Bakıda mart qırğınları

 

31 mart Azərbaycanlıların soyqırımı günüdür

 

XX əsr Azərbaycan tarixində 1918-ci il bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr baxımından  ən əhəmiyyətli zaman kəsiyidir. Bu hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir. Sonrakı mühüm tarixi hadisələr -  sentyabrın  15-də Bakının birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edilməsi və Azərbaycan hökumətinin Bakıya köçməsi, dekabrın 7-də Azərbaycan Parlamentinin yaranması və nəhayət, 1918-ci ilin 28 dekabrında  Azərbaycan hökumətinin Cənubi Qafqazda İttifaq qoşunlarının komandanlığı və İngiltərə hökuməti tərəfindən qanuni hakimiyyət kimi  tanınması - bütün Şərqdə ilk demokratik quruluşun  və azərbaycanlıların ilk milli dövlətçiliyinin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının  əsasını qoymuşdur.

Lakin 1918-ci ilin əlamətdar hadisələrindən əvvəl Azərbaycan xalqı üçün ümumi faciəyə çevrilmiş, hətta onun mövcudluğunu belə şübhə altında qoymuş qanlı olaylar baş vermişdir. Bakıda və Şamaxıda 1918-ci ilin mart hadisələri bu qanlı zəncirin başlanğıcı olmuşdur. Bir neçə mart günləri ərzində bu şəhərlərin və ətraf kəndlərinin dinc azərbaycanlı əhalisi amansızlıqla bolşevik-daşnak hərbi qüvvələri tərəfindən görünməmiş dəhşətli cəza aksiyalarına - talan və qırğınlara, əzilmək, əsir alınmaq, qarət edilmək, şəhər və kəndlər isə yanğın və dağıntılara məruz qalmışdır. Bakı və Şamaxıdan sonra müsəlman qırğınları və talanları Göyçay, Ərəş, Cavad, Nuxa, Quba qəzaları kəndlərini və Quba şəhərini, Gəncə şəhərinin ətraf kəndlərini, Lənkəran, Zəngəzur qəzalarını, həmçinin Qarabağın azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrini əhatə etmişdir.

Öz tarixi torpaqlarında dinc şəkildə yaşayan və müxtəlif tarixi dövrlərdə burada məskunlaşan digər milli-dini qrupların nümayəndələri - erməni, yəhudi, ruslarla mehriban qonşuluq əlaqələri saxlayan azərbaycanlıların və Azərbaycanın müsəlman əhalisinin digər təmsilçiləri olan ləzgilərin, tatların, kürdlərin günahı nə idi? Bu hadisələrin dərin tarixi kökləri və səbəbləri var idi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra Rusiyaya birləşdirilən Azərbaycan torpaqlarının zəbt edilməsi və azərbaycanlıların bu torpaqlardan deportasiyasına hesablanmış ümumerməni proqramının həyata keçirilməsi  həmin tarixi müqavilələrdən sonra başlamışdır. I Nikolayın maneəsiz olaraq İrandan və Türkiyədən köçmələrinə imkan verən sərəncamlarından istifadə edən ermənilər kütləvi şəkildə Qafqazda, xüsusilə Qarabağ, Naxçıvan, İrəvan ərazilərində  məskunlaşırlar. 1828-ci ilin martında İrəvan və Naxçıvan xanlıqlarının əraziləri rus hakimiyyəti tərəfindən "erməni vilayəti" kimi inzibati vahid altında birləşdirilir. Doğrudur, artıq 1940-cı ilin aprel ayında "erməni vilayəti" ləğv olunsa da,  bu, azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi həmin ərazilərin ermənilər tərəfindən "erməni" torpaqları elan edilməsiinə mane olmur.

XIX əsrin sonlarından "Qnçak" və "Daşnaksütyun" erməni partiyalarının  meydana gəlməsi ilə Osmanlı imperiyası və Zaqafqaziya ərazisində erməni təşkilatlarının erməni dövlətinin yaradılmasına yönəlmiş fəal və yaxşı təşkil olunmuş siyasi-silahlı fəaliyyəti başlayır. 1905-1907-ci illərdə ermənilərin azərbaycanlılara qarşı ilk və irimiqyaslı silahlı çıxışları baş verir və bu, iki xalqın qanlı qırğını ilə nəticələnir. Ümumi hesablamalara görə, 1905-1906-cı illər qarşıdurmalarında Bakı, İrəvan və Yelizavetpol quberniyalarında 158 Azərbaycan və 128 erməni kəndi dağıdılmış, müxtəlif mənbələrə görə 3 mindən 10 minə qədər insan həlak olmuşdur.

Lakin qəbul edilmiş rəylərə görə "Daşnaksütyun" kimi təşkilatı olmayan və plansız hərəkət edən", kifayət qədər silahlanmamış və ibtidai hərbi hazırlıq keçməmiş  azərbaycanlılar o zaman bütün çətinliklərə baxmayaraq mütəşəkkil erməni hərbi dəstələrinin hücumunu dəf etmiş və lazımi müqavimət göstərə bilmişdilər.

