İlham Əliyevin çoxvektorlu geoiqtisadi siyasətinin növbəti uğurları

 

“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası fəaliyyətdədir

 

 

Xüsusi qeyd  olunmalıdır ki, Avrasiya Birliyinə aparan yolun birbaşa Gömrük İttifaqından başlanması da ən azı anlaşılmazlıq doğuran bir məsələdir. Klassik yanaşmaya görə, Gömrük İttifaqı o halda effektiv fəaliyyət göstərə bilər ki, əvvəla, sözügedən məkanda Azad Ticarət Zonası qərarlaşmış olsun; ikincisi, üzv ölkələr arasında qarşılıqlı iqtisadi tamamlama real məzmun kəsb etsin; üçüncüsü, faydanın və gəlirlərin gerçək mahiyyətli ekvivalent bölgüsünə şərait yaratsın və s. Bunların heç biri mövcud deyil.

Digər tərəfdən, ölkə ərazisinin 20%-nin işğal altında saxlanıldığı, bir milyondan çox vətəndaşımızın öz doğma torpaqlarında qaçqın və məcburi köçkün olduğu bir şəraitdə Azərbaycanın Gömrük İttifaqına qoşulması mahiyyətcə dövlətimizə və xalqımıza nə verə bilər - sualının yeganə cavabı - birmənalı olaraq heç nə. Ona görə ki:

-  İnteqrasiya üçün yuxarıda qeyd etdiyimiz kafi və müqəddəm şərtlər mövcud deyildir;

- Gömrük İttifaqı ölkənin bir nömrəli probleminə - Dağlıq Qarabağın işğaldan azad edilməsinə heç bir reaksiya vermir və ümumiyyətlə, bu problemi görməməzliyə vurur;

-  Eyni zamanda məlum deyil ki, Ermənistan hansı ərazi statusu ilə Gömrük İttifaqına qoşulur? Avrasiya zirvə toplantısında Qazaxıstan Prezidenti N.Nazarbayev bu məsələ ilə bağlı izahat tələb etmişdir. Əgər Gömrük İttifaqı Ermənistanı işğal etdiyi Azərbaycan əraziləri ilə birlikdə üzvlüyə qəbul edirsə, onda bu həmin təşkilatın işğalı dəstəklədiyi anlamına gəlir. Yaxud həmin ərazilərin Azərbaycana aid olduğu qəbul edilirsə, onda Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan Gömrük İttifaqına üzvlüklə bağlı danışıqların aparılmasının heç bir mənası yoxdur;

- Azərbaycanın İttifaqa üzv olan ölkələrlə iqtisadi əlaqələri inteqrasiya situasiyası yaradacaq səviyyədə deyildir. Gömrük İttifaqına qoşulmaq həmin ölkələrdən idxal edilən məhsulların gömrük rüsumlarından azad olmasına və beləliklə, təxmini hesablamalara görə, hər il 180-220 mln dollar vəsait itkisinə gətirib çıxaracaqdır;

- Gömrük İttifaqına qoşulma, ölkənin milli iqtisadi sərhədləri üzərində nəzarətinin fövqəlhökumət qurumlarına keçməsi ilə müşayiət olunur ki, bu da dövlət müstəqilliyinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə nəticələnə bilər.

Beləliklə, yuxarıda qeyd olunanlardan aydın görünür ki, müasir şəraitdə Azərbaycanın Avrasiya Birliyi ilə inteqrasiya yönümlü real münasibətlərinin formalaşması qeyri-mümkündür. Azərbaycan tam haqlı olaraq, bu Birliyə daxil olan ölkələrlə (Ermənistan istisna olmaqla) bütün istiqamətlərdə və sahələrdə (siyasi, iqtisadi, ticari, mədəni, humanitar və s.) ikitərəfli əlaqələrinin genişləndirilməsinə və şaxələndirilməsinə üstünlük verir. Bu mövqe ölkə rəhbəri cənab İlham Əliyevin çoxşaxəli inteqrasiya siyasətinin əsas vektorlarından birini ifadə etməklə, III "Şərq Tərəfdaşlığı" Sammitində də tam mənası ilə nümayiş etdirildi.

 

"Şərq Tərəfdaşlığı" Sammiti Azərbaycanı Avropaya milli maraqların tələb etdiyi qədər yaxınlaşdırdı

 

"Şərq Tərəfdaşlığı" çərçivəsində keçirilən III Vilnüs Sammitinə Azərbaycan digər tərəfdaş ölkələrdən fərqli olaraq konkret məqsədlərlə qatılmışdı. Əvvəlcədən bəyan edildiyi kimi, assosiativ üzvlük məsələsi Azərbaycan üçün müzakirə predmeti deyildi, əsas məsələ Aİ ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin daha da inkisaf etdirilməsinə şərait yaradan Sadələşdirilmiş viza rejiminin tətbiqinə dair xüsusi Sazişin bağlanması idi. Azərbaycanın bu mövqeyi, Sammitdə Ukraynanın Aİ-yə assosiativ üzvlük məsələsinin baş tutmaması və Ermənistanın həmişə olduğu kimi yenə də gözlənilmədən "öz mövqeyini" tam mənası ilə dəyişməsi - Avropa İttifaqına assosiativ üzvlükdən imtina edərək Gömrük İttifaqına (Gİ) daxil olacağını bəyan etməsi ilə əlaqədar olaraq Aİ və Gİ arasında yaranan son dərəcə gərgin situasiya şəraitində ən düzgün və milli maraqlarımıza tam uyğun olan siyasi gediş idi. Təsadüfi deyildi ki, cənab İlham Əliyev tərəfindən sərgilənən bu mövqe həm Aİ, ABŞ, həm də Gİ və bu proseslərdə maraqlı olan digər ölkələr tərəfindən yüksək qiymətləndirildi. Hadisələrin sonrakı gedişi, xüsusilə Sammitdən az sonra "Şahdəniz-2" müqaviləsinin uğurla imzalanması bu mövqenin son dərəcədə düzgün olduğunu əyani şəkildə sübut etdi.

