«Nitq mədəniyyəti»ndən nitqin mədəniyyətinə

 

Hansı dildə danışırsansa danış, yaxud yazırsansa yaz, dinləyən və ya oxuyan şəxs həmin dili bilirsə sənin şifahi, yaxud yazılı nitqinə bir də mədəni səviyyəsinə görə qiymətləndirib reaksiya verməli olacaqdır. Çünki tarixi bizə məlum olmayan çox- çox qədim dövrlərdən bəri "nitq mədəniyyəti" adlanan bir təsəvvür- anlayış var ki, cəmiyyət inkişaf etdikcə onu ("nitq mədəniyyəti"ni) "natiqlik sənəti" səviyyəsinə yüksəldən insan qabiliyyətinin (və istedadının!) göstəricisinə çevirmişdir... Bütün müqayisələr, almanlar demiş, qüsurlu olsa da, belə bir müqayisə aparmağa ehtiyac duyuruq ki, hər kəs mahnı oxuyur, ancaq heç də hamı müğənni olmurya hər kəs şəkil çəkir, ancaq heç də hamı rəssam olmur.

Cəmiyyət, nə qədər ehtiramla yanaşsa da, heç kəsdən müğənnilik, rəssamlıq və s. tələb etmədiyi kimi heç kəsdən də natiqlik tələb etmir. Ancaq hər kəsdən normal (mədəni) nitq tələb olunur ki, həmin tələbə cavab verməyən insan barəsində, nə qədər məziyyətləri, müsbət cəhətləri olsa da, "mədənidir" deyə fikirləşmək nəinki çox çətindir, hətta mümkün deyil. Niyə? Ona görə ki, bizim subyektiv zövqümüzdən, yaxud münasibətimizdən asılı olmayaraq ictimai şüurda kifayət qədər obyektiv olan "nitq mədəniyyəti" təsəvvürü var ki, dil inkişaf etdikcə həmin təsəvvür daha mükəmməl, daha pozulmaz olur. Məsələn, ingilis, alman, fransız və ya rus dilinə diqqət yetirsək görərik ki, dünyanın bu inkişaf etmiş dillərinin həm şifahi, həm də yazılı təzahürlərində mübahisəsiz qəbul olunan qaydalar, yaxud normalar mövcuddur. Azərbaycan dili də, bəzi istisnalarla, həmin inkişaf etmiş dillər kimi müəyyən qaydalara, yaxud normalara malikdir. Odur ki, hər hansı azərbaycanlının mətbuatda, televiziyadaya radioda müşahidə etdiyi nitq qüsurlarına qarşı gündəlik həyatımızda tez- tez rast gəlinən etirazları heç kimi təəccübləndirməməlidir. Çünki azərbaycanlı şüurunda da "nitq mədəniyyəti" təsəvvür-anlayışı xeyli dərəcədə stabildir. Məsələn, hər bir azərbaycanlı bilir (və ya ən azından hiss edir) ki, televiziyada, yaxud radioda gələcəm, gedəcəm əvəzinə gələjəm, gedəjəm; gəlsək, getsək əvəzinə gəlsox, getsox, hətta o gələcək əvəzinə o gələcəkdir demək ədəbi normadan yayınmadır, nitq qüsurudur. Və maraqlıdır ki, bu qüsurlardan nə birincisinə, nə də ikincisinə yazı dilində təsadüf olunmadığı halda, üçüncüsü məhz yazı dilinin, yəni, mexaniki normativliyin törəməsidir ki, şifahi dilə məhz ədəbi normativlik aktı kimi nüfuz etmişdir.

