Qədim ümumxalq bayramı

 

 

Novruz, Novruz, al Novruz!

Novruz, Novruz, qal Novruz!

Novruz, Novruz, xoş gəldin

Dolu gəldin, boş gəldin?

Quru gəldin, yaş gəldin?

Novruz, Novruz, xoş gəldin...

 

Yunan filosofu Demokrit demişdir ki, bayramsız həyat karvansarasız uzun yola bənzəyər. Böyük Yaradanın xalqımıza nəsib etdiyi ən təntənəli bayram Novruzdur. Tədqiqatlar göstərir ki, bayram öz məzmun və mahiyyəti etibarilə mühüm kulturoloji dəyərdir. O, insan cəmiyyətinin silsilə problemlərinin məcmusudur. Xalq psixologiyasının başlıca göstəricisidir. Bayram sosial-psixoloji gərginliklərin aradan qaldırılmasının hamar yollarını müəyyənləşdirir, cəmiyyətdə bərabərliyi təmin edir, ədalətsizliklərə gedən yolları qapayır.

Novruz xalqımızın mifik düşüncə və təsəvvürlərini özündə yaşadan və bu günümüzə yetirən qədim xalq bayramıdır. Bu bayram çox əski çağlarda Şərq dünyasında həm yazın gəlişi, yeni mövsümün başlanması, əkinçilik və maldarlıq mədəniyyəti ilə bağlı, həm də xalqın mənəvi-əxlaqi dəyərlərini, humanizm və həmrəylik kimi bəşəri duyğuları qabarıq şəkildə göstərən ayin və etiqadlar sistemidir.

Bu gün Novruzun konkret bir dövrdə xalq arasında keçirilmə tarixini söyləmək qeyri-mümkündür. Lakin eşitdiklərimizə, bildiklərimizə görə bu bayramın şərəfinə ulu babalarımıza Novruz adı verilmiş və bayram xalqın ən ülvi duyğularını, sülh, dostluq, birlik, səmimiyyət, mərhəmət hisslərinin yüksək ifadəçisinə çevrilmişdir. Müəyyən məqamlarda Novruza yasaqlar qoyulsa da, xalq arasında bayram bütün özəllikləri ilə birgə təntənəli şəkildə qeyd olunmuşdur.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin tarixi sərəncamından sonra Novruz bayramı artıq dövlət səviyyəsində qeyd edilməyə başladı. Bu isə Novruzla bağlı həqiqətin bərpa olunmasına və bayramın dünya xalqları arasında tanınmasına zəmin yaratdı.

2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı və aşıq sənəti UNESCO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir. Önəmli məsələlərdən biri də odur ki, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi martın 21-ni "Beynəlxalq Novruz günü" elan etmişdir.

Qeyd etməliyik ki, Novruz bayramı haqqında bəzi tarixi mənbələrdə, mif mətnlərində, orta əsrlərə aid risalə və səyahətnamələrdə müəyyən məlumat verilmişdir. Azərbaycan mif mətnlərinin birində deyilir: "Oğuz oğlu zağada yaşayanda qışdan yaman qorxardı. Ona görə də ilin üç fəslində qışa tədarük görər, dünyanın naz-nemətini zağaya yığıb gətirərdi. Bir il qış uzun çəkdi. Oğuz oğlunun azuqəsi qurtardı. Çarəsiz qalan Oğuz oğlu Böyük çillənin otuzuncu günü zağadan bayıra çıxdı ki, yeməyə bir şey tapıb gətirsin. Nə qədər gəzdi, dolandı, heç nə tapmadı. Saqqalı buz bağladı, əl-ayağı dondu. Kor-peşman evə qayıdanda yolda bir qurd balasına rast gəldi.

- Oğuz oğlu, bu qarda-boranda haradan gəlirsən? - deyə qurd balası soruşdu.

Oğuz oğlu başına gələn əhvalatı danışdı. İlin aylarından gileyləndi. Dedi ki, elə ay var yaxşı dolanırıq, elə ay da var ki, acından qırılırıq. Oğuz ayları təriflədi, ayları yamanladı:

 

Üçü cənnət bağıdı,

Üçü bizə yağıdı.

Üçü yığıb gətirər

Üçü vurub dağıdar.

Qurd balası dedi:

- Ey Oğuz oğlu, qabaqdakı yolayrıcında səni bir sürü qoyun, bir qucaq sünbül, bir cəhrə, bir də əl dəyirmanı gözləyir. Onları alıb zağana apararsan. Qoyunu kəsib ətini yeyərsən. Yunundan cəhrədə ip əyirər, özünə paltar tikərsən, dərisini əyninə geyərsən. Sünbülün dənini də əl dəyirmanında çəkər, unundan çörək bişirərsən. Yaza çıxarsan. Ancaq sənə verdiyim əmanətlərdən gərək muğayat olasan, sünbülü və qoyunu özün artırarsan. Quzuları əlinin içində saxlayıb böyüdəsən. Sünbülün dənini yerə səpib onu alnının təri ilə suvarasan. Dediklərimə əməl eləyə bilməsən, yaşamaq sənin üçün çətin olacaq.

