Dünya birliyi gec-tez ermənilərin bəşəriyyətə

 ləkə və təhlükə olduğunu qəbul edəcək

 

Azərbaycan dövləti xalqımızın üzləşdiyi soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması və erməni faşizminin ifşası üçün dünyada fəal iş aparır

 

Erməni millətçiliyi yarandığı vaxtdan digər xalqlara qarşı amansız qəddarlığı ilə seçilib. İmperialist siyasət yürüdən havadarlarının şirnikləndirməsi ilə "böyuk Ermənistan" xülyasına düşən, başqa xalqların torpaqları hesabına dövlət qurmaq iddiasında olan ermənilər son iki əsr ərzində azərbaycanlılara və digər xalqlara qarşı bəşəriyyətə, insanlığa yaraşmayan qanlı əməllər törədiblər. Bütün ətraf xalqlar erməni şovinizminin, terrorizminin qurbanı olsa da, dünya ictimaiyyəti əsl həqiqətləri, əslində, nəyin baş verdiyini etiraf etməkdən çox uzaq olub. Təəssüf ki, indi də beynəlxalq aləm ən yaxşı halda ikili standartlardan çıxış edir.

1890-cı ildə "Daşnaksütyun" partiyasını yaratmaqla mənfur niyyətlərinə start verən ermənilər "yazıq millət" pərdəsi arxasında Qafqazda, Türkiyədə və dünyanın müxtəlif ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atmışlar. Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasəti də planlaşdırılmış ssenari üzrə mərhələlərlə davam etmişdir. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində, xüsusən, 1905-1907-ci illər hadisələri zamanı Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi.

1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə ermənilərin silahlı daşnak-bolşevik birləşmələri Bakıda və Azərbaycanın bir çox bölgələrində dəhşətləri ilə yadda qalan soyqırımı cinayətləri həyata keçirmişlər. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə insanı yurd-yuvasından didərgin salmışlar. Təkcə Bakıda 30 mindən artıq azərbaycanlı xüsusi amansızlıqla öldürülmüş, Şamaxı qəzasının 58 kəndi yandırılmış, 8 mindən çox adam, o cümlədən 1653 qadın və 965 uşaq qətlə yetirilmiş, Quba qəzasının 122 kəndi yerlə-yeksan edilmişdir. Qubada azərbaycanlılarla yanaşı, etnik azlıq təşkil edən dağ yəhudiləri də soyqırımına məruz qalmışlar. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə qəddarcasına divan tutulmuşdur. İrəvan quberniyasında 211, Qars vilayətində 92 azərbaycanlı kəndi dağıdılmış və yandırılmışdır. İrəvan azərbaycanlılarının müraciətlərində göstərilir ki, bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 1920 azərbaycanlının evi yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. 1919-cu və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin azərbaycanlılara qarşı soyqırımını araşdırmaq məqsədilə yaradılan komissiya sovet Rusiyasının ölkəmizi işğal etməsi səbəbindən öz işini başa çatdıra bilməmişdir.

Azərbaycan xalqı sovet imperiyasının tərkibində də terrora, kütləvi qırğınlara, deportasiyalara məruz qalmışdır. Təkcə 1937-1938-ci illərdə Stalinin qurduğu ölüm dəzgahı əksəriyyəti ziyalılardan ibarət olan 70 min azərbaycanlını işgəncələrə məruz qoymuş, məhv etmişdir.

 SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovlağına köçürülməsi haqqında" qərarı ilə 1948-1953-cü illərdə 200 min azərbaycanlı faciəli izləri ilk baxışda görünməyən deportasiyaya məruz qalmış, öz tarixi vətənindən zorla köçürülərək Azərbaycan Respublikasının ərazisində yerləşdirilmişdir. O zaman tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində 400 min nəfərdən artıq azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistandan deportasiya edilən azərbaycanlıların sayı 10.504 nəfər, 1949-cu ildə 15.713 nəfər, 1950-ci ildə 12.232 nəfər, 1952-1953-cü illərdə 13.760 nəfər, 1954-1956-cı illərdə isə 5876 nəfər olmuşdur. Ümumiyyətlə, Ermənistan SSR-də deportasiya və etnik təmizləmənin bu mərhələsində 100 min nəfərdən çox azərbaycanlı tarixi torpaqlarından zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdir. Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu əhatə etmiş və əsasən azərbaycanlıların ilk yaşadıqları ərazilərdə həyata keçirilmişdi.

