Qarabağda erməni vəhşilikləri

 

 

Bolşevik qüvvələri ilə birləşərək məqsədlərinə çatmaq - Azərbaycanın əzəli torpaqlarında özlərinə dövlət yaratmaq istəyən erməni siyasi və hərbi təşkilatları 1918-ci ilin martında Bakıda başladıqları qırğınları bütün ölkə boyu həyata keçirməyə can atırdılar. Qubada, Lənkəranda, Salyanda, Xaçmazda baş verən faciələr Bakıdan uzaqlaşdıqca daha ağır, daha qanlı xarakter alırdı. Qarabağda, Zəngəzurda, İrəvanda törədilən vəhşiliklər bunu bir daha sübut edir. O vaxt Üzeyir bəy Hacıbəyli 1918-ci ilin mart-may aylarında ermənilərin qansız və vicdansız hərəkətləri ilə bağlı yazırdı ki, əgər Osmanlı türk qəhrəmanları vaxtında köməyə gəlməsəydilər, azğınlaşmış ermənilər nəinki Bakıda, Şamaxıda, Qubada, bəlkə də bütün Azərbaycanda daşı daş üstə qoymazdılar...

 

"Daşları atmaq vaxtı..."

 

Ermənilər Qafqazda, xüsusilə Azərbaycan ərazilərində heç vaxt bu sayda yaşamayıblar. Rus tarixçisi N.Şavrov hələ 1911-ci ildə nəşr olunan "Zaqafqaziyada rus mənafeyi üçün yeni təhlükə" adlı kitabında yazırdı ki, "XX əsrin başlanğıcında Zaqafqaziyada yaşayan 1 milyon 300.000 ermənidən 1 milyondan artığı bu rayonun yerli əhalisi deyildir: onlar buraya bizim tərəfimizdən köçürülmüşlər." "Ermənilər, əsasən, müsəlman mülkədarlarının torpaqlarında yerləşmişlər" - deyən diplomatdramaturq A.Qriboyedovun ölməmişdən (öldürülməmişdən) əvvəlki etirafları da diqqətdən kənarda qalmamışdır.

Ermənilərin Qafqaza sonradan gəlmələrini erməni alimlərinin özləri də etiraf ediblər. Ermənistan SSR EA-nın ilk prezidenti G.Orbelinin 1963-cü ildə yazırdı ki, "İndiki Dağlıq Qarabağ orta əsrlər Albaniyasının bir hissəsi olmuş, sonradan erməni feodalları tərəfindən zəbt edilmişdir".

Ancaq bu etiraflar  yüz illərdir davam edən faciələrin qarşısını ala bilmədi. Azərbaycana axışıb gəldikləri gündən erməni ideoloqları Bakıdan Tiflisə qədər bütün azərbaycanlıları qırıb Kür çayına, Qubadan Astarayadək yaşayanları isə Xəzər dənizinə tökmək barədə plan qurmaqla məşğul idilər. Həm də dəhşətlisi o idi ki, ermənilər heç vaxt yaşamadıqları bu yerlərə ciblərinə daş dolduraraq gəlmişdilər. Şahidlərdən biri xatırlayır ki, "...ermənilər azərbaycanlıları qıra-qıra Göyçaya çatmışdılar. Onlar görülməmiş vəhşiliklər törədir, hamilə qadınların qarnını yarıb uşağı nizəyə keçirir, divara sancır, camaatı məscidə doldurub yandırır, qız və gəlinlərin kürəyinə qaynar samovar bağlayır və başqa vəhşiliklər edirdilər".

Təsadüfi deyildir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdükdən sonra onun ilk qərarlarından biri Birinci dünya müharibəsi başlanandan sonra Zaqafqaziyanın müsəlman-azərbaycanlı əhalisinin başına gətirilən müsibətlərin tədqiq edilməsi və dəymiş zərərin müəyyənləşdirilməsi üçün Fövqəladə İstintaq Komissiyasının yaradılması oldu. Sənədlər və materiallar bir daha təsdiq edir ki, Qarabağ ətrafında söz-söhbətlər həm 1918-ci ildə, həm də sonrakı illərdə ancaq erməni liderlərinin separatçı hərəkətləri nəticəsində böyüyərək qanlı faciəyə çevrilib. Faktlar sübut edir ki, Qafqaz cəbhəsindən qaçan erməni əsgərləri Qarabağdakı kəndlərinə qayıdarkən özləri ilə çoxlu miqdarda tüfəng, pulemyot və hər cür döyüş sürsatı gətirirdilər. İbtidai insanların daş toplamaqdaşla mübarizə aparmaq vərdişləri artıq ermənilərin timsalında yeni bir formaya keçmişdi...

Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra erməni kəndlərinə silah daşınması daha da artdı. 1918-ci ilin 29 mayında Azərbaycan ərazilərində dövlət quran ermənilər ardınca, indiki kimi "Qarabağ Respublikası" yaratmaq həvəsinə düşdülər. Bu yolda onlar üçün hər cür vasitə qəbul idi - o vaxt Azərbaycan kəndlərinin talan edilməsi, dinc adamların qətlə yetirilməsi və digər vəhşiliklər adi hal almışdı. Faktlara nəzər salaq: Min illər Qarabağın böyük-böyük kəndlərində yaşayan kolanlılar 1918-ci ilin axırlarına kimi mühasirədə yaşamağa məcbur oldular. Ermənilərlə ardı-arası kəsilməyən toqquşmalarda kolanılılardan xeyli qoca, qadın və uşaqlar həyatlarını itirdilər. Bəzi kəndlərimiz - İmarət Qərvənd, Umudlu, Sırxavənd sakinləri hələ o zaman 1993-cü ilin aprelində Kəlbəcərdə baş verən faciələri yaşamağa məcbur oldular - təqiblərdən yaxa qurtarmaq üçün onların çoxu Murovdağın keçilməz qarlı yollarında dünyalarını dəyişdilər.

Onları izləyərək məhv edən quldur dəstələrində Cavanşir qəzasının üçüncü sahəsi üzrə keçmiş xalq komissarı Karapet, ağdərəli Andresbek, Moses qardaşları, Andronikin göndərdiyi Türkiyə və İrəvan erməniləri də vardı. Axıllu kəndində 2 kişi, 3 qadın və 1 uşaq öldürüldü, 1 kişi yaralandı, Evatlı kəndində 1 kişi, Məzrə kəndində 6 kişi, Sirik kəndində 11 kişi, 10 qadın və 14 uşaq qətlə yetirildi...

 

"Daşları yığmaq vaxtıdır..."

 

1918-ci il avqustun əvvəllərində Andronik öz quldur dəstələri ilə Zəngəzur və Qarabağ torpaqlarında dinc əhaliyə divan tutarkən Azərbaycan hökuməti rəsmi məktubu ilə Ermənistandan Andronikin quldur dəstəsini geri çəkməyi tələb edir, lakin erməni hökuməti riyakarlıqla Andraniki tanımadıqlarını bildirir: "...general Andranikonun dəstəsinin Ermənistanın milli qoşunları və dövlət orqanları ilə heç bir əlaqəsi yoxdur və Ermənistan Respublikasının hökuməti onların məsuliyyətsiz hərəkətlərinə çavabdeh deyildir".

Azərbaycan hökuməti Qarabağ general-qubernatorluğunu yaratmaq məcburiyyətində qaldıqda isə bu, erməni haqlarının pozulması kimi böyük səs-küyə səbəb oldu. Bu zaman Azərbaycan XİN-nin cavabı da özünü çox gözlətmədi: "Sizin hökumətin Azərbaycan Respublikasının Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur rayonlarında müvəqqəti general-qubernatorluğun təsis edilməsinə etirazı əsasızdır. Çünki bu rayonlar Azərbaycanın ayrılmaz hissəsidir. Ali idarəetmə qaydasında Azərbaycan hökumətinin təkcə hüquqi deyil, hətta mənəvi borcu qayda-qanunun bərpası üçün  ölçü götürmək və milliyyətindən asılı olmayaraq öz ərazisində yaşayan vətəndaşların həyatını, şərəfini, əmlakını məsuliyyətsiz şəxslərin zorakılığından qorumaqdır..."

O dövrdə - 1918-ci ilin əvvəllərində Şuşaya girə bilməyən ermənilər onu hətta "Qarabağ Respublikası"nın - "Kiçik Ermənistan"ın paytaxtı elan edərək Ağdamdan Əsgərana gələn yolu bağlamışdılar. Bu vaxt yenicə qurulan Azərbaycan hökuməti təcili surətdə Həsən Bəsri bəyi Şuşaya, Kazım bəyi Qaryaginə (indiki Füzuli), Fəxri bəyi isə Ağdama komendant təyin etdi. Ermənilər komendantların hakimiyyətini tanımayaraq iki həftə ərzində qurultay keçirib etirazlarını bildirsələr də, istəklərinə çata bilmədilər. Belə ağır şəraitdə Şuşadakı azərbaycanlılar 4 könüllü dəstə yaradıb 15 yaşından 60 yaşınadək bütün silah tuta bilənləri siyahıya aldılar. 45 yaşından yuxarı olanlar isə ehtiyatda idilər. O dövrdə böyük bir şücaətlə öz adını və şərəfini qorumağı bacaran qarabağlılar Bakının türk və Azərbaycan qoşunları tərəfindən azad edilməsi xəbərini böyük sevinclə qarşıladılar. Dörd ay qəhrəmanlıqla müdafiə olunan Şuşanı 1918-ci il sentyabrın 25-də İsmayıl Həqqi bəyin başçılığı altında Qarabağa gələn qəhrəman türk və Azərbaycan qoşunları ermənilərin mühasirəsindən xilas etdi. O vaxtkı "Qarabağ Respublikası rəhbərləri"nin itaətdən və Azərbaycan dövlətini tanımaqdan başqa yolu qalmadı...

 

P.S. Xristianların müqəddəs kitabında qeyd olunur ki, daş atma, çünki atılan daşların yığılan vaxtı gələcək. Bir vaxt torpaqlarımıza daşla gələnlər bunu unutmasın gərək. Bunu həm də Xocalıda, Qaradağlıda, Meşəlidə, Ağdabanda... dəhşətlər yaradan, qırğınlar törədənlər də yaddaşlarında yaxşı saxlasınlar gərək: yüz illik müharibə davam edir. Daşları yığmaq vaxtıdır...

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2014.- 30 mart.- S.7.