Xaçmazda dini radikalizmlə mübarizə

 mövzusunda konfrans keçirilmişdir

 

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə martın 5-də Xaçmazda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, rayon icra hakimiyyətinin, ağsaqqalların, ziyalıların və dini icma nümayəndələrinin iştirakı ilə  "Dini radikalizmlə mübarizə hər birimizin borcudur" mövzusunda konfrans keçirilmişdir.

 Tarix Diyarşünaslıq Muzeyində təşkil olunmuş konfransı giriş sözü ilə açan Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli rayonda dini, mənəvi-əxlaqi dəyərlərin qorunması, radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyillərin qarşısının alınması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir. Xüsusilə vurğulanmışdır ki, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu icrası Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, ictimai-siyasi həyatın bütün istiqamətlərində böyük nailiyyətlər əldə olunmasına zəmin yaratmışdır.

Sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev çıxış edərək bildirmişdir ki, ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən vicdandini etiqad azadlığının qorunması beynəlxalq hüquq normalarına tam cavab verir. Dövlət və dini qurumlar arasındakı münasibətlər Azərbaycan Konstitusiyasının müvafiq müddəaları ilə, "Dini etiqad azadlığı haqqında" Qanun və digər normativ-hüquqi aktlarla tənzimlənir. Cinayət və İnzibati Xətalar məcəllələrində dini zəmində baş verə biləcək qanun pozuntusuna görə müvafiq məsuliyyət nəzərdə tutulmuşdur. Radikalyönümlü təriqətlər, sektalar, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrı-seçkilik, ədavət salınması, dözümsüzlüyün təbliği, ölkədə ictimai-siyasi sabitliyin pozulması kimi cəhdlərin qarşısının alınması məqsədilə hələ 2009-cu ildə Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər planı hazırlanaraq həyata keçirilmişdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə qeyri-qanuni dini fəaliyyətin, separatçı və ekstremistyönümlü hərəkətlərin qarşısının alınması ilə əlaqədar bir sıra konkret tədbirlər görülmüşdür.

Rayon icra hakimiyyəti başçısının müavini, icra hakimiyyəti yanında dini işlər üzrə komissiyanın sədri Yetkin Mehmanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin  bölgə üzrə nümayəndələri və digər şəxslər mövzu ətrafında çıxışlar etmişlər.

Qeyd olunmuşdur ki, müxtəlif xalqların əsrlər boyu dincmehriban şəraitdə yaşadığı respublikamızın bütün bölgələrində olduğu kimi, Xaçmaz rayonunda da hər bir vətəndaşın konstitusion hüquq və azadlıqları, o cümlədən dini etiqad və əqidə azadlığı tam təmin edilmişdir. Ölkəmizdə bütün dinlərə və millətlərə dünyanın bir çox dövlətləri üçün nümunə ola biləcək səviyyədə tolerant münasibət bəslənilir və bu, qorunub saxlanmalıdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 6 mart.- S.2.