Oqtay Əsədov İsrailin
xarici işlər naziri
ilə görüşüb
Mayın
1-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda
səfərdə olan İsrail Dövlətinin xarici işlər
naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
AzərTAc
xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov
iki ölkə arasındakı əlaqələrdən
danışmışdır. Parlamentin sədri bildirmişdir
ki, ölkələrimiz arasında bütün istiqamətlərdə,
xüsusilə iqtisadi və siyasi sahələrdə əlaqələr
yüksələn xətlə inkişaf etməkdədir. O
bildirmişdir ki, iki ölkə arasında 7 sənəd
imzalanmışdır və 6 sənəd isə imzalanma ərəfəsindədir.
Bu isə onu göstərir ki, ölkələrimiz arasında
əməkdaşlığın hüquqi bazası ildən-
ilə daha da güclənəcəkdir.
Məlumat
verilmişdir ki, Azərbaycan ilə İsrail arasında
2013-cü ildə ticarət dövriyyəsi 1 milyard 300 min
dollar təşkil etmişdir.
Oqtay
Əsədov gələcəkdə ticari əlaqələrin
daha da genişlənəcəyinə inandığını
vurğulayaraq Azərbaycan–İsrail Sənaye Ticarət
Palatasının yaradılmasını bunun bariz nümunəsi
kimi qiymətləndirmişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan
O.Əsədov Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə
və bu münaqişənin ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həlli
istiqamətində göstərdiyi səylərə görə
İsrail tərəfinə təşəkkürünü
bildirmişdir.
Aviqdor
Liberman ölkələrimiz arasındakı əməkdaşlıqdan
məmnunluqla söhbət açmış, gələcəkdə
əlaqələrin genişləndirilməsi
üçün yaxşı imkanların olduğunu diqqətə
çatdırmışdır.
Qonaq
ikitərəfli münasibətlərin möhkəmləndirilməsində
parlamentlərarası əlaqələrin oynadığı
rolu xüsusi vurğulamışdır.
Görüşdə
gələcək əməkdaşlıq imkanları,
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2014.- 2 may.- S.6.