«Ötən illərə boylananda təəssüflənmirəm...»

 

Adətən insan müəyyən bir yaşa çatanda dönüb arxaya, keçdiyi ömür yoluna nəzər salır. "İllər, səndə nəyim qaldı?" sözləri əlbəttə ki, təsadüfi yaranmayıb. Xoşbəxt o insandır ki, xəyalən yaşanmış illərə dönəndə xatırlamağa nələri isə tapır. Həm də bu xatirələr onda xoş duyğular yaradır, vaxtilə etdiklərindən, qazandığı uğurlardan, nailiyyətlərdən qürur duyur, sevinir, qəlbi nurla dolur.

Çoxdan tanıdığım, uzun müddət - ötən əsrin 70-90-cı illərində partiya orqanlarında çalışmış, respublikanın tanınmış ziyalı xanımlarından olan Zemfira Həmid qızı Eminova çətin ömür yolu keçib. Amma həyatın ortaya atdığı problemlər onu ruhdan salmayıb, iradəsini və yaşayıb-yaratmaq eşqini sarsıda bilməyib. Bir sözlə, həyat imtahanlarından alnıaçıq çıxıb. Onu tanıyanlar deyirlər ki, "güclü insandır Zemfira Eminova". Bu səbəbdən də onu xoşbəxt xanımlardan biri hesab edirəm.

Beynəlxalq Qadınlar bayramı ərəfəsində Z.Eminova ilə görüşüb xeyli söhbət etdik. Məlum oldu ki, bu xanım qədim ziyalı kökləri olan əsilzadələr nəslinin övladıdır. Ulu babası Hacı Emin Qazax bölgəsində dövrünün sayılıb seçilən, varlı-dövlətli, nüfuzlu şəxslərindən olub. O vaxt Həcc ziyarətinə getmək hər kəsə qismət deyildi. Bəy nəslindən olmaları sonralar Hacı Eminin özünə də, övladlarına da məşəqqətlər gətirib. Zemfira xanımın babası Mustafaya sovet hökuməti çox əziyyət verib. Keçən əsrin 30-cu illərində onu Sibirə sürgün ediblər.

- Əvvəl atamgilin soyadı "Eminbəyli" olub. Sovet dönəmində onu sadələşdirib "Eminov" ediblər,- deyə Zemfira xanım söhbətinə davam edir. - Mustafanın bir qızı və üç oğlu olub ki, onlardan biri də atam Həmiddir. Anam Sara Əlihüseyn qızı isə Bakıda anadan olub. Çox cəfakeş, fədakar qadın idi. Atamla anam ali məktəbdə birlikdə hüquqşünaslıq ixtisası üzrə təhsil almışdılar. Lakin atam sonralar pedaqoji məktəb bitirmiş, uzun müddət maarif sistemində çalışmışdi.

Həyat Zemfira xanıma hələ uşaqlıq və yeniyetməlik illərindən öz biliyinə, gücünə və iradəsinə arxalanmağı öyrədib. Anasının "özünə güvən" sözləri onun inamını və qətiyyətini artırıb. 1941-ci il oktyabrın 13-də Bakıda anadan olan Zemfira xanım əvvəlcə 189 nömrəli məktəbdə oxuyub, sonra isə 6 saylı məktəbə köçürülüb və oranı bitirib. Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinin qiyabi şöbəsinə daxil olub.

Z.Eminova İçərişəhərdə doğulmuşdu və tərbiyəsində, davranışında mentalitetimizdən gələn tələblər önəm kəsb edirdi. Bir sözlə, çox ciddi və məsuliyyətli idi. İctimai işləri çox sevirdi. Əvvəlcə pioner, sonra komsomol fəalı olmuşdu. Məktəb komsomol təşkilatının üzvü idi. Bəlkə də gələcək taleyini onun bu bacarığı müəyyənləşdirmiş, fəaliyyət göstərdiyi sahəyə bu marağı istiqamətləndirmişdi.

