Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Qusarda

 ölkənin şimal bölgəsindən olan vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı problemlərinin həllinə kömək edirlər.

AzərTAc xəbər verir ki, növbəti belə qəbul martın 12-də Qusar şəhərində keçirilmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləmişdir.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin Qusar şəhərindəki abidəsi ziyarət olunmuş, önünə gül qoyulmuşdur.

Vətəndaşların müraciətlərinin əksəriyyəti buraxılış, sınaq və qəbul imtahanları ilə bağlı olmuşdur. Bəzi vətəndaşlar isə təhsil haqqının ödənilməsi zamanı meydana çıxan çətinliklər və işlə təminat məsələləri ilə əlaqədar müraciət etmişlər.

Qəbulda qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilmişdir.

Müraciətlərin müəyyən hissəsi isə TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı olmuşdur. Həmin müraciətlər qeydiyyata alınmış və nəzarətə götürülərək müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılacaqdır.

Vətəndaşlar qəbulla bağlı onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.

 

Azərbaycan.-2014.- 13 mart.- S.4.