Azərbaycanda müasir iqtisadi durum və fundamental elm

 

 

Müasir Azərbaycanın sosial-iqtisadi inkişafının, xüsusən də neft strategiyasının əsasında neftin özündən daha dəyərli olan elmi biliklər dayanır. Elm və texnikanın nailiyyətləri məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinin əsas amili, material və əmək sərfinin qənaəti, əmək məhsuldarlığının artırılması istehsalın təşkilinin təkmilləşdirilməsi şərti kimi çıxış edir. Bütün bunlar son nəticədə buraxılan məhsulun daxili bazarda və dünya bazarında müəssisənin rəqabət qabiliyyətini qabaqcadan müəyyənləşdirməyə imkan verir. Beləliklə, elm və başqa intellektual fəaliyyət sahələri iqtisadiyyatın inkişafında, əmək məhsuldarlığının yüksəldilməsində, milli gəlirin yaradılmasında və artmasında mühüm rol oynayır.

Bu elm sahələri içərisində geoloji tədqiqatların xüsusi rolu vardır. Sovet hakimiyyəti dövründə, xüsusən də 70-80-ci illərdə Geologiya İnstitutunda aparılan tədqiqatlar nəticəsində Azərbaycanda müxtəlif ərazilərin faydalı qazıntılarının müəyyənləşdirilməsi və perspektivlərinin dəyərləndirilməsi üçün xeyli sayda geoloji, tektonik və neotektonik xəritələr tərtib edilmişdir ki, bu xəritələr bir sıra neft yataqlarının, filiz və qeyri-filiz yataqlarının müəyyənləşdirilməsində mühüm rol oynamışdır. Bunlara misal olaraq, Azərbaycan SSR-in neft qazlılıq perspektivinin xəritəsini (1:500.000, 1954), Azərbaycan SSR-in tektonik xəritəsini (1:500.000, 1956, 1980.), rus platformasının və onun qatbaqat konturlarının fasiya və güc xəritələri atlasını (1:2500000, 1957), Azərbaycan SSR-in hidrogeoloji xəritələrini (1:500.000, 1959), Azərbaycan SSR-in faydalı qazıntılarının (filiz xammal və tikinti materialları) xəritələrini (1:500.000, 1959), Azərbaycan SSR-in neft və qaz yataqlarının və perspektivli strukturların xəritələrini (1:500.000, 1984), Azərbaycan SSR-in neft-qazlılıq xəritələrini (1:500.000, 1985), Azərbaycanın təbii qazlar xəritəsini (1:500.000, 2003) və s. misal göstərmək olar.

Azərbaycanda aparılan geoloji tədqiqatlar, xüsusən də AMEA-nın Geologiya İnstitutunun fəaliyyəti həmişə ölkə iqtisadiyyatı ilə sıx bağlı olmuş, bu gün də onunla qarşılıqlı əlaqədədir. Hazırda Geologiya İnstitutu ilə bir sıra dövlət qurumları arasında qarşılıqlı əlaqədə xeyli sayda tətbiqi elmi tədqiqatlar aparılmaqdadır ki, onların nəticələri istehsalatda geniş tətbiq olunur. Belə ki, institutun elmi baxımdan əsaslandırılmış tövsiyələrinə əsasən istehsalat mütəxəssisləri ilə birlikdə Puta, Quşxana, Neftçala, Sənqəçal-dəniz, Ələt-dəniz, Günəşli, Cənub-2 sahələrində, Balaxanı, Sabunçu-Ramana, Suraxanı 5-ci horizontda çoxlu sayda neft yığımları aşkar edilmiş, habelə Kürsəngə-cənub, Tərsdəllər və başqa ərazilərdə neftin sənaye ehtiyatları yataqlarının mövcudluğu təsdiq edilmişdir.