Oğuz oğlu yolayrıcına gəldi. Qurd balasının dediklərini götürüb zağaya gətirdi. Qışı kefikök dolandı. Yazda sürünü dağlara yaydı. Sünbülün dənini torpağa səpdi, gecə-gündüz sürülərin, sarı sünbülün qulluğunda dayandı. Oğuz oğluna bir bolluq üz verdi ki, gəl görəsən. O gündən bütün ili işlədi. Qurd balasına rast gəldiyi Böyük çillənin otuzuncu günündən isə bayrama hazırlaşmağa başladı. İlin beş gününü yedi, içdi, çaldı, çağırdı, qohuma-qardaşa bayrama getdi. Həmin ildən Oğuz oğlu ilin başlanğıcını o gündən hesabladı. O günə Novruz adı verdi. Novruzu bayram etməyə adət elədi. Novruz ona uğur gətirdi".

Deməli, Novruz hələ ibtidai dövrlərdə, insanların təbiət və cəmiyyət hadisələrini özünəməxsus şəkildə dərk edib qavradığı bütün dini və siyasi mövqelərdən uzaq olduğu zamanlarda artıq xalqın həyatına, yaşayış tərzinə, məişətinə, bir sözlə, təfəkkürünə, qanına, canına daxil olmuşdu.

Təsadüfi deyil ki, orta əsr mənbələrinə görə, Novruz hələ Əhəmənilər dövründə (miladdan öncə 558-330) xalq arasında geniş yayılmış əkinçilik və maldarlıq görüşlərinin, yeni əmək mövsümünün başlanmasını özündə əks etdirən bayram kimi qeyd edilmişdir.

Novruz xalq təfəkküründə milli mədəni dəyərləri möhkəmləndirdiyindən onu müxtəlif dinlər, o cümlədən zərdüştilik və islamla bağlamağa çalışmış və bu bayramı ayrı-ayrı dini təriqətlərin bayramı kimi təqdim etmək istəmişlər. Lakin Novruz bütün dinlərdən və təriqətlərdən tamamilə uzaq, yazın gəlişini gözləyən xalqın müxtəlif ayin, etiqad və mərasimlərlə zəngin olan möhtəşəm, ürəklərə sevinc və mərhəmət gətirən bayramıdır. Novruz bayramı martın 20, 21-22-də (köhnə təqvimlə 7, 8, 9 martda) xalq tərəfindən sevə-sevə qeyd edilmişdir.

Qeyd etdiyimiz kimi, Novruz bayramı haqqında müxtəlif mənbələrdə maraqlı məlumatlar verilmişdir. Biz bu gün onlarla tanış olarkən bu bayramın Şərq xalqlarının tarixində, məişətində, dünyagörüşündə kök salan mahiyyətini bir daha açıqlamaq imkanını əldə edirik. Bu mənbələr arasında XI əsr ərəb tarixçisi Əbu Reyhan Əl-Biruninin (973-1048) "Qədim xalqlardan qalmış yadigarlar", "Qanuni-məsudi", "Ət-təhfim" əsərlərində, Ömər Xəyyamın (1045-1131) "Novruznamə" risaləsində, XI əsr ərəb alimi Nizamül-Mülkün "Siyasətnamə"sində və digər əsərlərdə Novruz haqqında məlumatlar verilir. Məsələn, "Novruznamə" əsərində göstərilir ki, "Cəmşid bu günü Novruz adlandırmaq barədə fərman verdi: Hər il fərvərdin (mart) ayının başlanğıcını bayram eləməyi, yeni ili həmin gündən hesablamağı əmr elədi".

Firdovsinin "Şahnamə" əsərində bayramın İran təqviminin ilk ayı olan fərvərdinin əvvəlində keçirdiyi barədə məlumat verilir. N.Gəncəvinin "İsgəndərnamə", Ə.Nəvainin "Səddi-İsgəndər" əsərlərində Novruzun hələ bizim eradan 350 il əvvəl keçirilməsi göstərilir. Nizaminin əsərində İsgəndərin Bərdə hökmdarı Nüşabəyə qonaq gəldiyi gün məhz Novruz bayramına təsadüf edir, burada hətta Novruz bayramının əsas atributlarından olan günəşin rəmzi sayılan qoğal və bəzi bölgələrimizdə (Qazax, Tovuz və s.) Novruz şirniyyatı olan qatlamalar süfrəyə gətirilir:

 

İsarət edildi uca padşahdan:

Tez süfrə ağası gətirsin xörək,

Ortaya düzülsün hər çeşid yemək.

