Pedaqoji fəaliyyəti şərəfli tutan alim

 

Hər bir alimin əsl dəyəri ilk növbədə onun elmiinsani kamilliyi ilə ölçülür. Belə şəxsiyyətlər öz intellekti, elmi səviyyəsi, potensialı, prinsipiallığı, ziyalılığı ilə bütün dövrlərdə böyük nüfuz qazanır, hamı tərəfindən sevilirehtiramla qarşılanırlar. Bağçılıq sahəsində respublikamızda və xarici ölkələrdə tanınan görkəmli alim, yüksək pedaqoji təcrübəyə malik ləyaqətli bir insan - Azərbaycan Dövlət Aqrar Universitetinin professoru, kənd təsərrüfatı elmləri doktoru Zaur Müzadil oğlu Həsənov xalqına daim hörmət qazandıran, onun şərəfini uca tutan ziyalılardandır. Ömrünün 53 ilini elmə və təhsilə həsr etmiş bu alim çox zəngin və keşməkeşli bir həyat yolu keçmişdir.

Professor Z.Həsənov 1939-cu il martın 10-da Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1956-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə daxil olmuş, 1961-ci ildə ali təhsilini bitirdikdən sonra təyinatla Azərbaycan Respublikası Elmlər Akademiyasında elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Elmə olan sonsuz meyli və marağı onu 1963-cü ildə yenidən Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna gətirib çıxarmışdır. 1963-cü ildə meyvəçilik ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1967-ci ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. Həmin vaxtdan onun bütün fəaliyyəti bu elm və təhsil ocağı ilə bağlı olmuşdur.

Zaur Həsənov elmi fəaliyyətə başladığı ilk gündən ayrı-ayrı məsələlərə öz prinsipial mövqeyi, elmi səviyyəsi və potensialı baxımından qiymət verən alimdir. 1967-1968-ci illərdə Zaur müəllim kafedrada aqronom işləmiş, 1968-ci ildə Meyvə-tərəvəzçilik kafedrasında assistent kimi pedaqoji fəaliyyətə başlamış, 1971-ci ildə dosent elmi adına layiq görülmüşdür. Bu dövrdə o, AKTİ-nin "Qovlarsarı" tədris-təcrübə təsərrüfatında 30 hektar sahədə meyvə bitkilərinin böyük kolleksiyasına malik genofond bağın yaradılmasında bilavasitə iştirak etmişdir. Yüksək elmi potensialını və təşkilatçılıq qabiliyyətini nəzərə alan institut rəhbərliyi onu 1981-ci ildə həmin kafedranın müdiri vəzifəsinə irəli çəkmişdir. Bu vəzifədə olarkən o, kafedranın elm və tədris işlərində əsaslı dönüş yaratmış, ixtisası üzrə tədris-metodik kompleksi (indi tətbiq olunan sillabus) işləyib hazırlamış və onun tətbiqinə nail olmuşdur. Bütün bunlar nəticəsində kafedra institutda öncül yerlərdən birini tutmuşdur.

Z.Həsənovun yüksək təşkilatçılıq qabiliyyəti 1986-cı ildə onun meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə dekan seçilməsinə gətirib çıxarmışdır. O bu vəzifədə də yüksək fəallıq göstərmiş, qısa müddətdə fakültə həm tədris, həm də elmi göstəricilərinə görə institutda fərqlənmişdir. Zaur müəllimin elmi əlaqələrinin böyüklüyü tələbələrin istehsalat təcrübələrinin geniş miqyasda keçirilməsinə imkan yaratmışdır. Həmin dövrdə gənclər keçmiş SSRİ-nin bir çox tanınmış elm və təsərrüfat mərkəzlərində - Ukraynada, Moldovada, Krımda, Miçurinskdə, Krasnodarda, Stavropoldabaşqa yerlərdə istehsalat təcrübələrində olmuş, diplom işləri ilə bağlı tədqiqatlar aparmışlar. Həmin tələbələr içərisində hazırda onlarla elm, təhsil və dövlət xadimi var. Bu gün universitetdə keçirilən tədbirlərdə, görüşlərdə tələbəlik illərini xoş duyğularla xatırlayan bu insanlar dekanları olmuş Zaur Həsənovun xidmətlərini, təşkilatçılıq qabiliyyətini yüksək dəyərləndirirlər.

Z.Həsənov 1990-cı ildə doktorluq dissertasiyasını tamamlayır, 1991-ci ilin mayında isə Gürcüstan Subtropik Təsərrüfatı İnstitutunun nəzdində təşkil olunmuş birdəfəlik elmi şurada müvəffəqiyyətlə müdafiə edərək həmin ilin avqustunda kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsinə layiq görülür. 1994-cü ildə o, Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası tərəfindən professor adı alır və həmin ildən 2008-ci ilin mayına qədər Meyvə-tərəvəzçilik kafedrasının müdiri vəzifəsində çalışır. 2008-ci ildən bugünə qədər isə kafedranın professoru işləyir.

