İlin axır çərşənbəsi

 

Səməni, saxla məni

İldə göyərdərəm səni,

Səməni, al məni,

Hər yazda

Sən yada

Sal məni.

Səməni sazana gəlmişəm,

Uzana-uzana gəlmişəm

Sən gələndə yaz olur,

Yaz olur, avaz olur.

Səndən mən can istərəm,

Canıma qan istərəm.

Səməni, ay səməni,

İldə göyərdərəm səni...

Boz ayın ilaxır çərşənbələrindən sonuncusu Torpaq çərşənbəsidir. Xalq arasında bu çərşənbə "Axır çərşənbə", "Yer çərşənbəsi", "Çərşənbə-suri" adları ilə çox təmtəraqlı şəkildə keçirilir. Torpaq çərşənbəsi torpağın oyanmasını, dirilməsini şərtləndirir. Erkən təsəvvürlərə görə, dörd mühüm ünsürdən sonuncusunun oyanması nəticəsində Su, Atəş, Yel, Yer üzünü dəyişir, insanları çətinlikdən, sıxıntı və məhrumiyyətlərdən xilas etmək üçün daha da qüvvətlənir. Xalq arasında mifik düşüncəni əks etdirən belə nümünələrdən birində deyilir ki, "adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel, Atəş, Yel və Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun "Adamları fəlakətə salan özü fəlakətə düşər" deyə yerindən qalxır, Sel, Atəş, Yel və Torpaq xatun əl-ələ verib:

Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi,

Təzə ömür, təzə məhsul, il gəldi,

- deyə-deyə, oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyirlər, həmin gün ilin əziz günü olan Axır çərşənbə idi.

Məlumdur ki, Torpaq insanın yaradılışında bilavasitə iştirak edən dörd müqəddəs ünsürdən biridir. Böyük Yaradanın nazil etdiyi müqəddəs kitabların ən fəzilətlisi Qurani-Kərimdə Fatir ("Yaradan") surəsinin 11-ci ayəsində belə buyrulur: "Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir". Əc-Səcdə ("Səcdə") surəsinin 7-ci ayəsində buyrulur: "Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş", Ər-Rum ("Rumlular") surəsinin 20-ci ayəsində isə belə deyilir: "Allahın sizi torpaqdan xəlq etməsi Onun dəlillərindəndir". Maraq doğuran məsələlərdən biri də islam dinində torpağın müqəddəsliyini göstərən təyəmmümlə bağlıdır. Təyəmmüm - su olmadıqda, su tapılmayanda torpaqla, qum və ya tozla dəstəmaz almaq deməkdir. Bu barədə Qurani-Kərimdə "Ən Nisa" ("Qadınlar") surəsinin 43-cü ayəsində Böyük Yaradan belə buyurur:

"Ey iman gətirənlər!.. Su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün!" Deməli, torpaq insanın yaradılışında iştirakdan əlavə, həm də suyu əvəz edir, safdır, pakdır, müqəddəsdir, insanı pak edə biləcək qüvvəyə malikdir. Deməli, Torpaq müqəddəsdir, yaradılış Torpaqla bağlıdır. Burada belə qənaətə gəlirik ki, teoloji düzümdə ilk insanın yaranmasında Torpaq ilkin faktor kimi çıxış edir, yəni Ulu Tanrı insanı əvvəlcə torpaqdan, daha sonra istilik və sudan, ən sonda öz nəfəsini üfürməklə yaratmışdır. Novruzun yaranmasında, mərasim folklorunda isə bu düzüm bir qədər fərqlənir, yəni Su, Od, Yel birləşib Torpağı dirildir, oyadır, artıq əkin-biçinə, şumlanmağa hazır edir. Rəvayətə görə, bir kişi hər il torpağı şumlar, əkib-biçib bol məhsul götürərmiş. Aylar, illər ötür. Zaman öz işini görür. Kişi qocalıb iş-gücdən qalır. Gözlərinin nurunu itirir. Bir gün o, oğlunu yanına çağırıb deyir ki, bala, şum vaxtıdı. Öküzləri hayla, xışa qoş, torpağımızı şumla. Oğul atasının sözünə əməl edir. Sabahısı gün yenə ata oğula torpağı şumlamağı tapşırır. Bu dəfə də o, öküzü, xışı götürüb torpağı şumlamağa yollanır. Üçüncü gün də ata oğluna torpağı şumlatdırır. Dördüncü dəfə ata oğluna torpağı şumlamağı tapşıranda o, "yaxşı" deyir, amma torpağı şumlamır. Fikirləşir ki, onsuz da atamın gözləri görmür, haradan biləcək ki, mən torpağı üç dəfə, ya dörd dəfə şumlamışam...