Qiyabi təhsil aldığı üçün Zemfira əmək fəaliyyətinə erkən yaşlarından başlamışdı. Əvvəlcə 26, sonra 133 nömrəli məktəbdə pioner baş dəstə rəhbəri işləmişdi. Bacarığı, təşkilatçılığı, insanlarla ünsiyyət qurmaq qabiliyyəti olan gənc qızın əsl karyerası bundan sonra başlandı. Belə ki, iki ildən sonra, yəni 1966-cı ildə onu 26 Bakı komissarı (indi Səbail) rayonu komsomol komitəsində işə dəvət etdilər. Burada üç il tələbə gənclərlə iş şöbəsinin müdiri oldu.

Zemfira xanım deyir ki, bir xoşbəxtliyi də həyat yollarında qarşısına daim yaxşı, xeyirxah insanların çıxmasıdır. O dövrdə yüksək dövlət vəzifələrində işləmiş Qurban Əliyevin məhz belə insanlardan olduğunu xüsusi vurğulayır və ömrü boyu unutmadığı hadisəni danışır:

- 1969-cu il idi. Məni rayon partiya komitəsinin birinci katibinin (Qurban Əliyev rayonun birinci katibi idi) yanına çağırdılar. İşim barədə, komsomol komitəsinin fəaliyyəti haqqında xeyli sorğu-sual etdilər. O zaman rayon komsomol komitəsinin birinci katibinin yeri boş idi. Rayonun isə 60 min nəfərlik komsomolçular dəstəsi vardı, təbii ki, işləmək çox çətin idi. Qurban müəllim mənim fikrimi soruşdu. Dedim ki, kimi istəyirsiniz göndərin, amma qadın olmasın. Güldülər və dedilər ki, yaxşı, sənin fikrini nəzərə alarıq. Demə, namizəd kimi elə məni nəzərdə tutublar. Eyni zamanda Mərkəzi Komitənin də öz namizədi var imiş. Amma sonda məni seçdilər. Plenuma Qurban müəllim özü də gəlmişdi.

O vaxt heç kəs inanmırdı ki, bu zərif, sakit təbiətli bir qız ona göstərilən etimadı doğrulda biləcək. Hətta respublika komsomol təşkilatına rəhbərlik edən Elmira Qafarova demişdi ki, yaxşı qızdır, amma ona qulaq asmayacaqlar. Lakin çox keçmir ki, Qafarova onu özünün əvəzinə nümayəndə heyəti ilə işgüzar səfərə göndərir. Heyətə MK-nın şöbə müdiri Cəfər Cəfərov, akademik Əliheydər Sumbatzadə, bəstəkar Səid Rüstəmov, alim Tofiq Köçərli və başqaları daxil idi. Bu sanballı qrup Tatarıstanda və Ulyanovsk şəhərində keçirilən tədbirlərdə Zemfira Eminovaya tez-tez söz verir, Azərbaycan gəncləri adından danışmağı ona həvalə edirdi.

Beləliklə, Zemfira xanımın işgüzar fəaliyyəti, idarəçilik qabiliyyəti təsdiqləyirdi ki, daha məsul vəzifələrdə çalışa bilər.

1971-ci ildə Z.Eminovanın Bakı şəhər komsomol komitəsinin katibi vəzifəsində işləməsi məsləhət görülür. Dörd ildən çox bu vəzifədə çalışır. Yenə də tələbə gənclərlə işləyir. Bundan sonra o, 8 il Bakının Oktyabr (indiki Yasamal) rayon partiya komitəsinin ideoloji iş üzrə katibi vəzifəsini icra edir. O zaman 30-35 yaşlarında olan cavan bir xanımın hamı ilə dil tapması, işin öhdəsindən gəlməsi təqdirəlayiq hal idi.

O illərdə Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev rayona tez-tez gəlirdi. Zemfira xanım ulu öndərin iştirak etdiyi tədbirlərin məna və təsirini indi də unuda bilmir. Hər il 9 May Qələbə günündə ulu öndər bir qayda olaraq Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə keçirilən tədbirdə iştirak edirdi. Ümummilli lider Heydər Əliyevin rayona gəlişi əsl bayrama çevrilirdi. Ulu öndər rayon partiya komitəsinin katibləri və işçiləri, əhali ilə səmimi görüşür, söhbət edirdi. Proqram xarakterli çıxışları, təklifləri qarşıya qoyulan mərama, məqsədə, vəzifələrə, bir növ aydınlıq gətirirdi. Bütün bunlar yeni təşəbbüs və tədbirlərə təkan verirdi.

