1918-ci il Quba qırğınları

 

Azərbaycanlıların soyqırımı

 

1918-ci il may ayının 1-də türklərə qarşı törətdikləri vəhşilikləri ilə məşhurlaşmış erməni-daşnak zabiti  Amazaspın komandanlığı altında yalnız ermənilərdən ibarət  3 minlik hərbi birləşmə üç tərəfdən Quba şəhərinə daxil oldu. Bu hadisədən bir müddət sonra Quba şəhər polis idarəsinin rəisi öz  raportunda belə  yazacaq: "...Fövqəladə Təhqiqat Komissiyasına bildirirəm ki, Quba şəhərinin I hissəsinin ərazisində  erməni quldurları tərəfindən yaralanan və şikəst edilənlər yoxdur və ola da bilməz, çünki onlar çox sərrast atırdılar və bir güllə əvəzinə 40-50 güllə işlədirdilər. Bundan əlavə, onlar qabaqlarına çıxan hər kəsi xəncərlə doğrayır, ölənə qədər tüfəngdən atəşə tutur, öldürəndən sonra isə meyitləri eybəcər hala salırdılar..."

Quba qəzası 1918-ci il qanlı mart hadisələrindən sonra bolşeviklərin Bakı və Şamaxı qəzalarında qurduqları sovet hakimiyyətini genişləndirmək istədikləri üçüncü Azərbaycan regionu oldu. Lakin Qubada olan şərait Bakı və Şamaxıdan bir qədər fərqli idi. Tarixən Quba xanlığının və eyni adlı qəzanın sosial-siyasi-iqtisadi həyatında erməni elementi heç bir gözəçarpan rol oynamamışdı. 1918-ci ildə Quba şəhərində və yığcam şəkildə qəzanın 2-3 erməni kəndində yaşayan azsaylı erməni əhalisinin öz kilsələri, dini məktəbləri və s. olsa da, yerli zadəgan dairələrində nüfuzlu elitası və gözəçarpan zəngin təbəqəsi olmadığından onlar şəhərin və qəzanın inzibati-idarəçilik və ictimai strukturunda, demək olar ki, təmsil olunmurdular. Həmin strukturlarda əsas vəzifələri rus, azərbaycanlı, tat, ləzgi və yəhudi xalqlarının nümayəndələri tuturdu. Quba fəhlə və əsgər deputatları sovetində Quba bolşeviklərinin mövqeyi də yeni sovet hakimiyyətinin qurulması işində dayaq olmaq üçün kifayət qədər güclü deyildi. Bu dövrdə Quba qəzasında rəsmi olaraq real hakimiyyəti Zaqafqaziya Seyminə tabe olan ictimai təşkilatların İcraiyyə komitəsi təmsil edirdi.

Bu səbəblərdənmi, yaxud tarixi qanunauyğunluğa əməl edərək, rus çar hakimiyyəti zamanı olduğu kimi, 1918-ci il mart qırğınlarından sonra Bakıda qurulmuş bolşevik-daşnak hökuməti - Bakı Xalq Komissarları Soveti də bu qəzanı əvvəlcə sülh yolu ilə ələ almağa, yəni qubalılara bolşeviklərin hakimiyyətini könüllü olaraq  qəbul etdirməyə qərar verir. Quba ictimaiyyəti ilə danışıqlar aparmaq David Aleksandroviç Gelovaniyə tapşırılır. Bakı bolşeviklərinin siyasi dairələrində tamamilə təsadüfi bir adam sayılan  Gelovani  Bakı Soveti İcraiyyə Komitəsinin sədri P.Caparidze tərəfindən milis müvəkkili kimi bolşevik hökumətinin icra aparatına cəlb olunmuşdu və belə mühüm işin azsaylı da olsa,  yerli bolşeviklərə deyil, Azərbaycana yenicə gəlmiş  30 yaşlı, mənşəcə gürcü knyazlarından, siyasi görüşlərinə görə sosial-demokrat-menşevik olan  bir şəxsə tapşırılması Quba hadisələrinin əsas iştirakçıları, o cümlədən Gelovaninin özü üçün də sona qədər  sual olaraq qalır.

