Yeni Azərbaycan Partiyasının beynəlxalq

 əlaqələr komissiyasının iclası keçirilmişdir

 

 

 

 Martın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr komissiyasının iclası keçirilmişdir.

İclasda Milli Məclisin sədr müavini, komissiyanın sədri, partiyanın İdarə Heyətinin üzvü Bahar Muradova gündəlikdə duran əsas məsələlərin qurumun fəaliyyət proqramının, 2014-cü il üçün tədbirlər planının təsdiqi və təşkilati işlər olduğunu bildirmişdir.

Bahar Muradova komissiyanın fəaliyyəti və iş planı haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan etibarən beynəlxalq əməkdaşlığa önəm verir. YAP müxtəlif ölkələrin siyasi partiyaları, ayrı-ayrı ictimai təşkilatlar ilə ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığı inkişaf etdirir.

Qeyd olunmuşdur ki, 2014-cü ilin planına cari ilin fevral ayında “Xocalıya ədalət!” devizi altında Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbirin keçirilməsi, apreldə tanınmış politoloqların iştirakı ilə beynəlxalq aləmdə baş verən proseslərin təhlilinə həsr olunmuş “dəyirmi masa”nın təşkili, may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə beynəlxalq konfransın keçirilməsi daxildir. Bundan başqa, planında avqustda xarici ölkələrdə təhsil alan tələbələrin YAP-ın fəalları ilə görüşünün keçirilməsi, sentyabrda “Azərbaycan inteqrasiya yolundamövzusu ətrafında YAP fəallarının ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri ilə disputun təşkili və digər toplantılar da yer almışdır.

İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov, komissiyanın üzvü, Milli Məclisin deputatı Asəf Hacıyev və başqaları çıxış edərək planında əks olunan məsələlərlə bağlı fikirlərini bölüşmüşlər. 

Sonra YAP-ın beynəlxalq əlaqələr komissiyasının fəaliyyət proqramı və 2014-cü il üçün planı təsdiq edilmişdir.

Sonda təşkilati məsələlərə baxılmışdır. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komissiyanın sədr müavini, siyasi elmlər doktoru Elman Nəsirov isə katibi seçilmişdir.

 

  AzərTAc

Azərbaycan.-2014.- 18 mart.- S.3.