Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar

regionların sürətli inkişafına zəmin yaradır

 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin iqtisadi qüdrəti günbəgün yüksəlir. Cənab İlham Əliyev keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş Azərbaycanın müasir dövlətə çevrilməsini, ən əsası, inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir.

Azərbaycanda uğurla həyata keçirilən davamlı inkişaf strategiyasının mühüm halqalarından biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində ciddi inkişaf dinamikasına və keyfiyyət dəyişikliyinə təkan verən strateji sənəd olmuşdur.

Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Dövlət başçısının fərmanları ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2004-2008-ci və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət  Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 1,2 milyon yeni iş yeri açılmışdır ki, onun da bir milyonu daimi iş yeridir.

27 fevral 2014-cü il tarixdə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı imzalanmışdır.

Qeyd olunan dövlət proqramı ölkədə növbəti illərdə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının, regionlarda infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasını  təmin edəcəkdir. Başlıca strateji hədəfi qeyri-neft sahələrinin inkişafı olan bu proqramın icrası nəticəsində aqrar sektorun çoxsahəli sabit inkişafının təmin edilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə edilmişdir. Belə ki, 2004-2013-cü illərdə kənd əhalisinin sayının 10,2 faiz artımı ilə müqayisədə ümumi kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,3 dəfə artmışdır. Kənd təsərrüfatının mühüm bölməsi olan bitkiçilikdə 2004-2013-cü illərdə əkin sahələrinin 64,2 min hektar artması ilə yanaşı, əksər bitki növləri üzrə məhsuldarlıq səviyyəsində də əhəmiyyətli artımlara nail olunmuşdur. Heyvandarlıq məhsulları istehsalı isə 2004-cü ildəki 697 milyon manata qarşı 2013-cü ildə 2 milyard 617 milyon manat təşkil edərək və yaxud təxminən 3,8 dəfə artaraq ümumi kənd təsərrüfatı məhsulunun strukturunda payı 49,5 faizə çatmışdır.

Azərbaycanda kənd təsərrüfatının inkişafını təmin edəcək  ən vacib sənədlərdən biri 16 yanvar 2014-cü il tarixdə imzalanmış "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında"  Azərbaycan Respublikası Prezidentinin sərəncamıdır. Sərəncamda  aqrar-sənaye kompleksinin inkişaf strategiyası, kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsi, Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, bu məhsulların sanitariya tələblərinə uyğunluğunun yoxlanılması, fermerlərə informasiya-məsləhət xidmətinin təşkili, müasir tələblərə cavab verən "fermer mağazaları" və "yaşıl marketlər"in təşkil olunması və digər bu kimi kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdıran tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycanda əhalinin yarısının  aqrar sektorla bağlı olduğunu nəzərə alaraq dövlət daim aqrar sektorun inkişafını dəstəkləyir, yeni aqrar komplekslərin yaradılması üçün maddi dəstək göstərir və bu dəstəkdən maksimum yararlanmaq üçün ölkədə ərzaq təhlükəsizliyinin təminatına yönələn tədbirlər görülür.

Belə tədbirlərdən biri də 20 dekabr 2013-cü il tarixdə Bakı Biznes Mərkəzində Azərbaycan  Respublikasının İqtisadiyyat və Sənaye,  Kənd Təsərrüfatı nazirliklərinin, habelə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı, Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi,  Dış Ekonomik İlişkiler Kurulu və Azərbaycan Türk İş Adamları Birliyi təşkilatlarının dəstəyi ilə "Azərbaycan və Türkiyə iş birliyi çərçivəsində aqrar sahənin imkanları və inkişaf perspektivləri" mövzusunda keçirilmiş  konfransdır. Konfransda aqrar sahənin imkanları müzakirə olunmuş, aqrar sənaye kompleksinin inkişafı sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi və qarşılıqlı fikir mübadiləsi aparılmış, kənd təsərrüfatının inkişafında Türkiyənin zəngin təcrübəsinin olduğu vurğulanmışdır.

