensialına və sair milli maraqlarına zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat, digər pozuculuq və cinayətkar fəaliyyətinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə kəsərli tədbirlər görür.

İftixarla qeyd edirik ki, bu gün ölkəmizin milli təhlükəsizlik strategiyası təhlükəsizliyimizə yönələn hər cür təhdidlərə qarşı möhkəm və sarsılmaz sipər yaratmağa imkan verir. Ümummilli liderin Azərbaycanın milli təhlükəsizliyinin, maraq və mənafelərinin qorunması istiqamətində müəyyən etdiyi strateji xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən peşəkarlıqla davam etdirilir, yeni dövrün tələblərinə uyğun olaraq zənginləşdirilir. Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyi qarşısında duran yeni vəzifə və prioritetləri müəyyənləşdirərək nazirliyin müasir dünyanın tez-tez dəyişən reallıqlarına çevik reaksiya verə bilməsinin vacibliyini önə çəkmiş, bu baxımdan xüsusi xidmət orqanı əməkdaşlarının üzərinə düşən məsuliyyəti bir daha vurğulamışdır. Milli Təhlükəsizlik Nazirliyinin hüquq-mühafizə orqanları sistemində xüsusi rolunu nəzərə çarpdıran dövlət başçısı demişdir: "Yeni zəmanənin çağırışlarına hazır olmalıyıq və bu baxımdan Milli Təhlükəsizlik Nazirliyinin müstəsna əhəmiyyəti və funksiyası var. Mən çox şadam ki, bu funksiya uğurla icra edilir və bu gün nazirlik ən yüksək peşəkarlıq nümayiş etdirir".

Təhlükəsizlik mühitində baş vermiş kəmiyyət və keyfiyyət dəyişiklikləri nəzərə alınmaqla Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin günün tələblərinə uyğun qurulması üçün zəruri islahatların həyata keçirilməsi vacib şərt olmuşdur. Bununla əlaqədar Milli Təhlükəsizlik Nazirliyində struktur islahatları aparılmış, yeni xidmət sahələri yaradılmış, bir sıra istiqamətlər daha da təkmilləşdirilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin strukturu və fəaliyyəti beynəlxalq standartlara və müasir tələblərə uyğun inkişaf etdirilərək istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, habelə digər sahələr üzrə müvafiq vəzifələri icra edən struktur bölmələri yenidən təşkil edilmiş, həmin qurumların fəaliyyət dairəsi və vəzifələrini müəyyənləşdirən əsasnamələrin qəbul olunması təmin edilmişdir. Yeni təhdidlərə adekvat cavab verə bilmək potensialının gücləndirilməsi, əməliyyat-xidməti işinin səmərəli təşkili və həyata keçirilməsi üçün çoxlu sayda ümumi və sahəvi xarakterli əmr, təlimat, qaydalar və sair daxili normativ aktlar hazırlanaraq icraya yönəldilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarının milli təhlükəsizliyimizin obyekti qismində Azərbaycan Respublikasının milli maraqlarının vahid kompleksinə aid edilməklə mühafizəsi Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran prioritet məsələlərdəndir. İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş Milli Fəaliyyət Proqramında aidiyyəti dövlət orqanları ilə yanaşı, Milli Təhlükəsizlik Nazirliyi qarşısında qoyulmuş tapşırıqların icrası təmin edilmişdir. Milli Fəaliyyət Proqramı, insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində qəbul edilmiş digər normativ hüquqi aktlar milli təhlükəsizlik nazirinin müvafiq əmrləri ilə icraya yönəldilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət sirrinin mühafizəsi sisteminin inkişafına dair 2014-2018-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə həvalə olunmuş və bu istiqamətdə işlər davam etdirilir.

Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətində qlobal təhdidlərə qarşı mübarizənin aparılması istiqamətində xarici tərəfdaşlarla işgüzar əlaqələrin qurulması da mühüm əhəmiyyət daşıyır. Milli Təhlükəsizlik Nazirliyi beynəlxalq əməkdaşlığın həyata keçirilməsində Azərbaycan Respublikasının milli qanunvericiliyini və beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini əsas tutur.

Xalqa və dövlətə sədaqətlə xidmət edən, milli maraqların və mənafelərin keşiyində layiqincə dayanan, Azərbaycanın təhlükəsizliyi əleyhinə yönəlmiş təhdidlərin, müxtəlif cinayətkar qəsdlərin qarşısının alınmasında əzmkarlıq nümayiş etdirən milli təhlükəsizlik orqanlarının yaranmasının 95-ci ildönümü tamam olur. Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti növbəti peşə bayramı gününə təsadüf edən bu tarixi böyük ruh yüksəkliyi ilə qeyd edir, dövlət səviyyəsində fəaliyyətinə göstərilən diqqət və etimadı doğrultmağa çalışır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin əldə etdiyi bütün uğurların kökündə, həmçinin idarəçilik, təşkilatçılıq və peşəkarlıq məsələlərində Heydər Əliyev məktəbi və irsi kimi amillər dayanır. Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti gündəlik fəaliyyətində ulu öndər Heydər Əliyevin müdrik tövsiyə və öyüd-nəsihətlərini nəzərə alır, onun əsasını qoyduğu ənənələrin daim yaşamasına, xüsusi xidmət orqanları əməkdaşlarının indiki və gələcək nəsilləri arasında mənəvi körpü rolunu oynamasına var gücü ilə çalışır, Heydər Əliyev ideyalarına sadiqliyi xidməti fəaliyyətdəki müvəffəqiyyətin məhək daşı hesab edir. Bu mənada Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun "Bizim borcumuz Heydər Əliyev ideyalarını həyata keçirib yaşatmaq, milli maraqlarımızın, dövlətçiliyimizin və müstəqilliyimizin təhlükəsizliyi keşiyində daim ayıq-sayıq dayanmaqdır" fikirləri hər bir əməkdaş üçün qarşıda duran əsas vəzifədir.

 

 

 

Bəxtiyar HACIYEV,

MTN-in Hüquqi Təminat İdarəsinin rəisi,

 ədliyyə polkovnik-leytenantı, hüquq elmləri namizədi

Azərbaycan.-2014.- 5 mart.- S.3.