Prezident İlham Əliyev Azərbaycanın prinsipial

 mövqeyini bir daha bəyan etdi

 

Ölkəmizin dünyada nüvə təhlükəsizliyinə töhfə

 verməsi beynəlxalq birlik tərəfindən də təqdir olunur

 

Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Yeni neft strategiyasının nəticəsi olaraq respublikamız nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir.

Bu gün Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan yeganə respublikadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünya miqyaslı layihələr olmaqla Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açır. Bu layihələr, eyni zamanda respublikamızın müstəqilliyini daha da möhkəmləndirir, regionda müstəqil siyasət aparılmasını təmin edir.

2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Türkiyə ilə Trans-Anadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalanmış, TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi. İlkin mərhələdə Azərbaycan qazının daşınması "Şahdəniz-2" layihəsinin hasilatı hesabına olacaq. Təbii qazın nəqli ilk mərhələdə 15-16 milyard kubmetrlə başlanacaq. 2019-cu ildə Avropaya 10 milyard kubmetr, 2018-ci ildə isə Türkiyəyə 6 milyard kubmetr qaz nəql olunacaq. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaq.

Azərbaycan enerji təhlükəsizliyi ilə yanaşı, hərbi-siyasi təhlükəsizliyinə təminatı gücləndirmək üçünbir sıra aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına iki il müddətinə sədrlik etməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən proseslərdə yaxından iştirakı və eyni zamanda, sülhün bərpa edilməsinə verdiyi töhfəsinin növbəti bariz nümunəsi idi. Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində öz səylərini əsirgəməyən və davamlı şəkildə fəaliyyət göstərən Azərbaycan BMT TŞ-nin sədri qismində beynəlxalq səviyyədə ədalətin və hüququn prinsiplərinin bərqərar olmasına mühüm töhfələrini verdi. Bu müddət ərzində etibarlı və qətiyyətli tərəfdaş kimi Azərbaycanın BMT TŞ və BMT-nin üzv dövlətləri, BMT Katibliyi, digər beynəlxalq təsisatlar ilə sıx işbirliyi və əməkdaşlıq münasibətləri də inkişaf etdirildi.

Ümumiyyətlə, Azərbaycan BMT TŞ-yə üzvlüyü və sədrliyi dövründə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi, iki il ərzində dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirdi. Ölkəmiz beynəlxalq hüquq normalarının və ədalətin müdafiəsinə çalışdı, TŞ-yə sədrliyi zamanı sülh və beynəlxalq təhlükəsizliyə dair qlobal, yaxud regional əhəmiyyətli məsələlərin gündəliyini müəyyənləşdirdi. Təbii ki, Azərbaycanın bütün məsələlərlə bağlı özünün mövqeyi var idi. Digər tərəfdən, Azərbaycanın BMT TŞ-də fəaliyyəti ərzində diplomatiyamızın səyləri dövlətimizin milli maraqlarının qlobal səviyyədə genişləndirilməsinə yönəldi. Terrordanişğaldan əziyyət çəkmiş ölkə kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidləri, o cümlədən Ermənistanın təcavüzkar siyasətini daim gündəmdə saxladı.

Xarici siyasətdə Avratlantik məkana inteqrasiya kursunu əsas götürən Azərbaycanın NATO ilə uğurlu əməkdaşlığı hərbi quruculuq məsələlərində də az əhəmiyyət daşımır. Azərbaycan ordusunda həyata keçirilən islahatlarda, hərbi hissələrin komplektləşdirilməsində NATO standartları əsas götürülür. Ölkəmizə səfər edən NATO rəsmiləri də keçirdikləri görüşlərdə Azərbaycan ordusunda aparılan islahatlardan razılıqlarını dəfələrlə bəyan ediblər. Bu, həm də Azərbaycan-NATO əməkdaşlığının perspektivləri barədə daha nikbin düşünməyə əsas verir.

NATO özünün təfərdaş ölkəsi kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez həllində maraqlıdır. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi məsələsi NATO-nun 2006-cı, 2008-ci illlərdə keçirilən zirvə toplantılarında bir daha ifadə olunmuşdur. Ölkəmizin ərazi bütövlüyü məsələsi NATO-nun 2009-cu ildə keçirilən zirvə sammitinin yekun bəyanatının 58-ci maddəsində də əksini tapmışdır. 2012-ci ildə NATO-nun zirvə görüşündə və qəbul edilmiş qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü əsasında həll edilməsi məsələsi öz əksini tapmışdır. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrdə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş, münaqişənin məhz bu prinsiplər əsasında həllinin vacibliyi vurğulanmışdır. İşğalçı Ermənistan tərəfinin bütün cəhdlərinin əbəs olduğu NATO-nun son zirvə toplantısında bir daha təsdiqləndi. Təşkilatın yekun Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyüsuverenliyi növbəti dəfə dəstəklənmişdir.