Hazırda Geologiya İnstitutunda litosferin müasir geodinamik təkamülünün öyrənilməsi üçün fundamental elmi tədqiqatlar aparılır, yeni nəzəriyyələr yaradılır və onların əsasında respublika sənayesi üçün çox böyük əhəmiyyətə malik praktiki texnologiyalar işlənib hazırlanır. Seysmik kəşfiyyat, quyu geofiziki və seysmoloji informasiyaların işlənilməsi və geoloji şərhinin yeni texnoloji kompleksi yaradılmış və böyük miqyasda tətbiq olunmuşdur. Bu istiqamətdə Qərbin aparıcı neft şirkətləri BP, SHEVRON, STATOİL və digərlərinin sifarişi ilə bir sıra əhəmiyyətli layihələr həyata keçirilməkdədir. ARDNŞ-in sifarişi ilə də xeyli sayda qrant layihələri (Dövlət Neft Elm fondu) həyata keçirməkdədir.

Geologiya İnstitutunda alınmış fundamental elmi nəticələrin bir qismi respublikanın neft sənayesinin inkişafında geniş istifadə edilməkdədir:

- dərində yerləşən qazkondensat və qazkondensat neft yataqlarının işlənilmə layihələrinin hazırlanması, onların istismarı prosesinə nəzarət;

- quruda yerləşən neft yataqları ehtiyatının  qiymətləndirilməsi;

- layın neft verməsinin və quyuların məhsuldarlığının artırılması üzrə aparılmış işlər;

Geoloq alimlərin səyi nəticəsində Neft daşları, Palçıq Pilpiləsi, Bahar, Bulla-dəniz, 8 mart, Gürgan-dəniz, Çilov, Cənub yataqlarının neft-qaz ehtiyatları hesablanmış və onların işlənilmə layihələri hazırlanmışdır. Bunlardan əlavə, Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Qaraçuxur, Buzovna-Maştağa, Qala, Bibiheybət, Şabandağ-Şubanı-Yasamal dərəsi, Atəşgah, Binəqədi-Çaxnaqlar-Sulutəpə, Lökbatan-Puta-Quşxana, Korgöz-Qızıltəpə-Şanqar yataqları üzrə neft ehtiyatı hesablanmış və bunun nəticəsində neft ehtiyatı təxminən 50 faizə yaxın artırılmışdır. Layın neft verimini və quyuların məhsuldarlığını artırmaq məqsədilə  aparılmış mədən tədqiqatlarından və yerinə yetirilmiş layıhələrdən böyük miqdarda iqtisadi səmərə alınmışdır.

Geologiya İnstitutu qazanılmış beynəlxalq qrantların sayına görə Azərbaycanın elmi müəssisələri arasında liderə çevrilmişdir. Bu gün institut SOROS, INTAS, NATO, CRDF, KOPERNICUS, Ukrayna Elm Fondu, Amerika Milli Elm Fondu və digər məşhur beynəlxalq fondlarla fəal əməkdaşlığı davam etdirir.

İnstitutun tərəfdaşlıq coğrafiyası qeyri-adi dərəcədə genişlənmişdir. Onun tərəfdaşları arasında Böyük Britaniyanın Kembric və Aberdin, ABŞ-ın Cənubi Karolina, Yuta, Vayominq, Merilend, Kaliforniya universitetlərinin, Massaçusets Texnoloji İnstitutunun, Pyer və Mariya Küri adına Universitetin, Fransa Neft İnstitutunun, Almaniyanın Karlsrue və Hannover universitetlərinin, Moskva Universitetinin, Niderlandın Delft Universitetinin, İstanbul Universitetinin və bir sıra başqa nüfuzlu ali məktəblərin görkəmli alimlərinin adlarını çəkmək olar. Köhnə əlaqələr sürətlə bərpa edilir, fəallaşır, MDB ölkələrinin və Sakit okean regionu dövlətlərinin alimləri ilə elmi əməkdaşlıq tənzimlənir. AMEA-nın Geologiya İnstitutunun fəaliyyətinin yeni mərhələsi Yaponiya Milli Şirkəti, Cənubi Koreya institutları (KİQAM), Tayvanın Çanq-Konq Universiteti, İndoneziya Milli Neft Şirkəti və digər qurumlarla müştərək işlərlə əlamətdardır.