Birinci Dünya müharibəsinin başlanması ilə, xüsusən 1917-ci il fevral inqilabından və Rusiya imperiyasının süqutundan sonra müharibədə iştirak edən dünya dövlətlərinin Qafqazda maraqları kəskinləşir və toqquşur. Eyni vaxtda Qafqaz xalqları qarşısında öz siyasi-milli idealları və arzularını reallaşdırmaq üçün geniş imkanlar açılır. Çoxillik məqsədyönlü işin yekununda erməni ideoloqları Cənubi Qafqazın gələcəyinə dair Qərb dövlətləri və Rusiyanın planlarına "erməni dövlətçiliyi məsələsi"nin daxil edilməsinə nail olurlar. Gürcülərin də öz dövlətini yaratmaq hüququ mübahisə doğurmur. Bununla yanaşı, Cənubi Qafqazın ən çoxsaylı xalqı olan azərbaycanlılar nəinki Qərb dövlətlərinin, neftlə zəngin Bakını qeyri-Azərbaycan şəhəri hesab edən rus siyasi qüvvələrinin diqqətindən kənarda qalır.

Azərbaycanlılar üçün son dərəcə əlverişsiz olan bu vəziyyətdə "Müsavat" partiyasının Qafqazın siyasi meydanına cıxması  sinfi mübarizə ideyasını təbliğ edən və keçmiş Rusiya imperiyasının  ərazilərində, o cümlədən Qafqazda hakimiyyəti ələ keçirmək niyyətini gizlətməyən bolşevikləri, eyni zamanda azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq arzusu ilə alışıb-yanan erməni millətçilərini narahat etməyə bilməzdi.   

Birinci Dünya müharibəsi hələ davam etdiyi  1917-ci ildə erməni millətçiləri Türkiyənin 7 vilayəti ərazisində "böyük Ermənistan" yaratmaq xülyasından əl çəkməsələr də, mövcud vəziyyətdə bu planların həyata keçirilməsinin xeyli çətinləşdiyini anlayırdılar. Bu səbəbdən ermənilər əsas fəaliyyətlərini daha əlverişli şəraitin olduğu Zaqafqaziya ərazisinə istiqamətləndirirlər. 1918-ci ilin mart ayına qədər onlar Zaqafqaziyanın cənub-qərbində - Qarsda, İrəvan və Yelizavetpol quberniyalarının bir neçə qəzalarında və Qarabağda dinc sakinlərin-azərbaycanlıların sıxışdırılması, zorla qovulması və kütləvi şəkildə öldürülməsi yolu ilə hələ mövcud olmayan erməni dövləti üçün əraziləri təmizləməyə müvəffəq olurlar. Rusiyada 1917-ci il bolşevik çevrilişindən sonra qorxuya düşən erməni və gürcü hissələri Qafqaz cəbhəsindən qaçmağa başlayır. Müharibənin gedişində Rus ordusu tərəfindən müvəqqəti zəbt edilmiş Türkiyə vilayətlərinə köçmüş, bundan əvvəl isə daim türk torpaqlarında yaşamış yüz minlərlə Türkiyə erməniləri də Zaqafqaziyaya üz tutur. Burada onlar hələ 1915-ci ildə Türkiyə hökuməti tərəfindən ermənilərin cəbhəyanı zonadan köçürülməsi haqqında qanunun qəbul edilməsindən sonra göstərilən ərazilərdə məskunlaşmış erməni qaçqınları ilə birləşirlər. Çoxsaylı erməni əhalisi "Daşnaksütyun"un silahlı dəstələrinin və cəbhədən qaçmış minlərlə erməni əsgərinin köməyi ilə yerli, silahsız, dinc müsəlman əhalisinə basqınlar edərək, qısa müddət ərzində onların bir hissəsini qətlə yetirir, qalanını isə doğma yurdlarından didərgin salır. Beləliklə, 1917-ci ilin əvvəlindən 1918-ci il mart ayınadək ermənilər təkcə İrəvan quberniyasında 199 Azərbaycan kəndini yer üzündən silirlər.

Bu cəza əməliyyatı "Daşnaksütyun"un həmin torpaqların azərbaycanlılardan təmizlənməsi və sonradan Zaqafqaziya ərazisində erməni dövlətçiliyinin mərkəzinə çevrilməsi üzrə planının tərkib hissəsi idi. Məhz həmin dövrdə gələcək erməni dövlətinin ərazi bünövrəsi qoyulur. Lakin "dənizdən dənizə" qədər uzanan "böyük Ermənistan"ın taleyi şəhərlərdə, o cümlədən Bakıda həll olunurdu.