Son 10 ildə Türkiyənin  aqrar sahəsi 9 dəfə böyüyüb. Daxili tələbat tam ödənilir, bir çox məhsullar keyfiyyətinə görə Avropa bazarında özünəməxsus yer tutur. Hazırda Azərbaycanla Türkiyə arasında aqrar sahənin inkişaf etdirilməsi üçün bir sıra pilot layihələr həyata keçirilir və bu layihələr bizə deməyə əsas verir ki, Türkiyə təcrübəsi Azərbaycanda aqrar  sektorun inkişafına öz töhfəsini verə bilməklə yanaşı, hər iki ölkənin aqrar sektoruna investisiya yatırımlarının  artırılmasına  şərait yarada bilər.

Son illər ölkədə gedən sosial-iqtisadi inkişaf beynəlxalq təşkilatların da diqqətindən kənarda qalmır.  Belə ki,  20 fevral 2014-cü il   tarixdə  Bakıda Birləşmiş Millətlər Təşkilatının Ərzaq Kənd Təsərrüfatı Təşkilatının və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə keçirilmiş "Aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb olunması üzrə yüksək səviyyəli forum"un keçirilməsi buna əyani misaldır.

Forum Birləşmiş Millətlər Təşkilatının Ərzaq Kənd Təsərrüfatı Təşkilatı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası arasında keçirilmiş ilk yüksək səviyyəli tədbir olmaqla yanaşı, aqraq-sənaye kompleksinin inkişafı istiqamətində regional miqyasda məhsuldar əməkdaşlıq üçün real zəmin yaratmışdır.

Forumda "2020 hədəfləri: Azərbaycanda aqro-ərzaq zəncirinin inkişafı", "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regionunun aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb edilməsi üzrə prioritetlər və çağırışlar", "Azərbaycanda kənd təsərrüfatı və aqrosənaye sahəsinin vəziyyəti və inkişaf prioritetləri"  və digər bu kimi aktual məsələlər müzakirə olunmuşdur ki, bu da ölkənin aqrar sektorunun inkişafında beynəlxalq təcrübənin öyrənilməsinə, tətbiq olunmasına, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin  qurulmasına təkan verəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası ölkəmizin bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqləmişdir. Azərbaycan  Prezidenti cənab İlham Əliyevin həmin iclasda qeyd etdiyi kimi, Azərbaycanın sosial-iqtisadi, siyasi, hüquqi və mədəni sahələrdə inkişafı üçün bütün zəruri tədbirlərin həyata keçirilməsi nəticəsində ölkənin iqtisadiyyatında dinamik-iqtisadi artım tempi qorunub saxlanılmışdır. Şəhərlə regionların inkişafındakı fərqi mümkün qədər azaltmaq, qeyri-neft sektoruna, o cümlədən kənd təsərrüfatının inkişafına dəstək vermək 2013-cü ildə də ölkə Prezidentinin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olmuşdur.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  aqrar sektorun ölkə üçün əhəmiyyətindən danışaraq demişdir: "Əlbəttə, kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Keçən il kənd təsərrüfatı  təxminən 5 faiz artmışdır. Ancaq potensial daha böyükdür. Mən hesab edirəm ki, 2014-cü ildə və ondan sonrakı illərdə  kənd təsərrüfatının inkişafı ilə bağlı daha da böyük işlər görüləcəkdir. Böyük proqramlarımız, planlarımız  vardır. Qeyri-neft sektorunun inkişafı bu il də bizim iqtisadi sahədə prioritet olaraq qalır".

Bütün bunlar onu göstərir ki, son illərdə ölkə iqtisadiyyatının neft-qaz amilindən asılılığını azaltmaq üçün mühüm işlər görülür. Bunun nəticəsində digər sahələrlə yanaşı, aqrar sektor da son illərdə sürətlə inkişaf edir. Bölgələrdə dövlətin verdiyi güzəştli kreditlə inkişaf edən yüzlərcə aqrar müəssisə fəaliyyət göstərir. Artıq həmin müəssisələrdə istehsal olunan məhsul daxili bazarda satılmaqla barəbər, xarici ölkələrə ixrac edilir ki, bunun da sayəsində ölkəmiz xaricdən ərzaq məhsullarının idxalını azaldır.