Oğlan torpağı əkib-becərir. Biçin vaxtı yetişir. O, kəhrəba kimi sarı buğdanı biçib dərzləyir. Bu vaxt oğluna deyir ki, bala məni tarlaya apar. Oğlan atasının əlindən tutub dərzlərin yanına gətirir. Ata əlindəki əsasını qarşıya uzadır. Əsa dərzə dəyir, sol tərəfə uzadır, yenə də dərzə deyir. Əsa sağda da dərzə toxunur. Kişi əsası ilə arxasını nə qədər axtarsa da, görür ki, boşdur. Deyir ki, ay oğul, nə üçün torpağı dörd yox, üç dəfə şumlamısan? Əgər bu işi dörd dəfə görsəydin, indi dərzlərin də sayı üç yox, dörd olardı".

Göründüyü kimi, torpağı əkib-becərmək, şumlamaq insan üçün əhəmiyyətlidir. Torpaq bolluq, bərəkət, bir sözlə, əmin-amanlıq, xoşbəxtlik, firavanlıq gətirəndir.

Torpağın oyanmasını əks etdirən Axır çərşənbə Azərbaycanın bəzi bölgələrində Novruz bayramı ilə eyni təmtəraqla keçirilir. Yəni Axır çərşənbə zəngin mərasim, oyun, tamaşa sistemi daxilində qeyd olunur. Axır çərşənbə axşamı digər çərşənbələrdən daha çox ayin, etiqad, adət və ənənələr icra edilir, tonqallar qalanır, kütləvi şənlik məclisləri qurulur. Ən əsası Axır çərşənbə süfrəsi və çərşənbə xonçası bəzədilir. Məlumdur ki, Novruzun əsas şirniyyatı şəkərbura, paxlava, qoğal, şəkərçörəyi və sairdir. Novruz şirniyyatlarının hər birinin öz mənası vardır. Şəkərbura - Ay, qoğal - Günəş, paxlava isə ulduzların rəmzidir. Bunlar arasında ən çox növü olan paxlavadır: Bakı paxlavası, Quba paxlavası, Şəki paxlavası, Gəncə paxlavası, riştə paxlavası və s. İlaxır çərşənbə və Novruz süfrəsində mütləq bayram plovu bişməlidir.

Səməni Novruzun əsas atributlarından biridir. Səməni bolluq-bərəkət, ruzi, yaşıllıq və yazın gəlişinin rəmzidir. Erkən dövrlərdən evlərdə səməni qoymaq adəti olmuşdur. Bu adətə görə, buğda, arpa, mərci, noxud və s. islağa qoyulub cücərdilərdi. İndi də səməni qoymaq adəti nənələrimiz, analarımız tərəfindən davam etdirilir.

Yunan filosofu Plutarx (təxminən 46-127-ci illər) Midiyada - qədim Azərbaycanda taxılı müqəddəs bitki saymaq adətinin olduğunu göstərmişdir. Bu adət hər ilin əvvəlində, yəni yazda icra edilərdi. Çox maraqlıdır ki, bu adət səməni göyərtmək şəklində bizim günlərə qədər gəlib çıxmışdır. Səməni insanların arzu-istəklərini həyata keçirən bir nemət kimi xalq təfəkkürünə daxil olmuşdur:

Səməni, ay səməni,

Göyərdərəm mən səni.

Sən gələndə yaz olur,

Yaz olur, avaz olur.

Novruz və Axır çərşənbə süfrəsinin digər bir atributu isə yumurtadır. Hələ erkən mifik düşüncədə yumurta yaradılış, varlıq, həyat funksiyası ilə bağlıdır. Şərq xalqlarının, o cümlədən türk mifoloji təsəvvüründə dünyanın yaranması yumurtadan çıxmış quşla əlaqələndirilir. Bu quş Altay xalqlarında müqəddəs hesab olunub Qaz adlandırılır. Türkdilli xalqlar arasında qartal quşların xaqanı sayılırdı. Yakutlar isə hesab edirlər ki, şamanlar qartal yumurtasından törəyib, ona görə də qartalı tanrı hesab edirlər.

