Gəncə respublikamızın sürətli inkişafı ilə qoşa addımlayır

 

 

"Bütövlükdə ölkəmizdə işlər yaxşı gedir. Biz 2013-cü ili yaxşı nəticələrlə başa vurmuşuq. 2014-cü il də yaxşı başlamışdır. Biz ilin birinci ayında sizinlə görüşürük. Əminəm ki, 2014-cü il də Gəncə, bütün başqa şəhər və rayonlarımız üçün uğurlu il olacaqdır. Çünki iqtisadiyyat artır, sosial məsələlər öz həllini tapır, Azərbaycan beynəlxalq müstəvidə öz yerini möhkəmləndirir. Bir sözlə, bu ili də uğurla başa vurmaq üçün bütün imkanlar vardır. Sadəcə olaraq, biz fəal işləməliyik, hərə öz yerində öz zəhməti, işi ilə doğma vətənimizin inkişafına töhfəsini verməlidir. Mən gəncəlilərin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm..."

 

İlham ƏLİYEV

 

Tarix şəxsiyyətləri, şəxsiyyətlər isə tarixi yaradır, demişlər. Doğrudan da, ümummilli lider Heydər Əliyev belə bir tarix yaratdı. Özü də elə bir tarix ki, onun hər səhifəsi Azərbaycanın keçmişi, bu günü və gələcəyi üçün qızıl hərflərlə yazılmışdır. Zəmanəmizin ən böyük azərbaycanlısı olan bu dahi şəxsiyyət öz milləti üçün indiyədək heç kimin görmədiyi işləri gördü. Bu gün isə Prezident İlham Əliyev bu işləri böyük uğurla davam etdirir.

Uğurlarımızın təməlində düşünülmüş siyasət, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və səmərəli iqtisadi islahatlar dayanır. İqtisadi islahatların əsas istiqamətləri Azərbaycan xalqının maraqlarını təmin etmək, ölkənin qüdrətini gücləndirmək və ən nəhayət, regionda mövqeyimizi daha da möhkəmləndirməkdir. Bunun üçün respublikamızda kifayət qədər proqramlar icra edilir. Bu proqramlar içərisində ən önəmlisi regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarıdır ki, artıq onun müsbət nəticələri göz qabağındadır.

2013-cü il də tarixə çevrildi. Yüksək nailiyyətlərlə bu tarixi zənginləşdirən Azərbaycan yenə də böyük qələbələrin sorağı ilə yeni ilə daha böyük arzularla qədəm qoydu. Adətən, insanlar yeni ilə qədəm qoyarkən  köhnə ilə yekun vurur, görülən və görülməyən işləri təhlil edir, nələr baş verdiyini, hansı uğurlar qazanıldığını nəzərdən keçirirlər. Fəxrlə demək olar ki, indi gəncəlilər belə təhlil apararkən qürur hissi keçirirlər. Ötən 10 ildə cənab İlham Əliyevin 12 dəfə Gəncəyə səfər etməsi onu deməyə əsas verir ki, ölkə başçısı Gəncəyə və gəncəlilərə böyük məhəbbət bəsləyir. Onun diqqət və qayğısı sayəsində Gəncədə son 3 ildə çoxlu sayda mərkəzlər, parklar, maddi-mədəniyyət ocaqları açılmış, tarixi abidələr bərpa edilmiş, ictimai əhəmiyyət daşıyan ünvanlar müasir tələb və standartlara cavab verə biləcək şəkildə qurulmuşdur. Təkcə keçən il şəhərdə 5 abad park, 5 muzey, bir neçə əzəmətli mərkəz istifadəyə verilmişdir ki, onların da əsas məqsədi xalqımızın, eləcə də Gəncənin tarixini gənclərə, həmçinin şəhərə gələn qonaqlara tanıtmaqdır. Artıq son illər Gəncə ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Madrid Klubunun yığıncağı, bir neçə beynəlxalq gənclər forumunun, eləcə də beynəlxalq şərab festivalının Gəncədə keçirilməsi onu deməyə əsas verir ki, artıq Azərbaycanın bölgələri də inkişaf edərək dünya standartları səviyyəsinə yüksəlir. Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileylərinin keçirilməsi və bu yubileylərdə dünyanın 60-dan artıq tanınmış aliminin iştirakı göstərir ki, Gəncə də Azərbaycanın inkişafı ilə qoşa addımlayır. Əlbəttə, bu uğurların başında Azərbaycan iqtisadiyyatının sürətli inkişafı dayanır ki, bütün bunlara görə gəncəlilər ölkə başçısı İlham Əliyevə minnətdardırlar.    