Yeri gəlmişkən qeyd etməliyik ki, Azərbaycan yazı dili şifahi dildən daha normativ olduğuna görə şifahi dildəki qüsurlar, yaxud nəyin qüsur olub- olmamağına dair mübahisələr yazı dilindəkindən müqayisə edilməyəcək qədər çoxdur ki, bu da, bir tərəfdən, Azərbaycan dilində yazı ənənəsinin zənginliyi ilə bağlıdırsa, digər tərəfdən, ümumiyyətlə yazı dilinin daha çox normativliyindən və ya standartlığından irəli gəlir. Təsadüfi deyil ki, bəzi xalqlar "ədəbi dil" əvəzində "yazı dili", yaxud "yazılı dil" ifadəsini işlətməklə yazıya ədəbilik, normalılıq statusu verirlər. Və həqiqətən, yazı, demək olar ki, bütün xalqların dili üçün elə bir mədəni nüfuza malikdir ki, şəxsin (dil istifadəçisinin) savadı birinci növbədə ona (yazıya) nə dərəcədə bələd olub-olmaması ilə müəyyənləşir.

Lakin etiraf etmək lazımdır ki, son zamanlar yazının, eləcə də yazı normativliyinin və ya orfoqrafiya qaydalarının kultunun zəifləməsi müşahidə olunur. bu, bütün dünyada olduğu kimi Azərbaycanda da belədir. Əgər bir vaxtlar orta məktəblərdə hüsnxətt dərsləri keçirilir, uşaqlara gözəl xətlə yazmaq öyrədilirdisə, böyük tarixi ənənəsi olan həmin ehtiyac bugün, demək olar ki, aradan qalxmışdır. Yazının texnikiləşməsi, ilk növbədə kompüter texnologiyalarının sürətlə inkişafı hüsnxətt barədəki tarixi təsəvvürü tamamilə dəyişdirməklə elə bir mühit yaratmışdır ki, ümumiyyətlə əl yazısının nə vaxtsa yalnız ekzotik bir hadisəyə çevriləcəyi artıq indidən heç bir şübhə doğurmur.

Yazının meydanının daralması özünü onda da göstərir ki, şifahi kütləvi informasiya vasitələri müxtəlif baxımlardan daha effektli, operativ olduğuna görə mətbuatı-yazılı kütləvi informasiya vasitələrini qabaqlayır. Və təsadüfi deyil ki, əgər bir vaxtlar radiodan, yaxud televiziyadan daha çox yazı dilinin intonasiyası, diktor tələffüzü eşidilirdisə, bugün, əksinə, mətbuatın - qəzetlərin, jurnalların dilində şifahi nitq xüsusiyyətləri yazılı dilin normativlərini az qala hər addımda "pozmaqla" yeni ünsiyyət, diskurs modelləri təqdim edir ki, bu da tamamilə təbiidir.

Ona görə də biz, bir zamanlar olduğu kimi, mətbuatdan, ümumən yazı dilindən klassik texnologiyalara əməl olunmasını pedantcasına tələb edə bilmərik. Lakin bu, o demək deyil ki, tarixən formalaşmış yazı mədəniyyətindən - orfoqrafiyadan tamamilə imtina etmək lazımdır... Məsələn, bir sıra sözlərin ənənəvi yazılışında tamamilə zəruri olan sadələşdirmə - redaktə işləri aparmağa ehtiyac var. Deyək ki, son illərdə Azərbaycan yazısında, müəyyən etirazlara rəğmən tamamilə doğru olaraq, apostrofdan imtina edildi... Yaxud sabahya o biri gün ədəbiyyat, səhiyyə, mədəniyyət, müvəffəqiyyət, tövsiyyə kimi sözlər bir y ilə yazıla bilər... Və yaxud sözün sətirdən sətrə keçirilməsi zamanı tələb olunan hecalara ayırma prinsipi aradan qaldırılar... Ancaq, məsələn, xüsusi adların nə zamansa kiçik hərflə yazılacağı hələ ki heç kəsin ağlına gəlmir.