1975-ci ildə Zemfira xanım ailə həyatı qurur. İki övladı dünyaya gəlir. Lakin onun ailə səadəti uzun sürmür. Qəfildən həyat yoldaşını itirir:

- Oğlum beş günlük olanda atası dünyasını dəyişdi. Əvvəlcə inanmadım, çünki çox zarafatcıl idi, qəribə söhbətləri olurdu. Amma ölümü həqiqət idi. Gedib məzarını gözlərimlə gördüm, sonra inandım. O zaman qızımın iki yaşı vardı. Oğluma isə babam Eminin adını qoymaq istəyirdim, amma Rüfət adını verdim - heç üzünü də görmədiyi atasının adınıE

Həyatın bu amansız sınağı da Zemfira xanımı sındıra, onun mənəvi gücünü azalda bilmədi. İşdən-gücdən qalmadı, təsəllisini yenə insanlarla ünsiyyətdə tapdı, qol çırmayıb evin həm kişisi, həm qadını oldu, övladlarına atanı da əvəz edə bildi. Ali Partiya Məktəbini qiyabi yolla bitirdi.

Ümummilli lider Heydər Əliyev Moskvaya, SSRİ rəhbərliyinə gedəndən bir müddət sonra respublikada, elə Zemfira xanımın həyatında da çox şey dəyişdi. Hətta ulu öndərin etimad göstərdiyi, irəli çəkdiyi kadrlara da münasibət birmənalı olmadı... Z.Eminova o dövrü belə xatırlayır: "1980-ci illərin birinci yarısında rayon partiya komitəsinə yeni birinci katib gələndə onun iş üsulları, özünü necə aparması mənə çox qəribə göründü. Çox vaxt kimin hansı bölgədən olduğu ilə maraqlanır, işləri də həmin bölgü əsasında aparırdı. Doğrusu, o zaman kimin haradan olduğunu heç bilmirdim də. Ulu öndərin rəhbərliyi dövründə insanlar həmişə bilik, bacarıq və səriştələrinə, yüksək şəxsi keyfiyyətlərinə görə fərqlənirdilər. Biz bu meyarlarla işləmişdik. Hər hansı məsələdə meydana mərdi-mərdanə girir, mədəni səviyyəmizi, siyasi əqidəmizi, dünyagörüşümüzü, inamımızı, amalımızı, məsləkimizi uca tutur, saf amallarla yaşayıb işləyirdik".

O zaman prinsipial, nöqsanlarla barışmaz olan Zərifə Eminova yaranmış yeni vəziyyətdə rayon partiya komitəsində təbii ki, işləyə bilmir.

Zemfira xanım deyir ki, indiyə qədər yaşadığı ən unudulmaz dövr ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlədikləri illərdir. Heydər Əliyevlə işləməyin həm asan, həm də çətin olduğunu söyləyir: "Asan idi ona görə ki, iş düzgün təşkil olunmuşdu, hərə öz öhdəsinə düşən vəzifəni bilirdi. Xalq böyük bir dahiyə arxalanmışdıE Çətin idi ona görə ki, məsuliyyət vardı. Həddini aşana ulu öndərin bir kinayəli baxışı bəs idi..."

Zemfira Eminova beş il (1983-1988-ci illərdə) Maarif Nazirliyində məktəbəqədər təhsil idarəsinin rəisi oldu. Amma görünür partiya işi bu xanımın alnına yazılmışdı. 1988-ci ildə ona Bakının Nərimanov rayon partiya komitəsinin katibi vəzifəsi tapşırıldı. Yenə də ideoloji sahədə işləməyə başladı. Zemfira xanımın tükənməz enerjisi, cəsarəti, qətiyyəti hər yerdə ətrafdakıların diqqətini cəlb edirdi. Yorulmaq bilmədən daim hərəkətdə olmaq, yeni-yeni adamlarla ünsiyyət yaratmaq, həyatın müxtəlif problemləri, tərəfləri ilə üzləşmək, onları dəf etmək bu insana rahatlıq, dinclik gətirirdi. Hər yeni təşəbbüsə böyük həvəslə qoşulurdu. Hamı bir-birinə dəstək və kömək göstərərək işi müvəffəqiyyətlə apara bilirdi. Beləcə, bu iş Sov.İKP dağılana qədər davam etdi.

