Əmlak Məsələləri Dövlət Komitəsinin

 sədri Mingəçevirdə bölgə sakinlərini qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək edirlər.

AzərTAc xəbər verir ki, növbəti belə qəbul martın 11-də Mingəçevirdəki Heydər Əliyev Mərkəzində keçirilmişdir. Əmlak Məsələləri  Dövlət Komitəsinin sədri Kərəm Həsənov Mingəçevir şəhərindən, Yevlax, Ağdaş, Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləmişdir. Qəbul zamanı müraciətlər əsasən  daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, icarəyə verilməsi və digər məsələlərlə bağlı olmuşdur. Qəbulda 50-yə yaxın vətəndaş iştirak etmişdir.

Komitə sədri qəbula gələn hər bir vətəndaşın müraciətini ayrı-ayrılıqda dinləyərək qurumun səlahiyyətinə aid məsələlərin həlli üçün struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Müraciətlərdə qaldırılan bir sıra məsələlər qanunvericiliyə uyğun olaraq yerindəcə həllini tapmışdır.  Həmçinin vətəndaşlara hüquqi qaydalar izah olunmuş və araşdırma tələb edən müraciətlər nəzarətə götürülmüşdür. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə baxılması və müvafiq tədbirlər görülməsi məqsədilə əlaqədar qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

 

Azərbaycan.-2014.- 12 mart.- S.4.