Martın əvvəlində Bakı və Yelizavetpol (Gəncə) quberniyalarında hakimiyyət  Azərbaycan ərazisində müsəlman əhalisini birləşdirməyi bacarmış və cəmiyyətin əsas siyasi qüvvəsinə çevrilmiş "Müsavat" partiyasının əlində idi. Lakin təkbaşına hakimiyyəti ələ keçirməyə çalışan aparıcı siyasi qüvvələrin münasibətlərinin kəskinləşməsi səbəbindən Bakı şəhərinin özündə vəziyyət daha mürəkkəb idi. 1917-ci ilin noyabrında, Rusiyada bolşevik çevrilişindən sonra S.Şaumyanın başçılıq etdiyi, yalnız Leninin Xalq Komissarları Sovetinə tabe olan Bakı Soveti özünü şəhərdə yeganə hakimiyyət elan etmişdi. Bakıdakı  digər siyasi qüvvələr,  xüsusilə  "Müsavat" partiyası və şəhərin yerli hakimiyyəti - Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi və çoxmillətli Bakı cəmiyyətinin sağ qolunun təmsil olunduğu Bakı Duması bu qərara qarşı çıxırdılar. "Müsavat"ın rəhbərliyi altında Azərbaycan milli qüvvələrinin Azərbaycana milli-ərazi muxtariyyətinin verilməsi tələbi sinfi mübarizə ideyasını təbliğ edən bolşeviklər, eləcə də tam fərqli geosiyasi maraqlardan çıxış edən "Daşnaksütyun" liderləri üçün qəbuledilməz idi. Sonuncular erməni Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı  Sovetində hakim mövqe tuturdular. Azərbaycan milli qüvvələrinin nəyin bahasına olursa-olsun siyasi meydandan çıxarılması məqsədi beynəlmiləlçi bolşevikləri və "Daşnaksutyun"  başda olmaqla ultra-millətçi erməni qruplarını  bir  araya gətirir.

1918-ci ilin fevralında "Bakinski raboçi" qəzetinin səhifələrində  açıq-aşkar "Azərbaycan  muxtariyyətini  arzu edən müsavatçılar bir yığın xarabalıqlar  əldə edəcəklər" kimi bəyanat verən  Şaumyanı təcili surətdə  ordu toplayan erməni milli şurası tam dəstəkləyirdi. Erməni korpusunun təşkili və döyüşçülərin Qafqaza göndərilməsi ilə həmçinin Petroqradda olan yüksək rütbəli  erməni hərbçiləri  məşğul olurdular. Belə ki, erməni korpusunun ehtiyacları üçün Petroqraddan bir neçə zirehli qatar, avtomobil, texniki vasitə və sursatlar, hətta sanitar qatarı göndərilmişdi. 1918-ci  ilin fevral və mart aylarının əvvəllərində keçmiş Rusiya ordusunun generalları İvan Baqramyan və Akop Baqratuni, həmçinin  "Daşnaksütyun"partiyasının yaradıcılarından biri Stepan Zoryan (Rostom) Bakıya gəlirlər. Cəbhədən qayıdan erməni əsgərlərini Bakıda saxlamağa və hazırlanan silahlı vuruşlarda onlardan istifadə etməyə çalışan erməni milli şurası 1918-ci ilin mart ayının əvvəlində "erməni əsgərlərinə"  müraciət edir və üstüörtülü şəkildə onları silahlarını özlərində saxlamağa, erməni millətinin mənafeyinin müdafiəsi üçün tələb olunan hər yerdə tətbiq etmək üçün hazır olmağa çağırır. Eyni zamanda Bakı Sovetinin "Qızıl Ordu"sunun formalaşdırılması işi gedirdi. Ordu sıralarına çağırışla Avakyan məşğul olurdu və nəticələr kifayət qədər səciyyəvi idi: "Qırmızı qvardiya" adı altında yaradılmış 10-12 minlik ordunun 70 faizini ermənilər təşkil edirdi. Qızıl Ordunun qərargah rəisi çar ordusunun polkovniki, daşnak birləşmələrinin komandanı və "Daşnaksütyun" partiyasının üzvü Z.Avetisov, briqada və birləşmiş  dəstələrin komandirləri  - çar ordusunun polkovniki Kazarov, türk əhalisinə qarşı  vəhşilikləri ilə məşhur olan Amazasp, A.Əmirov və digərləri idi. 1918-ci ilin martında Şaumyanın özünün şəhadətinə görə bolşeviklərin sayı "təxminən 6 min nəfər" olan hərbi hissələri, "Daşnaksütyun"un isə "3-4 minlik milli dəstələri" var idi.  Onlar da bolşeviklərin sərəncamına verilmişdi. Milyonçu Mantaşevin və digər iri erməni neft sənayeçilərinin zavodları, habelə Bakıdakı erməni kilsəsinin zirzəmiləri erməni silahının mərkəzi silah anbarına çevrilmişdi.

Beləliklə, bolşeviklər və daşnaklar bütün partiyalararası, siyasi və ideoloji ziddiyyətləri kənara qoyaraq Bakıda hərbi-siyasi ittifaq bağlayır və bütün güclərini  "Müsavat" başda olmaqla Azərbaycan milli hərəkatına və bütün müsəlman əhalisinə qarşı yönəldırlər.