Sadələşdirilmiş viza rejiminə keçidi Azərbaycan Aİ münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı hesab etmək olar. Saziş qüvvəyə mindikdən sonra Azərbaycana aşağıdakı üstünlükləri qazandıracaq:

- uzunmüddətli vizalarda Şengen ölkəsində qalmaq müddəti 90 gündən 180 günədək artırılacaq;

- uzunmüddətli vizaların maksimum müddəti 3 ildən 5 ilədək uzadılacaq;

- Azərbaycan vətəndaşlarının müəyyən kateqoriyaları - 12 yaşından kiçik olan uşaqlar, təqaüdçülər, dövlət qulluqçuları, əlil insanlar, Şengen ölkəsində yaşayanların yaxın qohumları, jurnalistlər, konfrans və elmi tədbirlərdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələri, alimlər, müəllimlər, mübadilə proqramında iştirak edən tələbələr üçün Şengen vizaları pulsuz olacaq;

- Şengen vizasının rəsmiləşdirilməsi üçün tələb olunan rüsum 60 avrodan 35 avroya endiriləcək;

- vizaların verilməsi üçün tələb olunan müddət 2 dəfə azaldılacaq. Güzəştli kateqoriyalar üçün bu müddət cəmi 2 gün olacaq;

-  diplomatik pasporta mailk olan Azərbaycan vətəndaşları üçün Şengen vizası tələb olunmayacaq;

-  viza alınması üçün tələb edilən sənədlərin sayı xeyli azalacaq;

- Şengen ölkəsində olan və viza müddəti başa çatan Azərbaycan vətəndaşları texniki baxımdan ölkəyə qayıdaraq səfirliyə müraciət etmək imkanları olmadığı halda Avropa İttifaqında həmin vizanın müddətini uzatmaq imkanına malik olacaqlar.

Sadələşdirilmiş viza rejiminə keçidin 2014-cü ilin sentyabr ayına qədər qüvvəyə minməsi nəzərdə tutulur ki, bununla da bu sahədə indiyə qədər mövcud olan süni maneələr, bürokratik yanaşmalar, vaxt itkisi və s. tam aradan qaldırılacaq, vizaların alınması proseduru asanlaşacaq və sadələşdiriləcək, viza rüsumlarının qiymətləri xeyli dərəcədə aşağı endiriləcək və vizaların alınması üçün tələb olunan müddət iki dəfəyə qədər qısaldılacaq.

Prosedur qaydalarına görə sadələşdirilmiş viza rejimi ilə eyni vaxtda qeyri-leqal miqrasiya üzrə vahid standartlara keçid (readmissiya) məsələsi də öz həllini tapacaq. Tərəflər arasında Readmissiya sazişi hazırda müzakirə ərəfəsindədir və hər iki sənədin eyni vaxtda qüvvəyə minməsi nəzərdə tutulur.

"Şərq Tərəfdaşlığı" Sammitində Avropa İttifaqı və tərəfdaş ölkələrin liderləri tərəfındən imzalanan yekun bəyannamə, qəbul edilən qərarların və qarşıya qoyulan vəzifələrin mühüm əhəmiyyət kəsb etdiyini və niyyətlərin son dərəcə ciddi olduğunu təsdiq edir. Bəyannamədə qeyd olunur ki, son iki il ərzində "Şərq Tərəfdaşlığı" Proqramının müxtəlif sahələrində - viza rejiminin sadələşdirilməsi, nəqliyyat, enerji, təhsil və gənclər, ətraf mühit, vətəndaş cəmiyyətinin inkişafı və s. istiqamətlərdə böyük irəliləyişlər əldə olunmuşdur. Tərəfdaş ölkələrin əhalisi üçün vacib olan əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcək.

Birgə bəyannamədə Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı" ölkələri strateji baxımından mühüm sahələrdə sıx əməkdaşlıq əlaqələrini davam etdirmək qətiyyətini xüsusi bəyan ediblər. Gələcək illər üçün qarşıya qoyulan məqsədlər demokratiyanın inkişafı, insan haqlarına hörmətlə yanaşılması və hüquq sahəsində islahatların davam etdirilməsini əhatə edir. Əsas diqqət müvafıq ölkələrlə assosiasiya sazişinin həyata keçirilməsinə yönəldiləcək. Liberal viza rejiminin ciddi şəkildə inkişafı da proqramın gündəmində ön sıralarda qalacaq. Enerji təhlükəsizliyi qarşılıqlı olaraq gücləndiriləcək və qarşılıqlı enerji əlaqələri yenidən təşkil olunacaq ki, bunlar də tərəfdaş ölkələrin tədricən Aİ-nin enerji bazarına inteqrasiya olunmasını təmin edəcəkdir.

Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" Proqramının üzvü olan ölkələrə Cənub Qaz Dəhlizinin inşasını, Ukraynanın qaz-nəqliyyat sisteminin modernləşdirilməsini və vahid enerji bazarının yaradılmasını davam etdirməyi vəd etmişdir.

Bəyanatda xüsusi qeyd edilir ki: "Zirvə görüşünün iştirakçıları qarşılıqlı enerji təhlükəsizliyinin, o cümlədən tərəfdaş ölkələrin qaz-nəqliyyat sisteminin inkişaf etdirilməsi və onların Avropa enerji bazarına mərhələli şəkildə inteqrasiya olunmaları yolu ilə artırılmasına, habelə enerji ehtiyatlarının transsərhəd ticarətinin inkişaf etdirilməsinə yönəlmiş fəaliyyəti alqışlamışlar".

Zirvə görüşünün iştirakçıları Cənub dəhlizi layihəsi çərçivəsində "Cənubi Qafqaz və Transadriatik qaz kəmərlərini modernləşdirmək", habelə "Aİ ilə Xəzər regionunu birləşdirən yeni infrastruktur yaratmaq" niyyətini təsdiq etmiş, Avropanın enerji ehtiyatları təchizatçısı kimi Azərbaycanın strateji rolunu xüsusi vurğulamışlar.

Zirvə görüşünün yekun bəyannaməsində təkcə Ukraynanın qaz-nəqliyyat sistemini modernləşdirmək deyil, həm də qazın revers nəqlini, o cümlədən Slovakiya ərazisi, habelə Xorvatiya, Macarıstan və Ukraynanı birləşdirən "Transadriatik qaz dəhlizi" ilə nəqlini genişləndirmək niyyəti vurğulanır.

Zirvə görüşünün yekun bəyannaməsinin enerji məsələlərinə dair hissəsində Avropanın enerji ehtiyatları təchizatını təmin edən tranzit ölkə kimi Belarusun da vacib rolu vurğulanmışdır. Yekun bəyannamədə Ermənistanla bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.

 

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Sammitində gözlədiyi bütövlük alınmadı

 

Sammitin ziddiyyətli nəticələrinə baxmayaraq, onun transregional proseslərin sonrakı inkişafına və konfiqurasiyasına şübhəsiz ki, böyük təsiri olacaqdır. "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Aİ-nin tərəfdaş ölkələrindən olan Ukrayna, Belarus, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan Sammitə formal olaraq vahid platforma ilə qoşulsalar da, oradan müxtəlif parametrli geosiyasi və geoiqtisadi nəticələrlə ayrıldılar.

Ermənistan və Belarus Sammitdə "formal qonaq" qismində iştirak etmişlər və onlarla bağlı heç bir sənəd imzalanmamış, heç bir mühüm bəyanat verilməmişdir. Gömrük İttifaqına qoşulmağı bəyan etdikdən sonra, Ermənistan artıq Avropa İttifaqında, ümumiyyətlə, Qərbdə ciddi və etibarlı tərəfdaş kimi qəbul edilmir. Ermənistan bu qərarı ilə özünün mövqesizliyini ortaya qoyaraq, sərbəst olaraq ciddi siyasi və strateji qərarlar qəbul etmək iqtidarında olmadığını bir daha sübut etdi. Artıq Aİ-nin daxilində bu ölkə ilə "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlığa yenidən baxılması prosesinə başlanılmışdır.

Gürcüstan və Moldova Aİ ilə assosiasiya və azad ticarət zonası haqqında sazişi imzalamış, bununla da Aİ-yə inteqrasiya yolunda mühüm addımlar atmışlar. Bununla yanaşı, Gürcüstan Avropa İnvestisiya Bankı ilə infrastrukturların inkişafına 30 milyon avro məbləğində güzəştli kreditin ayrılması barədə saziş imzalamışdır.

Aİ-nin Ukrayna ilə planlaşdırdığı və artıq əvvəlcədən elan etdiyi assosiasiya haqqında tarixi saziş isə imzalanmadı. Ekspertlərin fikrincə, bu saziş nəinki Ukraynanın tarixində ən genişmiqyaslı beynəlxalq hüquqi sənəd idi, həmçinin Aİ-nin üçüncü ölkələrlə imzalayacağı ən böyük həcmli beynəlxalq müqavilə idi (sənədin ümumi həcmi min səhifədən çoxdur).

Ukraynada baş verən sonrakı hadisələr problemin geosiyasi ağırlığından irəli gəlir və siyasi faktorların digər amillər üzərində üstün olduğu zaman nələrin baş verə biləcəyini açıq nümayiş etdirir. Demək olar ki, Ukrayna yenidən siyasi gərginliyin ağır dövrünə qədəm qoymuşdur ki, bu da birmənalı olaraq ölkənin sosial-iqtisadi inkişafına və imicinə olduqca mənfi təsir göstərəcəkdir. Hazırda Ukraynanın Aİ-nin azad ticarət zonasına daxil olmasının iqtisadi qazancları və itkiləri ilə bağlı çoxlu sayda hesablamalar aparılır-inteqrasiya tərəfdarları ortamüddətli perspektivdə maddi rifahın 4-7% yüksələcəyini və inteqrasiyanın qısamüddətli effektindən deyil, daha çox uzunmüddətli əməkdaşlığın verə biləcəyi genişmiqyaslı üstünlüklərin və faydaların aksiomatik olduğunu iddia edirlər. Əleyhdarlar isə iqtisadiyyatın modernləşdirilməsi üçün Ukraynanın 160 mlrd. avroya ehtiyacı olduğunu və nəinki bu miqdarda, heç 16 mlrd. avro həcmində də vəsaitin Aİ tərəfindən ayrılmasının hazırda qeyri-real olduğunu, ölkə müəssisələrinin rəqabət qabiliyyətinin kəskin şəkildə aşağı düşmə ehtimalının real məzmun kəsb etdiyini və digər bu kimi arqumentləri ortaya qoyurlar. Eyni zamanda qeyd olunur ki, Ukraynanın Gömrük İttifaqına daxil olması 6% - lik inteqrasiya effektinin əldə edilməsinə şərait yaradacaqdır.