Azərbaycan yazı dilində elə hadisələr var ki, tamamilə məntiqsizdir; məsələn, bugünkü orfoqrafiya prinsiplərinə görə, bugünya bu gün sözya söz birləşməsini ancaq bir formada (bu gün) yazırıq. Şifahi dildə təbii şəkildə yerinə görə fərqləndirilən, heç bir məntiqsizliyə, yaxud qüsura imkan verməyən bu hadisə yazı dilində fərqləndirilmir ki, bu da, nəticə etibarilə, dil təfəkkürü səviyyəsində inkar olunur. Müqayisə edək:

 

1) Mən bugün işə gedəcəm.

2) Yanvarın 1- i istirahət günü olduğuna görə bu gün iş günü deyil.

 

Birinci halda "bugün" bitişik, ikinci halda isə "bu gün" ayrı yazılacaqdır. Ona görə ki, birinci halda söhbət rusların "seqodnya", ingilislərin "tudey" dedikləri bir söz- anlayışdan, ikinci halda isə birinci növ təyini söz birləşməsindən gedir.

Yazı dilində mürəkkəb cümlələrin, o cümlədən tabeli mürəkkəb cümlələrin işlənməsi nə qədər səciyyəvi (və təbii) olsa da, şifahi dil üçün nə səciyyəvi, nə də təbiidir. Hətta bu cür cümlələri şifahi şəkildə deyə biləcək bir dil intellekti ortaya çıxsa belə...

Bugün Azərbaycan dili ən çox publisistikada inkişaf edir, ancaq Azərbaycan dilinin normalarının pozulduğu ən münbit məkan da publisistik məkandır. Və dil o zaman inkişaf edir ki, orada inkişaf üçün sosial-mənəvi şərait var... Hər kəs danışır, hər kəs yazır...

Ancaq hər kəsin danışdığı və hər kəsin yazdığı bir dövrdə hər kəsin məsuliyyət daşıdığını güman etmək çox çətindir. Bugün Azərbaycan mətbuatında hazırlıqsız, yaxud qeyri-peşəkar jurnalistlərin, televiziyaya radioda nitq səviyyəsi yüksək olmayan, bir sıra hallarda isə təfəkkür mədəniyyəti aşağı aparıcıların çox olması, yəqin ki, mübahisə mövzusu deyil. Əlbəttə, kütləvi informasiya vasitələrindəki dil qüsurları birona görə təhlükəlidir ki, cəmiyyət, xüsusilə gənc nəsil həmin qüsurları çox hallarda (inersiya ilə!) norma kimi qəbul edib işlədir. Və nəticə etibarilə, ana dili, eləcə də milli dil təfəkkürü zədələnir.

Fikrimizcə, ədəbi dil, əsasən, aşağıdakı hallarda dağıdıcı təsirə məruz qalır:

 

1) dialekt sözlərinə, yaxud dialektdən gələn tələffüz xüsusiyyətlərinə geniş meydan verilməsi;

2) alınma sözlərdən yerli- yersiz istifadə olunması, yaxud başqa dillərin tələffüz-intonasiya xüsusiyyətlərinin ana dilinə gətirilməsi;

3) düşüncə və ya təfəkkür mədəniyyətinin aşağı olması.

Son zamanlar xüsusilə televiziya dilində (ilk növbədə cəmiyyətin maraq göstərdiyi şou verilişlərində) dialektizmlərə meylin gücləndiyi müşahidə olunur. İntellektual səviyyəsi ümumiyyətlə yüksək olmayan müğənnilər bir yana, hətta həmin verilişlərin aparıcıları da dialektdə, əsasən, Bakı dialektində danışmağa üstünlük verirlər (məsələn, yaxcı, nöşün, həri və s. dialektizmlər işlədilir) ki, bu da ədəbi normaya laqeydlik, hörmətsizlik gətirir. Yaxud aşıq sənətinə həsr olunmuş verilişlərdə, xüsusilə müsabiqə və ya yarışmalarda Qazax, ümumiyyətlə Qərb dialektlərimizdən geninə-boluna istifadə edilir.

