«ABŞ-Azərbaycan: gələcəyə baxış» Forumu çərçivəsində «Avrasiya enerji dəhlizi və enerji təhlükəsizliyi: Azərbaycanın strateji rolu» mövzusunda sessiya

 

"ABŞ-Azərbaycan: gələcəyə baxış" Forumu çərçivəsində "Avrasiya enerji dəhlizi və enerji təhlükəsizliyi: Azərbaycanın strateji rolu" mövzusunda sessiya keçirilmişdir.

Sessiyada ABŞ Senatının üzvləri - Mark Beqiç (Alyaska ştatı), Mark Uorner (Virciniya), Çarlz Şumer (Nyu-York), ABŞ dövlət katibinin enerji diplomatiyası məsələləri üzrə köməkçisinin müavini Amos Hokstayn, ARDNŞ-in investisiyalarmarketinq  üzrə vitse-prezidenti Elşad Nəsirov, Texas ştatından konqresmen Stiv Stokmanİndiana ştatından keçmiş konqresmen Den Berton çıxış etmişlər.

ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov sessiyadakı çıxışında ABŞ ilə Azərbaycanın strateji tərəfdaşlığından danışaraq bildirmişdir ki, neft məhsulları istehsalçıları olan ölkələrimiz tarixin müəyyən mərhələsində rəqabət aparmışlar. Çünki onların hər biri ayrılıqda  dünya bazarını neft həcminin yarısı ilə təchiz edirdi. Hazırda isə bu dövlətlər öz aralarında sıx əməkdaşlıq edirlər.

Senator Çarlz Şumer çıxışında istər enerji əməkdaşlığı, istərsə də təhlükəsizlik sahələrində Azərbaycanın rolunu vurğulayaraq demişdir: "Bu gün biz iki böyük demokratiya - Birləşmiş Ştatlar və Azərbaycan arasında  diplomatik münasibətlərin qurulmasının 22-ci ildönümünü bayram edirik".

Keçmiş konqresmen Den Berton Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ARDNŞ-in mühüm rolunu vurğulamışdır.

Sonra ABŞ dövlət katibinin enerji diplomatiyası məsələləri üzrə köməkçisinin müavini Amos Hokstayn çıxış edərək, Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün enerji təhlükəsizliyinin əhəmiyyətini qeyd etmişdir. Prezident Barak Obama Administrasiyasının nümayəndəsi demişdir: "ABŞ bir-biri ilə bağlı elementlər olan Avropanın enerjimilli təhlükəsizliyinin təmin olunmasına tərəfdardır". A.Hokstayn  Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsinin uğurla həyata keçirilməsi barədə auditoriyaya məlumat verərək  bildirmişdir ki,  1990-cı illərin əvvəllərində bir çox tənqidçilər BTC layihəsinin həyata keçirilməsinə inanmırdılar. Lakin Azərbaycan ABŞ-ın dəstəyi ilə onu gerçəkləşdirdi. Bu da belə bir ifadəni isbat edir: "Bədgümanlar heç vaxt heç nə yaratmırlar, inamını itirməyənlər isə həmişə uğur qazanırlar".

A.Hokstayn demişdir ki, 2009-cu ildə  Prezident Barak Obama  Administrasiyasında enerji diplomatiyası şöbəsi yaradılmışdır. O vaxtdan etibarən Vaşinqton  enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı problemlərin həllini qaz təchizatı mənbələrinin şaxələndirilməsində görür və "Cənub" Qaz Dəhlizi buna əyani misaldır.  Azərbaycan hökumətinin, ARDNŞ-in səyləri və ABŞ-ın dəstəyi ilə layihədə növbəti uğur əldə olunmuşdur: 2013-cü ildə Yekun investisiya qərarı  imzalanmışdır. A.Hokstayn demişdir: "Biz qaz kəmərinin çəkilməsini dəstəkləməliyik, çünki bu, sadəcə 10 milyard kubmetr qazın nəql olunduğu boru kəməri deyildir, gələcəkdə əlavə qaz təchizatı üçün potensialdır. Bu da  infrastruktur tikintisinin genişlənməsinə kömək edəcək, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm amil olacaqdır".

Sonda sıx tərəfdaşlıq münasibətlərinə görə Azərbaycana təşəkkür edən A.Hokstayn ABŞ ilə əməkdaşlığın davam etdiriləcəyinə əmin olduğunu bildirmişdir.

 

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

 Vaşinqton

Azərbaycan.-2014.- 1 may.- S.7.