Əldə edilmiş bütün bu nailiyyətlər statistik göstəricilərdə də əks olunur. Belə ki, son on ildə iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artmışdır. Yoxsulluq təqribən 50 faizdən 5,3 faizə düşmüşdür. İşsizlik 5 faiz təşkil edir. Bu göstəricilərə görə Azərbaycan hətta inkişaf etmiş ölkələri qabaqlayır. Xarici dövlət borcumuzun 8 faiz təşkil etməsi dünya miqyasında ən yaxşı göstəricilərdən biridir.

Son on il ərzində ölkəmizə 160 milyard dollar investisiya cəlb edilmiş, 2013-cü ildə investisiya qoyuluşu rekord səviyyəyə çatmışdır. Azərbaycan iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulmuşdur. Son bir neçə ildir ki, daxili sərmayələrin həcmi  xarici sərmayələri  üstələyir.

Azərbaycanda aqrar sahənin inkişafına təkan verən əsas amillərdən biri də 2001-ci ildən qüvvədə olan və 2013-cü ilin sonunda ölkə Prezidentinin  sərəncamı ilə daha 5 il müddətinə vaxtı uzadılmış kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin tətbiq olunmasıdır. Buna bariz nümunə kimi 5 fevral 2014-cü il tarixdə Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda səslənən faktları göstərmək olar. Prezident İlham Əliyev qeyd etdi ki, "beləliklə, biz son illər ərzində əsas ərzaq məhsullarımızla özümüzü daha da böyük səviyyədə təmin edirik. Mən bir neçə il  bundan əvvəl qarşıya vəzifə qoymuşdum ki, biz özümüzü 100 faiz təmin edək. Hələ ki buna çatmamışıq. Bu barədə danışacağıq. Ancaq  sahibkarların fəaliyyəti hesabına və düşünülmüş dövlət siyasəti sayəsində bu istiqamətdə də çox ciddi addımlar atılmışdır".

Bunun nəticəsidir ki, son 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına  19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait hesabına olmaqla 1,2 milyard manat güzəştli kredit verilmiş və bu layihələr hesabına 110 minədək yeni iş yeri açılmışdır. Güzəştli kreditlərin 64 faizi  məhz kənd təsərrüfatı məhsullarının  istehsalı və emalı layihələrinə yönəldilmişdir. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür və bu siyasət 2014-cü ildə  də davam etdirilir.

İntensiv metodlara əsaslanan aqrar sektorun inkişafına yönəlmiş siyasət, həyata keçirilən dövlət dəstəyi tədbirləri öz nəticəsini verməklə yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.

Ölkə Prezidentinin  göstərişinə əsasən yaradılmış pilot taxılçılıq təsərrüfatında ötən il rekord həcmdə - hər hektardan 55 sentner taxıl və 100 sentnerdən artıq yüksək keyfiyyətli qarğıdalı yığılmışdır.

Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsi ölkə ictimaiyyətində böyük maraqla qarşılanıb. Bu qərarın ölkəmizin neftdən asılılığını azaldacaq növbəti uğurlu mərhələ olacağı şübhəsizdir. Son bir neçə ildə sənayenin inkişafında nəzərəçarpacaq uğurlar qazanılmış, həcminə görə böyük, müasir sənaye müəssisələri əsasən dövlət sərmayəsi hesabına yaradılmışdır. Sənaye zonalarının və müvafiq infrastrukturların yaradılması yönündə də çoxsaylı layihələr uğurla icra edilmişdir. Bununla da ölkənin istər dövlət sektorunda, istərsə də özəl sektorunda müasir sənaye müəssisələrinin yaradılması üçün mükəmməl zəmin yaranmışdır.