Öncə gətirildi ətirli şərbət

Sanki yerə sərdi hovzunu cənnət...

O qədər xonçalar düzüldü ora...

İkiqat ələnmiş yağ qatlamalar

 

Ən parlaq aydınlıq kimi parıldar.

Ələnmiş undan, bişmiş yuvarlaq,

Ay kimi qoğallar xəzdən də yumşaq...

 

Firidun şənliyi, Cəmin novruzu

Üzlərdən silmişdi kədəri, tozu...

Günəş Dəlv bürcündən çıxdı qırağa,

Girdi Hut bürcünə balıq tutmağa...

 

Burada Nizaminin "İsgəndərnamə" poemasının "Şərəfnamə" adlanan birinci hissəsində bayram süfrəsini bəzəyən əsas şirniyyatlardan qoğalların, qatlamaların süfrəyə gətirilməsindən və daha sonra Günəşin Dəlv ("Dolça") bürcündən Hut ("Balıqlar") bürcünə daxil olması göstərilir. Bu isə artıq Novruzun gəlişindən, yəni Su çərşənbəsindən xəbər verən amillərdən biridir.

Novruz mövsüm mərasimi olduğuna görə, həm də təqvim bayramıdır. Dünyanın Şimal yarımkürəsində yaşayan əksər xalqlar bu bayramı yazın gəlişi ilə əlaqədar keçirirlər. Uzun müddət qışın soyuğundan, çətinliyindən əziyyət çəkən xalqlar yazın gəlişini gözləyirlər və bu bayramı təntənə ilə, sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar. Azərbaycanda Novruz bayramı xüsusi təmtəraqla, silsilə oyun, tamaşa və nəğmələrin müşayiəti ilə keçirilir. Burada xüsusən "Cıdır tamaşaları", "Zorxana tamaşaları", "Daşqaldırma", "Qılıncoynatma", "Buğa döyüşdürmə", "Dəvədöyüşdürmə", "Qoçdöyüşdürmə", "Kosa-kosa", "Çövkən", "Qurd", "Aşıq-aşıq", "Usta-şəyird" və s. oyunları misal göstərmək olar. Məsələn, "Kosa-kosa" oyununa diqqət yetirək:

Bayram günlərində cavanların və uşaqların ən çox sevdiyi və geniş yayılmış oyunlardan biri də "Kosa-kosa"dır. Cavanlar bir yerə toplaşırlar. Bir nəfər zirək və hazırcavab oğlana tərsinə kürk geyindirirlər, üzünü möhkəm unlayır, başına bir uzun motal papaq qoyur, ayaqlarının altına ayaq formasında ağac sarıyırlar. Boynuna zınqırov salır, paltarının altından qarnına yastıq bağlayır, bir çömçəni qırmızı bəzəyib əlinə verir və qapı-qapı gəzdirib oynadaraq pay toplayırlar. Kosanı gəzdirənlər bu mahnını oxuyurlar:

 

A kosa-kosa, gəlsənə,

Gəlib salam versənə,

Çömçəni doldursana,

Kosanı yola salsana.

A uyruğu, uyruğu,

Saqqalı it quyruğu,

Kosam bir oyun eylər,

Quzunu qoyun eylər,

Yığar bayram xonçası,

Hər yerdə düyün eylər.

 

Novruz, novruz bahara,

Güllər, güllər nübara.

Bağçamızda gül olsun,

Gül olsun, bülbül olsun,

Bal olmasın, yağ olsun,

Evdəkilər sağ olsun.

Xanım dursun ayağa,

Kosaya pay versin ağa.

Mərmər hovuzun dörd qırağında,

Bülbüllər oxur şah budağında,

Hər nə istəsən xudadan allam,

Dəllək dükanın yadıma sallam,

Dəllək dükanı tamam çıraqban,

Nağara çalıb kəsərik qurban.

Qurbanın olum, yaşıl çuxalı.

Dərbəndli isən, yoxsa buralı?

Bağçanızda gül olsun,

Gül olsun, bülbül olsun,

Bal olmasın, yağ olsun,

Evdəkilər sağ olsun,

Xanım, ayağa dursana,

Kosaya pay versənə.

 

Mahnı qurtaran kimi Kosa "kosa öldü" deyib yerə yıxılır. Bu zaman ona aşağıdakı kimi suallar verib cavab alırlar:

- Kosa, hardan gəlirsən?

- Dərbənddən.

- Nə gətirmisən?

- Alma.

- Almanı neylədin?

