ANACAN, sən olmasaydın...

 

Onun övladı yox idi. Di gəl ki, yüzlərlə oğlan və qız ona "ana" deyirdi, onu doğma anası kimi sevir, əzizləyirdi.

Söhbət Azərbaycan ədəbiyyatının böyük bilicisi Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba Mustafa qızı Köçərlidən gedir. 1881-ci il mart ayının 22-də Qazax rayonunun Salahlı kəndində anadan olub. Məşhur Vəkilovlar nəslindən idi. Beş yaşında atasını itirib. Səkkiz uşaqla anası dul qalıb. Kasıb ailə idi. Çətinliklə dolanırdılar. Hamı təsərrüfat işlərində anasına kömək edirdi.

Badisəbanı 16 yaşında qardaşının məktəb yoldaşı - Qori Seminariyasının müəllimi Firidun bəy Köçərliyə ərə verdilər. Aradan neçə il keçsə də, övladları olmurdu. Hər dəfə körpə uşağı görəndə Badisəbanın qəlbi göynəyir, gözləri dolurdu.

Günlərin birində Firidun bəylə Ağstafadan Qazaxa qayıdırdı. Hər addımbaşı cır-cındır içində olan ac-yalavac uşaqlar görünürdü. Badisəba nəvazişlə bir neçə uşağın saçını sığalladı, adını xəbər aldı. Çoxu yurdsuz-yuvasız idi. Heç valideynlərini də tanımırdılar. Nə ilə dolanırdılar? Bilinmirdi. Badisəba xanım bir xeyli fikrə getdi. Sonra qəfildən "Ay Firidun - dedi. Çox yerdə, elə Rusiyada sahibsiz uşaqlara sığınacaq yerləri açırlar. Gəl biz də bir xeyirxah iş görək, məktəb düzəldək. Uşaqları yığmaq mənim boynuma, bina tapmaq isə sənin".

Razılaşdılar. Firidun bəy qonşusu Hacı Yusiflə danışdı. Uzun çək-çevirdən sonra məktəb üçün ikiotaqlı mənzil aldı. Badisəba xanım isə Salahlı kəndinə, atasıgilə xəbər göndərdi. Oradan bir-iki xalı-xalça gətirtdi, qab-qacaq aldı. Üç-dörd günə uşaqlara pal-paltar, corab-ayaqqabı, yorğan-döşək düzəltdi. Sənəm xalanı da məktəbə nəzarətçi-tərbiyəçi qoydu.

Hacıağa Gümşüdlü "Badisəba" əsərində (Bakı, 1963) yazır ki, şaxtalı qış günlərinin birində Azərbaycanda ilk uşaq evi belə yarandı. Professor Mehdixan Vəkilov da xatirələrində həmin faktı təsdiq edir: "Qazaxda ilk yetimxana (Uşaq evi) təşkilinin təşəbbüskarları və icraçıları F.Köçərli və həyat yoldaşı Badisəba xanım olmuşdur".

İlk vaxtlar işlər yaxşı gedirdi. Məktəbə maraq çox idi. Badisəba xanım gecə-gündüz uşaqlara qayğı göstərirdi. Fərəhindən yerə-göyə sığmırdı. Aradan iki-üç il keçdi. 1920-ci ilin may ayında aləm bir-birinə qarışdı. Firidun bəy Köçərli Gəncəyə aparılaraq güllələndi. 39 yaşında köməksiz qalan Badisəba xanımın həyatı yeni istiqamət aldı. Ağır dərdi mərdanə sinirdi. Mər-mərdanə yaşadı. Xeyirxah adamların köməyilə Bakıya köçdü və Pedaqoji Texnikumda tərbiyəçi işləməyə başladı. Elə həmin dövrdə Pedaqoji İnstitutda təhsil aldı.

