Sankt-Peterburqda Nizami Gəncəviyə

 həsr edilmiş xatirə gecəsi keçirilmişdir

 

 

Martın 13-də Rusiya Dövlət Ermitajı, Sankt-Peterburq Dövlət Universiteti, Sankt-Peterburqun İctimai Palatası və Ümumdünya Peterburqlular Klubunun birgə təşiklatçılığı ilə 1941-ci ilin oktyabr ayında Leninqradın faşistlər tərəfindən blokadada saxlanılması zamanı Nizami Gəncəvinin 800-illiyinə həsr edilmiş konfransla əlaqədar xatirə gecəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğun əməkdaşları, rusiyalı alim və ziyalılar, ictimaisiyasi xadimlər, Azərbaycan diasporu üzvləri, tələbə və gənclər, mətbuat nümayəndələri iştirak etmişlər.

Ermitajın baş direktoru Mixail Piotrovskiy çıxış edərək 1941-ci ilin oktyabr ayında soyuq hava və aclığa baxmayaraq Leninqradın alim və ziyalıları tərəfindən Nizami Gəncəvinin 800-illiyinə həsr edilmiş elmi konfransın keçirilməsini dahi şairə göstərilən dərin hörmət əlaməti kimi qeyd etmişdir.

Tədbirdə çıxış edən Baş konsul Elşad Qulamov Nizami Gəncəvinin həyat və yaradıcılığından məlumat vermiş, Sankt-Peterburqda ilk dəfə olaraq 2002-ci ilin iyun ayında Azərbaycan Prezidenti Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə dahi şairə ucaldılmış abidədən söz açmışdır. 2011-ci ildə abidənin yerləşdiyi bağda Heydər Əliyev Fondu tərəfindən aparılan abadlıq işləri barədə məlumat vermişdir.

Xatirə gecəsi musiqili-poetik proqramla davam etmişdir. Proqram çərçivəsində Nizami Gəncəvinin şerlərindən misralar oxunmuş, incəsənət elmləri doktoru tanınmış tar ustası Faiq Çələbi Azərbaycan milli musiqi parçalarını ifa etmiş, o cümlədən, Peterburq artistləri tərəfindən “Məhəbbət hekayəsi” adlı rəqs miniatüru qonaqlara təqdim edilmişdir.

 

Azərbaycan.-2014.- 15 mart.- S.7.