Azərbaycan-NATO münasibətləri son illərdə qarşılıqlı maraqlar əsasında, uğurla inkişaf edir. Rəsmi Bakı alyansla münasibətlərini regionun geosiyasi özəlliklərini nəzərə almaqla inkişaf etdirmək, regionda sülh və təhlükəsizliyin qorunması üçün hərbi-siyasi sahədə birgə proqramlar həyata keçirmək niyyətini açıq bildirir. "SNT" proqramı və "Fərdi Əməkdaşlıq üzrə Fəaliyyət Proqramı" çərçivəsində ölkəmizin NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrların hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları yaranmışdır. Bu əməkdaşlıq strateji məzmun kəsb etməklə regionun mühüm enerji layihələrinin təhlükəsiz gerçəkləşdirilməsinə də əsaslı təminat kimi nəzərdən keçirilir.

Bu günlərdə Niderland Krallığının Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycanın da iştirakı ölkəmizin dünya miqyasında nüfuzunun artdığını bir daha sübuta yetirdi. Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunur.

Zirvə görüşünün mötəbər qonaqları Azərbaycanın sammitdə fəal iştirakını yüksək qiymətləndiriblər. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada nüvə təhlükəsizliyinə töhfə verməsi beynəlxalq birlik tərəfindən təqdir olunub. Prezident İlham Əliyevin sammitdə çıxışı da böyük maraqla qarşılanıb. Ölkə başçısı qeyd edib ki, 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi zamanı Azərbaycan beynəlxalq terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə aid müzakirələr təşkil etmişdir. Nüvə və radioaktiv təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər görülməsinin vacibliyinə toxunan Prezident İlham Əliyev Azərbaycanın nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi ölkənin ərazisindən istifadənin qarşısını almaq üçün böyük səylər göstərdiyini, bu məqsədlə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək beynəlxalq standartlara uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli ixraca nəzarət sistemini formalaşdırdığını vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən davam edən işğalı və azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti səbəbindən ölkəmizin sərhədlərinin müəyyən hissəsinə lazımi səviyyədə nəzarət etmək imkanı yoxdur. Bu cür vəziyyət transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır.

Azərbaycan Prezidenti Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş Atom Elektrik Stansiyasının yaratdığı təhlükədən danışaraq qeyd edib ki, bu elektrostansiya bütün region və yaxın qonşular üçün böyük təhdiddir. Oradakı hər hansı qəzanın nəticələri faciəli olacaq. Lakin beynəlxalq narahatlığı aradan qaldırmaq və bu elektrostansiyanı bağlamaq əvəzinə Ermənistan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib. Baxmayaraq ki, o, yüksək seysmik zonada yerləşir və köhnəlmiş, olduqca təhlükəli texnologiyaya əsaslanır.

Azərbaycanın regionda təhlükəsizliyin və sabitliyin qorunmasında olduqca müsbət rol oynadığını deyən Prezident İlham Əliyev əlavə edib ki, biz regiondabütün dünyada nüvə təhlükəsizliyinin gücləndirilməsinə aid məsələlər üzrə beynəlxalq təşkilatlar və tərəfdaşlarımızla apardığımız əməkdaşlığın davam etdirilməsi, nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsindən irəli gələn hədələrin azaldılması işinə sadiqik.

Xatırladaq ki, 2010-cu ildə ABŞ Prezidenti Barak Obamanın təşəbbüsü ilə baş tutan ilk sammitdən sonra dünyada nüvə təhlükəsizliyinin təmin olunması sahəsində bir çox mühüm işlər görülüb. Budəfəki sammitdə nüvə təhlükəsizliyi sahəsində milli və beynəlxalq tədbirlərin əhəmiyyəti xüsusi vurğulanıb. Bu sahədə dünya ölkələri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edilib. Dünya liderləri bu Zirvə görüşündə də nüvə terrorizminin qarşısının alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsini gündəmdə saxlayıblar. Onlar nüvə terrorizmi təhlükəsinin hələ də mövcud olduğunu bildirərək bu təhlükənin qarşısının alınması üçün tədbirlərin davam etdirilməsinin vacibliyini önə çəkiblər. Zirvə görüşünün sonunda yekun Kommünike qəbul olunub.

Dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin ciddiliklə gündəmə gəldiyi indiki şəraitdə respublikamızın bu sahədə öncül mövqelərə çıxması faktı danılmaz reallıq kimi diqqət çəkir. Son 10 ildə iqtisadi inkişaf və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən dövlət başçısı İlham Əliyev respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib.

 

Azərbaycan.-2014.- 29 mart.- S.1.