Göründüyü kimi, Ukrayna üçün geoiqtisadi ehtimalların və modellərin geniş palitrası diametral ziddiyyət xarakteri daşımaqla son dərəcə siyasiləşdirilmişdir ki, bu da mövcud situasiyanı daha da mürəkkəbləşdirir. Hərçənd, Ukrayna liderləri avrointeqrasiya ilə bağlı məsələnin müzakirəsinə 2014 -cü ildə yenidən qayıdacaqlarını bildirsələr də, fikrimizcə, artıq siyasi "burulğan" mexanizmi işə salınmış və məlum geosiyasi mərkəzlər tərəfindən hər vasitə ilə dəstəklənəcəkdir. Sammitdən bir neçə gün sonra Rusiyanın Ukraynaya gözlənilmədən 15 mlrd. dollar həcmində kreditin ayrıacağını bəyan etməsi və çox gözləmədən 2 milyardlıq ilk kredit tranşının reallaşdırması və Aİ-nin Ukraynaya qarşı günü-gündən sərtləşən reaksiyaları və siyasi təzyiqləri bu fikirləri təsdiq etməyə tam əsas verir. Bu iki geosiyasi güc mərkəzinin rəqabət obyektinə və meydanına çevrilən Ukrayna üçün, tərəf seçimi məsələsi bu gün avrointeqrasiyadan daha çox, həyati məsələ kimi Ukrayna xalqı qarşısında dayanmaqdadır. Faktiki olaraq, Ukrayna xalqının azadlığı, dövlət müstəqilliyi, milli suverenliyi və ərazi bütövlüyü təhlükədədir.

 

Azərbaycanın Sammitdəki düşünülmüş mövqeyi və strateji modernləşən tərəfdaşlıq

 

Ukraynada daxili siyasi böhranın dərinləşməsi, Gürcüstan və Moldova ilə sazişlərin az effektiv olması, Ermənistanın açıq-aşkar hörmətsizliklə Aİ-dən uzaqlaşdırılması fonunda Azərbaycanın Avropa İttifaqının III "Şərq Tərəfdaşlığı" Sammitində iştirakının nəticələrini Prezident İlham Əliyevin geoiqtisadi praqmatizmə əsaslanan çoxvektorlu xarici siyasətinin növbəti uğuru kimi qiymətləndirmək olar. Milli maraqların aliliyi, xarici siyasi amillərin daxili sosial-iqtisadi və humanitar tərəqqiyə istiqamətləndirilməsi Prezident İlham Əliyevin xarici siyasətinin təməl prinsiplərini təşkil edir. Bərabərhüquqlu, daxili işlərə qarışmamaq, qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsipləri bu siyasətin ölkələrarası sivil münasibətlərin formalaşmasında sütun dayaqları kimi çıxış edir.

Bu prinsiplər öz real nəticələrini Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda iştirakında, dünyanın 57 ölkəsində səfirliklərin açılmasında, ikitərəfli dövlətlərarası münasibətlərin fəal olaraq şaxələndirilməsində təcəssüm etdirir. Andiçmə mərasimində Prezident İlham Əliyevin dediyi kimi: "Azərbaycan ilə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. Azərbaycan etibarlı tərəfdaş kimi tanınır". Məhz əldə edilmiş tarixi nailiyyətlər və İlham Əliyevin xarici siyasət doktrinasının artıq dünyada qəbul edilməsi sayəsində 155 ölkənin dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir.

Bu gün Azərbaycan iqtisadi inkişaf potensialına və milli resurslarına görə faktiki olaraq Cənub Qafqaz regionunun lider ölkəsinə çevrilmişdir. Cənubi Qafqazın insan resurslarının təxminən 60 faizi, yanacaq-enerji və maliyyə resurslarının 90 faizi, iqtisadi potensialının isə 75 - 80 faizi Azərbaycanın payına düşür. Hazırda həm qonşu dövlətlər, həm də dünyanın əksər geosiyasi və geoiqtisadi gücləri bütün ölçülər üzrə regionun "lider ölkəsi" statusunu daşımaq imkanını məhz Azərbaycana aid edirlər.

