Azərbaycanda müasir iqtisadi durum və fundamental elm

 

 

Müasir Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymaqdadır. Hazırda ölkəmizin gələcək sosial-iqtisadi tərəqqisi bilavasitə elm və təhsilin inkişaf səviyyəsi, intellektual potensialın yeni innovativ meyar və prinsiplər əsasında formalaşdırılması və ondan ölkə iqtisadiyyatının inkişafında səmərəli istifadə olunması ilə daha çox şərtlənir. Elmi-innovativ faktorlar əsasında qurulmuş güclü iqtisadiyyat müasir dövrdə inkişaf etmiş dövlətlərin davamlı tərəqqisinin başlıca göstəricilərindən biri hesab edilir. İndi dünyada iqtisadiyyatla fundamental elm arasında elə bir qarşılıqlı əlaqə yaranmışdır ki, onların biri digərini məkan və zamandan asılı olmayaraq daim tələb edir. Güclü iqtisadiyyat elmin maddi-texniki bazasında dayanaraq onu inkişaf etdirir, elm isə öz yeni ideyaları, səmərələşdirici təklifləri, texnoloji yenilikləri ilə iqtisadiyyatın daha da güclənməsinə səbəb olur. Azərbaycan sivil dünyaya inteqrasiya etdikcə bu yeni iqtisadi tendensiyaları daha dərindən hiss etməkdədir.

Hazırda elmi potensialın inkişafı və ondan milli tərəqqi naminə maksimum dərəcədə səmərəli istifadə olunması, xüsusən "elm-iqtisadiyyat" münasibətlərinin müasir dövrün tələbləri baxımından yenidən qurulması Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biridir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2012-ci ilin dekabr ayında təsdiq olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası Azərbaycan dövlətinin dünyada baş verən qlobal sosial-iqtisadi dəyişikliklərə adekvat reaksiyası olmaqla yanaşı, eyni zamanda güclü və müasir dövlət naminə son dərəcə uğurlu bir "elm-iqtisadiyyat birliyi" modelidir. Bu konsepsiya bütün digər sahələrlə yanaşı, Azərbaycan elmi qarşısında da bir çox vəzifələr qoyur. Konsepsiyada Azərbaycanın gələcək inkişafı ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatı"na keçidi, insan kapitalının adekvat inkişafını, mövcud imkan və resursları nəzərə almaqla davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi kimi prinsiplərin reallaşdırılmasında götürülür ki, bu prinsiplərin də həyata keçirilməsi ilk növbədə elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm və istehsalat arasında əlaqələrin artırılmasını, innovasiya fəallığının yüksəldilməsini tələb edir. Xüsusən bilik və mədəniyyət sahəsinin vəzifələri ilə informasiya texnologiyalarının inkişafı arasında əlaqələrin müəyyənləşdirilməsi elmi yanaşmalar olmadan mümkün deyildir.

Müstəqil Azərbaycanın müasir iqtisadi durumunu və elmi potensialın bu proseslərdə iştirakını xarakterizə etmək üçün elm-iqtisadiyyat münasibətlərinin XX əsr tarixinə qısa ekskursiya etməyi məqsədəmüvafiq hesab edirik. Çünki bütün hallarda müasir, müstəqil Azərbaycan xalqımızın XX əsr boyu əldə etdiyi sosial-iqtisadi və mədəni-mənəvi inkişaf təcrübəsinin varisidir.

XX əsrin əvvəllərində Bakıda neft sənayesinin genişlənməsi, Nobel qardaşlarının fəaliyyəti, milli burjuaziyanın o dövr üçün yeni olan texnologiyalar yaratması və onların tətbiqi  Azərbaycanda elmi fikrin inkişafına təkan vermiş, yeni elmi-texnoloji biliklərin yaranmasına səbəb olmuş, milli burjuaziyanın neft gəlirlərinin iqtisadi bazisi üzərində elm və mədəniyyət sürətlə inkişaf etmişdir.

Ötən əsrin 20-ci illərindən məlum ictimai-siyasi hadisələrlə şərtlənərək  milli elmi fikir öz inkişafının növbəti mərhələsini sovet elmi düşüncəsi kontekstində davam etdirmiş, həmin mərhələdə də Azərbaycanda elm və təhsil sürətlə inkişaf etmişdir. Bütün bu proseslərin məntiqi nəticəsi olaraq 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis edilmiş, bununla da elmi fəaliyyət Azərbaycan elmi fikrinin inkişafı tarixində ilk dəfə olaraq mükəmməl təşkilati struktura malik olmaqla sistemli xarakter almışdır.