Bütün regionlarda olduğu kimi, 2013-cü ildə Gəncədə də sosial-iqtisadi inkişafa nail olunmuş, bir il ərzində ümumi məhsul istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,3 faiz artmışdır. Ümumdaxili məhsulun 23,8 faizi sənayenin, 0,4 faizi kənd təsərrüfatının, 41,7 faizi tikinti-quraşdırma işlərinin, 9,3 faizi nəqliyyatın, 0,6 faizi informasiya və rabitə sahələrinin, 24,2 faizi ticarət və xidmət sahələrinin payına düşmüşdür. Nəticədə 2013-cü ildə şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əməkhaqqı 300,8 manat olmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə  15,6 faiz çoxdur. 2013-cü ildə şəhər sənayesində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 173 milyon 864 min manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Bu, əvvəlki dövrlə müqayisədə 5,7 faiz çoxdur.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinin uğurla həyata keçirilməsi nəticəsində şəhər sürətlə inkişaf etmiş, həyata keçirilən yenidənqurma və abadlıq-quruculuq işləri geniş miqyas almışdır. Məhz bunun nəticəsidir ki, 2013-cü ildə şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 329,3 milyon manat və ya əvvəlki ildən 2,5 dəfə çox vəsait yönəldilmişdir. Həyata keçirilən bu tədbirlər nəticəsində 2013-cü ildə iqtisadi sahələrdə çalışanların orta aylıq əməkhaqqı 834,9 manat, elektrik enerjisi, qaz və təchizat sahələrində çalışanların əməkhaqqı  416,2 manat, tikintidə çalışanların aylıq orta əməkhaqqı 327,3 manat, dövlət idarəetmə və müdafiə, icbari sosial təminat bölməsində isə 360,6 manat olmuşdur.

Şəhərin sosial-iqtisadi həyatında müşahidə olunan davamlı və sürətli inkişaf, əlverişli investisiya mühiti investorlar tərəfindən əsas kapitala yönəldilmiş, ümumi sərmayənin həcmi artmış, məhsul istehsal edən obyektlərin inşasında 83,1 milyon manat (25,2 faiz), xidmət sahələri üzrə obyektlərin tikintisində 246,2 milyon manat (74,8 faiz) vəsait istifadə edilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin hamısı daxili vəsaitlərdən ibarət olmuşdur. 2013-cü ildə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi əvvəlki ilin səviyyəsini 10,2 faiz üstələmişdir. Müəssisələrin öz gücləri ilə yerinə yetirdikləri inşaat işlərinin həcmi 60,5 milyon manat təşkil etmişdir.

Ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində bir sıra sosial yönümlü obyektlərin inşası və yenidən qurulması başa çatmış, 2013-cü il ərzində ümumi sahəsi 29715 min kvadratmetr və ya əvvəlki ilə nisbətən 1,9 dəfə çox fərdi yaşayış evləri, 2 min 310 şagird yerlik ümumtəhsil məktəbləri, mədəniyyət ocaqları və digər qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilmiş, 270-ə yaxın sosial xidmət və fərdi yaşayış evlərinin inşası isə davam etdirilmişdir. Ümumi ərazisi 450 hektar olan parkda Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Gənclər Mərkəzi, 3800 yerlik amfiteatr, "Şəlalələr" kompleksi, ümumi sahəsi 70 min kvadratmetr olan "Gəncə göl", Gənclər və Çinarlar Alleyası, Zəfər tağı inşa edilmişdir.

Gəncənin simasını nəzərəçarpacaq dərəcədə dəyişmiş bu parkın ərazisində 7 kilometrdən çox avtomobil yolu asfaltlanmış, 60 min kvadratmetrə yaxın sahəyə qranit, metlax, tamet döşənmiş, 224 ədəd müxtəlif işıqlandırma dayağı quraşdırılmış, 18 fəvvarə tikilmiş, on minlərlə dekorativ gül və ağac kolları, tinglər əkilmiş, 300 hektardan çox sahədə yaşıllıq sahəsinin suvarılması məqsədi ilə 30 ədəd subartezian quyusu istifadəyə verilmişdir. Ölkə başçısının təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşların Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə şəhərində inşa edilən "ASAN xidmət"  Mərkəzi fəaliyyətə başlamışdır.