Bu baxımdan 2014-cü ilin sənaye ili elan oluması və "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın hazırlanması barədə Prezident tapşırığının verilməsi vaxtında atılan addım, zamanın tələbidir. Bu, ölkəmizin dünyada tanınmasına əməli töhfə və nüfuzunun artması tempi ilə üst-üstə düşən təşəbbüsdür, həmçinin Azərbaycan istehsalı olan malların xarici bazarlarda daha tez yer tapa biləcəyinə real zəmindir.

Son dövrlərdə həyata keçirilən böyük layihələr, qarşıya qoyulan hər hansı bir məqsədə çata bilmək təcrübəsi Azərbaycan üçün adi hala çevrilmişdır. Məhz Prezident İlham Əliyevin uğurlu strateji addımları və siyasi iradəsi sürətli inkişafın əsas mənbəyidir. Hər bir Azərbaycan vətəndaşı bu proseslərdə ölkə rəhbərinə dəstək olmalı və proseslərdə iştirak şansı əldə etməyə çalışmalıdır.

Başa vurduğumuz il sosialyönümlü büdcə siyasəti, əhalinin maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı eyni zamanda dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri aparılmış, çoxsaylı körpülər və yollar, yüzlərlə məktəb, idman-sağlamlıq kompleksləri, xəstəxana-müalicə ocaqları, sosial-mədəniyyət müəssisələri, turizm-istirahət mərkəzləri tikilib istifadəyə verilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir. On ilə yaxın bir müddətdə görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.

Görülmüş bu tədbirlərin nəticəsidir ki, ötən ilin yekunları bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda sosial məsələlərin həllini daim diqqət mərkəzində saxlamağa imkan vermişdir. Artıq  tarixə çevrilən 2013-cü ildə dövlət büdcəsində sosialyönümlü xərclər əhəmiyyətli dərəcədə artmış, yoxsulluğun, işsizliyin aradan qaldırılması istiqamətində yüksək  nəticələr əldə olunmuşdur. 2013-cü ilin yekunlarına görə, ölkəmizin strateji valyuta ehtiyatları 50 milyard dollar səviyyəsinə çatmış, ümumi daxili məhsul istehsalı 5,8 faiz artaraq 57 milyard manat, adambaşına düşən həcmi isə 6 min manat, orta aylıq əməkhaqqı 423 manat təşkil etmiş, əhalinin pul gəlirləri 8 faiz artmışdır. 2003-cü il ərzində əhalinin adambaşına düşən gəlirləri inflyasiyanı 11,3 faiz üstələdiyi halda, 2013-cü ildə əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfə üstələmişdir.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasında əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin  başlıca istiqamətlərindən birini təşkil edir. Ərzaq təhlükəsizliyindən danışarkən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, "... həmişə olduğu kimi, ərzaq təhlükəsizliyi məsələlərinə çox böyük diqqət göstərilməlidir".

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial davamlılığının başlıca şərtidir. Ona görə də cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir.

Bu, faktdır ki, son dövrlərdə inkişaf etmiş ölkələrin maliyyə bazarında baş verən qeyri-sabitlik, maliyyə və iqtisadi böhran, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişikliyi, içməli su ehtiyatlarının məhdudlaşması və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarında qiymətləri artmağa başlamış, bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilmişdir.

Bu problemi öncədən görərək hələ keçən əsrin 90-cı illərinin ortalarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq ölkədə torpaq islahatları həyata keçirilmiş, kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım mexanizmi formalaşdırılmış, beynəlxalq təşkilatlarla bilikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanılmışdır.