1925-ci il mayın 1-də ona Pedaqoji Texnikumu təşkil etmək üçün Zaqatala rayonuna təyinat verildi. Qayğıkeş və təşəbbüskar Badisəba xanım qısa müddətdə böyük hörmət qazandı. Zaqatala Pedaqoji Texnikumu bölgənin adlı-sanlı təhsil ocağına çevrildi. Badisəba xanımın iş üsulu ilə çoxu maraqlanırdı. 1929-cu ilin oktyabr ayında Quba Pedaqoji Texnikumunda bəzi qüsurlar üzə çıxdığına görə maarif komissarlığının əmri ilə Badisəba xanım ora müdir müavini vəzifəsinə göndərildi. Ürəklə işə girişdi. Di gəl ki, Qubanın havası ona düşmədi. Həkimlərin məsləhəti ilə Bakıya qayıtmalı oldu.

1930-cu ilin oktyabr ayında müalicədən sonra o, maarif komissarlığının əmri ilə 2 nömrəli uşaq evini təşkil etmək üçün Nuxaya göndərilir. Elə həmin gündən yeni yaranan uşaq evində direktor işləməyə başlayır. Badisəba xanım təqribən 25 il burada çalışıb. El arasında böyük hörmət qazanır. Şagirdlərin sayı dörd yüzə çatır. İctimai işlərdə fəal iştirak edir. Bir neçə il dalbadal Şəki Şəhər Sovetinə deputat seçilir, deputat komissiyasına rəhbərlik edir. Abadlıq-quruculuq işləri ilə məşğul olur. Şagirdlərin köməyi ilə Ağamalı küçəsində məktəblilər üçün park salır.

Yorulmaz maarif xadiminin zəhməti, xidməti göz qabağında idi. 1945-ci ildə Badisəba Mustafa qızına əməkdar müəllim adı verilir. 1946-cı ildə "Şərəf nişanı" ordeni ilə təltif olunur.

Genişqəlbli Badisəba xanımın həyatda iki idealı var idi. Şagirdləri ana nəvazişi ilə böyütmək və Firidun bəyin xatirəsini əbədi yaşatmaq. Şəki həyatı Badisəba xanımın keşməkeşli ömrünün ən zəngin dövrü sayılır. Badisəba xanımın üç yaşında övladlığa götürüb doğma balası kimi böyütdüyü Roza xanımın xatirələrindən: "Badisəba ana gecə-gündüz Firidun bəylə nəfəs alırdı. Evdə onun gümüş qaşığını, bıçağını, lampasını və nəlbəkisini ayrıca saxlayırdı. Qızıldan papiros qabı vardı, üstündə "Firidun bəy Köçərli" sözləri yazılmışdı... Evimizdə onun ən çox əzizlədiyi, ağlaya-ağlaya vərəqləyib baxdığı böyük bir albom var idi. Mən onu yerdən zorla qaldırırdım. Üstündə rusca gümüşdən iri hərflərlə "F.K" yazılmışdı. Həmin albomu Firidun bəyə 1895-ci il oktyabrın 23-də İrəvan Gimnaziyasının müdavimləri avtoqrafla hədiyyə vermişdilər. Axı Firidun bəy on il İrəvan Gimnaziyasında tərbiyəçi-müəllim işləmişdi. Bundan əlavə, Badisəba ana Firidun bəyin iki dəst paltarını saxlayırdı. Bir dəsti çərkəzi formada, o birisi kostyum idi. Corabına kimi yuyub-ütüləyib sandığa yığmışdı. Hər axşam ona Quran oxuyardı. Əziz günlərdə halva çalıb uşaqlara paylayardı. Çox vaxtı çarpayıdan düşüb yerdə yatardı. Soruşanda deyirdi ki, Firidun bəy kimi can torpaqda yatsın, mən çarpayıda...?!"

Görəsən Badisəba xanımın yanına doğma Qazax elindən kimlər gəlib-gedirmiş. Bilənlər deyirlər ki, "ən çox yadda qalanı Səməd Vurğun olub. Səməd gələndə uşaqlar kefdə-damaqda olurdular. Heç vaxt əliboş gəlməzdi. Oğlanlara şalvar-köynək, qızlara çit don, saçlarına bağlamağa lent, balacalara isə çoxlu konfet və oyuncaq gətirərdi. Bacısı oğlu Fəxri Vəkilov gələndə çox qalardı. Bəzən bir həftə, on gün. Uşaq evinə yardım almaqda onun köməyi çox olurdu. Müğənni Bülbülün, Rəşid bəy Əfəndiyevin gəlmələri də yadımdadır. Hər kim nə gətirirdisə onlar gedən kimi Badisəba ana bütün sovqatları uşaqlara paylayardı".

