Sumqayıtda Qarabağ tarixinə həsr

 olunmuş elmi-praktik konfrans keçirildi

 

Şəhər icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən konfransda giriş sözü ilə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Elgin Həbibullayev tariximizin öyrənilməsinin, onun qaranlıq səhifələrinin araşdırılmasının vacibliyini xüsusi vurğuladı. E.Həbibullayev bildirdi ki, hər bir gənc ölkəmizin şanlı tarixi, onun keçmişdə üzləşdiyi faciələrlə bağlı dərin biliklərə mailk olmalı, müstəqilliyə gedən yolda qarşıya çıxan çətinliklərin bütün mürəkkəb məqamlarını dərk etməlidir.

Beynəlxalq aləmdə erməni ideoloqlarının uydurmaları geniş miqyasda ifşa olunmasına baxmayaraq, erməni millətçiləri tarixi öz xeyirlərinə saxtalaşdırmaqdan əl çəkmirlər. Erməni faşistləri havadarlarının kölgəsinə sığınaraq öz cinayətlərinə haqq qazandırmağa, dövlətimizin artan nüfuzuna zərbə vurmağa cəhd edirlər. Düşmənlə təmas xəttində atəşkəs hökm sürsə də, ideoloji müstəvidə səngiməyən bir savaş gedir. Bu "döyüş" də hər bir gəncin silahı savadtarixi biliklərdir. Ona görə də məktəblərdə, orta-ixtisasali təhsil müəssisələrində erməni yalanları sistemli surətdə aşkarlanmalı və hərbi - vətənpərvərlik mövzusu geniş təbliğ edilməlidir.

Natiq bildirdi ki, elmi-praktiki konfransda Sumqayıt məktəblərinin əksəriyyəti təmsil olunur. Belə tədbirin şəhər miqyasında keçirilməsi məktəbliləri Qarabağ mövzusunu dərindən öyrənməyə sövq edir və həmçinin öz araşdırmalarını, tədqiqatlarını aparmağa imkan yaradır. Yeni texnologiyalar, elmi texniki tərəqqi müasir biliklərə və məlumatların geniş çeşidlərinə daha sürətlə yiyələnməyə imkan verir. Elektron rabitə vasitələri, internet Azərbaycan gəncliyinə dövlətçilik tarixini dərindən öyrənməyə, erməni tabliğatının yalanlarını operativ ifşa etməyə, ölkədə və dünyadakı yaşıdları ilə bilgiləri bölüşməyə geniş imkan yaradır.

Tədbirdə çıxış edən 20-yə yaxın məktəbli Qarabağın tarixi ilə bağlı 20-30 il əvvəlki Azərbaycan məktəblilərindən daha fərqli, daha dərin biliklərə malik oluqlarını göstərdilər. Qarabağın tarixi, onun uğrunda aparılan müharibələr və çəkişmələr, Pənahəli xanın həyata keçirdiyi islahatlar, ermənilərin sonradan bu torpaqlara sahib çıxmaları, yerli əhalini sıxışdıraraq, qırğınlar törətmələri haqqında məlumatlar maraqla qarşılandı. Məktəblilərin məruzələrini tədbir iştirakçıları dəfələrlə alqışladılar.

Sovet hakimiyyəti illərində Azərbaycan məktəblisi "beynəlmiləl" ruhda tərbiyə edilirdi, onun beyninə erməni faşistlərinin cəllad yox, qardaş olduğu aşılanırdı. Nəticədə onilliklər boyu keçmişə, arxivlərə yolu bağlanan xalq faciələrindən bixəbər qaldı. Yetişən nəsillərdən bütün həqiqətlər gizlədildi. Bu elmi-praktiki konfrans həm də dövlət müstəqilliyimizin Azərbaycan gəncliyinə bəxş etdiyi azadlığın üfüqlərində boy verən faciələrimizi görməyə, dərk etməyə və gələcəyə nikbin köklənməyə imkan verən tədbir kimi xüsusi əhəmiyyət kəsb edirdi. Ötən əsrin gəncliyi Ermənistanı qardaş dövlət kimi sevməyə məcbur edilirdisə, konfransda çıxış edən gənclər Ermənistanın Azərbaycan torpaqlarında dövlətçiliyini elan edən işğalçı faşist dövlət olduğunu vurğuladılar.

Qarabağın təbii ehtiyatları, əraziləri, tarixi abidələri və qalaları, insanları barədə geniş məlumat verən məktəblilər Azərbaycanın müqəddəs və ən gözəl guşəsinin düşmən tapdağı altında olduğunu ürək ağrısı ilə qeyd etdilər.

Məktəbli uşaqların çıxışlarında sanki xarı-bülbül gül açdı, Cabbar Qaryağdıoğlunun dodaqlarından qopan muğam zilə qalxan zənguləsində bütün ölkəni əbədi düşməndən qisasa çağırdı.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri  vəzifəsini icra edən Vaqif Məmmədov gənclərimizin qarşısında duran vəzifələrdən, tariximizin qorunub saxlanması və təbliğindən geniş söhbət açdı. V.Məmmədov bildirdi ki, son bir neçə ildə məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsini daha da yaxşılaşdırmaq məqsədilə Sumqayıtda hərbi parad, "Şəhər günü", "Kitab bayramı" və digər tədbirlər keçirilir.

Konfransda fərqlənən şagirdlərə qiymətli hədiyyələr təqdim olundu, gələcəkdə də belə tədbirlərin keçirilməsi qərara alındı.

 

 

 

Akif ƏLİYEV,

Azərbaycan.-2014.- 7 mart.- S.3.