Bununla yanaşı, dövlət başçısı İlham Əliyevin imzaladığı "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət  Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət  Proqramı", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramı və digər qəbul olunmuş dövlət əhəmiyyətli sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlara maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi yerli məhsulların, xüsusən ərzaq məhsullarının xüsusi çəkisinin artmasını təmin etmişdir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə əsaslanan inkişaf yolu seçməklə yanaşı, aqrar sənaye sahəsinin yüksəlişinə də xüsusi diqqət yetirir. Qeyd olunduğu kimi, 2013-cü ildə aqrar bölmədə real artım 5,0 faiz təşkil etmişdir ki, bu artımda "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının da özünəməxsus payı var. Ötən illər ərzində təşkilatımız tərəfindən ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsinə kömək məqsədilə kənd yerlərində çalışan sahibkarlara, fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, yeni iş yerlərinin açılmasının təmin edilməsi, əhaliyə göstərilən maliyyə-kredit xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür.

"Aqrarkredit" Səhmdar Kredit Təşkilatı kənd yerlərində yeni yaradılan özəl qurumların genişləndiyi bir zamanda öz kredit siyasətində əsas fəaliyyətini fermer təsərrüfatlarının və digər özəl qurumların inkişafı üzərində qurur. "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı beynəlxalq maliyyə təşkilatlarının aqrar sektorun inkişafına yönəldilmiş müxtəlif layihələrində iştirak edərək bu sahədə çalışan subyektlərə kredit xidməti göstərməklə respublikada kənd təsərrüfatı məhsulları istehsalçılarının  maliyyə vəsaitinə olan ehtiyaclarının müəyyən edilməsində və onların maliyyə vəsaitinə olan tələbatlarının ödənilməsində iştirak edir.

2013-cü il ərzində "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı tərəfindən öz vəsaitləri hesabına kənd yerlərində fəaliyyət göstərən 1129 sahibkarlıq subyektinə və 904 borcalan qrupuna 8,4, o cümlədən heyvandarlığın inkişafına 4,7, bitkiçiliyin inkişafına 0,7, ticarət və xidmət sahələrinə 3,1, sair sahələrə  0,1  milyon manat  kredit verilmişdir.

Regionların sosial-iqtisadi inkişafında Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına verilmiş güzəştli kreditlərin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Müvəkkil kredit təşkilatı kimi yola saldığımız 2013-cü ildə  Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına isə 341 sahibkarlıq subyektinə 3,2 mln. manat kredit verilmişdir.

Ümumilikdə isə təşkilatımız tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 1471 sahibkara 16,4 milyon manata yaxın  kreditlər  vermişik.

Kredit təşkilatının strateji məqsədlərindən biri də beynəlxalq maliyyə təşkilatlarının, habelə Azərbaycan Respublikası hökumətinin aqrar sahənin inkişaf etdirilməsi layihələri üzrə agent funksiyalarını yerinə yetirməkdir. Belə ki, təşkilatımız tərəfindən 2009-cu ildən kənd yerlərində yoxsulluğun azaldılmasına kömək məqsədilə icrasına başlanılmış Beynəlxalq Fondun (IFAD) maliyyələşdirdiyi "Şimal-Şərq İnkişaf Layihəsi", "Şimal-Qərb Kənd İnkişaf Layihəsi" və "Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi" çərçivəsində 2013-cü il ərzində 1507 sahibkarlıq subyektinə və borcalan qruplarına 5,2 milyon manat kredit verilmişdir.

Bu layihələr üzrə girovun tələb olunmaması, zaminlik əsasında kreditlərin verilməsi daha çox insanın bu kreditlərdən yararlanmasına şərait yaradır. Ümumilikdə keçən dövr ərzində "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı  tərəfindən kənd yerlərində fəaliyyət göstərən 9593 sahibkarlıq subyektinə 63,1 milyon manata yaxın kredit verilmişdir ki, bu da kənd təsərrüfatı məhsullarının istehsalını, emalını, kənd yerlərində infrastrukturu stimullaşdırmaqla yanaşı, yeni iş yerlərinin açılmasına şərait yaratmışdır.