Badisəba xanımın ən böyük xidmətlərindən biri də Firidun bəyin yaradıcılığına göstərdiyi əvəzsiz qayğı və diqqətlə bağlıdır. Akademik Bəkir Nəbiyev yazır ki, "istər pedaqoji, istərsə də ədəbiyyatşünaslıq sahəsində yorulmadan çalışan Köçərlinin bu xeyirxah işlərində ona sevimli həyat yoldaşı, dövrün ziyalı və vətənpərvər qadınlarından biri Badisəba xanım yaxından kömək edirdi. Azərbaycan maarifini və ədəbiyyatını dəqiqliyi ilə bilən bu nəcib qadın Köçərliyə sadəcə həyat yoldaşı olaraq qalmamış, eyni zamanda onunla iş, məslək və əqidə yoldaşlığı etmişdir. O, ərinin işləməsi üçün lazımı şərait yaratmaqdan başqa, eyni zamanda onu ruhlandırır, vaxtı az, işi isə başdan aşan Köçərlinin zəhmətini yüngülləşdirmək üçün əlindən gələni əsirgəmirdi. Köçərlinin əlavə və düzəlişlərindən sonra Badisəba xanım səbirlə onun əsərlərinin üzünü çıxarırdı".

Onun bu xeyirxahlığından hamı xəbərdar idi. 1937-ci ildə o zaman Bakıda yaşayan və "Azərnəşr"də işləyən Əziz Şərif Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanımdan xahiş edir ki, onu Badisəba xanımın mənzilinə aparsın.  Badisəba xanım böyük həvəslə Köçərlinin arxivindən ibarət bir sandıq materialı Əziz Şərifə göstərib. "Bu, Köçərlinin arxividir - dedi. Şübhə etmirəm ki, buradakı yazılar xalqımıza lazım olacaqdır. Firidun bəyin ömrü boyu axtarıb tapdığı əlyazmaları, kitab və dəftərləri buradadır. Sandığı bu günə kimi saxlamışam. Heç kəsə bundan bir vərəq də verməmişəm".

O zaman Əziz Şərif müvafiq idarələrə məktub yazaraq Köçərli arxivinin araşdırılması üçün xüsusi komissiya yaradılması məsələsini qaldırmışdı. Müraciət bir nəticə vermir. Badisəba xanım Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırova məktub yazaraq Mustafa Vəkilov 1937-ci ildə həbs olunarkən ona məxsus materiallarla birgə Firidun bəy Köçərlinin də arxivinin götürüldüyünü bildirmiş və onun qaytarılmasına kömək göstərilməsini xahiş etmişdir. Təəsüf ki, bu rəsmi sorğu da nəticəsiz qaldı.

Nə yaxşı ki, Badisəba xanım 1925-ci ildə öz vəsaiti ilə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının nəşrinə nail olmuş, eyni zamanda iki şagird dəftəri həcmində Firidun bəyin əsərlərinin - tərcümə, məqalə və məktublarının siyahısını çıxarmışdı. Arxiv itsə də, həmin siyahı-dəftərlər Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda mühafizə olunur.

"Firidun bəy Köçərlinin şəxsi arxivi" kitabının tərtibçisi, filologiya elmləri doktoru Məmməd Adilov yazırdı ki, "Əlimizdə olan arxiv əslində Badisəba xanımın topladığı materiallardır".

Qeyrətli Azərbaycan qadınının ədəbiyyata xidməti, həyat yoldaşına sədaqəti bax belədir. O ki qaldı evsiz-eşiksiz körpələrə qayğı məsələsinə, bu onun həyatının məğzi, məqsədi idi. İllər boyu yüzlərlə kimsəsiz uşağın ömür kitabına iri hərflərlə bu sözlər yazılıb: Badisəba Mustafa qızı Köçərli. Onların hər məktubu, hər sözü-söhbəti belə başlanırdı: Anacan, sən olmasaydın...

 

 

 

Əhməd İSAYEV,

Azərbaycan.-2014.- 8 mart.- S.9.