Şərəfli yol

 

Elduzə Əhmədova ziyalı ailəsində doğulub boya-başa çatmışdır. Lənkəran şəhər 1 nömrəli orta məktəbi bitirib. 1966-cı ildə indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsinə daxil olmuşdur. Lənkəran Pedaqoji Texnikumunda əmək fəaliyyətinə başladığı ilk günlərdən rayonda gedən ictimai-siyasi proseslərdə fəal iştirak etmişdir. Əməksevərliyi qısa müddətdə onu kollektivin sevimlisinə çevirmişdir. 1971-ci ildə Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci, 1976-cı ildə isə birinci katibi vəzifəsinə seçilmişdir.

Həmin illərdə E.Əhmədova əmək fəaliyyəti ilə yanaşı, Bakı Ali Partiya Məktəbinə daxil olaraq təhsilini də davam etdirmişdir.

Onun gənclik illəri ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edirdi. O vaxt ulu öndərin Lənkərana səfərləri, bu səfərlər çərçivəsində rayonun ictimai həyatında fəallıq göstərən və əmək qabaqcılları olan qadınlarla görüşləri, səmimi söhbətləri E.Əhmədovada da böyük ruh yüksəkliyi yaratmış, özünə inam formalaşdırmışdır. Elduzə xanım həmin illərdən söz düşəndə  deyir:

- Lənkəranda olarkən görüşlər zamanı Heydər Əliyevin etdiyi çıxışlar indiyədək xatirimdədir. Bizə verdiyi tövsiyələr sonralar neçə-neçə rayon qızının zamanın tələbinə uyğun yetişərək cəmiyyətdə layiqli mövqe tuta bilməsi üçün əsas olmuşdur. Mən özümü xoşbəxt hesab edirəm ki, həm ulu öndərin siyasi hakimiyyətdə olduğu dövrdə, həm də onun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə ictimai-siyasi həyatdan kənarda qalmamışam. Mən bunu böyük xoşbəxtlik və Tanrının qisməti hesab edirəm. Bugünkü Azərbaycan cəmiyyətində sürətlə davam edən islahatlar, genişmiqyaslı quruculuq-abadlıq işləri mənə də böyük sevinc, xoş sabahlara, övladlarımızın təhlükəsiz gələcəyinə tükənməz inam bəxş edir. Prezident İlham Əliyevin və respublikanın birinci xanımı Mehriban Əliyevanın diqqət və qayğısı ilə Lənkəran şəhərinin sosial-iqtisadi inkişafı sahəsində görülən işlər bizi çox sevindirir. Rayon qadınları bu misilsiz qayğını böyük sevinc və minnətdarlıq hissi ilə qarşılayırlar. İlk dəfə evlərimizə dünya standartlarına cavab verən içməli su, qaz xətti çəkilib. Biz analara, qadınlara bundan qiymətli hədiyyə nə ola bilər?

Bu illər ərzində E.Əhmədova şəhər partiya komitəsinin təşkilat şöbəsinin təlimatçısı, şəhər sosial təminat şöbəsinin təlimatçısı, əhalinin sosial müdafiə mərkəzində xidmət şöbəsinin müdiri, ƏSMM-də pensiya və müavinətlər şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2005-ci ildən isə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsinin sədri vəzifəsində işləyir. Bununla yanaşı, E.Əhmədova həmçinin ictimai əsaslarla fəaliyyət göstərən rayon qadınlar şurasının sədridir. O, çalışdığı bütün təşkilatlarda əməksevərliyi, işgüzarlığı ilə fərqlənmiş, kollektivin rəğbətini qazanmışdır. Müxtəlif vaxtlarda gənclərə hərbi vətənpərvərlik hisslərinin aşılanması işinin təşkilində fərqləndiyi üçün Sərhəd Qoşunlarının "Sərhədin mühafizəsinə görə" döş nişanı, "Əməkdə fərqlənməyə görə" medalına və digər mükafatlara layiq görülmüşdür.

E.Əhmədova iki oğul anasıdır. Hər iki oğlu ali təhsillidir. Böyük oğlu Vüsal Sütəmurdov kənd orta məktəbində direktor müavini, digər oğlu Tural isə Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti idarəsində arxiv işçisidir.

Elduzə xanım gələcəyə nikbin baxır. Çünki Azərbaycanımızın idarəetmə sükanı etibarlı əllərdədir. Ona görə ötən illər ərzində qazanılan nailiyyətlər bu gün həyata keçirilən uğurlu daxili xarici siyasət nəticəsində artacaq, dövlətimiz daha da inkişaf edəcək, xalqımız firavan yaşayacaqdır. Bu isə hər şeydən əvvəl dövlətimizin daha da qüdrətlənməsinə, insanların xoş güzəranına gətirib çıxaracaqdır.

 

Əlimərdan ƏLİYEV,

Lənkəran şəhəri

Azərbaycan.-2014.- 8 mart.- S.11.