Azərbaycan Avropa və Asiyanın nəqliyyat-kommunikasiya dəhlizlərinin və neft-qaz ixracatı marşrutlarının üzərində yerləşir. Ölkənin dünyada önəmli rol oynayan dövlətlərlə geosiyasi və geoiqtisadi münasibətlərinin taktikasının düzgün müəyyənləşdirilməsi, neft-qaz ixracı marşrutlarının şaxələndirilməsi və səmərəli istifadəsinin təşkili, xarici aləmlə mövcud nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsi, dünyada yeni-yeni satış bazarlarının axtarılması və mənimsənilməsi onun 2020-ci ilədək reallaşdıracağı əsas geoiqtisadi və strateji vəzifələri sırasına daxildir. Bu məqsədlə xarici aləmlə Azərbaycanı birləşdirən transmilli və ölkədaxili strateji tranzit-nəqliyyat infrastrukturlarının, neft-qaz kəmərlərinin yenidən qurulması, buraxılış və daşıma gücünün bir neçə dəfə artırılması xüsusi əhəmiyyət kəsb edir. Rəsmi məlumatlara görə, hazırda  34 beynəlxalq transmilli şirkət və 16 nüfuzlu dövlət Azərbaycanın təşəbbüsü ilə Xəzər regionundakı nəqliyyat-kommunikasiya dəhlizi və ixrac kəmərlərinin çəkilişi, yenidən qurulması və s. layihələrə qoşulmuş, onların reallaşmasında iştirak edirlər.

 Bu layihələrdən ən vacibləri artıq  tam gücü ilə işləyən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərləri, eyni zamanda Avropa Birliyinin TRASEKA layihəsı çərçivəsində yenidən qurulmuş və bərpa edilmiş Transqafqaz nəqliyyat-kommunikasiya dəhlizi ("İpək yolu") və tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bu kəmərlər və nəqliyyat-kommunikasiya dəhlizləri təkcə Azərbaycanın deyil, bütün regionun geosiyasi vəziyyətini köklü şəkildə dəyişmiş, bölgə ölkələrinin müstəqilliyinin gücləndirilməsi, iqtisadiyyatının, sosial həyatının, ölkədaxili milli-vətəndaş birliyinin, siyasi plüralizm, vətəndaş cəmiyyəti və demokratik dəyərlərin inkişaf etdirilməsində və ən əsası, regional, beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqdadır.

Şübhəsizdir ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması əsasında ədalətli həll edilməsi ölkəmizin xarici siyasətinin prioritet istiqamətini təşkil edir. Prezident İlham Əliyev öz çıxışlarında, bəyanatlarında münaqişənin indiyədək həll edilməməsinin əsas səbəblərini məhz, xarici amillərlə izah edir: "Əfsuslar olsun ki, bu illər ərzində münaqişə həllini tapmamışdır. Bunun başlıca səbəbi Ermənistanın riyakar siyasətidir, qeyri-konstruktiv mövqeyidir və əfsuslar olsun ki, beynəlxalq birliyin, bu məsələ ilə bilavasitə məşğul olan tərəflərin biganəliyidir".

Gələcəkdə iqtisadi amillərdən daha da geniş istifadə etmək Prezident İlham Əliyevin xarici siyasətinin strateji prioritetidir: "...iqtisadi amildən istifadə edib dünyada daha çox dost qazanmaq xarici siyasətlə bağlı prioritet məsələlərdən biridir". Fikrimizcə, Azərbaycanın III Şərq Tərəfdaşlığı Sammitində iştirakını və onun nəticələrini məhz bu kontekstdən və ilk növbədə, Azərbaycanın geoiqtisadi maraqları prizmasından dəyərləndirmək vacibdir. Mübaliğəsiz demək olar ki, son on ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan transregional məkanda geoiqtisadi liderə çevrilmişdir. Hələ əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iri beynəlxalq enerji, nəqliyyat, informasiya-kommunikasiya və infrastruktur layihələrinin müvəffəqiyyətlə reallaşdırılması, ölkənin geostrateji mövqeyinin üstünlüklərindən səmərəli istifadə edilməsi, multikulturalizm ideyasının uğurla həyata keçirilməsi ölkəmizin qısa tarixi müddət ərzində geoiqtisadi və geohumanitar mərkəz, stabil, dinamik inkişaf məkanı kimi tanınmasına imkan yaratmışdır.

Bütün bunların nəticəsində bu gün Azərbaycan istər siyasi, istərsə də iqtisadi cəhətdən dünyanın heç bir ölkəsindən asılı olmayan bir ölkədir. O, özünü bütün mənalarda tam təmin etmək iqtidarındadır və inteqrasiya proseslərinə qoşulmaqda əsas məqsədi əlavə üstünlüklər əldə etməkdir. Bu mənada Azərbaycanın III "Şərq Tərəfdaşlığı" Sammitində və sammitdən sonrakı proseslərə münasibətdə sərgilədiyi mövqe təqdirəlayiqdir. Azərbaycanın həm Aİ, həm dəGömrük İttifaqına üzv olan ölkələrlə bir çox sahələrdə əlaqələrinin inkişafına diqqət çəkən ölkə Prezidenti cənab İlham Əliyev açıq şəkildə bildirmişdir ki, "...Azərbaycan xeyli müddətdir ki, Aİ ilə bir çox istiqamətlərdə kifayət qədər effektli əməkdaşlıq edir. Biz həm energetika, həm iqtisadiyyat, həm də nəqliyyat sahəsində əməkdaşlığın səviyyəsindən razıyıq.