XX əsrin ikinci yarısında - dünyada elmi-texniki inkişaf səviyyəsinin dövlətin sosial-siyasi mövcudluq qarantına çevrildiyi bir dövrdə Azərbaycan Elmlər Akademiyası qədim və zəngin elmi ənənələri olan Azərbaycan xalqının intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında, ölkə iqtisadiyyatının çiçəklənməsində, sənayeləşmədə, kənd təsərrüfatının tərəqqisində müstəsna rol oynamışdır.

Azərbaycan elminin  böyük bir mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ötən əsrin 70-80-ci illərində Azərbaycan elminin yalnız keçmiş SSRİ miqyasında deyil, bütün dünyada elmi proseslərin inkişafına təkan verən, iqtisadiyyatın bu və ya digər sahəsinə tətbiq olunan çoxsaylı elmi uğurları, elmtutumlu istehsal sahələrinin genişlənməsi bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə dövlətin elmə müstəsna qayğısının nəticəsi idi.

Ötən əsrin 70-80-ci illərində Azərbaycanda iqtisadi inkişaf alimlərin əldə etdikləri aşağıda qeyd olunan nailiyyətlərlə bilavasitə şərtlənirdi:

- neft və qaz yataqlarının kəşfi, işlənməsi, dənizdə estakadaların yaradılması, dərin özüllər üzərində neftin, qazın çıxarılması, dənizin dibi ilə nəqli və neft maşınqayırma sənayesinin, mürəkkəb geoloji mühitlərdə dərin qazmanın elmi problemlərinin həlli;

- neft kimyasının, neft-kimya sənayesinin inkişafı üçün xammal bazasının, kimya texnologiya komplekslərinin yaradılmasının elmi problemlərinin həlli;

- coğrafi, geoloji və geofiziki tədqiqatlar, filiz və qeyri-filiz, həmçinin digər faydalı qazıntı yataqlarının tədqiqi;

- energetika, mexanika, fizika, riyaziyyat, astronomiya, informatika sahələrində mühüm əhəmiyyəti olan tədqiqatların aparılması və nüfuzlu elmi məktəblərin yaradılması;

- bağların və meşələrin salınmasının, əkinçiliyin, torpaqşünaslığın, meliorasiya və su təsərrüfatının,  ərazinin flora, fauna və torpaq ehtiyatları, növ tərkibi, mühafizəsi və səmərəli istifadəsinin elmi problemlərinin həlli;

- fiziki-kimyəvi və molekulyar biologiya, gen mühəndisliyi, bionika, seleksiya sahəsindəki tədqiqatlar nəticəsində onlarla yeni yüksək məhsuldar bitki sortlarının, kənd təsərrüfatı heyvan cinslərinin yaradılması və s.

Qeyd olunan elmi nailiyyətlər həm sovet hakimiyyəti illərində, həm də sonrakı müstəqillik mərhələsində Azərbaycan iqtisadiyyatının inkişafının əsas faktorlarından olmuşdur.

Ötən əsrin 70-80-ci illərində əldə edilən  nailiyyətlərə baxmayaraq, 90-cı illərin əvvəlləri vəziyyət tamamilə dəyişdi. Bu dövrdə həm regionda, həm də dünyada olduqca mürəkkəb bir durum yaranmışdı. Böyük bir geosiyasi məkanda həyatın bütün sahələrini total xaos bürümüşdü. Həmin illərin mürəkkəb şəraitində Azərbaycanda sosial-iqtisadi xaosu şərtləndirən bir çox amilləri fərqləndirmək mümkündür:

1. Sovet dövrünə məxsus siyasi-ideoloji, sosial-iqtisadi və mədəni-mənəvi mühitdən yeni sistemlərə transformasiya problemləri;

2. XX əsrdə sürətlə gedən qloballaşma prosesinin yaratdığı problemlər;

3. Azərbaycan üçün mərkəz tərəfindən süni olaraq yaradılmış Dağlıq Qarabağ problemi və onun doğurduğu sosial-iqtisadi nəticələr.