Azərbaycan hökuməti tərəfindən təsdiq edilmiş üç elmi-texniki kompleks proqram bu gün institutun fəaliyyətinin prioritet istiqamətləridir. Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasına həsr edilmiş birinci proqram regionda karbohidrogen potensialının və müasir geodinamik şəraitin qiymətləndirilməsi ilə bağlıdır. İkincisi mineral xammal hasilatının ekoloji baxımdan təhlükəsizlik texnologiyalarının işlənib hazırlanmasına, üçüncü proqram isə Azərbaycan təbiətinin geoloji müxtəlifliyinin və təbii abidələrin qorunub saxlanmasının təmin edilməsinə həsr olunmuşdur.

Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının inkişafında daim yaxından iştirak edən geologiya elmi öz tədqiqatlarının nəricələri ilə bu gün də ölkəmizin sosial-iqtisadi inkişafına dəyərli töhfələrini verməkdədir.

Azərbaycanda sosial-iqtisadi inkişafla bilavasitə bağlı olan elm sahələrindən biri də kimyadır. İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycan iqtisadiyyatının sosial-iqtisadi inkişafında kimyaçı alimlərimizin çox böyük xidmətləri olmuşdur. Neft emalı, neft kimyası, kimya texnologiyası, kimyəvi kinetika və kataliz, üzvi sintez, qeyri-üzvi maddələrin kimya və texnologiyası, aşqarların, sürtkü materiallarının və xüsusi mayelərin kimyası, yüksək molekullu birləşmələr kimyası Azərbaycan kimyasının əsas elmi istiqamətlərini təşkil edir. Bu elm sahəsində əldə edilmiş nailiyyətlərin nəsticəsidir ki, kimya və neft-kimya sənayesi ölkə iqtisadiyyatının ən çox inkişaf edən sektorlarından birinə çevrilmişdir. Azərbaycanın kimyaçı alimlərinin əldə etdiyi nailiyyətlər bütövlükdə keçmiş SSRİ-nin kimya sənayesinin inkişafına təkan vermişdir.

 Ötən əsrin əvvəllərindən başlayaraq kimya elminin, xüsusilə də neft kimyasının, sənaye kimyasının və üzvi sintezin inkişafında Azərbaycan alimləri xüsusi rol oynamış, böyük bir məktəbin əsasını qoymuşlar. Onların elmi araşdırmaları sayəsində benzolun sulfat turşusu ilə alkilləşməsi vasitəsilə kumolun alınma prosesi İkinci Dünya müharibəsi illərində cəbhəni yüksək oktanlı benzinlə təmin etmişdir.

 Hazırda AMEA-da kimyaçı alimlərin apardıqları tədqiqatların mühüm istiqamətlərindən biri daha yüksək məhsuldarlıqlı, az metal tutumlu, patent qabiliyyətli Q-43-107 katalitik krekinq kompleksinin yaradılmasıdır. Bu kompleks kombinə olunmuş qurğu olub, ona vakuum qazoylunun hidrotəmizlənmə, şaquli lift reaktorda katalitik krekinq, qaz fraksiyalaşdırma bölmələri daxildir. Hazırda bu tip qurğular Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda, MDB-nin bir neçə şəhərində istifadə olunur.

 Onu da qeyd etmək istərdik ki, kimyaçı alimlərimizin fəaliyyəti sayəsində polifunksional monomerlərin və reaksiyaya qabil (so) oliqomerlərin, onların əsasında lak - boya, mühafizə və elektroizolyasiya örtüklərinin, helikopter, təyyarə mühərriklərində istifadə olunan yapışqanların, eləcə də beton və gips qarışıqları üçün effektiv qatqıların alınma istiqamətlərində aparılan sistemli tədqiqatlar nəticəsində pirolizin maye məhsullarının kompleks emalı, oliqodivinilstirol lakı və yüngül qazoyl fraksiyası əsasında superplastifikatorun alınma prosesləri işlənib hazırlanmış və hazırda təcrübə-sınaq, sənaye miqyaslarında tətbiq olunmaqdadır.

