Londonda Azərbaycan-Böyük Britaniya münasibətləri

 mövzusunda diplomatik forum keçirilmişdir

 

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və London Diplomatiya Akademiyasının birgə təşkilatçılığı, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) təşəbbüsü ilə akademiyada "Azərbaycan-Böyük Britaniya münasibətləri" mövzusunda diplomatik forum keçirilmişdir.

Forumda müxtəlif universitetlərdən tələbələr ilə yanaşı, akademiyanın professor-müəllim heyəti də iştirak etmişdir.

Tədbirə məruzəçi qismində dəvət olunmuş Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı siyasi, iqtisadi, mədəni və başqa sahələrdəki sürətlə inkişaf edən əlaqələrin əhəmiyyətini ətraflı təhlil etmişdir. Bildirilmişdir ki, ölkələrimiz arasındakı münasibətlərin əsası ümummilli lider Heydər Əliyevin Birləşmiş Krallığa rəsmi səfərləri ilə qoyulmuş, Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərləri ilə qarşılıqlı əlaqələr daha da gücləndirilmişdir. 2013-cü ilin sonlarında Azərbaycanın və Birləşmiş Krallığın xarici siyasət idarələri başçılarının qarşılıqlı səfərləri də əlaqələrin inkişafına müsbət təsir göstərmişdir.

Azərbaycanlı diplomat Birləşmiş Krallıqda fəaliyyət göstərən diaspor təşkilatlarımız haqqında məlumat vermiş, Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində Azərbaycanın böyük əhəmiyyətini vurğulamışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan F.Qurbanov problem haqqında obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində rəsmi Bakının atdığı addımlardan bəhs etmiş, Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın başlatdığı "Xocalıya ədalət!" kampaniyasının əhəmiyyətini diqqətə çatdırmışdır.

F.Qurbanov iki ölkə arasındakı münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Məruzədən sonra F.Qurbanov gələcəkdə diplomat olmağı arzu edən tələbələrə bu peşənin çətinlikləri və üstünlükləri haqqında məlumat vermişdir.

Daha sonra səfir dinləyicilərin suallarını cavablandırmışdır.

Azərbaycanlı diplomatın məruzəsi iştirakçılarda böyük maraq doğurmuşdur.

Sonda akademiyanın kitabxanasına ölkəmizin mədəniyyəti, adət-ənənələri və turizm imkanlarından bəhs edən, həmçinin Azərbaycan ilə bağlı elmi kitablar hədiyyə olunmuşdur.

 

 

Orxan İSMAYILOV,

AzərTAc-ın xüsusi müxbiri

London

Azərbaycan.-2014.- 6 mart.- S.2.