Əlbəttə, Azərbaycan dilinin dialektləri, şivələri bizim milli sərvətimizdir. Və çox az azərbaycanlı təsəvvür etmək olar ki, hansısa bir dialektə, şivəyə mənsub olub onu azya çox bilməsin. Məişətdə ləhcədən istifadəni də heç kəs yasaqlaya bilməz. Hətta televiziyada, ya radioda müəyyən ekzotik təəssürat yaratmaq üçün dialektizmə müraciət etmək də mümkündür... Ancaq, necə deyərlər, qədərində... Və dinləyici hiss etməlidir ki, norma hansıdır, buya digər məqsədlə normadan yayınma nədən ibarətdir.

Etiraf etməliyik ki, ədəbi dilimizdə olmasa da, xalq danışıq dilimizdə rus sözləri, ifadələri kifayət qədər geniş yayılmışdır: açki, znaçit, pasluşnı, seryoznı, paryadoçnı, toçnı, damaşnik, maşennik, zakonnı, tak şto, kaneşna, svejis. Bu cür sözlərin, ifadələrin işlədilməsi yalnız buya digər şəxsin nitq qüsuru, yaxud subyektiv marağının təzahürü kimi izah oluna bilməz. Ədəbi normaya belə kütləvi təcavüz eyni zamanda ümumən milli dil təfəkküründəki yad sözlərə müqavimət immunitetinin zəifliyi ilə bağlıdır. Bu isə o deməkdir ki, yuxarıda sadaladığımız, eləcə də sadalamadığımız yüzlərlə rus sözlərinin ana dilindəki qarşılıqları milli dil təfəkküründə ya lazımi qədər möhkəm oturmamışdır, ya da xalq danışıq dilində alınma sözün ekzotik- ideoloji nüfuzu o qədər yüksəkdir ki, ana dili sözünü sıxışdırmaq gücündədir.

Bir vaxtlar ailədə ata, ana kimi qədim ənənəsi olan milli (və doğma) söz- müraciətlərin əvəzində papa, mama daha çox işlənirdi... Bugün də işlənir, ancaq müşahidə edilir ki, papa yerinə ata deyilməsi artır, mama yerinə ana deyilməsi isə, demək olar ki, əvvəlki səviyyədə qalmaqdadır. Və maraqlıdır ki, ailədə valideynlərinə papa, mama deyən uşaqlar da kənarda - ictimai yerlərdə valideynləri haqqında danışarkən adətən atam, anam sözlərini işlədirlər.

Son zamanlar Azərbaycan dilinə xüsusilə publisistik üslubun təcrübəsində beynəlxalq leksikonun daxil olması ümumən müsbət hadisədir. Ona görə ki, dil təfəkkürümüz müasirləşir, intellektuallaşır və beynəlmiləlləşir. Ancaq, təbii ki, burada da bir əndazə olmalıdır... Heç bir əsas yoxdur ki, kreativ, market, menecer, kompüter, məsaj, korrupsiya, gender, mobil, administrasiya, analoq, passionar, alternativ, krizis, korporativ, sammit, debat kimi onlarla, hətta yüzlərlə beynəlmiləl sözün Azərbaycan dilində işlənməsinə etiraz olunsun. Və hamıya məlumdur ki, bu cür sözlər dilimizə nə qədər inamla gəlsə də, heç də hamısı ümumişlək olmayıb, əsasən, buya digər səviyyədə intellektualların nitqi üçün səciyyəvidir. Kütləvi informasiya vasitələrinin dilinə də həmin mənbədən keçir.