Bundan əlavə, sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksiyalı aşqarların sintezi istiqamətində aparılan fundamental tədqiqatlar nəticəsində bir sıra yüksək təsirli aşqarlar və onların əsasında sürtkü yağları, o cümlədən xüsusi təyinatlı yağlar, yanacaq kompozisiyaları və xüsusi mayelər yaradılmış və sənayedə tətbiq edilməkdədir.

Hazırda kimya elminin Azərbaycanın sosial-iqtisadi inkişafında iştirakı tamamilə yeni modellər əsasında qurulmaqdadır. Bu baxımdan Neft-qaz və Neft-kimya Kompleksinin yaradılmasını xüsusilə qeyd etmək lazımdır.

Kompleksin tikintisi ilə Azərbaycanda ilk dəfə olaraq dünya bazarında tələbatın çox yüksək olduğu aşağı təzyiqli polietilen (ildə 400 min ton) və polipropilen (ildə 130 min ton) istehsal ediləcək, yüksək təzyiqli polietilenin istehsal həcmi 2,5 dəfə artırılaraq 300 min tona çatdırılacaq, kənd təsərrüfatı ildə 1 milyon ton azot gübrələri ilə təmin ediləcəkdir.

 Azərbaycan iqtisadiyyatı üçün böyük perspektivlər vəd edən yeni neft-kimya kompleksinin reallaşdırılması Xəzər və Aralıq dənizləri ilə əhatə olunan böyük bir regionda Azərbaycanın kimya və neft-kimya sənayesindəki önəmli mövqeyini təmin edəcəkdir.

 Müasir və mütərəqqi texnologiyalara malik yeni neft-kimya kompleksinin inşası təkcə kimya və neft-kimya sənayesinin deyil, ümumilikdə ölkə iqtisadiyyatının bir çox sahələrinin də dinamik, sürətli inkişafına təkan verəcəkdir. İxrac olunacaq neft-kimya məhsullarının istehsal həcminin ardıcıl olaraq artırılması və çeşidinin genişləndirilməsi sayəsində ölkəmizin sənaye potensialının yüksəldilməsi, iqtisadi qüdrətinin gücləndirilməsi, ölkəmizə valyuta axınının həcminin artırılması istiqamətində mühüm addım atılmış olacaqdır.

Kompleksin qurulmasında AMEA-nın kimyaçı alimləri öz bilik və bacarıqları, zəngin elmi təcrübələri ilə yaxından iştirak etməkdədirlər.

Müasir dövrdə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafında yaxından iştirak edən elm sahələrindən biri İKT sahəsindəki araşdırmalardır. Son illər  respublikanın müxtəlif sosial-iqtisadi sferalarında İKT geniş tətbiq olunur və ölkəmizdə müvəffəqiyyətlə informasiya cəmiyyəti formalaşır. Azərbaycan Respublikası İKT sahəsində nailiyyətlərinə görə beynəlxalq reytinqlərdə layiqli mövqe tutur və regionun aparıcı dövlətinə çevrilir. İKT infrastrukturunun genişləndirilməsi və sürətli inkişafı nəticəsində artıq cəmiyyətin müxtəlif sferaları üzrə elektron hökumət, elektron təhsil və s. kimi virtual mühitlər formalaşır, çox yüksək templə qlobal informasiya məkanına inteqrasiya olunur. Çox sevindirici haldır ki, bu sahənin inkişafı nəticəsində İKT müasir Azərbaycanda ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

"Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" konseptual bir sənəd olaraq ölkənin sosial-iqtisadi həyatının texnoloji yeniləşməsinin əsasını qoymuşdur. Milli Strategiyanın uğurla həyata keçirilməsinin nəticəsidir ki, ölkənin iqtisadi inkişafında İKT-nin rolu xeyli dərəcədə artmışdır. Belə ki, 2004-2010-cu illərdə İKT sektorunda istehsal olunmuş məhsulun və göstərilmiş xidmətlərin ümumi həcmi 3,5 dəfə artaraq 1,5 milyard ABŞ dollarına çatmış və orta illik artım tempi 30-32 faiz təşkil etmişdir.