Zərdüştilərin müqəddəs hesab etdikləri "Avesta"da "dünya yumurtası" anlayışı mövcuddur. Qeyd etmək yerinə düşər ki, əslində yumurta, onun quruluşu dörd müqəddəs ünsürü özündə daşıyır, ilkin təsəvvürləri əks etdirir. Yumurtanın forması və qabığı - Torpağın, qabığın altındakı nazik pərdəsi - Havanın, ağı - Suyun, nəhayət, sarısı isə Odun başlıca göstəricisidir. Demək, Novruz süfrəsini bəzəyən boyanmış yumurtalar da hər biri müvafiq mənanı ifadə edir, qırmızı rəng - günəşin, göy-yaşıl rəng - yazın, baharın, sarı rəng - payızın rəmzini bildirir. Bütün bunlar göstərir ki, Novruz ilkinlik, başlanğıc bayramıdır, dünyanın yaranması ilə bağlı ayin, etiqad və mərasimləri dünyada tanıtmağa imkan verir. Təsadüfi deyil ki, keçən əsrin 80-ci illərində antropoloq alim Tur Heyerdal Azərbaycana səfər edərkən ona Qobustanda Novruz xonçası təqdim edilərkən o, heyrətini gizlədə bilməmiş və xonçanın önündə diz çöküb bu sözləri söyləmişdir: "Əcəba, bu, dünyanın bəzədilmiş simvoludur, siz nə qədim xalqsınız!"

Erkən dövrlərdən xalqımızın təfəkküründən folkloruna həkk olunmuş dərin laylardan süzülüb gələn bədii mətnlərə, atalar sözlərinə, andlara, alqışlara, o cümlədən inanc və adətlərə nəzər salaq:

Torpaqdan pay olmaz.

Torpağa əyilən namərdə

əyilməz.

Torpaq qızılquşdur, əldən

buraxdın - uçar gedər.

Torpaqda əlləşən xoşbəxtliklə rastlaşar.

Torpaq əkinçinin zəhmətilə

zinətlənər.

Torpaq deyər: - Öldür məni, dirildim səni!

Torpağa var versən, o da sənə bar verər.

Torpaq deyər: Sən mənə tər ver, mən sənə zər verim!

Torpağa göz ağardanda üz ağardar.

Torpaq kimi bərəkətli ol ki,

hamının sevimlisi olasan!

Torpağa xor baxsan, o, sənə kor baxar.

Torpaq ovuclayan qızıl ovuclar.

Torpaq müqəddəsdir.

Torpağın qədrini bilməyən ulaya-

ulaya qalar.

Torpaqla əlləşən ac qalmaz.

Torpağı bir yerdən götürülüb.

Torpağın qarası üz ağardar.

Torpağın sirrini əli torpaqda olan bilər.

Torpaqda itki olmaz,

Kötüksüz bitki olmaz.

Torpağa vaxtlı-vaxtında su ver, bəhrəsini gör.

Torpaq haqqı!

Yer haqqı!

Torpağı sanı yaşayasan!

Torpağın həmişə gül bitirsin!

Torpağın yada qismət olmasın!

Torpağından qara yellər

əsməsin!

Torpağın həmişə bar yetirsin!

Torpağın bərəkətli olsun!

Torpağına göz dikənin gözü tökülsün!

Torpağını göz bəbəyin kimi qoru!

Çərşənbə günü təzə evə

köçməzlər.

Çərşənbə axşamı paltar biçmək yaxşı əlamət sayılır. O paltarı geyən dövlətli olar, - deyərlər.

Çərşənbə axşamı təzə paltar geymək uğur gətirər.

Libas üstə libas geyən heç vaxt çılpaq qalmaz.

Axır çərşənbə axşamı küsülülər barışarlar.

Axır çərşənbə gecəsində nəhs danışmaq, içki içmək, nalayiq işlər tutmaq olmaz.

Axır çərşənbə gecəsində təbiətdə nə varsa, hamısı təzələnir.

Axır çərşənbə gecəsində insanın da əməli, istəyi, fikri, davranışı dəyişir.

Axır çərşənbə gecəsi ərə verilən qızları tonqalın başına dolandırar və deyərlər: Qoy odlu-ocaqlı olsunlar!"

Od sönsə, ocaq da sönər, - deyərlər.