Həmin dövrdəki mürəkkəb şərait dövlət quruculuğunu xeyli sayda daxili və xarici amillərdən asılı etdiyinə görə strateji məqamları nəzərə alan siyasi konsepsiyaları olduqca mürəkkəb şərtlər daxilində formalaşdırmaq tələb olunurdu. Əksər hallarda bu mürəkkəblik həmin siyasətin daxili və xarici tərəflərinin harmoniyasını təmin etmək üçün böyük uzaqgörənlik tələb edirdi. Başqa sözlə ifadə etsək, 90-cı illərin əvvəllərində baş verən proseslər, yeni transformasiyalar müstəqil Azərbaycanın yeni doktrinasını, prioritetlərini müəyyənləşdirmək zərurətini ortaya qoymuşdur. Müstəqil Azərbaycanın həm ideoloji, həm siyasi, həm də iqtisadi sferalarında mövcud problemlərini müəyyənləşdirmək və həlli yollarını göstərmək isə ilk növbədə elmin vəzifəsi idi. Təəssüf ki, həmin illərdə Azərbaycan elminin düşdüyü ağır vəziyyət ona bu funksiyanı yerinə yetirməyə imkan vermirdi.

Respublikanın əksər elmtutumlu istehsal müəssisələrinin tamamilə dayanması və ya qismən təsərrüfat fəaliyyəti göstərməsi yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələrinin istehsal prosesinə cəlb edilməsi sahəsində "elm-istehsal-bazar" əlaqələrinin pozulması ilə nəticələnmişdir. Bir tərəfdən ümumilikdə ölkədə yaranmış maliyyə çətinlikləri ilə əlaqədar olaraq dövlətin elmi-texniki fəaliyyəti maliyyələşdirə bilməməsi, digər tərəfdən çoxmənbəli maliyyə mexanizminin formalaşmaması Azərbaycan elmində yaranmış problemləri daha da dərinləşdirmişdir.

Bundan əlavə, elmi kadrların hazırlanması və istifadəsi, elmi əməyin bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq qiymətləndirilməsi, elmi nəticələrin tətbiqi, nəşriyyat fəaliyyətinin pozulması elmi potensialın zəifləməsinə səbəb olmuşdur. Təkcə bir faktı qeyd etmək istərdim ki, həmin illərdə elmin maddi-texniki bazasının gücləndirilməsi üçün bir ədəd də olsun avadanlıq alınmamışdı.

Belə bir şəraitdə ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldi və əsaslı dövlət quruculuğu konsepsiyası, yetkin siyasi-ideoloji, sosial-mədəni və iqtisadi mexanizmlər tətbiq etməklə vəziyyəti əsaslı olaraq dəyişməyə nail oldu.

Həmin illərdə ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasında bazar münasibətlərinə əsaslanan iqtisadi-siyasi sistemin inkişafına nail olunması və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası məqsədilə iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparıldı. Bu islahatların əsas ideyası sənayenin texniki və texnoloji səviyyəsinin, eləcə də innovasiya fəallığının yüksəldilməsi yolu ilə ölkənin hərtərəfli, davamlı inkişafının təmin edilməsi idi.

Həm Azərbaycanın inkişafında oynadığı mühüm rol, həm də elmi araşdırmalarla əlaqəsi baxımından Heydər Əliyev tərəfindən reallaşdırılan Azərbaycanın neft strategiyasını xüsusi olaraq qeyd etmək lazımdır. "Əsrin müqaviləsi" adlandırılan neft müqaviləsi,  həyata keçirilən enerji layihələri və Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq əhəmiyyətli neft kəmərinin işə düşməsi Azərbaycanın sonrakı iqtisadi inkişafının əsasında dayanan mühüm amillərə çevrildi. Bu il "Əsrin müqaviləsi"nin imzalanmasının 20 ili tamam olur. İyirmi illik müddət ərzində Azərbaycan xalqı "Əsrin müqaviləsi"nin ölkənin həyatında necə mühüm rol oynadığının şahidi oldu.

Heç şübhəsiz, "Əsrin müqaviləsi" Azərbaycan alimlərinini neft və qaz yataqlarının kəşfi və işlənilməsi sahəsindəki on illər ərzində apardıqları araşdırmaların məntiqi nəticəsi idi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev "Əsrin müqaviləsi"nin imzalandığı mərasimdəki tarixi nitqində Azərbaycanın neft sahəsində çalışan alimlərinin əməyini yüksək qiymətləndirərək onların bu yönümdəki elmi nailiyyətlərini "böyük elmi kəşflər" kimi dəyərləndirmişdir: "Bu gün, bu tarixi gündə Azərbaycanda neftin sənaye üsulu ilə hasil və emal edilməsinə başlandığı dövrdən təxminən 150 il sonra, mən Azərbaycan neftçilərinin bütün nəsillərinə, respublikamızın neft sahəsində çalışan alimlərinin, mütəxəssislərinin, mühəndislərinin və fəhlələrinin hamısına bu dövrdə təbii sərvətlərimizi çıxarıb xalqımızın rifahının müəyyən qədər yaxşılaşmasına səy göstərdiklərinə görə, fədakar əməklərinə görə, böyük elmi kəşflərinə görə təşəkkürümü bildirirəm və onları indiyə qədər qazandığı nailiyyətlərə görə ürəkdən təbrik edirəm".