Görkəmli alim Z.Həsənov eyni zamanda 2001-ci ildən "Meyvə, tərəvəz və subtropik bitkilərin genetik ehtiyatlarının yaradılması və becərilmə texnologiyasının işlənməsi" elmi-tədqiqat laboratoriyasına rəhbərlik edir. Onun təşəbbüsü ilə meyvə bitki genofondunun yaradılması, xüsusən itib-batmaqda olan milli meyvə bitki genofondumuzun toplanması, artırılması və yayılması sahəsində böyük işlər aparılır.

İntensiv bağçılığın inkişaf etdirilməsi sahəsində aliminonun yetirmələrinin aşkarladığı zəif boylu, məhdud çətirli meyvə bitki sortları xüsusi əhəmiyyət kəsb edir. Professor Z.Həsənovun elmi-tədqiqat işlərinin nəticələri ilə bağlı respublikamızda və xarici ölkələrdə 180-ə qədər elmi məqalə çap olunmuş, onun çoxsaylı kitabları, tövsiyələri, metodik göstərişləri və səmərələşdirici təklifləri ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Alimin redaktəsi altında keçmiş SSRİ məkanında ilk dəfə olaraq 2013-cü ildə nəfis şəkildə nəşr edilmiş "Subtropiçeskiye kulturı" dərsliyi artıq bir neçə ölkə tərəfindən çap üçün qəbul edilmişdir. Professor həmçinin aqrar sahə üzrə hazırlanmış 11 monoqrafiyanın müəllifi və bir çox dərsliklərin elmi redaktorudur.

Zaur Həsənovun rəhbərliyi altında 10 magistr, 8 fəlsəfə doktoru hazırlanmışdır. Bu gün o, fəlsəfə doktoru üzrə 5, elmlər doktoru üzrə 3 doktorantın elmi rəhbəri və məsləhətçisidir.

Professor Z.Həsənov dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyə, Slovakiya, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanda keçirilən onlarla beynəlxalq elmi konqreskonfransda, simpoziumda maraqlı məruzələrlə çıxış etmiş, bir çox plenar iclasların sədri olmuşdur.

Professor Zaur Həsənov bu gün özündə alimlik istedadı ilə yanaşı, mahir pedaqoqluğu da üzvi şəkildə birləşdirən bir insandır. Əgər desək ki, onun ömür salnaməsinin ən dəyərli və mənalı səhifələri tələbə auditoriyası ilə bağlıdır, bu, heç də mübaliğə olmaz. Özünün söylədiyi kimi, alim olmaq şərəflidirsə, müəllim olmaq ondan da şərəflidir. Alim əgər elm yükünün daşıyıcısıdırsa, müəllim daha şərəfli bir yükün - elmin, təlim və tərbiyənin daşıyıcısıdır. Zaur müəllimin həyatı artıq 50 ilə yaxındır ki, tələbə auditoriyası ilə bağlıdır. O, gözəl pedaqoq, qayğıkeş və ləyaqətli bir müəllimdir. Tələbələrini elmli və savadlı görmək professorun yeganə idealıdır. Zaur Həsənov bir müəllim kimi öz peşəsinin vurğunudur. Onun yetirmələri içərisində onlarla elmlər doktoru, peşəkar sənət ustaları, dövlət və hökumət işində çalışan görkəmli şəxsiyyətlər var.

Professor Z.Həsənov elmi-pedaqoji işi ilə yanaşı, həm də səmərəli və əhatəli ictimai fəaliyyəti ilə də fərqlənir. Görkəmli alim "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə ölkə Prezidentinin 2012-ci il 17 iyul tarixli fərmanının icrası ilə əlaqədar yaradılmış elmi-texnikiekspert şuralarının üzvüdür. Bundan başqa, Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən dissertasiya şurasının üzvüelmi seminarın rəhbəridir. Rusiya KTEA ÜRÇ və SBİ-nin "Subtropiçeskiye kulturı i dekorativnoye sadovodstvo" elmi külliyyatının, Ukrayna MEA Baş Botanika bağının "Elmi əsərləri" məcmuəsinin redaksiya heyətinin, Ukrayna MEA-nın hər il keçirdiyi Beynəlxalq Elmi Konqresin təşkilat komitəsinin, AMEA-nın Gəncə bölməsinin "Xəbərlər" məcmuəsinin, ADAU-nun "Elmi əsərləri" jurnalının redaksiya heyətlərinin, həmçinin elmi-texniki və tədris-metodiki şuralarının üzvüdür. Zaur Həsənov Gəncə Şəhər Ağsaqqallar Şurasının işində də fəallıq göstərir. Bundan başqa, hazırda o, aqrar sahənin aktual problemləri ilə bağlı tez-tez respublika mətbuatında, kütləvi informasiya vasitələrində yaddaqalan çıxışlar edir.

Professor Z.Həsənov 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuş, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə universitet rəhbərliyi, müvafiq nazirliklər tərəfindən fəxri fərmanlara layiq görülmüşdür.

Gözəl insan, görkəmli alim olan Zaur Həsənova bundan sonra da səmərəli elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edirik.

 

 

 

Məhərrəm İSMAYILOV,

Azərbaycan Dövlət Aqrar Universitetinin

 Aqronomluq fakültəsinin dekanı, aqrar

sahə üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan.-2014.- 6 mart.- S.6.