Gelovaninin əsasən ermənilərdən və bir neçə nəfər rus və yəhudidən ibarət  beynəlmiləl dəstəsinin Qubaya  yaxınlaşdığı  haqda məlumat alan qubalılar öz növbəsində şəhərin müsəlman, rus və yəhudi cəmiyyətlərinin nümayəndələrindən ibarət beynəlmiləl bir heyəti bolşeviklərin dayandığı Xaçmaz stansiyasına göndərirlər. Nümayəndələr hərbi dəstənin Qubaya nə məqsədlə gəldiyini öyrənmək istəyir, daha sonra "bolşeviklərin proqramı ilə tanış olmaq və bu proqramın qubalılar üçün nə dərəcədə məqbul olub-olmadığını müəyyənləşdirmək məqsədilə" özlərinin Bakıya buraxılmasını xahiş edirlər. Gelovani qubalıların xahişinə hörmətlə yanaşır və özü şəxsən onlara Bakıya getməyi və bu məsələni "bolşeviklərin rəhbərləri ilə" araşdırmağı tövsiyə edir. Lakin bolşevik hakimiyyətinin qubalılar tərəfindən "könüllü olaraq" tanınmasını gözləmədən Gelovani bu hadisədən 2 gün sonra 187 əsgərdən ibarət silahlı dəstə ilə şəhərə daxil olur və qubalıları fakt qarşısında qoyur.

Quba sakinləri, təbii ki, Bakıda və Şamaxıda baş vermiş qanlı toqquşmalardan, bu qəzaların şəhər və kəndlərinin müsəlman əhalisinə qarşı erməni əsgərləri tərəfindən törədilmiş zorakılıqlardan xəbərdar idilər. Bakıda yaşayan bir çox qubalılar ermənilərin özbaşınalıqlarından xilas olmaq üçün ailələri ilə birlikdə Qubaya köçmüşdülər və həmyerlilərinə baş vermiş hadisələrin faciəvi nəticələrindən danışmışdılar. Bununla bərabər, Bakıda və Şamaxıda öldürülənlərin  qisasını almaq üçün yerli erməniləri cəzalandırmağı qərar vermiş bəzi Quba sakinlərinin  bir neçə erməni evinə hücum edərək onları qarət etməsi kimi halların qarşısı şəhər hakimiyyəti və müsəlman cəmiyyəti tərəfindən dərhal alınmış, Qubanın erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülmüşdü. Bu tədbirlərdən biri özünün qeyri-adiliyi ilə fərqlənirdi: Qubada yaşayan onlarla erməninin (40-dan 200-dək) həyatını hər hansı təcavüzdən qorumaq məqsədilə müsəlmanlar onları yerli camaatdan təcrid etməyi lazım bilmiş və etibarlı mühafizə təyin edərək şəhər həbsxanasında yerləşdirmişdilər. Qubalılar "məhbusları" yaxşıca yedirdir, müsəlman qonşuları onları ziyarət edir, özləri ilə yemək gətirir, onların evlərindən və əmlakından muğayat olurdular. Şəhərdə vəziyyət o dərəcədə sakit və nəzarət altında idi ki, sovet hakimiyyətinin Qubaya gəlmiş ilk "müjdə"çisi - D.Gelovani ermənilərə qarşı hər hansı bir təhlükənin gözlənilmədiyini qərara alaraq dərhal onları "azad edir". Lakin az sonra məlum olur ki, sovet hakimiyyətini tanımaq və ona tabe olmaq haqqında Gelovani tərəfindən irəli sürülən ultimatum qəbul edilməyəcəyi təqdirdə artıq bütün şəhəri təhlükə gözləyir.