Həmin vaxt müsəlmanların yeganə hərbi birləşməsi Lənkəranda könüllülərdən təşkil edilmiş "Vəhşi diviziya" adlanan silahlı dəstə idi və bolşevik rəhbərləri yaranmış ilk fürsətdən istifadə edərək, birinci zərbəni ona qarşı yönəldirlər. 1918-ci il martın 9-da  general Talışinskinin başçılıq etdiyi Azərbaycan "Vəhşi diviziyanın" qərargahı Tiflisdən Bakıya gəlir və Şaumyanın göstərişi ilə Bakı Soveti adından birbaşa vağzalda həbs edilir. Bu hadisə təkcə Bakıda deyil,  bütün qəzalarda azərbaycanlı əhalinin böyük narazılığına səbəb olsa da, azərbaycanlı xadimlərin, o cümlədən N.Nərimanovun işə qarışması ilə münaqişə həll olunur və müsəlmanları bolşeviklərə və  ermənilərə qarşı silahlı üsyana təhrik etmək məqsədi güdən təxribat baş tutmur.

Bununla belə, şəhərin müxtəlif millətlərindən ibarət sakinləri arasında  qarşıdurma təhlükəsi ilə bağlı gərginlik artmaqda davam edirdi. Azərbaycanlılar ermənilərin kütləvi surətdə şəhərin müsəlman hissəsindən erməni hissəsinə köçdüyünü, "ermənikənd" adlanan məhəllələrdə ermənilər tərəfindən səngərlər qazıldığını müşahidə edir,  ermənilərin "1905-ci ili təkrarlamaq, yəni müsəlman qırğınlarını başlamaq" niyyətləri və "ermənilərin müsəlmanlara qarşı çıxışlara hazırlaşdıqları" barədə şəhərdə gəzən şayiələri eşidirdilər. Ermənilər tərəfindən də müsəlmanların tezliklə şəhərin xristian əhalisini qıracaqları haqda şaiələr yayılır və xristian əhalisinin silahlanması tələbləri irəli sürülürdü. Cəmiyyədə hökm sürən qorxu və gərginliyə son qoymaq üçün müsəlman, erməni, rus və yəhudi əhalisinin ictimai və dini xadimləri danışıqlar aparır, məscidlərdə və sineqoqlarda ümumi dua etmə mərasimləri keçirir, əhalini sülhə və əmin-amanlığa səsləyirdilər. Təbii ki,  bolşeviklər və erməni milli-siyasi qüvvələri bütün bu tədbirlərdə iştirak etmirdi.  Şaumyanın bu dövr fəaliyyəti müsəlmanları çıxış etməyə vadar edəcək və onlara qarşı silahlı mübarizənin başlanmasına bəhanə verəcək yeni təxribatın təşkil edilməsinə yönəlmişdi. Tezliklə belə bəhanə yarandı.

Mart ayının 27-də müsəlman diviziyasının zabit və əsgərlərindən ibarət kiçik bir dəstə xidmət yoldaşları, müsəlman diviziyasının zabiti -  Azərbaycanın tanınmış milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin silahla ehtiyatsız davranması nəticəsində faciəli şəkildə həlak olmuş oğlu Məhəmmədin cənazəsini müşayiət edərək və onun dəfnində iştirak etmək üçün "Evelina" gəmisində Lənkərandan Bakıya gəlir. Dəfndən sonra  martın 29-da Lənkərana geri qayıtmağa hazırlaşan dəstə guya şəhərdə silahlı qarşıdurmanın və qan tökülməsinin qarşısını almaq istəyən bolşeviklər tərəfindən  saxlanılır və  tərksilah edilır. Bu dəfə təxribat baş tutur. Onsuz da Lənkərana getməyə hazırlaşan 48 nəfərdən ibarət azərbaycanlı hərbiçilərin tərksilah edilməsi şəhərdəki bir neçə min nəfərlik erməni və qızıl ordu hissələrinin qarşısında faktiki olaraq silahsız və müdafiəsiz qalmış Bakı və ətraf kəndlərin müsəlman əhalisinin qəzəbinə səbəb olur. 1918-ci il  martın 30-da  şəhərin müxtəlif hissələrində azərbaycanlıların qeyri-mütəşəkkil etiraz mitinqləri başlanır. Mitinq iştirakçıları azərbaycanlı hərbi qulluqçuların silahlarının qaytarılmasını və eyni zamanda Bakıda erməni hərbi birləşmələrinin də tərksilah edilməsini tələb edirlər. Azərbaycan milli elitasının və siyasi qüvvələrinin  şəhərdə gərginliyin daha da dərinləşməsinin qarşısını almaq üçün göstərdikləri cəhdlər son nəticədə təsirsiz qalır. Müsavatçıların "Açıq söz" qəzeti müsəlman əhalisinə emosiyalara qapılmamaq çağırışı ilə müraciət etsə də,  silahlı qarşıdurma başlanır.