Xalq Cəbhəsi hakimiyyətə gələndə Zemfira Eminova onların məqsəd və məramını, niyyətlərini tez bir zamanda anladı. Dərhal da özü üçün qərar çıxardı ki, burada işləyə bilməyəcək. Düşündü ki, bəlkə heç təzə hakimiyyət də onunla işləmək istəmədi. Amma səriştəsini, peşəkarlığını, idarəçilik qabiliyyətini nəzərə alıb onu buraxmaq istəmirdilər, Zemfira xanım isə qürur və əqidəsinə sadiq qalaraq ərizəsini yazıb işdən uzaqlaşdı.

Lakin bu, məsələnin bir tərəfi idi. O, ailəsini nə ilə dolandıracaqdı? Ömrü boyu şərəflə işləmiş, vicdanına ləkə salmamış bu mərd Azərbaycan qadını nəinki sərvət, heç "dar gün üçün" dolanışıq xərci də toplamamışdı. İndi isə öhdəsində iki azyaşlı uşaq, qoca anası qalmışdı...

Tanrı ona yenə də bir qapı açıb ailəni ağır vəziyyətdən çıxardı. O vaxt Zemfira Eminova Bakı şəhər sovetinin deputatı, gənclər və idman komissiyasının sədri idi. Şəhər İcraiyyə Komitəsi onun elə həmin komissiyada işləməsinə imkan yaratdı.

1993-cü ildə - ölkənin ən ağır günlərində xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Bundan sonra Zemfira xanımı Yasamal Rayon İcra Hakimiyyətinə işə dəvət etdilər. Bütün məsələlər cəmi bir ay ərzində həll olundu. Onu heç yerə söhbətə çağırmadılar, heç bir sual vermədilər, heç nə soruşmadılar. Sadəcə təyin etdilər, çünki tanıyırdılar, etimadı doğruldacağını bilirdilər. Beləcə, Zemfira Eminova yeddi il də burada icra hakimiyyəti başçısının müavini vəzifəsində çalışdı. Təqaüdə isə Mərkəzi Seçki Komissiyasında 11 il işlədikdən sonra çıxdı.

Ulu öndərlə dəfələrlə tədbirlərdə iştirak edən, onun rəhbərliyi ilə məsul vəzifələrdə çalışıb etimadı doğruldan Z.Eminova düzdür, həmişə fəxarət hissi keçirib. Amma bundan istifadə edərək sonralar özünə imtiyazlar istəməyib. Həmin illərdə böyük rəhbərin keçirdiyi tədbirlərdəki iştirakını əks etdirən şəkillər də toplayıb saxlamayıb. Məqsədi, məramı yalnız etimadı doğrultmaq olub. Amma bu yaxınlarda nəşr olunmuş bir kitabda ulu öndərlə birgə çəkilmiş şəklinə rast gəlib.

Bu şəkil Zemfira xanımın xəyalını uzaq illərə qanadlandırdı. 1980-ci il idi. Bir də xəbər yayıldı ki, ulu öndər Uşaq Nevroloji Xəstəxanasının yaxınlığındakı əraziyə gəlib. Həmin vaxt rayon partiya komitəsinin birinci katibi işlə əlaqədar başqa sahəyə getmişdi. Zemfira xanım vaxt itirmədən özünü ulu öndərin gəldiyi əraziyə yetirir. Elə etmək lazım idi ki, hər iş qaydasında olsun, rayonun ünvanına söz gəlməsin. Burada düzənlənən tədbirdə Heydər Əliyev Zemfira xanımla bir saatadək həmsöhbət olur. Tədbir qaydasında keçir.