1988-ci ildə Ermənistan SSR ərazisindən, öz dədə-baba yurdundan - 185 kənddən və başqa yaşayış məntəqələrindən 230 min azərbaycanlı qovuldu, onlara məxsus 31 min ev, şəxsi təsərrüfat, 165 kolxoz və sovxozun əmlakı talandı, 214 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi. Bununla da, Ermənistan demək olar ki, monoetnik bir respublikaya çevrildi.

Etnik təmizləmə siyasətini başa çatdıran ermənilər ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda terroçuluq dalğasını genişləndirdilər, soyqırımı siyasətinin növbəti mərhələsinə rəvac verdilər. 1992-ci il fevralın ortalarında Xocavənd rayonunun Qaradağlı kəndinin 54 sakinini vəhşicəsinə öldürüb silos quyularına atdılar. Qaradağlı kəndində soyqırımı həyata keçirdilər. 1992-ci il fevralın 25-də isə erməni hərbi birləşmələri sovet ordusundan qalma 366-cı alayın köməyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək dinc azərbaycanlılara vəhşicəsinə divan tutdular, daha bir dəhşətli soyqırımını törətdilər. 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. Min nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi. 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, dəriləri soyuldu, gözləri çıxarıldı, başları kəsildi, hamilə qadınların qarnı süngü ilə deşildi.

Ermənilər ötən əsrin 90-cı illərində Bakı şəhərində və Azərbaycanın ayrı-ayrı yerlərində, qatarlarda, metroda qanlı terror aksiyaları həyata keçirdilər. Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən törədilən vəhşilik və cinayətlərin miqyası, metodologiyası qəzəb doğurmaya bilmir.

Beləliklə, təkcə XX əsrdə ermənilər tərəfindən edilən soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadratkilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə 20 faiz ərazisi işğal edilmişdir. 2,5 milyon nəfər azərbaycanlı isə soyqırımı nəticəsində məhv edilmişdir.

Ermənilər XIX əsrin sonlarından etibarən Azərbaycan torpaqlarında dövlət qurmaq üçün həyata keçirdikləri fəaliyyəti bu günümüzədək davam etdirməkdədirlər. Uzun illər ərzində aparılan bu məkrli və riyakar siyasətin nəticəsidir ki, bəzi ölkələrin parlamentləri ermənilərin yalançı soyqırımı iddialarına uyaraq qərarlar qəbul ediblər. Azərbaycanın, Türkiyənin, Gürcüstanın tarixi torpaqlarında Andranik, Nazarbəyov, Hamazasp və sair bu kimi adları tarixdən yaxşı məlum olan qaniçənlərin rəhbərlik etdiyi quldur dəstələri tərəfindən törədilən kütləvi qətliamları, insanların görünməmiş, tükürpədici vasitələrlə öldürülməsini, kənd və şəhərlərin xarabazarlığa çevrilməsini pərdələməyi bacaran erməni riyakarlığı uzun müddətdir ki, dünya ictimaiyyətini aldatmaqdadır.

Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Ermənilərin işğalçılıq və etnik təmizləmə siyasəti, azərbaycanlılara qarşı soyqırımı cinayətləri tarix boyu davam etsə də, imperiya əsarəti xalqımıza qarşı baş verənlərin qarşısının alınmasına və araşdırılmasına imkan verməmişdir. Əksinə, erməni vandalizmini, məruz qaldığımız soyqırımını və digər bu kimi tarixi həqiqətləri bizə unutdurmağa çalışmışlar. Ona görə xalqımız uzun illər özünün bu gerçək tarixindən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində bilgilərimiz tamamilə yad istiqamətdə köklənmişdir.

Yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ermənilərin Azərbaycan dövlətinə və xalqına qarşı işğalçılıq və soyqırımı cinayətlərini araşdırmaq, əsl həqiqətləri dünyaya yaymaq və hüquqi-siyasi qiymət vermək mümkün olmuşdur. Xüsusilə qeyd etməliyik ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir.

Bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımılarının rəsmən adı çəkilmiş, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıqlanmışdır. Ulu öndər Heydər Əliyev fərmanda 1918-ci ilin mart hadisələrini geniş şərh etmiş, bolşevik cildinə girmiş erməni daşnaklarının Azərbaycan xalqının başına gətirdikləri müsibətləri dünyaya bəyan edərək bu qanlı əməllərə düzgün siyasi qiymət vermiş və onu Azərbaycan xalqına qarşı törədilən ən böyük faciə adlandırmışdır. Ulu öndərin erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ, proqram sənədidir. Fərmanda deyilir: "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər.

Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər. Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə adı altında Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək niyyəti güdən mənfur plan həyata keçirməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük hissəsini xarabazarlığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər dağıdılmış, milli mədəniyyət abidələri məhv edilmişdir".

Azərbaycan tarixində ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi fərmanında ermənilərin ölkəmizə qarşı təcavüzünün tarixi köklərinə də toxunulur, onların mərhələlərlə törətdikləri soyqırımı və terror siyasətinin mahiyyəti açılır, ölkəmizin hansı tarixi ədalətsizliklərlə üzləşdiyi yeni nəsillərə anladılır, xalqımızın qarşılaşdığı müsibətlərin tarixinə siyasi və çağdaş aspektlərinə nəzər salınır. Ən əsası, bu fərman terrorizmə, soyqırımına qarşı mübarizə aparmaq üçün ulu öndərin müəyyən etdiyi bir yoldur. Azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Bu fərman həm də uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətləri açdı, xalqımızın qan yaddaşını təzələdi. Xalqımız sovet dövründə uzun illər bu gerçəkliklərdən məlumatsız olmuşdur. Hətta dəhşətli soyqırımının qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbiristanlığın üstündə park salınmışdır. Bu mənada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı fərman 200 illik işğal və soyqırımı siyasətini açıb göstərən tarixi sənəd olmaqla yanaşı, xalqımızın öz milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və vətəninə bağlılığı baxımından da əhəmiyyətlidir.

Hər il martın 31-ni azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən miqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik. Amma ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı, deportasiya və işğal siyasətinin intensivliyi bu gün də zəifləməmiş, bədnam qonşularımız təbliğat və qarayaxma kampaniyasını bir az da gücləndirmişlər. Ermənilər Avropa və Amerikadakı lobbi imkanlarından yararlanaraq "əzabkeş erməni milləti" obrazını yaratmaqda davam edir, beynəlxalq hüquq normalarına meydan oxuyur, bütün yolverilməz vasitələrdən istifadə edərək əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə, dünya ictimaiyyətini Azərbaycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışırlar.

Bu cür məkrli niyyətlərə baxmayaraq, xüsusən, son illərdə erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyət daha da güclənmiş, ermənilərə qarşı ideoloji əks-hücum effektiv xarakter almışdır. Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət Heydər Əliyev siyasi kursunun layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli sərəncamı bu işlərin vahid və sistemli surətdə aparılmasına imkan yaratmışdır. Prezident İlham Əliyev xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mötəbər tribunalardan istifadə edir. Məhz onun rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi hücumçu diplomatiya bu gün təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur. Azərbaycan rəhbərliyi dünya siyasətini müəyyən edən böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla ardıcıl və müntəzəm iş aparır, onilliklər boyu formalaşmış stereotipləri və yanlış siyasi yanaşmaları dəyişdirməyə çalışır. Prezident İlham Əliyev bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa etmiş, bu cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid etmiş, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırmışdır.