Bakının müsəlman əhalisinin  azərbaycanlılara mənsub olan ictimai binaların qarşısında və müsəlman məhəllələrində qeyri-mütəşəkkil şəkildə səngərlərin qazılması  və "bir mauzer və beş patronla top və pulemyotlara cavab verilməsi" ilə ifadə edilən müqaviməti bir gün də çəkmir. Şəhərin mərkəzi və istisnasız olaraq bütün müsəlman məhəllələri çoxminli bolşevik-erməni birləşmələrinin silahlı hücumuna, aeroplanlardan bombardmana və Xəzər donanmasının sahilə gətirilmiş gəmilərindən fasiləsiz top atəşinə məruz qalır. 1918-ci il martın 31-də azərbaycanlı əhalinin nümayəndələri köməksiz müsəlmanların qırğınına son qoyulması xahişi ilə Bakı Sovetinə, şəxsən Şaumyana müraciət edir və tam təslim əlaməti olaraq ağ bayraqlar qaldırırlar. Azərbaycanlıların təslim olması ilə kifayətlənməyən bolşeviklər və daşnaklar "Müsavat"a və Müsəlman Milli Şurasına ultimatum təqdim edirlər. Ultimatumda müsəlmanlardan açıq şəkildə və qeyd-şərtsiz Bakı Sovetinin hakimiyyətini tanımaq, azərbaycanlıların "Vəhşi diviziya" adlanan hərbi hissəsini Bakı və onun ətraf kəndlərindən çıxarmaq, həmçinin Bakı-Tiflis və Bakı-Petrovsk dəmir yolunu açmaq kimi təcili tədbirlərin görülməsi tələb edilir. Bu sonuncu tələblər absurd xarakter daşımaqla azərbaycanlı milli qüvvələrin imkanları xaricində olsa da, qan tökülməsinin dayandırılması və şəhərin dinc azərbaycanlı əhalisinin həyatının mühafizəsi naminə  ultimatum elə həmin gün "Müsavat" rəhbərliyi tərəfindən qəbul olunur. Lakin elan edilmiş barışığa baxmayaraq, şəhərin müsəlman məhəllələrinin talan edilməsinə son qoyulmur. Bakıdakı xarici missiyaların, xüsusilə İran konsulunun hadisələrin gedişinə müdaxilə etmək və sonradan məlum olduğu kimi, mart hadisələri zamanı çoxlu sayda İran vətəndaşlarının - etnik azərbaycanlıların həlak olduğu qırğınların qarşısını almaq səyləri də heç bir nəticə vermir.

Qeyd ediməlidir ki, mart günlərində Bakının istisnasız olaraq azərbaycanlı əhalisi - kübar zümrələrdən tutmuş sadə adamlara qədər bütün təbəqələr erməni zorakılıqlarının və talanlarının qurbanlarına çevrilmişdi. Qırğınların ilk saatlarında erməni əsgərləri şəhərin küçələrində olmuş bütün müsəlmanları tutur, qarət edir və bir çox hallarda qətlə yetirirdilər. Həmin günlər şəhərə gəlmiş ətraf kəndlərin sakinlərindən itkin düşənlər, işdən qayıtmayanlar, evə geri dönməyənlər bu əməllərin qurbanı olur. Bakının zəngin azərbaycanlıların ünvanlarının əvvəlcədən hazırlanmış siyahıları ilə erməni hərbi dəstələri ən əvvəl bu evlərə hücum edir. Daha sonra hücumlar kütləvi xarakter alır. Bakının müsəlman əhalisinə qarşı silahlı çıxışlar şəhərin müxtəlif hissələrində - həm mərkəzi məhəllələrdə, həm də kasıb və imkansız  təbəqələrdən olan sakinlərin məskunlaşdığı "Məmmədli", "Kərpicxana", "Kanitapinskaya" adlanan ucqarlarda eyni zamanda başlanmışdı. Bu isə qanlı mart hadisələrinin guya bolşeviklər tərəfindən idarə olunan rus əsgər və matrosları tərəfindən törədildiyi barədə ermənilərin  yaydığı şayiələri, eləcə də silahlı toqquşmaların guya müsavatçılar tərəfindən törədildiyi barədə bolşeviklərin iddialarını təkzib edirdi.