...Ölkənin qarşısında Aİ, yaxud Gömrük İttifaqına daxil olmaq üzrə seçim dayanmayıb. Gömrük İttifaqı ilə aramızda çox fəal ikitərəfli münasibətlər var. Qarşılıqlı mal dövriyyəsi artır və ümumilikdə, siyasi əlaqələr yüksək səviyyədədir. Bizim qarşımızda hansısa seçim, alternativ məsələləri heç zaman dayanmayıb. Biz həm Gömrük İttifaqı, həm də Avropa İttifaqının üzvləri ilə əməkdaşlıq edirik".

Azərbaycan nəinki Aİ və Gömrük İttifaqının üzvləri ilə, eləcədə üzv olduğu və olmadığı digər təşkilatlarla da müasir beynəlxalq münasibətlərə xas olan prinsiplər əsasında səmərəli, işgüzar və faydalı əlaqələr qurmaq və onları inkişaf etdirmək əzmindədir. Bunu o, 22 illik müstəqillik dövrü ərzində konkret fəaliyyəti ilə tam mənasında təsdiq etmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək: "Keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində önəmli saziş imzalandı. Bu, bizim Aİ ilə olan münasibətlərimizin təzahürüdür. Bu münasibətlər gələcəkdə də inkişaf edəcəkdir. Hazırda- təbii ki, 2014-cü ildə Aİ - Azərbaycan strateji əlaqələrinin gələcək formatı müəyyən edilməlidir".

Avropa İttifaqının  III "Şərq Tərəfdaşlığı" Sammitinin başlıca nəticələrindən biri də Azərbaycanın geostrateji və geoiqtisadi çəkisinin əhəmiyyətli dərəcə artması olmuşdur. Prezident İlham Əliyevin enerji diplomatiyasının tarixi nailiyyəti olan XXI əsrin müqaviləsi adlandırılan "Şahdəniz-2" Sazişinin imzalanması respublikamızı Aİ üçün irimiqyaslı strateji tərəfdaşa çevirdi. "Şərq Tərəfdaşlığı" Proqramına daxil olan ölkələrin yerləşdiyi subregionda geosiyasi proseslərin konfiqurasiyasının kəskin surətdə dəyişilməsi və eyni zamanda Azərbaycanın geostrateji təsirinin yüksəlməsi ölkəmiz üçün Aİ ilə gələcək əməkdaşlıq sahəsində sərbəst şəkildə yeni təşəbbüslərin və təkliflərin irəli sürülməsinə tarixi zəmin yaranmışdır.

Əlbəttə ki, bu yeni tarixi şəraitin formalaşması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl, düşünülmüş, uğurlu inteqrasiya, enerji, nəqliyyat, infrastruktur siyasətinin nəticəsində mümkün olmuşdur. Demək olar ki, Avropr İttifaqının təcrübəsində ilk dəfə olaraq, onun tərəfdaş ölkəyə deyil, tərəfdaş ölkə, yəni Azərbaycan tərəfindən ona əməkdaşlığın yeni formatda davam etdirilməsi təşəbbüsü irəli sürülmüşdür. Bu barədə Prezident İlham Əliyevin prinsipial fikirləri olduqca əhəmiyyətli və praqmatikdir: "...Mən hesab edirəm ki, Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı münasibətlərin səviyyəsi yəqin ki, assosiasiyadan daha yüksək formada əməkdaşlıq tələb edir. Və bundan başqa, "assosiasiya" sözü bizim üçün o qədər də məqbul sayılmır. "Assosiativ üzv" - bu necə tərəfdaşlıq deməkdir? Burada dəqiq definisiya yoxdur. Azərbaycan bütün mənalarda, həm siyasi, həm də iqtisadi baxımdan heç kimdən asılı deyil. İstənilən inteqrasiya prosesinə əlavə üstünlüklər qazanmaq üçün getmək lazımdır. Və hələlik biz assosiasiya layihəsi çərçivəsində bunu görmürük... Əgər digər əməkdaşlıq formaları, məsələn, strateji tərəfdaşlıq olarsa - əlbəttə ki, o zaman biz bunu müzakirə edə bilərik...".

Həmin bəyanatdan iki həftə sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Bakıda Xəzər- Avropa inteqrasiya klubunun iclasında Azərbaycan və Avropa İttifaqı strateji-iqtisadi əməkdaşlığının yeni səviyyəyə qalxdığını bildirmişdir. Onun sözlərinə görə, hazırlanan Strateji Modernləşən Tərəfdaşlıq (Strategic Modernisation Partnership) haqqında Saziş ikitərəfli iqtisadi münasibətlərin inkişafında yeni mərhələ olacaqdır. Aİ rəsmisinin fikrincə, assosiativ əməkdaşlıq haqqında saziş və yeni proqram bir-birini tamamlayacaqdır.

Strateji Modrnləşən Tərəfdaşlıq (SMT) proqramı hərtərəfli xarakter daşıyır və aşağıdakı istiqamətləri özündə ehtiva edir: siyasi islahatlar və Aİ-yə uyğunlaşma; təhlükəsizlik sahəsində əməkdaşlıq və məsləhətləşmələr; ticarət və biznes mühiti; enerji, ətraf mühit və nəqliyyat; insanlar arasında əlaqələr. Proqramda Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına xüsusi yer verilmişdir. Beləliklə, 2014-cü ili  Azərbaycanın Aİ üçün müstəsna geoiqtisadi tərəfdaşa çevrilməsinin başlanğıc ili kimi qiymətləndirmək olar. Xüsusi qeyd etmək lazımdır ki, SMT proqramı Aİ tərəfindən yalnız Azərbaycan üçün hazırlanır və əməkdaşlığın bu formatı indiyə qədər heç bir dövlətlə münasibətlərdə tətbiq olunmamışdır.

