Mirzə Şəfi Vazehin yubileyinə yeni töhfə

 

Ulu Nizaminin, Məhsəti xanımın yubileylərini unudulmaz, möhtəşəm tədbirlərlə, dünyanın hər tərəfindən gələn qonaqlarla birgə qeyd edən şeir, sənət  yurdu qədim Gəncə indi daha bir böyük sənətkarın - şair-mütəfəkkir Mirzə Şəfi Vazehin 220 illik yubiley şənliklərinə hazırlaşır.

Şəhər icra hakimiyyətində tərtib olunmuş yubiley komissiyasında özünəməxsus önəmli yeri olan Gəncə Dövlət Universiteti yubiley tədbirlərinə ilk olaraq qoşulan kollektivlərdən  biri, daha doğrusu, birincisidir.

Martın 4-də GDU-da təşkil olunmuş elmi seminar da məhz Mirzə Şəfinin həyat və yaradıcılığının tədqiqinə həsr olunmuşdu. Hər ay təşkil olunacaq seminarın ilkində əsas məruzəçilər filoloqlardan ibarət idi. Filoloqlar həm də bu seminara gözəl töhfə ilə - universitetin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Nəzakət Əliyevanın yenicə çapdan çıxmış "M.Ş.Vazeh Şərq-Qərb araşdırmalarında" adlı monoqrafiyası ilə gəlmişdilər.

Elmi seminarı giriş sözü ilə açan GDU-nun elmtexnika üzrə prorektoru, dosent Pərvin Kərimzadə Prezident İlham Əliyevin  Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi  haqqında sərəncamını oxuyaraq dedi ki, ölkə rəhbərinin xalqın milli dəyərlərinə böyük qiymət verməsinin ifadəsi olan bu sərəncam universitetin elmi-pedaqoji kollektivini böyük məsuliyyət qarşısında qoymuşdur. Kollektivin elmi potensialı imkan verir ki, bu möhtəşəm yubileyə öz layiqli töhfəsini versin.

Pərvin Kərimzadə dosent Nəzakət Əliyevanı yenicə çap olunmuş "M.Ş.Vazeh Şərq-Qərb araşdırmaları" monoqrafiyasına görə təbrik etdi.

Tədbirdə Nəzakət Əliyeva özünün monoqrafiyası ilə eyniadlı  "Mirzə Şəfi Vazeh Şərq-Qərb araşdırmalarında" məruzəsində Mirzə Şəfi Vazeh haqqında Şərqdə, xüsusilə Azərbaycanda, Qərbdə isə Almaniyada aparılan tədqiqat işlərindən, özünün bu sahədə araşdırmalarından bəhs edərək göstərdi ki, M.Şəfi haqqında tədqiqat apararkən F.Bodenştedtin əsərlərinin alman dilindən tərcüməsini də hazırlatmış və digər mənbələrlə yanaşı, bu əsərdən də istifadə etmişdir. Vazehlə bağlı qiymətli  mənbələrin əldə edilməsinə görə Gəncə Elm Mərkəzinin direktoru, akademik Fuad Əliyevə təşəkkürünü bildirən Nəzakət xanım məruzəsində şair-mütəfəkkir haqqında indiyə qədər ədəbi ictimaiyyətə məlum olmayan faktları açıqladı.

Universitetin alman dili kafedrasının müdiri Vüsalə Kərimova "Avropada yalançı şöhrət" adlı məruzəsində alman səyyahı F.Bodenştedtin  M.Ş.Vazehin dünyada tanınmasında rolu olduğunu qeyd etsə də, sonra  Vazehin əsərlərinə, şöhrətinə sahib çıxmasına-plagiatlığına da münasibət bildirdi.

"Gəncəli müdrik" - Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aygün Əhmədovanın məruzəsi belə adlanırdı. Onun məruzəsində M.Ş.Vazehin yaradıcılığında fəlsəfi, sufi-irfani düşüncələri təhlil olundu.

Elmi seminarda çıxış edənlər pedaqoji fakültənin dekanı, dosent Bayram Apoyev, filologiya fakültəsinin dekanı professor Mübariz Yusifov, tarixcoğrafiya fakültəsinin dekanı, professor Həsənbala Sadıqov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Həmid Abbasov M.Ş. Vazehin yaradıcılığında sufizmin xüsusi yer tutmasından, maarifçilik fəaliyyətindən  bəhs etdilər. Çıxış edənlərin hamısı dosent Nəzakət Əliyevanın M.Ş.Vazeh haqqında monoqrafiyasını yüksək qiymətləndirdilər. Professor Həsənbala Sadıqov monoqrafiyadan bəhs edərkən: "Nəzakət Əliyevanın geniş coğrafiyanı əhatə edən bu tədqiqat əsəri sübut etdi ki, Mirzə Şəfişünaslığın vətəni Gəncə, Mirzə Şəfi irsinin əsl sahibi gəncəlilərdir. Bu əsəri yazan xanım alim  cəngavərdir", - söyləyən professor: "Biz məhz belə abidələri - şəxsiyyətləri xalqa tanıtmalıyıq", - dedi.

Elmi seminaryeni kitab təqdimatında iştirak edən qonaqlar: - Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov və YAP Gəncə təşkilatının nümayəndəsi İsmayıl İsmayılov GDU alimlərinin elmi məclisinin səviyyəsindən razılıq etdilər və göstərdilər ki, kollektivin fəaliyyəti, xüsusilə, yeni monoqrafiya haqqında məlumat icra hakimiyyətinin saytında yerini alacaq.

Elmi seminarı yekunlaşdıran prorektor bunun seminarın universitetdə Vazehlə bağlı ilk tədbir olmadığını (bundan əvvəl şairin xatirəsinə həsr edilmiş spartakiada keçirilmişdir), bundan sonra da universitetdə M.Ş.Vazehlə bağlı xeyli sayda tədbirlərin həyata keçiriləcəyini bildirdi və növbəti elmi seminarın mövzusunu elan etdi "M.Ş.Vazehin pedaqoji-psixoloji görüşləri".

 

 

 

Firəngiz İDRİSQIZI,

Gəncə şəhəri

Azərbaycan.-2014.- 8 mart.- S.11.