- Satdım.

- Pulunu neylədin?

- Öküz aldım.

- Öküzü neylədin?

- Vurdum, öldü.

Kosanın bu sözündən sonra yoldaşları birlikdə bu mahnını oxuyurlar:

Başın sağ olsun, kosa,

Canın sağ olsun, kosa,

Arşın uzun, bez qısa,

Kəfənsiz ölməz kosa.

Bundan sonra Kosaya çoxlu suallar verib cavab alır və bu mahnını oxuyurlar:

Bazarda həsir, Mələk Salmanı,

Göydə yel əsir, Mələk Salmanı,

Kosam tələsir, Mələk Salmanı.

 

Bazarda üzüm, Mələk Salmanı,

Nimçəyə düzüm, Mələk Salmanı,

Bir ala gözüm, Mələk Salmanı.

 

Kosanı tez yola sal,

Onun ürəyini al.

Qoy desin salamat qal!

Ev yiyəsi yerindən gec dursa, oyunçular ağız-ağıza verib deyirlər:

A kos-kosa, gəlmisən,

Gəlmisən meydana sən.

Almayınca payını

Çəkilmə bir yana sən.

Beş yumurta payındı,

Olmaya almayasan.

Mənim kosam oynayır,

Gör necə dingildəyir,

Ona qulaq asanın

Qulağı cingildəyir.

Mənim kosam canlıdı,

Qolları mərcanlıdı,

Kosama əl vurmayın,

Kosam ikicanlıdı.

Əmiri börk başında,

Qələm oynar qaşında,

Yüz əlli beş yaşında,

Lap-lap cavandı kosam!

 

Mahnıdan sonra Kosaya pay verirlər. Oyunçular Kosanı o biri evə aparırlar. Belə-belə bütün evləri gəzir, yığdıqları şeyləri düzəltdikləri evə gətirib, şənlik keçirirlər.

Sonra iki nəfər kosa olur. Hərəsinin qarnına bir yastıq bağlayırlar. Əllərinə isə yekə ağac verirlər. Keçi donuna salınmış bir adamı ortaya çıxarırlar. Keçinin yanında da bir adam olur. Kosalardan biri bu adama deyir:

- Qardaş, bu keçini satırsanmı?

- Bəli, satıram.

- Neçəyə verirsən?

- Yayda lopuğa, qışda topuğa.

- Yaxşı, razıyıq, yayda gəlib lopuğunu alarsan, qışda da topuğunu.

Kişi keçini kosalara verib gedir. Kosalardan biri deyir:

- Keçi mənimdi.

O biri deyir:

- Yox, mənimdi.

Bunların davası düşür, bir-birinin qarnını ağacla budamağa başlayırlar. Hansı Kosanın qarnına ağac dəyirsə, o, yerə yıxılıb yenə ayağa qalxır. Başları çarpışmağa qarışanda keçi qaçır. Kosalar birdən baxıb keçini görmürlər. Ondan-bundan keçini soruşurlar, gördüm deyən olmur. Yerə oturub üz-gözlərini gülməli şəklə salıb ağlayırlar. Oyun burada gülüşmə içində sona çatır. Burada Kosa Qışı, Keçi isə Yazı təmsil edən antropomorfik obrazlardır. Kosa-Qış ölümə məhkumdur, Keçi isə yeni həyatın rəmzidir.

Çovkən oyunun mahiyyəti isə belədir: yaşıl çəməndə, yaxud xüsusi meydançada at üstündə oynayırlar. Yerə atılan kiçik topu meydanın iki tərəfində dayanıb gözləyən oyunçular əllərindəki xüsusi düzəldilmiş ağacla ələ keçirib bir-birinin qapısına vurmağa çalışırlar. Oyunun özünəməxsus qaydaları vardır. Atdan düşmək olmaz, topa əl toxundurulmaz və s. Çövkən orta əsrin otüstü oyunları içərisində ən şöhrətli və erkən milli oyunlarımızdan biridir.

Novruz mənşəyinə görə "Yeni gün" anlamını ifadə edir. Ona görə də əslində Novruz bayramı xoş gün, xoş gələcək, gözəl və xoşbəxt həyatın müjdəçisidir. Arzu edirik ki, bu Novruz xalqımıza yeni xoş və sevinc dolu günlər gətirsin. Vətənimizin düşmən tapdağı altında olan torpaqları tezliklə xalqımıza qayıtsın! Dünyanın hər yerində Azərbaycanımızın haqq səsi ucalsın! Ədalət bərqərar olsun! Novruz bütün insanlara uğur bəxş etsin!

 

Ülkər NƏBİYEVA,

Bakı Dövlət Universitetinin dosenti

Azərbaycan.-2014.- 20 mart.- S.4.