2011-ci ildən "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının filiallarında kənd təsərrüfatı məhsulları istehsalçılarına mikrokreditlərin verilməsinə başlanmışdır. Filialların yerli kredit komissiyalarının qərarı ilə verilən həmin kreditlər kənd təsərrüfatı məhsullarının istehsalçılarının kredit alma prosedurunu sadələşdirmiş və qısa müddətdə kreditlərin rəsmiləşdirilməsinə şərait yaratmışdır. Mikrokreditlər girov tələb olunmadan zaminlik əsasında verildiyi üçün bu kreditlər vasitəsilə daha çox insanı əhatə etməyə, onların xırda tələbatlarının ödənilməsinə şərait yaradır.

"Aqrarkredit" Səhmdar Kredit Təşkilatını regionlarda fərqləndirən əsas cəhət respublikanın bütün regionlarını özündə birləşdirən 12 regional filial şəbəkəsi vasitəsilə ölkənin bütün şəhər və rayonlarında, ən ucqar kəndlərində belə kreditləşmənin həyata keçirilməsidir. Verilən biznes kreditlərinin təminatı kimi rayonlarda, kəndlərdə daşınar və daşınmaz əmlaklar götürülür ki, bu da regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan daha çox  hüquqi və fiziki şəxsin bizim kredit xidmətlərimizdən yararlanmasına imkan yaradır. Hazırda ölkənin 61-dən çox rayonunun 800-dən yuxarı qəsəbə və kəndində kreditləşmə həyata keçirilir.

Ötən illər kredit təşkilatı tərəfindən Yaponiya hökumətinin qrantı və Tərəfdaşlıq Fondu hesabına alınmış və lizinq qaydasında kənd təsərrüfatı məhsulları istehsalçılarına icarəyə verilmiş, eləcə də həmin texnikaların istifadəsindən Tərəfdaşlıq Fondu hesabına toplanmış vəsait hesabına 16,7 milyon manat dəyərində 1125 adda kənd təsərrüfatı texnikasının idarə olunması ilə bağlı icarə haqlarının yığılmasında agent funksiyalarını yerinə yetirir.

2013-cü ildə Yaponiya hökumətinin qrantı və Tərəfdaşlıq Fondu hesabına ötən illərdə alınmış və lizinq qaydasında kənd təsərrüfatı məhsulları istehsalçılarına icarəyə verilmiş kənd təsərrüfatı texnikalarının istifadəsindən Tərəfdaşlıq Fondunun müvafiq hesabına, eləcə də dövriyyə hesabına 267,0 min manat vəsait toplanmışdır. Artıq həmin lizinq hesabına alınan texnikaların yarıdan çoxu sahibkarların mülkiyyətinə çevrilmişdir.

Kredit təşkilatı tərəfindən verilən kreditlər Mərkəzi Bankın təlimatları və daxili qaydalar əsasında həyata keçirilir. Müasir dövrün tələblərinə uyğun olaraq "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının kənd yerlərinin kreditləşdirilməsinə dair kredit siyasətinə və daxili qaydalara yenidən baxılmışdır. Yeni qaydalar müştərilərin işini daha da asanlaşdırmaqla kredit risklərinin maksimal azaldılmasını nəzərdə tutur.

Daxili mənbələrlə yanaşı, əlavə mənbələrin tapılması hesabına kiçik və orta sahibkarlara maliyyə dəstəyi göstərilməsi işinin davam etdirilməsi və daha da inkişaf etdirilməsi üçün hazırda kredit təşkilatı tərəfindən əlavə vəsaitlərin cəlb olunması üçün bir neçə beynəlxalq maliyyə  qurumu  ilə danışıqlar  aparılır.

Əsas məqsədimiz Azərbaycanın kənd yerlərinə maliyyə xidməti göstərən və mənfəətlə işləyən bir maliyyə qurumuna çevrilməkdir. Bunun üçün "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının respublikanın bütün inzibati ərazisini əhatə edən texniki bazası, möhkəmləndirilmiş filiallar şəbəkəsi, ölkə daxilində və xaricində treninqlər keçərək müasir iş üslubunu mənimsəmiş, işi günün tələbləri səviyyəsində qurmaq bacarığına malik olan kadr potensialı vardır.

