Avropa Şurası Nazirlər Komitəsində ölkəmizin

 məhkəmə-hüquq islahatları maraqla qarşılanmışdır

 

Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin insan hüquqları məsələlərinə həsr olunmuş iclası keçirilmişdir. Təşkilatın üzv dövlətlərinin yüksək səviyyəli nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Cəfərov iştirak etmişdir.

İclasda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin konkret qərarlarının icrası ilə bağlı Azərbaycan Hökuməti tərəfindən görülmüş tədbirlər müzakirə olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində aparılan genişmiqyaslı islahatlardan danışan nazir müavini məhkəmələrin müstəqilliyinin daha da gücləndirilməsi, qanunvericiliyin və məhkəmə quruluşunun təkmilləşdirilməsi, hakim korpusunun ən şəffaf prosedurlarla formalaşdırılması, hakimliyə namizədlərin və hakimlərin müasir təlim metodları əsasında hazırlanması və ixtisaslaşması, ədalət mühakiməsinə əliyetərliyin asanlaşdırılması məqsədilə məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmə sisteminin yaradılması barədə ətraflı məlumat vermiş, bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla, xüsusilə Avropa Şurası ilə sıx əməkdaşlıq edildiyini, həyata keçirilən tədbirlərdə qurumun tövsiyələrinin nəzərə alındığını bildirmişdir.

Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi, qərarlarının icrası, həmçinin fikir azadlığı hüququnun təmin olunması və bu sahədə məhkəmə təcrübəsinin təhlili və ümumiləşdirilməsi məsələlərinə toxunan nazir müavini həyata keçirilmiş tədbirlərdən danışmış, ölkəmizin Ali Məhkəməsi Plenumunun fikri azad ifadə etmək hüququnun daha səmərəli məhkəmə müdafiəsinin təmin olunması ilə bağlı müvafiq qərarının qəbul olunmasını və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzrə tədbirləri diqqətə çatdıraraq, Venesiya Komissiyası ilə səmərəli əməkdaşlıq şəraitində səylərin davam etdirildiyini vurğulamışdır.

Avropa Şurası Nazirlər Komitəsi qeyd olunan məlumatları məmnunluq hissi ilə qarşılamış, Azərbaycanda qısa müddətdə məhkəmə sistemində aparılan islahatlar, o cümlədən məhkəmə sisteminin müstəqilliyinin, vətəndaşların məhkəməyə müraciət etmək hüququnun təmin olunmasında nailiyyətləri təqdir etmişdir. Həmçinin məhkəmələrin diqqətinin ifadə azadlığı sahəsində müvafiq Avropa Konvensiyasının tələblərinə cəlb olunması alqışlanmış, ölkəmizin Ali Məhkəməsi Plenumunun diffamasiya ilə bağlı qanunvericilik təşəbbüsü qeyd olunaraq, bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin, eləcə də hakimlər və prokurorlar üçün praktiki tədbirlərin və təlimlərin keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.

İclasda təşkilatın üzv dövlətləri təmsilçilərinin sualları ətraflı cavablandırılmış, sonda müzakirə olunan məsələlərlə bağlı Nazirlər Komitəsi tərəfindən qərar qəbul olunmuşdur.

Tədbirdə ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi səfir Emin Eyyubovİnsan Hüquqları üzrə Avropa Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov iştirak etmişlər.

 

 

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Paris

Azərbaycan.-2014.- 12 mart.- S.2.