Çaylarda, gölməçələrdə bitən ağ zanbağın gövdəsi uzanmağa başlayanda deyərlər, - qışın ömrü bitir, yaz gəlir.

Axır çərşənbə günündə bir yerə yumurta, bir yerə cövhər, bir yerə kömür basdırar və niyyət edərlər. Yumurta kömür ilə yazılarsa, niyyət yaxşı gələr. Sonra onları yerdən çıxardıb ərik ağacının dibində basdırarlar.

Çərşənbə günü saç qırxdırmaq, dırnaq tutmaq xeyrə yozulur, - bu işləri görən çətinlikdən, dardan qurtarar, - deyərlər.

Çərşənbə günü gözü səyirən səfərə çıxar.

Çərşənbə gecəsi suyun üstündən tullanıb deyərlər:

Ağırlığım-uğurluğum

Bu suyun üstə tökülsün.

Axır çərşənbə günü, qaş qaralandan sonra dayanıb qonşunun qapısını pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə ifadəni yozub bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər "işığı yandır", "yaxşı olacaq" və s. olarsa hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, "söndü", "viran qalsın" və bu kimi sözlər eşidəndə pis tərəfə yozulur.

Axır çərşənbə axşamı gec yatırlar, yatmazdan qabaq bir yumurta, iki karandaş - qara və qırmızı karandaş qoyurlar. Səhər yumurtanın üstündə xətt olur (guya yumurtaya Xıdır Nəbi xətt çəkir). Əgər xətt qırmızı karandaşla çəkilibsə, yumurta kimin bəxtinə qoyulubsa, o, xoşbəxt olacaq. Qara xətt çəkilibsə, əksinə olacaq.

Axır çərşənbə axşamı gec yatırlar. Yatmazdan qabaq duzlu kökə yeyir, su içmirlər. Gecə yuxuda kökə yeyənə su verirlər. Həmin su verən adam yuxu görənin qismətidir.

Axır çərşənbə otuzluq lampanın altına qıfıl bağlayıb qoyurlar. Niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun birinci sözünü niyyətə görə yozurlar.

Axır çərşənbə gecəsi ürəyində niyyət tutub yat. Gecə yarısı durub şam yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. Güzgüyə yaxınlaşanda qorxsan, niyyətin baş tutmaz.

Axır çərşənbə gecəsi cavan qızlar bir qaba su tökürlər. Üzükləri çıxarıb saçlarına sürtürlər. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarına dəyir. Üzük neçə dəfə dəyirsə, sayırsan, demək, o yaşda da gəlin köçəcəksən.

Novruzda axırıncı çərşənbə hərə ürəyində bir arzu tutur. Axşamüstü evdən bir açar götürüb danışmadan yola düzəlir. Gəlib bir işlək yolun ayrıcında durur. Açarı sağ ayağının altına qoyub, gözləyir. Yanından keçən adamın söylədiyi ilk sözü yozur.

Novruzda axırıncı çərşənbə günü "iynə süzdürüb", "çillə çıxarırlar". Hamı deyib-gülür, şənlənir. Hər kim yatdı, onu yatdığı yerə tikirlər. Sonra da üstünə su töküb ayıldırlar.

Paltara sap ilişəndə onu götürüb şəhadət barmağına dolaya-dolaya əlifba sırası ilə sadalayırlar. Hansı hərfi deyəndə sap dolanıb qurtarırsa, sevgilisinin adı o hərflə başlayacaq.

Novruz bayramı həm də təmizlik, səliqə-sahman, paklıq, aydınlıq bayramıdır. Bu bayram öz gəlişi ilə ürəklərə istilik, sevinc, sevgi, mərhəmət gətirməklə yanaşı, bütün evlərə yeni nəfəs, təravət gətirir, evlər, həyət-bacalar təmizlənir, yuyulur, sanki insanlar yeni həyata qədəm qoymağı, yeni arzu-istəklərə nail olmağı, səadətə, xoşbəxtliyə qovuşmağı diləyirlər. Arzu edirik ki, bu Novruz xalqımıza xoş günlər, bol ruzi, qayğısız həyat nəsib etsin! Bu gün Torpağı oyadan Axır çərşənbədir.

Torpaq çərşənbəniz mübarək!

 

Ülkər NƏBİYEVA,

Bakı Dövlət Universitetinin

Dosenti

Azərbaycan.-2014.- 18 mart.- S.10.