Şübhəsiz ki, müasir dünyanın aparıcı sahəsi olan İKT-nin ölkəmizdə inkişafının və onun Azərbaycanın sosial-iqtisadi inkişafında belə yaxından iştirakının əsasında İKT yönümündəki biliklər dayanır. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu yalnız akademiya deyil, bilavasitə respublikada İKT-nin inkişafına və tətbiqinə olduqca böyük elmi dəstək verir. Çox təqdirəlayiq haldır ki, İKT sahəsində elmi araşdırmaların genişləndirilməsinə, bu istiqamətdə yüksək ixtisaslı kadrlarln hazırlanmasına dövlət səviyyəsində dəstək vardır. Bu baxımdan "İKT-nin inkişafı naminə İnsan Resursları Fondu"nun yaradılmasını, ali təhsil müəssisələrinin dərs proqramlarına İKT ilə bağlı ixtisasların daxil edilməsini xüsusilə qeyd etmək lazımdır.

 İKT-nin tətbiq olunduğu ən mühüm sferalardan biri də elmi fəaliyyətdir. Məhz bu zərurəti nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən  "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" qəbul olunmuş, elmin informasiyalaşdırılması prosesinin gücləndirilməsi ilə əlaqədar müvafiq qurumlar qarşısında mühüm vəzifələr qoyulmuşdur.

Hazırda AMEA-nın İKT sahəsində araşdırmalar aparan yüksək ixtisaslı mütəxəssisləri ölkə üzrə şəbəkə infrastrukturunun formalaşdırılması, elmi informasiya resurslarının yaradılması, beynəlxalq elmi mühitə inteqrasiya, alimlərin böyük hesablama və yaddaş resurslarına olan tələbatlarının ödənilməsi, nəticə etibarı ilə rəqəmsal fərqin aradan qaldırılması və s. kimi istiqamətlər üzrə uğurla fəaliyyət göstərməkdədirlər.

Bu gün ölkəmizdə uğurla həyata keçirilən islahatlardan biri də aqrar sahədəki islahatlardır. Bunun da nəticəsində  kənd təsərrüfatı ildən-ilə inkişaf edir. Bu prosesi daha da sürətləndirmək məqsədilə dövlət tərəfindən daim zamanla ayaqlaşan dövlət proqramları, mütərəqqi qanunlar qəbul olunur, aqrar sahəyə dotasiyalar ayrılır, xüsusi imtiyazlar verilir. Dövlətin aqrar sahədə həyata keçirdiyi islahatların müəyyən bir hissəsi aqrar elmlərin inkişaf etdirilməsidir.

Hazırda AMEA-da yeni yaradılmış Aqrar Elmlər Bölməsi fəaliyyət göstərir. Burada geniş elmi potensiala malik üç elmi-tədqiqat institutu - Torpaqşünaslıq və Aqrokimya İnstitutu, AMEA Genetik Ehtiyatlar İnstitutu və Azərbaycan Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutu işlərini günün tələbləri səviyyəsində qurur. Bu gün ölkəmizdə əhalini zəruri qida məhsulları və kənd təsərrüfatı malları ilə təmin etmək üçün güclü potensial mövcuddur. Dünyada baş verən iqlim dəyişiklikləri və təbii fəlakətlərlə əlaqədar bir çox dövlətlərin ərzaq təhlükəsizliyində problemlərin yarandığı bir dövrdə Azərbaycanda əhali kənd təsərrüfatı məhsulları ilə etibarlı şəkildə təmin olunur. Bütün bunlara baxmayaraq ölkəmizdə aqrar elmlərin inkişafı üçün zəruri tədbirlər vardır ki, onlar kompleks yanaşma tələb edir.

