«Sənaye ili»ndə ekologiya məsələləri

 

2014-cü il "Sənaye ili"dir

 

Ölkə ərazisində aparılan çoxillik müşahidələr və tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, günəş enerjisindən istifadə olunması baxımından ən çox əlverişli iqlim şəraiti Naxçıvan MR-də mövcuddur. Bundan əlavə, Abşeron yarımadasında, Mərkəzi Aran rayonlarında və digər dağətəyi regionlarda da günəş enerjisinin potensialından istifadə etmək mümkündür.

Günəş enerjisindən istifadə etmək üçün iki növ qurğudan istifadə olunur - günəş panelləri və günəş kollektorlarından. Günəş panellərində günəşin istilik enerjisi elektrik enerjisinə çevrilir. Lakin bu panellərdən istifadə etməklə elektrik enejisinin alınması ənənəvi enerji mənbələri (təbii qazmaye yanacaq) hesabına alınan elektrik enerjisinə nisbətən baha başa gəlir. Səbəbi də budur ki, günəş panellərinin faydalı əmsalı aşağıdır. Lakin bu halda, ənənəvi enerji mənbələrindən fərqli olaraq, atmosferə heç bir tullantı atılmır.

Bu gün Azərbaycanda istehsal olunan günəş panellərinin gücü 250 Vt (vatt), sahəsi 1,658 kvadratmetr, faydalı əmsalı 20 faizdir. 1 KVt (kilovatt) gücün alınması üçün tələb olunan 4 günəş panelinin quraşdırılması üçün 6,732 kvadratmetr sahə lazımdır. Onu da qeyd edək ki, günəş panelləri yalnız gündüz vaxtı elektrik enerjisi istehsal edir. Günün digər vaxtında isə tələbatçıları təmin etmək üçün ehtiyat enerji mənbəyindən istifadə olunmalıdır. Azərbaycanda elektrik enerjisi tələbatçılarının 75 faizə qədəri fərdi tələbatçılardır. Deməli, həmin digər mənbələrdən bu tip tələbatçıları elektrik enerjisi ilə təchiz etmək daha məqsədəmüvafiqdir. Amma bir məsələ də var ki, günəş panellərini evlərin, binaların, tikililərin damında quraşdırmaq mümkündür. Odur ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən müxtəlif regionlarda kiçik gücə ehtiyacı olan tələbatçıları (fərdi evlər, idman zalları, məktəblər, bağçalars.) elektrik enerjisi ilə təmin etmək üçün bir sıra layihələr həyata keçirir.

Hazırda ölkəmizdə istehsal olunan günəş kollektorlarının sahəsi müvafiq olaraq 1,7 və 2,4 kvadratmetrdir. Həmin kollektorların bazasında müxtəlif tutuma malik xrom çənlərdən istifadə etməklə istilik sistemləri istehsal edilir. Bu istilik sistemlərində müxtəlif həcmli, xarici temperaturdan izolyasiya edilən xüsusi materialdan hazırlanmış çənlərdən istifadə olunur. İstehsal edilən günəş kollektorları isə 1 saat ərzində 100 litr suyu hava şəraitindən asılı olaraq 40-80 dərəcə və daha artıq temperatura qədər qızdırmaq qabiliyyətinə malikdir. Başqa sözlə desək, günəş kollektorlarından fərdi evləri, kiçik emal müəssisələrini, mehmanxanaları və s. obyektləri  isti su ilə təmin etmək və yaxud qızdırmaq üçün istifadə etmək olar. Amma bunun üçün əhali və digər kiçik tələbatçılar maarifləndirilməli, regionların günəş potensialı haqqında məlumatlar müxtəlif tələbatçılar arasında yayılmalı, ölkədə istehsal olunan qurğuların və istilik sistemlərinin əhaliyə güzəştli kreditlə satışı təmin edilməlidir.