Dövlət başçısının sərəncamı ilə yeni yaradılmış 5 qəsəbəni Gəncə şəhəri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə 186  min 574 kvadratmetr asfalt örtüyü salınmış, 44 min 46 p/m səki daşları, eləcə də 400 ədəd  işıq dayağı və müasir işıqlandırma sistemi yaradılmış, yol kənarına həmişəyaşıl ağaclar əkilmiş, qəsəbənin ictimai nəqliyyat işləyən küçələrində dayanacaqlar quraşdırılmışdır. Şıxzamanlı qəsəbəsində, təyyarə limanı yolu istiqamətində və digər ərazilərdə 365-dən çox fərdi yaşayış evinin, 250-yə yaxın hündürmərtəbəli binanın dam örtüyü  dəyişdirilmiş, çoxmərtəbəli binalarda 70-dən çox istismar müddətini bitirmiş liftlər müasir sərnişin liftləri ilə əvəz edilmişdir.

Ötən müddətdə səhiyyə ocaqlarında da bir sıra yenidənqurma və təmir-tikinti işləri aparılmışdır. Abbas Səhhət adına 1 saylı şəhər və yoluxucu xəstəliklər xəstəxanalarında, 6 saylı şəhər poliklinikasında əsaslı təmir işləri sürətləndirilmiş, təcili tibbi yardım xəstəxanasında və 2 saylı poliklinikada  yeni istilik sistemi quraşdırılmış, təcili tibbi yardım stansiyasının, 2 saylı uşaq xəstəxanasının dam örtüyü və uşaq stomatoloji poliklinikasının binası əsaslı təmir olunmuşdur.

Gəncə şəhərinin şərq istiqamətindən giriş hissəsində "Qala qapıları" - Arxeologiya və Etnoqrafiya Abidə Muzey Kompleksi, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi inşa edilmişdir.

Vaxtilə şöhrəti dillər əzbəri olmuş və sonralar baxımsızlıqdan yararsız hala düşmüş Hacıkənd qəsəbəsində qısa vaxt ərzində kommunal infrastruktur, qaz, işıq, su və rabitə xətləri təzələnmiş, 5 küçə, 2 dalan təmir edilmiş, ümumilikdə isə 6 min 200 metr məsafədə işıqlandırma sistemi yaradılmışdır. Səkilər yenilənmiş, torpaq sürüşməsinin qarşısını almaq üçün 4 kilometr uzunluğunda istinad divarları hörülmüşdür.

Prezident İlham Əliyevin 2014-cü ili "Sənaye ili" elan etməşi ilə bağlı olaraq cari ildə Gəncədə ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənayenin inkişafına daha çox diqqət yetiriləcəkdir. Şəhərdə texnoparkların, yeni sənaye müəssisələrinin, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, ümumilikdə böyük sənaye komplekslərinin yaranması nəzərdə tutulmuşdur ki, bu da minlərlə yeni iş yerinin açılmasına, yeni məhsulların istehsalına, çeşidinin artırılmasına imkan verəcəkdir. Gəncədə artıq bu istiqamətdə işlərə start verilmişdir. Belə ki, keçən il fəaliyyətə başlayan "SEMPA" müəssisəsi yeni istehsal sahələrinin açılması ilə su və kanalizasiya üçün müxtəlif ölçülü plastik boruların istehsalına başlanılmışdır. Bundan başqa, ölkə başçısının metallurgiya sənayesinin inkişafı ilə bağlı imzaladığı sərəncama əsasən, Gəncədə Daşkəsən ərazisində dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksi yaradılacaq ki, bu da minlərlə yeni iş yeri deməkdir.     

Gəncə bu gün sürətlə böyüyüb, inkişaf edir. Hara baxırsan abadlıq və yenidənqurmanın şahidi olursan. Şəhər inşaat meydançasını xatırladır. Azərbaycanın bu qədim şəhəri bu gün tikilir, qurulur, yenilənir. Görülən bütün işlərə isə tarixilik və milli memarlıq baxımından həssaslıqla yanaşılır. Ölkə başçısının Gəncəyə son səfəri zamanı verdiyi tapşırıq və tövsiyələr isə şəhər sakinlərini 2014-cü ildə də böyük uğurlara imza atmaq üçün yeni-yeni qələbələrə ruhlandırmışdır.

 

Rəfiqə SADIQOVA,

"Gəncənin səsi" qəzetinin baş redaktoru

Azərbaycan.-2014.- 13 mart.- S.5.