Azərbaycanın Aİ ilə əməkdaşlığının yeni formatı Prezident İlham Əliyevin iqtisadi diplomatiyasının tarixi nailiyyəti və uğurudur. Bütün beynəlxalq ekspertlər Azərbaycanın Aİ-yə ardıcıl, planlı və addım-addım aparılan inteqrasiya siyasətinin səmərəliliyini qeyd edirlər. Rəsmi mövqe ondan ibarətdir ki, iri neft-qaz resursları ilə zəngin olan Azərbaycan etibarlı geostrateji tərəfdaş kimi özü üçün manevr sərbəstliyini qoruyub saxlayır və bu proseslərdə ilk növbədə öz milli maraqlarını rəhbər tutaraq, onları qlobal və regional proseslərlə uzlaşdırır.

SMT sazişinin imzalanması və onun reallaşdırılması nəticəsində Azərbaycan öz beynəlxalq nüfuzunu və reytinqini yeni keyfiyyət səviyyəsinə qaldıracaq, milli dövlət maraqlarına heç bir zərər gətirmədən əlavə üstünlüklər, preferensiyalar və dividendlər verən unikal əməkdaşlıq modelini əldə edərək Yeni Ölkə Statusunu qazanacaqdır. 

 

Azərbaycanın seçimi bütövlükdə dünyanın özüdür

 

XXI əsr - yeni ideyalar, yeni modellər, yeni texnologiyalar, yeni çağırışlar və imkanlar əsridir. Artıq əksəriyyət alimlər, siyasətçilər və ekspertlər tərəfindən qəbul edilir ki, köhnəlmiş geosiyasət modeli öz mövqelərini tədricən itirərək beynəlxalq münasibətlərin yeni konseptual arxitekturasına- geoiqtisadiyyata təhvil verməkdədir. Mahiyyətcə, geoiqtisadiyyat - dövlətin xarici siyasət məqsədlərinə nail olmasını, iqtisadi yolla dünya çapında və regional miqyasda qüdrətə sahib olmasını təmin edəcək iqtisadi gücü nöqteyi-nəzərdən yeni geosiyasətdir, yaxud geoiqtisadi siyasətdir. Hazırda çoxlu sayda ölkələr dünya məkanında öz mövqelərini, bu və ya digər inteqrasiya qruplaşmalarında iştiraklarını resursların, gəlirlərin bölgüsü və yenidən bölgüsü, rəqabətqabiliyyətliliyin yüksəldilməsi kontekstində nəzərdən keçirirlər. Fikrimizcə, bu yanaşma, faktiki olaraq, müstəqil Azərbaycanın geoiqtisadi strategiyası və siyasətində daha parlaq nəzərə çarpır və effektiv surətdə tətbiq edilir. Geoiqtisadi liderə və regional mərkəzə çevrilmiş Azərbaycanın qarşısında hər hansı bir inteqrasiya seçimi dilleması dayanmır.

Qeyd edildiyi kimi, bu məsələlər Prezident İlham Əliyevin geoiqtisadi düşüncəsinin prioritet təşkil etdiyi xarici siyasət prinsiplərinin əsasında nəzərdən keçirilir. Azərbaycan Avropa İttifaqının mühüm strateji tərəfdaşıdır, Avropa ölkələrinin enerji təhlükəsizliyində müstəsna rol oynayır. Məhz bu inteqrasiya vektoru çərçivəsində əməkdaşlıq ölkəmizə başlıca geoiqtisadi üstünlüklər və qazanclar gətirmiş, xeyli maliyyə-investisiya resursları toplamağa imkan vermiş və bundan sonra da verəcəkdir. Bunlarla yanaşı, Azərbaycan MDB məkanında da etibarlı və mühüm tərəfdaş kimi qəbul edilir. Buna konkret misal olaraq, Rusiya Prezidenti Vladimir Putinin avqust səfəri və iqtisadi sahədə əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması ölkəmizin geoiqtisadi rolunun artmasını bir daha təsdiq edir.

Yaxın perspektivdə Azərbaycanın geoiqtisadi gücü artacaq, bununla da başlıca xarici siyasət problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni üfüqlər və təsir imkanları yaranacaqdır. Prezident İlham Əliyevin sözləri ilə desək: "Xarici siyasətlə bağlı təşəbbüslərimiz, eyni zamanda, bizim iqtisadi imkanlarımızı da artırır. Çünki hazırda Azərbaycanın iqtisadi inkişafı, o cümlədən xaricə qoyulan investisiyaları ilə də bağlı olacaqdır. Belə olan halda dünyada nə qədər çox dostlarımız olsa, bizim iqtisadi inkişafımız o qədər də uğurlu olacaqdır". Azərbaycan mühüm regional investora, beynəlxalq əmək bölgüsünün transformasiyası və beynəlxalq iqtisadiyyatın struktur yenidənqurulmasında fəal iştirakçıya çevrilir. Azərbaycanın geoiqtisadi əlaqələrinin dərəcəsi artır, coğrafiyası şaxələnir və müvafiq olaraq geoiqtisadi nüfuzumuzun arsenalı güclənir. Avropa İttifaqı ilə viza müqaviləsini imzalayaraq Azərbaycan, Avropaya milli maraqlarımızın - Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi, Cənubi Qafqazda geoiqtisadi liderliyin möhkəmləndirilməsi maraqlarının tələb etdiyi qədər yaxınlaşdı.