Bu gün ölkədə avtomobillərin sayı sürətlə artır. Ötən il Azərbaycana rekord sayda (104 mindən artıq) avtomobil gətirilmiş və hazırda onların sayı 1,25 milyona çatmışdır. Bu avtomobillərin 70 faizə qədəri Bakının  payına düşür. Lakin burada bir problem var: ölkədə istismar olunan avtomobillərin yarıdan çoxunun yaşı 10 ildən artıqdır. Həmin avtomobillər köhnə standartlara uyğun olduğundanistismar zamanı əlavə yanacaq sərf etdiklərindən atmosferə normadan artıq tullantılar atmaqla onu çirkləndirirlər. Məlum olduğu kimi, Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il qərarı ilə bu il aprelin 1-dən ölkə ərazisində Avro-4 ekoloji normaları tətbiq ediləcək. Lakin bu normalar respublikada istismar edilən avtomobillərə tətbiq olunmayacaq. Son 15 ildə Azərbaycana gətirilən avtomobillərin əsas hissəsi isə Avro-2 standartlarına uyğundur. Həmin avtomobillərin atmosferə Avro-4 standartlarına müvafiq avtomobillərə nisbətən 2 dəfə artıq zərərli maddələr buraxdığını nəzərə alsaq, onların istismardan çıxarılması məsələsi gündəmə gəlir. Bəs bu problem başqa ölkələrdə necə həll olunur?

Bir sıra Avropa dövlətlərində, ABŞ və Yaponiyada, eləcə də Rusiyada yaşı 10 ildən artıq olan avtomobillərin istismardan çıxarılması ilə əlaqədar qanunvericilik bazası yaradılmış və bir sıra layihələr həyata keçirilmişdir. Layihələrin həyata keçirilməsi zamanı avtomobil sahiblərinə kompensasiyalar verilir, yaxud yeni avtomobillər alınan zaman onlara güzəştlər edilir. Azərbaycanda da belə bir təcrübədən yararlanmağın vaxtı çatmışdır. Üstəlik, istismardan çıxarılmış köhnə avtomobillərin müxtəlif materiallardan olan konstruksiya hissələrinin emalını həyata keçirən xüsusi zavod tikmək mümkündür.

Bu gün Azərbaycanda sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrin də sayı artır. Təyinatına görə hər bir istehsal müəssisəsində müxtəlif növ tullantılar olur. Yəni müəssisə tərəfindən ətraf mühitə müxtəlif təsirlər göstərilir. Həmin təsirlər zamanı ətraf mühitin çirkləndirilməsi normaları müvafiq qanunvericiliyin tələbləri və standartları ilə tənzimlənsə də, bu məsələyə nəzarət artırılmalıdır. Bundan əlavə, müəssisələr tərəfindən müxtəlif tullantılar haqqında Dövlət Statistika Komitəsinə təqdim olunan hesabatların vaxtında və düzgün hazırlanmasına tələblər gücləndirilməlidir.

Düzdür, bu gün ölkədə tikiləcək istehsal müəssisələri üçün onların ətraf mühitə təsiri qiymətləndirilir (ƏMTQ) və nəticədə ƏMTQ hesabatları hazırlanır. Bu hesabatlarda istehsal prosesi zamanı alınan tullantıların növü, miqdarı, onların idarə olunması (emal olunması və ya xüsusi yerlərdə saxlanması), ekoloji monitorinqin keçirilməsi, təsirlərin azaldılması və yumşaldılması tədbirləri haqqında məlumatlar  verilir. Lakin müəssisələrin ƏMTQ hesabatlarının hazırlanması üçün tətbiq olunankeçmiş Ekologiya Komitəsinin hazırladığı təlimat müasir dövrün tələblərinə cavab vermir. Avropa İttifaqı dövlətlərinin təcrübəsi göstərir ki, bütün müəssisələr üçün hazırlanan hesabatların ictimai müzakirəsinin keçirilməsi və bu zaman verilən təkliflərə diqqətlə yanaşılması səmərəli olur. Ona görə də iki il əvvəl Milli Məclisə təqdim olunan  "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunun qəbul edilməsi ilə əlaqədar prosedur qaydalar sürətləndirilməlidir. Bunlardan savayı, müəssisələrin ekoloji auditinin keçirilməsi və atmosferə atılan tullantıların azaldılması ilə əlaqədar müxtəlif texniki, təşkilati, hüquqi tədbirlər həyata keçirilməli, yeni müəssisələrin tikintisi ilə əlaqədar mövcud qanunvericilik bazası  beynəlxaq tələblərə uyğunlaşdırılmalı, fəaliyyət göstərən müəssisələrin ekoloji-energetik effektivliyinin qiymətləndirilməsi üçün layihələr reallaşdırılmalıdır.

 

 

 

Şamil MÖVSÜMOV,

ekologiya və energetika sahəsi üzrə ekspert

Azərbaycan.-2014.- 5 mart.- S.5.