Ədəbi dilin inkişafına mane olan ən böyük təhlükələrdən biri də düşüncə və ya təfəkkür mədəniyyətinin aşağı olmasıdır ki, bu, bütövlükdə millətə deyil, ayrı-ayrı şəxslərə aiddir. Lakin həmin ayrı-ayrı şəxslərin nitq qüsuruya məzmun-mündərəcəsiz nitqi tirajlanırsa, kütləvi hal alırsa, istər-istəməz, ictimai (milli!) problemə çevrilir. Məsələn, bir vaxtlar müxalifət mətbuatında və ya "müstəqil mətbuat" dediyimiz kütləvi informasiya vasitələrində söyüşlər, təhqirlər, böhtanlar o həddə çatmışdı ki, sanki yeni bir "mətbuat dili" yaranırdı... indiyə qədər də bu "dil-üslub"un müəyyən əlamətləri qalmaqdadır. Eləcə də bir sıra mətbuat orqanlarında ideya- məzmundan uzaq, nə məqsədlə yazıldığı bilinməyən xeyli məqalələrə rast gəlinir ki, burada dil informasiya vermək, yaxud idrak funksiyalarını yerinə yetirməkdən məhrum edildiyinə görə, əgər belə demək mümkünsə, enerjisini itirir. Xüsusilə acınacaqlı haldır ki, mətbuatda az qala hər gün artıq bu sahədə "peşəkarlaşmış" jurnalistlərin əli qələm tutmayan müxtəlif (və əsasən, cəmiyyətdə müəyyən mövqeyi olan, tanınmış) şəxslərin adından yazıb çap etdirdikləri "məqalələr"i oxumalı oluruq ki, burada da dil- üslub konyukturunu, təfəkkür sönüklüyünü görməmək mümkün deyil.

çox təəssüf ki, dil təfəkkürsüzlüyü televiziyalarımız üçün də təsadüfi hal sayıla bilməz. Bizim öz sənətləri, ifaları (və istedadları!) ilə xalq arasında tanınan, sevilən, hətta yüksək ictimai nüfuz qazanan müğənnilərimiz vardır ki, efirdən, ekrandan danışanda düşünürsən yəqin heç orta təhsil də görməyib. Və nəzərə alsaq ki, onlar, demək olar ki, hər gün bizim evlərimizin, ailələrimizin qonağıdır, həmsöhbətidir, onda nitq (və təfəkkür!) mədəniyyətimizin  hansı təsirlərə məruz qalacağını, hansı səviyyəyə düşəcəyini təsəvvür etmək o qədər də çətin olmazdı.

Əslində televiziyanın simasını müəyyən etməli olan elə aparıcılar var ki, onların trafaret danışıqlarına qulaq asanda dahi Füzulinin dahiyanə müqayisələri yada düşür. Şair deyirdi ki,

 

Gər qara daşı qızıl qan ilə zəngin edəsən,

Təbə təğyir verib ləli- Bədəxşan olmaz.

 

 

Edəcək tutiyə təlim ədayi- kəlimat,

Nitqi insan olur, amma özü insan olmaz.

 

 

Bir mühüm problem maraqla baxdığımız məşhur xarici filmlərin çox hallarda bərbad tərcüməsindən irəli gəlir. Məsələn, filmdə bir obraz digərindən nə isə eləməyi xahiş edir. O isə "budəqiqə!" (budəyqə!) və ya "busaat!" əvəzinə "indi!" deyir ki, bu cür ifadə Azərbaycan dilində tarix boyu müşahidə edilməmişdir.

Ümumiyyətlə, nitq o zaman gözəl, məzmunlu, təsirli olur ki, birinci növbədə, gərək nə dediyini biləsən; ikinci növbədə, necə deyəcəyini, hansı sözlərdən, ifadələrdən istifadə edəcəyini qərarlaşdırasan və nəhayət, çalışasan ki, sənin sözün (nitqin) kimisə nəyəsə sövq etsin, ünvanlı olsun, təsir göstərsin...

"Nitq mədəniyyəti" nə qədər təcrübədən keçmiş, ümumi (və mükəmməl!) prinsiplərə malik olsa da, şəxsin nitqinin mədəniyyətində təzahür etmirsə, riayət edilməyən, icra olunmayan qanuna bənzəyir ki, onun da cəmiyyətə fayda verə biləcəyini düşünmək düzgün olmazdı.

 

 

 

Nizami CƏFƏROV,

AMEA-nın müxbir üzvü, professor

Azərbaycan.-2014.- 7 mart.- S.5.