Qeyd etmək lazımdır ki, bu hadisələr ərəfəsində Qubada şəhər başçısı və aşağı inzibati orqanlardan savayı hər hansı hakimiyyət mövcud deyildi. Həmin vaxt qəza komissarı Əli bəy Zizikski Bakıda və Şamaxıda mart hadisələrindən dərhal sonra öz hərbi dəstələri ilə Qubadan çaxaraq Dağıstandan azərbaycanlıların köməyinə gəlmiş Nəcməddin Qotsinskinin dəstələri ilə birlikdə artıq Bakının girəcəyində, Xırdalan yaxınlığında şəhəri və onun müsəlman əhalisini xilas etmək məqsədilə bolşevik-daşnak qoşunları ilə döyüşlər aparırdı.

Bakı və Şamaxı hadisələrindən sonra kifayət qədər qorxmuş və "imtina edildiyi halda şəhər yerlə yeksan ediləcək" hədəsi ilə düşünməyə cəmi 2 saat vaxt verilmiş Quba sakinləri ultimatumu qəbul etdilər və düz 8 gün sovet hakimiyyəti altında yaşadılar. Bu qısamüddətli hadisə dərhal Bakı bolşeviklərinin qəzetlərində əks olunur və göstərilir ki, aprelin 23-də Qubada, şəhər meydanında təntənəli surətdə sovet hakimiyyəti elan olunmuş və "zəhmətkeşlər bu hadisəni böyük ruh yüksəkliyi ilə qeyd etmişlər". Gelovani özünü Qubanın qəza komissarı elan edir.

Lakin sanki tarixən yaranmış ənənələrə uyğun olaraq yenə də dağlılar - yeni hakimiyyəti qəbul etməyən və tanımayan ətraf kəndlərin ləzgi əhalisi hadisələrə müdaxilə edir. Qubada sovet hakimiyyətinin 9-cu günü şəhərin yəhudi məhəlləsi tərəfindən əsasən ləzgilərdən ibarət dəstələrin  silahlı hücumu başlayır. Gelovaniyə Xaçmazdan 2 topla birlikdə Ağacanyanın rəhbərlik etdiyi və yalnız ermənilərdən ibarət olan 150 nəfərlik hərbi dəstək gəlir. Üç gün davam edən şiddətli döyüşlərdən sonra ləzgi dəstələri bolşeviklərin ilk "komanda"sını Qubadan qovub çıxarırlar. Ləzgilərin "azadlıq" əməliyyatının təşəbbüskarlarının kim olduğunu müəyyən etmədən bolşevik-erməni hərbçiləri həmin günlər guya ləzgiləri qarşılamağa çıxmış 27 nəfər Quba şəhər sakinini güllələyirlər.

Gelovaninin dəstəsi ilə ləzgilər arasında silahlı toqquşmanı mahiyyətcə Qubada "sovet hakimiyyətinin qurulması" uğrunda birinci və sonuncu mübarizə adlandırmaq olar. Bolşeviklərin məğlubiyyəti ilə nəticələnmiş bu mübarizədə hər iki tərəf itkilərə məruz qalır, ləzgilərdən 200 nəfər öldürülür, həmçinin dinc sakinlərdən 70 nəfər həlak olur. "Vətəndaş müharibəsi"nin bu ilk döyüşünün "siyasi" xarakterinə baxmayaraq, ermənilərin həmin döyüşdə iştirakı və geri çəkilərkən törətdikləri hərəkətlər artıq ona "milli" çalar verir. Qubanı tərk edərkən Ağacanyanın əmri ilə onun əsgərləri  xristian əhalini, əsasən erməniləri  Qubadan çıxarmaq məqsədilə  ev-ev gəzərək onları bir yerə  toplayır, lakin atışma zamanı yarı yolda atıb qaçırlar. Nəticədə erməni-bolşevik dəstəsi tərəfindən zorla "aparılan" dinc xristian əhalidən onlarla rus, yəhudi və erməni, o cümlədən rus və erməni keşişləri  həlak olur. "Geri çəkilərkən Ağacanyanın dəstəsi Bulvar küçəsini yandırmış, Bazar küçəsində 16, Komendant küçəsində - 7, şəhərin kənarında, köhnə həbsxananın yaxınlığında isə 35 nəfəri qətlə yetirmişdi. Bolşeviklər geri çəkilərkən qəza idarəsi, şəhər duması və barışıq məhkəməsinin binalarına od vurmuş və Cümə məscidini yandırmağa cəhd göstərmişdilər".