"Əsrin müqaviləsi"ndən sonra Azərbaycanda neft gəlirləri hesabına neft sektorunun özü ilə bərabər turizm, xidmət, yüksək texnologiyalar, sənaye parkları sürətli inkişaf yoluna qədəm qoydu. Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətinin ölkənin qeyri-neft sektorunun, ümumən iqtisadiyyatın inkişafında oynadığı rolu son dərəcə dəqiq qiymətləndirmişdir: "Azərbaycanın enerji siyasəti iqtisadiyyatımızın transformasiyasına və şaxələndirilməsinə imkan yaratmışdır. Biz müstəqilliyimizi bərpa etdiyimiz dövrdə özəl sektordakı ümumi daxili məhsul sıfır faizə bərabər idi. Bu gün isə özəl sektor iqtisadiyyatımızın 85 faizini təşkil edir. Biz işsizlik səviyyəsini 4,8 faizə endirmişik. Yoxsulluq səviyyəsi 5,5 faizə endirilmişdir. Bizim xarici borcumuz ümumi daxili məhsulun sadəcə 8 faizini təşkil edir. Nəhayət, maliyyə vəziyyəti sabitdir və biz iqtisadiyyatımızın 55 faizini təşkil edən qeyri-neft sektoruna yatırımlar etməkdəyik".

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son illərdə qeyri-neft sektoru ölkə iqtisadiyyatının inkişaf edən sahələrindən birinə çevrilmişdir. Xüsusilə  yeni sənaye müəssisələrinin yaradılması və bu müəssisələrdə xarici istehsalın sıxışdırılmaqla daxili bazarı təmin edən, eyni zamanda xarici bazarlara çıxarılan məhsullar istehsalına başlanılmışdır. Bunun nəticəsi olaraq sənaye məhsullarının rəqabət qabiliyyəti xeyli artmışdır.

Uğurları göz önünə gətirmək üçün ölkənin bir sıra makroiqtisadi göstəricilərinə diqqət yetirək. Bu faktları nəzərdən keçirdikdə qeyd olunan uğurların mənzərəsini daha aydın təsəvvür etmək mümkündür.

Son on ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının həcmi 3,4 dəfə, qeyri-neft məhsullarının istehsalı 2,7 dəfə artmışdır. Bu dövrdə xarici ticarət dövriyyəsi 6,4, qeyri-neft məhsullarının ixracı isə 4,5 dəfə artmış, dövlətin iqtisadi təhlükəsizliyinin mühüm amili olan strateji valyuta ehtiyatlarının həcmi isə 30 dəfə artaraq 50 milyard dollara çatdırılmışdır. Ölkə iqtisadiyyatında baş verən dinamik inkişaf əhalinin yaşayış səviyyəsinin xeyli yaxşılaşmasına təsir göstərmişdir. Belə ki, 10 il ərzində əhalinin gəlirləri 6,1 dəfə artmış, ölkədə açılan 1,2 milyon yeni iş yeri nəticəsində işsizlik səviyyəsi 5,2 faizədək azalmış, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər nəticəsində yoxsulluğun səviyyəsi 6 faizədək azalmışdır.

Uğurlar sırasına ölkə iqtisadiyyatına yatırılan investisiyaları da daxil etmək olar. Belə ki, son 10 ildə ölkə iqtisadiyyatına təqribən 132 milyard dollar investisiya qoyulmuşdur. Ölkə iqtisadiyyatına sərmayə qoymaq istəyən xarici investorlarla yanaşı, yerli investorlar da sərmayə qoymağa başlamışdır. Artıq ölkə iqtisadiyyatına yatırılan sərmayələrin strukturunda yerli investisiyaların üstünlük təşkil etməsi Azərbaycanın iqtisadi gücünün yüksəlməsindən xəbər verir.

Bu gün ölkəmiz beynəlxalq təşkilatların hesabatlarında və reytinq cədvəllərində də uğurla irəliləməkdə davam edir. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatında Azərbaycan 148 ölkə arasında 39-cu yerə yüksəlmişdir. Bu, öz müstəqilliyini yeni qazanan, eləcə də müharibə şəraitində yaşayan ölkə üçün yüksək göstərici hesab oluna bilər. Azərbaycanın rəqabət qabiliyyəti indeksinə görə 39-cu yerə yüksəlməsi, eləcə də Müstəqil Dövlətlər Birliyi ölkələri arasında birinci yerdə olması ilk növbədə ölkəmizin dünyada nüfuzunun artmasına, dünya iqtisadiyyatına inteqrasiyasının sürətlənməsinə geniş imkanlar yaradır.