Ermənilərin xəyanətkar hücumu ilə qarşılaşmış şəhərin müsəlman əhalisi əvvəlcə silahlı quldur dəstələrinin əsas hədəfinin gənc kişilər - azərbaycanlılar olacağını düşünmüş,  qoca,  qadın və uşaqlara toxunulmayacaqlarına ümid edirmişlər. Lakin qırğınların elə ilk günü qətlə yetirilənlərinin arasında çoxlu sayda  qadın, uşaq və yaşlı kişilərin olması erməni-bolşevik qüvvələrinin şəhərin azərbaycanlı əhalisini, cinsinə və yaşına baxmadan kütləvi surətdə qırmaq niyyətini bir daha sübut etmişdir. Bir çox qadınlar ərlərini, oğullarını və atalarını xilas etmək məqsədilə ermənilərin ayaqlarına atılır, xahiş edir, yalvarırdılar, bəzən öz yaxınlarını müdafiə etməyə çalışır və beləliklə, kişilərlə birlikdə həlak olurdular. Azərbaycanlı qadın və uşaqların əksəriyyəti yalnız  bu hadisələrə bolşeviklər tərəfindən cəlb edilmiş ayrı-ayrı rus əsgər və matroslarının fəal müdaxiləsi sayəsində labüd ölümdən qurtarır və bu zaman əsir götürülürdülər. Mart qırğınları zamanı şəhərin geniş sahələrə malik olan bir çox binaları - teatrlar, kinoteatrlar, məktəblər, polis məntəqələri, ayrı-ayrı zəngin erməni evləri, şəhər Dumasının ictimai binası, vağzal və digər binalar, hətta hamamlar da minlərlə bədbəxt, qarət edilmiş, öz yaxınlarının faciəsini yaşamış azərbaycanlıların, əsasən, qadın, uşaq və qocaların gətirildiyi və günlərlə, bir çox hallarda ac və susuz saxlanıldığı həbsxanalara çevrilmişdi. Müsəlmanların kütləvi surətdə əsir alınmasında iştirak etmiş bəzi erməni xadimləri sonradan bu əməli guya dinc müsəlman vətəndaşlarının təhlükəsizliyini təmin etmək  məqsədi ilə görülmüş zəruri tədbir kimi izah etməyə çalışırdılar.  Halbuki, zərərçəkənlərin çoxsaylı ifadələrindən sübut olunur ki,  müsəlmanların əsir alınması silahlı erməni quldur dəstələri tərəfindən zorla həyata keçirilmiş,  təhqirlərlə, istehza, hədə-qorxu, bir çox hallarda isə qətllərlə müşayiət olunmuşdur.  Erməni əsgərləri müsəlman qadınların çadralarını cırır, onları hörükləri ilə bir-birinə bağlayır və başıaçıq, ayaqyalın şəhərin küçələrində gəzdirərək yolboyu süngülərlə döyür, əsirlərin  saxlandıqları yerlərə qovurdular. Burada əsir qadınların  gözləri qarşısında baş vermiş qətllərdən dəhşətə gələrək ölməsi, körpələri qucaqlarında keçinən  anaların dəli olması,  azyaşlı uşaqların acından, qorxudan və susuzluqdan  dünyasını dyişməsi və s. hallar baş verirdi. Erməni ziyalıları isə bu zaman öz arvadlarını azərbaycanlıların "rüsvayçılığına" tamaşa etməyə gətirirdilər.

Əsir aparılmış və ya tamamilə məhv edilmiş azərbaycanlı ailələrin boş qalmış evləri və bütöv məhəllələr müsəlmanların əmlakını mənimsəmək, soyğunçuluq və qarətlər,  eləcə də  üç-dörd gün ərzində  avtomobillərdə, arabalarda aparılması mümkün olmayan bütün əmlakı darmadağın  və məhv etmək üçün  erməni quldurlarına geniş imkanlar yaradırdı. Talan edilmiş əmlak erməni milyonçuları və sənayeçilərinin  əvvəlcədən hazırlanmış anbarlarına yığılırdı. 1918-ci ilin faciəli mart günlərində şəhərin müsəlman əhalisinə - iri sənayeçilərə, zavod, liman, neft mədənləri sahibkarlarından başlayaraq çoxsaylı mülki, sosial və ticarət obyektlərinin: evlər, idarə, mehmanxana, məktəb, restoran, bərbərxana, emalatxana, mağaza, anbar, dükan, tövlə və s. sahiblərinə vurulan maddi ziyanın miqyası və dəyəri yüz milyonlarla ölçülürdü. Yalnız məlum faktlar əsasında bu rəqəm 400 milyon göstərilirdi.

Yandırılan və dağıdılan binalar arasında azərbaycanlıların mədəni-ictimai və dini mərkəzini təcəssüm etdirən "İsmailliyə" -  Müsəlman Xeyriyyə Cəmiyyətinin binası, "Kaspi" və "Açıq söz" qəzetlərinin, "Dağıstan", "İsgəndəriyyə" və "İslamiyyə" mehmanxanalarının binaları da var idi. Müsəlmanların qaldıqları bu mehmanxana və karvansaralar orada olan insanlarla birlikdə yandırılmışdı.