Hadisələrin sonrakı gedişi göstərdi ki, qubalılara dinc yaşamaq üçün cəmi iki həftəlik fasilə verilibmiş. 1918-ci ilin may ayının 1-də Amazaspın komandanlığı altında 3 minlik erməni ordusu üç tərəfdən Quba şəhərinə daxil olaraq onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutur. Dəhşətli çaxnaşma və təlaş başlanır. Elə birinci gün, şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlar olan 715 müsəlman öldürülür. İkinci gün şəhərin 1-ci və 2-ci hissələrində 1012 nəfər - əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı təbəələrdən ibarət olan kişilər qətlə yetirilirlər.

Amazaspın dəstələrinin hər hansı bir siyasi vəzifə - yeni hakimiyyətin qurulması - deyil, sırf cəza missiyasını yerinə yetirdiyi şəhər sakinlərində heç bir şübhə doğurmurdu: "Ermənilər elə ilk hücum vaxtı müsəlmanları, qadın və uşaqları amansızlıqla və qəddarlıqla öldürməyə başladılar. Onlar küçələrdə və meydanlarda olanların hamısını qətlə yetirdikdən sonra evlərə soxularaq südəmər körpələrə belə rəhm etmədən bütöv ailələri qırırdılar. Bundan əlavə, ermənilər müsəlmanların qızılını, pulunu və qiymətli əşyalarını əllərindən alaraq qarət edirdilər. Bu, azmış kimi, onlar evləri və mağazaları yandırmağa başladılar. Yığışdırılmamış meyitlər küçələrdə, evlərdə qalmışdı və çürüyürdü".

Meyitlərin dəfn edilməsi ilə bağlı şəhər başçısı Əliabbas bəy Əlibəyov dəfələrlə Amazaspa müraciət etsə də, rədd cavabı alırdı. Yalnız dördüncü gün erməni carçılar müsəlman kişiləri qollarında sarğı ilə gəlməyə və meyitləri basdırmağa çağırdılar. Şəhərin bir çox sakinləri bu çağırışa cavab olaraq bayıra çıxdı, lakin heç biri geri qayıtmadığından - onların hamısı güllələnmişdi - hamı yenidən öz evinə çəkildi və gizləndi. Basdırılmayan və yeni öldürülənlərin meyitləri ermənilər gedənə qədər, yəni 9 gün küçələrdə qaldı.

Amazasp şəxsən özü də qoşunlarının əməllərinin cəza xarakteri daşıdığını gizlətmirdi. Qubaya gəlişinin dördüncü günü Amazasp qubalıları Cümə məscidinin qarşısındakı meydana toplayaraq onlara təxminən aşağıdakı məzmunda nitqlə müraciət edir: "Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafeyinin müdafiəçisiyəm. Mən öz cəza dəstəm ilə bura sovet hakimiyyəti tərəfindən iki həftə əvvəl burada öldürülmüş ermənilərin qisasını almaq üçün göndərilmişəm. Sizin müsibətiniz mən sabah dağa qalxdıqda (bu zaman əlini topların durduğu dağa tərəf uzadır) başlayacaq. Sabah mən dağa qalxacağam və şəhəri bombalayaraq bünövrəsinədək yer üzündən siləcəyəm. İndi mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir. Sonra sizlərə od vuraraq Üçgün və Kimil kəndlərinə keçəcəyəm, Şahdağa çatacağam və siz onda anlayacaqsınız ki, erməniləri öldürmək nə deməkdir. Mən buraya qayda-qanun yaratmağa və sovet hakimiyyəti qurmağa yox, öldürülmüş ermənilərə görə sizdən qisas almağa göndərilmişəm".

Amazaspın bu həyasız açıqlaması əslində şəhər başçısı Ə.B.Əlibəyovun dinc əhaliyə qarşı erməni qoşunlarının azğınlığı haqqında şikayətlərinə və xüsusilə Amazaspın ona uzatdığı əlini rədd edən Quba şiə müsəlmanlarının lideri Molla Hacı Baba Axundzadənin "Bu, hakimiyyət deyil. Siz bolşevik deyilsiniz, siz oğru, qatil, vəhşi və soyğunçusunuz. Biz sizə müqavimət göstərməmişik. Nəyə görə bu qədər insan öldürmüsünüz və öldürməkdə davam edirsiniz" sualına cavab idi.