Beləliklə, Azərbaycanın milli ideyasının geoiqtisadi proyeksiyası istənilən situasiyada, qarşılıqlı əlaqələrin istənilən formada qərarlaşmış, yaxud qərarlaşacaq konfiquriyasiyasında dövlət müstəqilliyini və milli maraqların ən ali dəyər kimi qəbulunu və toxunulmazlığını əsas şərt keyfiyyətində ortalığa qoyur.

Bu anlamda coğrafi istiqamətindən asılı olmayaraq, real məzmunlu inteqrasiya proseslərinə qoşulma yalnız plüralist konsepsiya çərçivəsində baş tuta bilər. Yalnız bu konsepsiya çərçivəsində, bir tərəfdən dövlət müstəqilliyini qoruyub saxlamaq, digər tərəfdən isə inteqrasiya proseslərində daha rasional formada iştirak etmək  mümkündür.

Eyni zamanda məlumdur ki, hər iki qruplaşma - Aİ və Avrasiya Birliyi - inteqrasiya blokları kimi konfederativ dövlət quruculuğu yönümlüdürlər və təbii ki, plüralist konsepsiya bu anlamda keçərli deyildir.

Digər tərəfdən, geoiqtisadi mövqe seçimi və inteqrasiya (sözügedən qruplaşmalar çərçivəsində) eyniyyətə gətirilir. Bu, o deməkdir ki, həm Aİ, həm də Avrasiya Birliyi problemə sırf geosiyasi mövqedən yanaşır. Geoiqtisadi mövqe sərgilənməsinin mütləq inteqrasiya ilə tamamlanacağı deyilən bir zərurət yoxdur.

Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan özünü, öz gələcəyini Avropa ailəsində görür. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da hədəflənən əsas məqsədlərdən biri məhz Avropa dəyərləri bazasında inkişaf etmiş ölkəyə çevrilməkdən ibarətdir.

İnkişafın keyfiyyətcə yeni mərhələsinə keçidin sistemli xarakter kəsb etməsi Avropa ilə qarşılıqlı əlaqələrin sıxlıq və effektivlik dərəcəsindən birbaşa funksional asılılıqdadır. Cəmiyyətin sosio-mədəni və sosio-iqtisadi tipinin dəyişməsi, postindustrial təsərrüfat sisteminin qərarlaşması inkişaf etmiş Avropanın bu gün əldə etdiyi nailiyyətlərindən geniş surətdə istifadəni qaçılmaz zərurət kimi ortalığa qoyur. Bu kontekstdə anlaşılması müşkül olan məsələ, sözügedən qaçılmazlığın "assosiativ üzv"lülüklə bağlanmasıdır. Əgər, söhbət daha sıx əməkdaşlıqdan gedirsə, onda, cənab Prezidentin qeyd etdiyi kimi, strateji anlam daşıyan əməkdaşlıq forması tapmaq o qədər də çətin bir məsələ deyildir.

Digər tərəfdən, Azərbaycan Avropa geoiqtisadi məkanında fəaliyyətdə olan təkrar istehsal tsikllərinə qoşulmaq niyyətindədir. Və bu istiqamətdə kifayət qədər intensiv səciyyəli tədbirlərin həyata keçirilməsinə artıq başlanılmışdır. Aydındır ki, qeyd edilən istiqamət inteqrasiyanın həqiqi məzmununu - mikrosəviyyədə bütövləşməni ortalığa qoyur ki, bu da öz növbəsində dövlət müstəqilliyi üçün heç bir təhdid törətmədən Azərbaycanın "dünya gəlirindən" pay əldə etməsinə və yekun etibarilə geoiqtisadi qütbə çevrilməsinə (dünya çapında) şərait yaradır.

Məhz bu aspektdən "assosiativ üzv"lük tipli primitiv əməkdaşlıq formaları və geoiqtisadi müstəvidə birmənalı olaraq "qapanma" yaradan Gömrük İttifaqı formatlı birliklər Azərbaycanın milli mənafelərinə cavab vermir. Məhz buna görə Azərbaycan multiliteral əlaqələrin, çoxvektorlu (coğrafi anlamda) münasibətlər  sisteminin tərəfdarıdır. Məhz bu cəhəti əsas götürən cənab Prezident

"...əlavə üstünlüklər qazanmaq" imkanı verməyən inteqrasiya proseslərinə qoşulmağı məqsədəuyğun hesab etmir.

Beləliklə, ictimai diqqət mərkəzində olan əsas müzakirə mövzularından biri - Aİ "assosiativ üzv"lük, yoxsa Avrasiya Birliyi (Gömrük İttifaqı) tipli seçim deyilən bir zərurət Azərbaycan üçün  mövcud deyildir və ümumiyyətlə, sözügedən seçimdən kənarda "durmaq", üzv ölkələrlə qarşılıqlı əlaqələri inkişaf etdirmək və dərinləşdirmək daha rasional davranış tərzi kimi qəbul olunmalıdır.

 

ŞƏMSƏDDİN HACIYEV,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2014.- 1 may.- S.5.