Heydər Əliyev kursu gəncliyin yeganə siyasi istinadgahıdır

 

 

Yüksək intellektli, dövlətçiliyə və milli dəyərlərə bağlı, sağlam, mənəviyyatlı gəncliyin formalaşdırılması və cəmiyyət həyatının bütün sferalarında aktiv iştirakının təmin edilməsi Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsas istiqamətləridir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti məhz bu prinsiplər əsasında formalaşaraq gənclərin öz bilik və bacarıqlarını realizə etmələrinə geniş imkanlar açıb.

Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan iqtidarların səriştəsizliyinin yaratdığı siyasi, iqtisadi və mənəvi-ideoloji problemlər səbəbindən gənclərlə tamamilə diqqətdən kənarda qalmışdı. Hakimiyyətdə olan qüvvələrin yarıtmaz siyasəti Azərbaycan gəncliyinin nizamsız, pərakəndə topluma çevrilməsinə gətirib çıxarmışdı. Siyasi ambisiyaları naminə ölkəni böhranlara sürükləyən möhtəkir qüvvələr xüsusən gənclərdən bir vasitə kimi istifadə edirdilər. Yaranmış acınacaqlı vəziyyət gənclərin qeyri-sağlam həyat tərzi sürmələrinə, ölkədən baş götürüb getmələrinə və nəticə etibarilə gənc nəslin mənəvi aşınmasına gətirib çıxarmışdı.

Yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istək və tələbi ilə hakimiyyətə qayıdışından sonra gənc nəslin üzləşdiyi problemlərin aradan qaldırılması, mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi kimi məsələlər dövlət gənclər siyasətinin əsas hədəflərinə çevrildi, gənclərin təşkilatlanması başlıca məqsədlərdən biri kimi qarşıya qoyuldu. Gənclərin hərtərəfli inkişafını təmin etmək məqsədilə həyata keçirilən tədbirlər onların təhsilini, sağlamlığını, intellektual və mənəvi inkişafını, asudə vaxtlarının təşkilini, hüquqlarının müdafiəsini, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmələrini və problemlərinin həllini əhatə etdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başladı.

 Gənclərə göstərilən diqqət və qayğı dövlət proqramlarında da öz əksini tapıb. Həmçinin ölkəmizdə gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmək və bu sahədə yaranan münasibətləri tənzimləmək üçün 2002-ci ildə "Gənclər siyasəti haqqında" qanun qəbul edilib. Qanuna əsasən Azərbaycanda gənclər siyasətinin əsas prinsipləri gənc nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyət həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli problemlərin həllinə səfərbər olunmasıdır.

Müasir dövrdə gənclər sahəsində qazanılan uğurlar dövlətlərin ümumi inkişaf səviyyəsini, iqtisadi-siyasi potensialını müəyyənləşdirən vacib meyarlardan sayılır. Bu reallığı düzgün dəyərləndirən ölkə rəhbərliyi gənclərə hər zaman malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı İlham Əliyevin bu sahədə həyata keçirdiyi çoxşaxəli tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin məntiqi davamı kimi təqdirəlayiqdir.

Bu gün Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri hazırkı sürətli inkişaf proseslərinə gəncləri də cəlb etmək, onların bilik və bacarığından yararlanmaqdır. Çünki istənilən ölkənin tərəqqisi və xoşbəxt gələcəyinə gedən yol gənclərin iştirakı olmadan  mümkün deyildir. Təbii ki, bu proseslərdə gənclərin iştirakını təmin etmək üçün ilk növbədə onların yüksək təhsilinə, peşəkar kadr kimi formalaşmalarına diqqət yetirmək lazımdır. Axı, gənc nəslin təhsilinə qoyulan sərmayə ölkəmizin inkişafı şəklində geri dönür. Bütün mütərəqqi cəmiyyətlərdə məhz insan kapitalına qoyulan sərmayə gələcəyə yönəlmiş ən effektli yatırım sayılır. Bu mənada Azərbaycan Prezidentinin təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" dövlətimizin gənclərə göstərdiyi qayğının gəncliyin daimi inkişafına və potensialının düzgün sahələrdə istifadə olunmasına verdiyi əhəmiyyətin bariz göstəricisidir. Hazırda bu proqram çərçivəsində Azərbaycan gəncləri dünyanın inkişaf etmiş ölkələrinin ən yaxşı universitetlərində dövlət hesabına təhsil almaqdadırlar. Hər il yüzlərlə gənc bu imkanı əldə edir. Azərbaycan gəncləri bu proqramın verdiyi imkanlardan bəhrələnərək dünyanın inkişaf etmiş texnologiyalarına yiyələnir, qabaqcıl elm adamlarından və universitetlərdən dərs alırlar.

