Bakıda keçirilən Beynəlxalq İdman Mətbuatı

 Assosiasiyasının 77-ci konqresi başa çatmışdır

 

“JW Marriott Absheron Baku” mehmanxanasında keçirilən Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci konqresi aprelin 30-da başa çatmışdır.

AzərTAc xəbər verir ki, konqresin sonuncu günündə əvvəlcə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) aparat rəhbəri Josen Farber təqdimatla çıxış etmişdir. J.Faber BOK-un tarixi və fəaliyyəti barədə məlumat vermiş, Olimpiya dəyərlərinin mahiyyətindən danışmış, Olimpiya Oyunlarının təşkili haqqında fikirlərini bildirmişdir.

Sonra 2015-ci ildə Koreya Respublikasının Kvanju şəhərində keçiriləcək Yay Universiadasının təqdimatı keçirilmişdir. “Kvanju-2015”in baş katibi Kim Yun-Suk yarışa hazırlıqla bağlı məlumat vermişdir.

AİPS-ə üzvlük üçün müraciət etmiş ölkələrin qəbulu ilə bağlı aparılan müzakirələrdən sonra Tunis, Türkmənistan, Malavi və Makedoniyanın quruma üzv olduqları elan edilmişdir. Həmin ölkələrin nümayəndələri çıxışlarında AİPS-in fəaliyyətində yaxından iştirak edəcəklərini bildirmişlər.

Daha sonra AİPS-in prezidenti Canni Merlo qanunsuz mərc oyunları ilə bağlı aparılan mübarizədən, idmanda korrupsiya, o cümlədən futbolda oyun alqı-satqısı ilə əlaqədar mənfi halların doğurduğu nəticələrdən danışmışdır.

Konqresin sonunda qətnamə qəbul olunmuşdur. Qətnamədə irimiqyaslı idman yarışlarında jurnalistlərin qeydiyyatı məsələsinin asanlaşdırılması onun yolları əksini tapmışdır. Qətnamə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa ünvanlanmışdır.

Sonda xatirə şəkli çəkdirilmişdir.

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının Bakıda keçirilən 77-ci konqresi işini başa çatdırmışdır.

 

Azərbaycan.-2014.- 1 may.- S.8.