Amazaspın qubalılar qarşısında söylədiyi bu nitqdə qırmızı xətlə aşağıdakı sözlər keçirdi: "Bizə sizlər və türklər tərəfindən öldürülmüş qardaşlarımıza - ermənilərə görə dənizin (Xəzər) sahillərindən Şahdağa qədər olan bütün müsəlmanları Şirvanda (Şamaxıda) qırdığımız kimi məhv etmək, evlərinizi isə yerlə yeksan etmək əmri verilmişdir".

Heç bir əmr olmadan belə hər bir müsəlman-türkə vəhşicəsinə divan tutmağa hazır olan Amazaspa bu dərəcədə zalım və qaniçən əmri kim vermişdi? Aydın idi ki, Amazaspın bir neçə minlik qoşunu Qubaya S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti tərəfindən, özü də məhz cəza missiyası ilə göndərilmişdi. Bir çox mənbələrdən və tarixi sənədlərdən məlum olan bu fakt dəfələrlə həm qubalılar, həm də qarşı düşərgənin nümayəndələri tərəfindən təsdiq edilirdi. S.Şaumyanın Quba hadisələrinə olan münasibəti onun Quba şəhər başçısı Əliabbas bəy Əlibəyovla olan söhbətində də əyani şəkildə üzə çıxmışdı. Ermənilər Qubadan getdikdən sonra Əliabbas bəy Amazaspın başçılığı ilə cəza dəstəsinin Qubaya həqiqətənmi sovetlər tərəfindən göndərildiyini bolşevik rəhbərləri Şaumyan və Caparidzedən soruşub aydınlaşdırmaq və onlara "dəstənin Qubada törətdikləri əməllər haqqında yazılı məlumat vermək üçün" Bakıya gedir. Bakıda bolşevik liderləri ilə görüşmüş Ə.B.Əlibəyov sonradan göstərirdi: "Şaumyan məni sifətində təbəssümlə dinlədi və dedi ki, müsəlmanlar və türklər yüz minlərlə erməni öldürüblər, ermənilər Qubada iki müsəlman öldürəndə isə müsəlmanlar şikayət edir və göz yaşı axıdırlar. Caparidze mənim xahişimə ciddi yanaşdı və mənə dedi ki, sovetlər Qubaya cəza dəstəsi göndərməyib".

D.Gelovani də cəza dəstəsinin Qubaya göndərilməsinin təşəbbüskarı kimi Şaumyanı göstərirdi: "Amazaspın dəstəsində bircə nəfər də olsun rus yox idi, yalnız ermənilər idi, hamısı da, sonuncuya qədər, qatı daşnaksakan, Amazaspın özü də qatı daşnaksakandır. Hesab edirəm ki, cəza dəstəsi Qubaya Şaumyanın arzusu ilə göndərilmişdi, lakin qoşun seçimi hərbi nazir Korqanovdan asılıdır".

Burada daha bir sual ortaya çıxır: "Xəzər sahillərindən Şahdağa qədər" müsəlman əhalini məhv etmək əmrini alan Amazaspın qoşunlarının  Qubadakı azğınlığı kim tərəfindən və hansı səbəbdən dayandırılmışdı? Quba əhalisinin bu sualla bağlı fərziyyələri üzərində dayanmadan bildirək ki, Gelovaninin özünün şəhadətləri Quba qırğınlarının dayandırılmasına həqiqətən səbəb olmuş bir adamın adını çəkmək ehtimalını  daha inandırıcı edir. Bu adam Mir Cəfər Bağırov idi.

 

(ardı var)

 

Solmaz RÜSTƏMOVA-TOHİDİ,

Azərbaycan Milli Elmlər Akademiyası Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor

Azərbaycan.-2014.- 3 may.- S.6.