Prezident İlham Əliyevin 2011-ci ilin aprel ayında gənclərlə görüşü də Azərbaycan gəncliyinə dövlət tərəfindən diqqətin bariz təcəssümüdür. Gənclərin təhsili, məşğulluğunun artırılması, bir sözlə, gənclərin mənafeyi baxımından aktual məsələlərin müzakirə edildiyi bu görüş dünyada az rast gəlinəcək gözəl bir nümunədir.

Həmin görüş Azərbaycan gəncliyinin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Prezident İlham Əliyev 2011-ci il iyulun 7-də "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramını təsdiq edib. Proqramda qarşıya qoyulmuş vəzifələr gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, təhsil almaları üçün bərabər imkanların təmin edilməsi, məşğulluğunun artırılması, sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı gənc kadrların hazırlanması, dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması, gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsi və məişət problemlərinin həll edilməsi, gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi, gənc ailə institutunun möhkəmləndirilməsi, gənclərdə müasir düşüncə tərzinin formalaşdırılması, onların idarəetmə və tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi, gənclərin sosial müdafiəsinin gücləndirilməsi və digər vacib məsələlərdir. Prezident İlham Əliyevin Azərbaycan gənclərinin VI Forumunun iştirakçılarına məktubunda bu barədə deyilir: "Belə bir proqramın mövcudluğu dövlətin gənclərlə bağlı siyasətinin parlaq təzahürüdür. Proqramda əsas vəzifələr sırasında gənclərin ictimai həyatın ən müxtəlif sahələrində yaxından iştirakına, onların cəmiyyətimizdə layiqli yer tutması və beynəlxalq aləmdə tanınması məsələlərinə xüsusi diqqət yetirilir. Ümidvaram ki, bu forum proqramın uğurla həyata keçirilməsi və yeni-yeni çalarlarla zənginləşməsinə zəmin yaradacaqdır".

Buna qədər Azərbaycanda gənclər siyasəti sahəsində 2005-2009-cu illəri əhatə edən proqram həyata keçirilib. Bu proqram çərçivəsində ölkədə gənclərin inkişafı ilə bağlı çoxsaylı layihələr reallaşdırılıb, cəmiyyətin müxtəlif sahələrində gənclərin fəal iştirakı üçün şərait yaradılıb. Yeni dövlət proqramı isə gənclərin sosial rifahının yaxşılaşdırılması, Azərbaycan gənclərinin potensialının gücləndirilməsi və bu potensialdan dövlət quruculuğunun inkişafında istifadə olunmasına böyük təkan verəcək. Bu proqram Azərbaycanda yürüdülən gənclər siyasətinin məntiqi davamı olacaq.

Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimaisosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək fondun əsas məqsədidir. Fond gənclərin, gənclər təşkilatlarının, eləcə də yerlərdə gənclər siyasətini həyata keçirən dövlət və yerli özünüidarəetmə qurumlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyir, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artırır, ideyaların yaradılması və idarəedilməsində bacarığını stimullaşdırır.

Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 20 iyun 2012-ci il tarixli qərarı ilə "Gənclərin kadr potensialı barəsində məlumat bankı haqqında Əsasnamə" təsdiq olunub. Bu Əsasnamə gənclərin kadr potensialı barəsində məlumat bankının yaradılması, formalaşdırılması mexanizmini, zənginləşdirilməsi, idarə olunması və ondan istifadə qaydalarını müəyyən edir. Məlumat bankının məqsədi ölkənin təhsil, elm, mədəniyyət, idarəetmə sahəsində gənc kadr potensialı haqqında dolğun məlumatın formalaşdırılması, dövlət dəstəyinin ünvanlı olmasının və səmərəsinin təmin edilməsidir.

Bütün bunlar göstərir ki, Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Azərbaycan gəncliyi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edirPrezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Azərbaycan gəncləri ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil dövlətin layiqli vətəndaşları kimi, həm də ulu öndərin siyasi kursuna birmənalı inam bəsləyirlər. 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 1 may.- S.3.