Bakıda mart faciələrinin təşkilində  erməni milli şurasının və "Daşnaksütyun" partiyasının rolu, erməni ziyalı və kübar təbəqələri nümayəndələrindən tutmuş  "erməni qara camaatı"na qədər Bakının erməni əhalisinin əli silahlı azərbaycanlı qırğınlarında iştirakı  təkzibedilməz faktlar və sübutlarla  təsdiq edilirdi. Şəhərin erməni elitasının ən tanınmış üzvləri, başda Stepan Lalayev və Tatevos Əmirov, o cümlədən milyonçu Ambarsum Melikov öz oğlanları ilə birlikdə və başqaları əldə silah küçələri gəzərək ilk növbədə öz tanışları və dostlarının evlərinə hücum edirdilər.

Stepan Lalayevin törətdiyi amansızlıqlardan hətta ermənilər özləri də dəhşətə gəlirdi. "İsmailiyyə" binasının isə sonradan 26 Bakı Komissarları cərgəsinə daxil edilən daşnak Tatevos Əmirovun şəxsən yandırdığı məlum idi. 

Qırğınların ilk günlərində Bakının on minlərlə müsəlman sakinləri yalnız hər hansı yolla şəhərdən çıxa bildiklərinə görə labüd ölümdən xilas olmuşdular. Lakin şəhəri tərk etmək özü də təhlükəsiz deyildi. Erməni quldur dəstələri şəhərdən qaçmağa çalışan müsəlmanları tutub saxlayır, qadın, qoca və uşaqlara rəhm etmədən qarət edir və sonra güllələyirdi. Nifrət və tamahkarlıqdan ağlını itirmiş ermənilərin hədəfinə çevrilmiş müsəlmanların həyat və əmlakının xilas edilməsi bir çox hallarda  onların yəhudi, rus, polyak,  gürcü qonşularının, tanışlarının və ya sadəcə olaraq təsadüfən yoldan keçən insanların fəal iştirakı və hadisələrə müdaxiləsi nəticəsində mümkün olurdu. Son nəticədə isə müsəlmanların kütləvi qırğını azərbaycanlılarla barışığa rəsmi şəkildə razılaşmış Bakı Soveti tərəfindən deyil, aprelin 2-də 36-cı Türküstan alayının  müsəlman qırğınlarını dayandırmaq barədə qətiyyətli tələbi və artıq vəziyyəti başa düşmüş Xəzər rus dənizçilərinin əks-təqdirdə Bakı Sovetinin tabeçiliyindən çıxaraq və şəhərin erməni hissəsinə toplardan atəş açacaqları kimi hədələri sayəsində dayandırılır.

Qırğınların dayandırılmasında G. Caparidzenin müdaxiləsi də müəyyən rol oynayır.    1918-ci il  martın 30-da axşam başlanan azərbaycanlı qırğınları faktiki olaraq bir həftə davam etmiş, lakin onun üç günü erməni daşnak dəstələrinin hədsiz azğınlığı, amansızlığı və  qəddarlığının  xüsusilə kütləvi xarakteri ilə səciyyələnmişdir. Həmin günlər azərbaycanlı qırğınları yalnız şəhərin hüdudları ilə məhdudlaşmırdı. Erməni quldur dəstələri Bakının ətraf kəndlərinə də basqınlar edərək sakinlərin evlərinə soxulur, şəhər kənarı yollarda pusqular qurur, yoldan keçən müsəlmanları qarət edir və qətlə yetirirdilər. 1918-ci ilin martında bir sıra Bakı kəndlərinin - Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibiheybət, Hökməli, Zabrat, Sabunçu, Ramana, Xırdalan və s. sakinləri erməni silahlı dəstələrinin vəhşiliklərinin qurbanı olmuşlar.

Ümumi hesablamalara görə təkcə bir həftə ərzində Bakıda 12 mindən artıq insan, əksəriyyəti dinc sakinlər olan və əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilmişdir. Hadisələrin ilk üç-dörd günü ərzində bolşevik-daşnak dəstələri azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə izn verməmişdilər. Şəhərin küçə, həyət və evlərindən meyitlərin yığılması ilə  bir neçə gün ərzində ayrı-ayrı dəstələr, o cümlədən ermənilərin özləri də məşğul olmuşdular. Bu mənfur millətin nümayəndələri  tərəfindən cəsədlər həm hadisələrin baş verdiyi günlərdə, həm də sonra yanan binalara, quyulara, dənizə tökülmüşdü. Bütün bunlar, həm də qırğınlardan dərhal sonra müsəlman əhalisinin kütləvi şəkildə şəhəri tərk etdiyi və nəhayət, Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması qurbanların dəqiq sayının hesablanmasına imkan verməmişdir.

Lakin qanlı mart hadisələri zamanı qırğınların dayandırılmasına səy göstərmiş İran konsulu Məhəmməd Səid-ol Vesarə Marağeyinin təkcə onun yaratdığı xüsusi komissiya tərəfindən Bakının küçə və həyətlərindən 5000-dən artıq müsəlmanın - iranlı və qeyri-iranlı - meyitinin toplanması və müsəlman adəti üzrə dəfn edilməsi şəhadəti, eləcə də digər mənbələr mart qurbanlarının sayının 12 mindən artıq olduğunu deməyə əsas verir.