Şübhəsiz ki, daxili və xarici investorları Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa stimullaşdıran əsas səbəb kimi ölkənin dünya iqtisadiyyatına inteqrasiyasını, sosial və istehsal infrastrukturunun yeniləşməsi və yaradılmasını, əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi hesabına daxili bazarın şaxələnməsini, yeni texnika və texnologiyaların istehsal sahələrinə tətbiqini, eləcə də ölkədə istehsal edilən məhsulların xarici bazarlara çıxış imkanlarının genişlənməsini göstərmək olar.

Hazırda Azərbaycanın enerji strategiyası özünün yeni inkişaf mərhələsini yaşayır. "Şahdəniz-2" layihəsi bunun ən parlaq ifadəsidir. Azərbaycanın dövlət başçısı İlham Əliyevin  XXI əsrin ən iri enerji layihəsi kimi dəyərləndirdiyi "Şahdəniz-2" layihəsi Azərbaycanın neft strategiyasının məntiqi davamıdır. Bu layihə Azərbaycanda sosial-iqtisadi tərəqqinin yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından  olduqca əhəmiyyətli rol oynayacaqdır. Həmçinin bu layihə Azərbaycanla  Avropa İttifaqı arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcəkdir.

"Şahdəniz-2" layihəsi və onun məntiqi davamı olan TANAP və TAP qaz ixracı marşrutlarının təsdiqlənməsi ilə bağlı sazişlər dünyanın süpergücləri və Avropa İttifaqı, eyni zamanda beynəlxalq  iqtisadi analitika mərkəzləri tərəfindən ən mühüm iqtisadi-siyasi hadisə kimi səciyyələndirilir.

"Şahdəniz 2" sadəcə bir enerji layihəsi deyildir. Bu layihə  dünyanın transenerji strukturunun ən mühüm komponenti kimi yanacağın şaxələndirilməsinə yeni üfüqlər açmaqla regionun həm geosiyasi, həm də iqtisadi xəritəsində əhəmiyyətli dərəcədə  dəyişiklik edəcəkdir.

Layihənin digər bir əhəmiyyəti Azərbaycanın Avratlantik strukturlara inteqrasiyasının sürətləndirilməsindədir. Prezident İlham Əliyev çox haqlı olaraq qeyd etdi ki, "enerji resursları, layihələri ölkələri bir-birindən ayırmalı deyil, onları birləşdirməlidir". Ölkə rəhbərinin bu fikirləri bütövlükdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində sülhə, dostluğa əsaslanan strateji mövqeyinin ifadəsidir. Hesab edirik ki, dünyanın enerji təhlükəsizliyində strateji əhəmiyyətə malik ölkə olan Azərbaycan "Şahdəniz-2" layihəsinin reallaşması ilə bu missiyasını daha geniş miqyasda həyata keçirəcəkdir. 870 kilometr uzunluğunda olan TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Qazın Yunanıstandan digər kommunikasiya infrastrukturları vasitəsilə Bolqarıstana, Adriatik dənizindən çoxşəbəkəli sistemlər vasitəsilə Bosniya, Herseqovina, Xorvatiya, Serbiya, Çernoqoriyaya çatdırılması nəzərdə tutulur. Deməli, planetin son dərəcə böyük bir ərazisi Azərbaycanla eyni bir enerji infrastrukturuna daxil olmaqla həm də diplomatik-siyasi baxımdan ölkəmizlə sıx əməkdaşlığa girmiş olacaq və ölkəmizin beynəlxalq mühitdə nüfuzu xeyli artmış olacaqdır.  Bu amilin Azərbaycana gətirəcəyi dividendlər heç də maddi gəlirdən az deyildir.

İlkin hesablamalara görə, Azərbaycan "Şahdəniz" qaz-kondensat yatağından təxminən 200 milyard dollar gəlir əldə edəcək. Bu həcmdə valyuta rezervləri insan kapitalının inkişafını hədəf götürən Azərbaycan üçün yeni imkanlar açacaq, elmin-təhsilin tərəqqisində mühüm rol oynayacaqdır.

 

(Ardı var)

 

Akif ƏLİZADƏ,

AMEA-nın prezidenti

Azərbaycan.-2014.- 28 mart.- S.7.