Azərbaycanın sosial-iqtisadi inkişafında iştirak baxımından ictimai-humanitar elmimizin də xüsusi rolu vardır. İlk baxışdan ictimai-humanitar elmlərin sosial-iqtisadi inkişafda rolunu dəqiq müəyyənləşdirmək mümkün olmur. Bəlkə də ona görə ki, bu elm sahələrinin  əldə etdiyi elmi nəticələrin əksəriyyətini rəqəmlərlə ifadə etmək mümkün deyildir. Lakin  bu, ilk baxışdan belədir.

Azərbaycanda ictimai-humanitar elmlər sahəsindəki tədqiqatlar nəticəsində  xalqımızın etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, siyasi, sosial-iqtisadi tarixinin və tarixşünaslığının  tədqiqi; azərbaycanlı filosof və mütəfəkkirlərin orta əsrlərdə ərəb, türk və fars dillərində çap olunmuş əlyazmalarının, zəngin irsinin tədqiqi;  Azərbaycan xalqının fəlsəfi və ictimai-siyasi fikrinin və onun əsas inkişaf mərhələlərinin tədqiqi; ictimai-ədəbi fikir tarixinin, ədəbiyyatşünaslığın əsas məsələlərinin, ədəbiyyat tarixinin tədqiqi; zəngin Azərbaycan folklorunun toplanılması, kataloqlaşdırılması, təsnifatı, nəşri və tədqiqi; tarixi milli-memarlıq məktəblərinin öyrənilməsi, müasir memarlıq məktəblərinin yaradılması, memarlıq abidələrinin bərpası sahəsində tədqiqatların və sənətşünaslıq elminin inkişafı və s. istiqamətlərdə xeyli nailiyyətlər əldə edilmişdir.

Hesab edirik ki, milli dövlətçiliyə xidmət baxımından ictimai-humanitar elm sahələrində çalışan alimlərin fəaliyyətinin əsas strateji istiqamətini əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası təşkil etməlidir. Bu elm sahələri üzrə çalışan alimlərin əldə etdiyi elmi nəticələr və həyata keçirdiyi mədəni proqramlar ilk növbədə dövlətçilk düşüncəsinin milli təfəkkürdə sabitləşməsinin, milli-mənəvi dəyərlərin müasir inkişafımız üçün səfərbər edilməsinin, yeni iqtisadi təfəkkürün formalaşmasının daha optimal yollarının araşdırılmasına sərf edilməlidir.

Müasir azərbaycançılıq ideologiyasının elmi əsaslarla hazırlanmasını tarix, fəlsəfə, hüquq, politologiya, sosiologiya, arxeologiya, folklor, etnoqrafiya kimi elm sahələri birlikdə həyata keçirməlidirlər.

Bu baxımdan akademiya qarşısında dayanan əsas vəzifələrdən biri də müxtəlif tədqiqat sahələrində (təbiət, texnika, humanitar və ictimai elmlər üzrə) çalışan alim və mütəxəssislərin elmi fəaliyyətinin əlaqələndirilməsinə, həmçinin elmi tədqiqatların ayrı-ayrı fənn predmetlərindən çıxarılıb kompleks problem mövzular üzrə aparılmasına nail olmaqdır. Multidissiplinar tədqiqatlar müasir dünyanın ən aktual sahələrindəndir. Artıq multidissiplinar araşdırırmaların genişləndirilməsi istiqamətində AMEA-da elmi və elmi-təşkilati tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Azərbaycan iqtisadiyyatının uğurları yeni mərhələdə elm qarşısında tamamilə yeni vəzifələr qoyur. İndi ölkəmiz intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin astanasındadır.  Azərbaycanda innovsiyalara əsaslanan yeni iqtisadi inkişaf modelinin qurulması üçün elm və təhsilin, elmtutumlu sənaye sahələrinin inkişaf etdirilməsi, insan kapitalının formalaşması sahəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi tələb olunur.

Biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması ilk növbədə rəqabət qabiliyyətli iqtisadiyyata nail olmanı, rəqabət qabiliyyətli iqtisadiyyata nail olunma isə elmin, təhsilin, insan kapitalının, informasiyanın hərtərəfli inkişafını tələb edir.

Bu baxımdan müasir tələblərə cavab verən, texnoloji yeniliklərə həssas yüksək ixtisaslı kadrların yetişdirilməsi Azərbaycan elmi qarşısında duran əsas vəzifələrdəndir. Məhz buna görə də AMEA-da həyata keçirilən islahatların əsas prioritetlərindən biri də gənclər siyasətidir. İntellektual gəncliyin vulkan kimi püskürən enerjisini məqsədyönlü idarə etmək, onları respublikada gedən sürətli sosial-iqtisadi proseslərin avanqardına çevirmək əsas məqsədlərdən birinə çevrilmişdir. Bunun üçün akademiyanın Rəyasət Heyətində xüsusi "İnformasiya-analitik sistemi" yaradılır. Məqsəd gənclərin potensialı, problemləri, əldə etdiyi naliyyətləri haqqında müntəzəm məlumat əldə etmək və bu məlumatlar əsasıında müvafiq qərarlar qəbul etməkdir. Bundan əlavə, AMEA-da yaradılan "Gənc alim və mütəxəssislər şurası" da uğurla fəaliyyət göstərməkdədir. Yuxarıda qeyd edildiyi kimi, ölkənin gələcək strateji inkişaf xəttini müəyyənləşdirən "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında intellektual sərvətin qorunması vacib şərtlərdən biri kimi qeyd olunmuşdur. Təbiidir ki, əgər biz 2020-ci ili hədəf götürürüksə, deməli, söhbət intellektual gəncliyin strateji əhəmiyyət daşımasından gedir. Gənclik  təbiətən yenilikçidir. İnnovativlik gəncliyin mahiyyətindədir. Bu mənada Azərbaycanı həmin konsepsiyada nəzərdə tutulan modern cəmiyyət modelinə, xoşbəxt və şərəfli gələcəyə Azərbaycan  gəncləri aparmalıdırlar. Belə bir hədəfə çatmaq üçün Azərbaycan gəncliyinin bütün intellektual və mənəvi resursları səfərbər edilməlidir. İctimai dəyişikliklərdə həlledici rol gəncliyin üzərinə düşür. Bunun əsas səbəbi gənclərin yeni texnologiyalar, proseslər, sosial norma və praktikalar yaratmağa qadir fəaliyyət enerjisinə sahib olmalarıdır. Ona görə də gənclik istənilən cəmiyyət üçün hər şeydən öncə potensial və perspektiv imkanlar deməkdir.

Hazırda Azərbaycan Respublikası Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində ölkə elminin maddi-texniki bazası gücləndirilir, infrastrkturu modernləşdirilir, alimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kifayət qədər əməli tədbirlər həyata keçirilir. İndi Azərbaycan elmi bəzi problemlərlə xarakterizə olunan böhranlı mərhələni arxada qoyaraq islahatlarla xarakterizə olunan inkişaf yoluna qədəm qoymuşdur. Elmi infrastrukturun modernləşdirilməsi istiqamətində islahatlar son günlər  Azərbaycan Milli Elmlər Akademiyasında daha geniş vüsət almışdır.

Biz inanır və ümid edirik ki, Azərbaycanın elmi potensialı bir tərəfdən dövlətin gündən-günə elmə artan diqqət və qayğısı, digər tərəfdən də özünün daxili intellektual səfərbərliyi sayəsində yeni dövrün tələbləri baxımından daha mütəşəkkil konsolidasiya olunacaq, respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bundan sonra da yaxından iştirak edəcək, dünya elminə öz layiqli töhfəsini verəcəkdir.

 

Akif ƏLİZADƏ,

AMEA-nın prezidenti, akademik

Azərbaycan.-2014.- 29 mart.- S.4.