Prezident İlham Əliyevin Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı xalqa müraciətlərində ermənilərin müxtəlif illərdə dinc əhaliyə qarşı soyqırımı həyata keçirmələri, soydaşlarımızın yurd-yuvalarından didərgin salınması, ərazilərimizin işğalı, erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzünün bu gün də davam etməsi, onun ağır nəticələrinin yüz minlərlə soydaşımızın taleyində özünü büruzə verməsi, Ermənistanın və havadarlarının təcavüzkar siyasətinin iflasa məhkum olması, bunun hazırkı dünya siyasətinin aparıcı meyilləri ilə ziddiyyət təşkil etməsi qeyd olunmaqla yanaşı, belə bir zamanda dövlətin və hər birimizin qarşısında duran başlıca vəzifələr göstərilir. "Bizim siyasi-diplomatik və informasiya-təbliğat mübarizəsi sahəsində görməli olduğumuz işlər çoxdur. Bu yolda imkanlarımızı səfərbər etməli, daha səmərəli işləməliyik" - deyə Prezident İlham Əliyev bildirib.

Bu gün ölkəmizin dövlət və qeyri-dövlət qurumlarının xətti ilə ermənilərin tarix boyu xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasəti ilə bağlı əsl həqiqətlərin araşdırılıb üzə çıxarılması və dünya ictimaiyyətinə çatdırılması yönündə ideoloji fəaliyyət uğurla davam etdirilir. Bunun nəticəsidir ki, son dövrlərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artmışdır. Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər görür. UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, YAP sədrinin müavini Mehriban Əliyevanın rəhbərlik etdiyi bu fond istər ölkədən kənarda, istərsə də respublikamızda çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilmişdir. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı" təsdiq edilmiş, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınmışdır. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılmış, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılmışdır. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilmişdir. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilmişdir ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılmışdır. Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli sərəncamına əsasən, erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılmışdır. 2013-cü ilin sentyabr ayında kompleksin açılışı olmuşdur. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev tarixin araşdırılmasının, gənc nəslin keçmişimizi bilməsinin vacibliyini bildirib: "Uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır. Erməni faşizminə o vaxt düzgün qiymət verilmədiyi üçün sonra tarixin müxtəlif dövrlərində erməni faşizmi öz yırtıcı sifətini nümayiş etdirmişdir".

2012-ci il fevralın 26-da Bakıda Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar keçirilən ümumxalq yürüşü də faciə qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı. Ön sırada Prezident İlham Əliyevin olduğu və 100 minə yaxın insanın iştirak etdiyi bu yürüş göstərdi ki, Azərbaycan dövləti və xalqı soyqırımı qurbanlarının qanını yerdə qoymayacaq. Həm qisas alınacaq, həm də düşmən beynəlxalq miqyasda tam ifşa olunana qədər bu istiqamətdə mükəmməl işlər həyata keçiriləcək.

Həyata keçirilən bu cür mühüm işlərin nəticəsidir ki, Pakistan, Meksika və Kolumbiya parlamentləri, Çexiya parlamentinin beynəlxalq əlaqələr komitəsi, ABŞ-ın Amerikanın Massaçusets, Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Vest Virginia, Konnektikut və Florida ştatları Xocalı hadisələrinin soyqırımı aktı kimi tanınması haqqında qərarlar qəbul ediblər.

Qeyd etdiyimiz kimi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan xüsusi tədqiqat komissiyası öz işini başa çatdıra bilməmişdi. Lakin bu gün Azərbaycan dövləti xalqımızın üzləşdiyi soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması və erməni faşizminin ifşası üçün bütün dünyada fəal iş aparır. Bu mənada qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır. Vaxt gələcək dünya birliyi ermənilərin bəşəriyyət üçün həm ləkə, həm də təhlükəli olduğu qənaətini qəbul edəcək və Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərə və soyqırımına obyektiv qiymət verəcək.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 30 mart.- S.1;2.