Fəaliyyət göstərdiyimiz dövr ərzində qazandığımız uğurlardan biri də kreditin qaytarılmasında ödəniş əmsalının yüksəldilməsidir. Çalışırıq ki, ədalətli əməkhaqqı, mükafatlandırma və digər həvəsləndirmə sistemlərindən istifadə etməklə həyata keçirilən düzgün faiz siyasəti, müasir informasiya texnologiyalarının tətbiqi və menecmentin təkmilləşdirilməsi nəticəsində müştərilərimizlə aramızda olan münasibətlər tərəflərin biznes maraqlarına əsaslansın. Bu gün kredit təşkilatının Azərbaycanın maliyyə bazarında peşəkar iş təcrübəsi ilə kənd təsərrüfatında çalışan sahibkarlar arasında böyük nüfuz qazanması müştərilərimizlə aramızda olan səmimiyyətdən, bərabər və şəffaf iş birliyindən, etibara əsaslanan tərəfdaşlıq əlaqələrindən xəbər verir və bizi daha yaxşı işləməyə sövq edir.

Ümumiyyətlə, Azərbaycanın son illərdəki inkişaf dinamikasına nəzər saldıqda belə qənaətə gəlmək olar ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçiliyimizin  daha da möhkəmləndirilməsi, ölkəmizin siyasi, sosial-iqtisadi, mədəni və bütün başqa sahələrdə inkişafının təmin olunması, əhalinin rifah halının, bütün kateqoriyalardan olan insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər hazırda yüksək templə davam edir. Keçən qısa dövr ərzində nəinki mərkəzi şəhərlərdə, eləcə də regionlarda  sosial-iqtisadi inkişaf sürətləndirilmiş, abadlıq, quruculuq işlərinin aparılması ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Ölkəmizdə aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün ilk növbədə bazar iqtisadiyyatı prinsiplərinə uyğun olan qanunvericilik bazasının yaradıldığını, torpaq islahatlarının həyata keçirildiyini, aqrar islahatlar nəticəsində ləğv olunmuş, eləcə də işğal altında olan rayonlarda təsərrüfat subyektlərinin borclarının silinməsi, onlara digər güzəştlərin edilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla, qalan bütün vergilərdən azad olunması, regionlarda mühüm kənd təsərrüfatı layihələrinin həyata keçirilməsi, fermerlərə yanacağın, sürtkü yağının və gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən qarşılanması, taxıl əkininə görə subsidiyaların verilməsi, texniki təminatın yaxşılaşdırılması üçün "Aqrolizinq"in yaradılması, istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnikanın və gübrələrin verilməsi belə qənaətə gəlməyə əsas verir ki, "Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət  Proqramı (2008-2015-ci illər)" uğurla  yerinə yetiriləcəkdir.

Azərbaycan Respublikası Prezidentinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində iqtisadiyyatda keçid dövrü artıq başa çatmış və iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyulmuşdur. Bu mərhələdə qazanılmış uğurların davam etdirilməsi, iqtisadi inkişafın davamlılığının təmin olunması məqsədilə dövlət başçısının müəyyən etdiyi siyasətə uyğun olaraq qarşıdakı illərdə prioritet istiqamətlər müəyyənləşdirilmişdir.

Biz  isə "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji vəzifələrin uğurla və vaxtında həyata keçirilməsi üçün əzmkarlıqla çalışaraq, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, regionlarda rentabelli müəssisələrin yaradılmasına və inkişaf etdirilməsinə kömək göstərməklə bundan sonra da regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına nail olmasına öz töhfəmizi vermək üçün bütün qüvvəmizi səfərbər  edəcəyik.

 

Məmməd MUSAYEV,

"Aqrarkredit" Səhmdar Kredit

 Təşkilatı İdarə Heyətinin sədri

Azərbaycan.-2014.- 12 mart.- S.3.