Bax, Zemfira xanıma uzaq illərdən soraq, xatirə gətirən, indiyə qədər görmədiyi və çəkildiyini güman etmədiyi şəkil həmin gündən yadigar idi.

Azərbaycanın bugünkü yüksəlişini Zemfira Eminova qürur hissi ilə izləyir. Deyir ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ölkənin inkişafına yönəldilən siyasət hərtərəfli və uzaqgörəndir, böyük gələcəyə hesablanıb. Bu baxımdan müxtəlif sahələrin inkişafına istiqamətləndirilən çoxsaylı Dövlət Proqramları xüsusilə önəm kəsb edir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın milli-mənəvi, mədəni dəyərlərimizin qorunması və təbliği sahəsindəki fəaliyyətini dönə-dönə qeyd edir: "Mehriban xanımın böyük xeyirxahlıq, xeyriyyəçilik fəaliyyəti ümumən ölkədə bu vacib işin xeyli canlanmasına səbəb olmuşdur. Bu nəcib missiyadan ən çox bəhrələnən Azərbaycan qadınları, Azərbaycan körpələridir".

Bu barədə Zemfira xanım bəzi qeydlərini qələmə də alıb. O yazır: "Bir sıra xəstəliklərdən əziyyət çəkən uşaqların sağlamlığına, qaçqın və məcburi köçkün ailələrinin övladlarının təhsilinə və istedadlarının üzə çıxmasına göstərilən qayğı, digər xeyirxah məqsədlərə yönəldilmiş layihələri xatırlatmaq kifayətdir. Yeri gəlmişkən qeyd edim ki, ölkə həyatının müxtəlif sahələrində həllini gözləyən problemlərin reallaşdırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondu elmə və təhsilə sonsuz diqqət və qayğı istiqamətində yeni-yeni ənənələrin təməlini qoymuşdur. Təhsil sahəsində görülən işlər sırasında respublikanın müxtəlif bölgələrində həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı müstəsna əhəmiyyət daşıyır. Bu proqram təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir.

Yaxşı yadımdadır ki, cəmiyyətin müxtəlif təbəqələrinin diqqətini bu məsələyə yönəltmək məqsədilə 2005-ci ilin iyun ayında müvafiq qurumların, habelə beynəlxalq təşkilatların iştirakı ilə "dəyirmi masa" təşkil edilmiş, proqramın həyata keçirilməsi üçün yeni məktəb binalarının layihələri hazırlanmışdı.

Layihənin gerçəkləşməsi ilə bağlı fondun prezidenti Mehriban xanımın cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışı geniş əks-səda doğurmuş, az sonra Azərbaycanın müxtəlif bölgələrində, hətta ən ucqar dağ kəndlərində məktəb tikintisi geniş vüsət almışdır.

Bu yaxınlarda dövlət başçısı İlham Əliyev bir çıxışında dedi ki, 10 ildə Azərbaycanda 3000 məktəb tikilib. Bu, şərhə ehtiyacı olmayan bir faktdır. Onu da vurğulamağa ehtiyac yoxdur ki, bu böyük işdə Mehriban xanımın xidməti misilsizdir".

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın gördüyü işlər, əsasən Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılması istiqamətində sərf etdiyi əmək də Zemfira xanımın ürəyindən xəbər verir.

 

"Bu, bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş nəcib missiyanın uğurlu davamıdır", - deyir. Bunları gördükcə unudulmaz Zərifə xanım Əliyevanı bir daha xatırlayır. Z.Eminova onu yaxşı tanıyırdı, səmimi münasibətləri olmuşdu. Zərifə xanımın bir həkim, ictimai xadim və nəcib insan olduğunu çox müşahidə etmişdi. İndi onun ocağındakı xanımların xeyirxahlığını görəndə və xalq naminə həyata keçirdikləri işlərə baxanda çox fərəhləndiyini söyləyir.

Respublikanın tanınmış ziyalı xanımı, xalqı üçün çalışmış insan, gözəl müəllim, ana və nənə Zemfira Eminova xoş, xeyirxah duyğularla yaşayır.

 

 

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2014.- 8 mart.- S.5.