Menşeviklərin "Naş qolos" qəzeti həmin günləri təsvir edərək yazırdı: "Hər tərəf meyitlərlə doludur - yanıb kül olmuş, doğranmış, eybəcər hala salınmış meyitlər... "Təzə pir" məscidi artilleriya atəşlərindən güclü ziyan çəkmişdirE Patrul  6-cı polis sahəsinin həyətində 600-ə yaxın əsir müsəlman qadın və uşaqları  tapdı, onları azad etdi və şəhərin müsəlman hissəsinə qədər müşayiət etdiE Geniş kütlələr qəzəb və nifrətlə dolub-daşır, bu hisslər  getdikcə  qəzəbli intiqam hissinə çevrilir ki, onların  qarşısını almaq elə də asan olmayacaq".

Mart hadisələri başladığı andan M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan milli qüvvələri faciəni milli qırğın kimi səciyyələndirmiş və Cənubi Qafqazın bütün müsəlman əhalisini məhv etmək niyyəti güdən məqsədyönlü siyasət olduğunu bildirmişdir. Bu hadisələrə siyasi qiymət vermək və onun nəticələrini aradan qaldırılmaq üçün ilk cəhd də faciədən dərhal sonra Azərbaycanın milli qüvvələri tərəfindən edilmişdir. 1918-ci ilin aprel ayının 2-də Zaqafqaziya Seyminin  Azərbaycan fraksiyası Seymi Bakı hadisələri haqqında məlumatlandıraraq müsəlman əhalisinin müdafiəsi üçün Zaqafqaziya hökumətindən Bakıya qoşun göndərilməsini tələb etmişdir.

Azərbaycan fraksiyasının çağırışlarına Zaqafqaziya Seyminin qoşunlarından yalnız Müsəlman korpusu cavab verir. 1918-ci ilin aprel ayının əvvəlində knyaz Maqalovun komandanlığı altında iki min nəfərdən artıq sayda hərbi dəstə Bakıya tərəf hərəkət edərək Hacıqabula yetişir. Onlarla eyni vaxtda Dağıstandan Nəcməddin Qotsinskinin dağlılardan ibarət dəstələri qubalı Əli bəy Zizikskinin döyüşçüləri ilə birlikdə Bakıya  yollanırlar və şəhərdən 10 kilometr məsafədə yerləşən Xırdalan stansiyasına qədər   gəlirlər. Lakin "qızıl ordu" qoşunlarından sayca dəfələrlə az olan Qotsinskinin, Zizikskinin və Maqalovun hərbi hissələri  tezliklə geri çəkilməyə məcbur olur.

Hadisələrin sonrakı inkişafı Seymin gürcü-erməni çoxluğunun  Bakı  Sovetinə qarşı  hər hansı güc metodlarından istifadə etməyə  hazırlaşmadığını göstərir. Beləliklə, Azərbaycan fraksiyasının Bakı hadisələrinə müdaxilə etmək üçün bütün daxili vasitələri tükənir və türk qoşunlarının çağırılması yeganə  çıxış yoluna  çevrilir.

1918-ci il 28 mayda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Azərbaycan xalqının öz varlığı, milli hüquqları və müstəqilliyi uğrunda ölüm-dirim mübarizəsinə qalxması ilə ölkədə siyasi vəziyyət kökündən dəyişir. Azərbaycan milli qüvvələri Türkiyənin hərbi yardımı ilə işğal olunmuş ərazilərini və öz paytaxtını - Bakı şəhərini bolşevik-daşnak hakimiyyətindən azad etmək üçün  hazırlığa başlayır.

Elə həmin günlər son dərəcə  mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən gənc Azərbaycan Respublikasının ilk hökuməti böyük uzaqgörənlik və operativlik nümayiş etdirərək ölkə ərazisində dinc azərbaycanlı əhalisinə qarşı törədilən kütləvi zorakılıq hallarına ən yüksək və ciddi şəkildə münasibət bildirmək və konkret  tədbirlər görməyi  vacib sayır.  1918-ci ilin iyul ayının 15-də "Avropa müharibəsi başlandığı vaxtdan Cənubi Qafqazın hüdudları daxilində müsəlmanlar və onların əmlakı üzərində törədilmiş zorakılıq hallarının araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyasının  yaradılması" haqqında qərar qəbul edilir. Bu komissiyanın cəmi bir il ərzində hazırladığı sənədlər azərbaycanlıların 1918-ci il soyqırımı tarixinin salnaməsi olacaqdı. Lakin 1918-ci ilin martında təkcə Bakı deyil, Şamaxı şəhəri və kəndləri də yanırdı...

 

Solmaz RÜSTƏMOVA-TOHİDİ,

AMEA-nın akademik Z.M.Bünyadov adına

 Şərqşünaslıq İnstitutunun baş elmi işçisi,

 tarix elmləri doktoru, professor

Azərbaycan.-2014.- 29 mart.- S.6.