Gəncədə “Davamlı inkişaftexnoloji innovasiyalar

 mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilir

 

 

Mayın 2-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gəncə Şəhər İcra Hakimiyyətinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun və AMEA-nın Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə “Davamlı inkişaf və texnoloji innovasiyalar” mövzusunda Beynəlxalq elmi-praktik konfrans öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, Gəncə şəhərindəki möhtəşəm Heydər Əliyev Mərkəzində keçirilən konfransın iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.

Mərkəzin iclas salonunda keçirilən konfransı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq belə bir mötəbər beynəlxalq tədbirin Azərbaycanın bu qədim şəhərində keçirilməsini əlamətdar hadisə adlandırmış və bunu tarixin bütün dönəmlərində xalqının xilaskarı olan dahi şəxsiyyət Heydər Əliyevə məhəbbətin ifadəsi kimi dəyərləndirmişdir. Qeyd etmişdir ki, bu günlər nəinki ölkəmizdə, eyni zamanda, Vətənimizin hüdudlarından kənarda da ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə dahi şəxsiyyətin Azərbaycan dövlətinin çiçəklənməsi naminə gördüyü işlər bir daha yada salınır. Xüsusilə Ulu Öndərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra ölkədə hökm sürən xaos və anarxiyanın qarşısının alınmasında apardığı çevik siyasət hər bir azərbaycanlının qəlbində silinməz iz buraxmışdır.

Elmar Vəliyev ərazi iddiası əsasında Azərbaycana qarşı müharibə aparan Ermənistan ilə atəşkəsin əldə olunmasının əhəmiyyətindən danışarkən təəssüflə bildirmişdir ki, beynəlxalq təşkilatlar hələ də işğalçı dövlətin bu təcavüzkar hərəkətlərinə göz yumurlar. BMT-nin qəbul etdiyi 4 qətnamənin icrasız qalması bu ədalətsizliyə nümunədir. Lakin gündən-günə öz iqtisadi qüdrətini yüksəldən, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində nəinki bölgədə, eləcə də dünya ölkələri arasında ən sürətlə inkişaf edən Azərbaycan üzünün ərazi bütövlüyünü təmin edəcəkdir.

Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvü Valdis Zatlers çıxış edərək belə bir mötəbər tədbirdə, xüsusilə Heydər Əliyev kimi dahi şəxsiyyətin doğum həsr olunmuş konfransda iştirak etməsindən qürur duyduğunu bildirmişdir. O, dəfələrlə Azərbaycanda olduğunu, həmçinin iki dəfə Gəncəyə səfər etdiyini diqqətə çatdıraraq demişdir ki hər gəlişi onda böyük təəssürat yaratmışdır.

Azərbaycanda gedən sürətli inkişafa heyran qaldığını söyləyən Valdis Zatlers bu yüksəlişə, bu inkişafa görə bütün Azərbaycan xalqının dahi rəhbər Heydər Əliyevə borclu olduğunu söyləmişdir. Qonaq demişdir ki, keçmiş SSRİ dağıldıqdan sonra hansı respublikada layiqli lider oldusa, həmin ölkə inkişaf yoluna çıxdı və belə respublikalardan biri, mən deyərdim ki, birincisi elə Azərbaycan oldu. Buna görə də Azərbaycan xalqı fəxr etməlidir ki, onun Heydər Əliyev kimi ümummilli lideri vardır. Ümumiyyətlə, bir siyasi xadimi xarakterizə edərkən onun fəaliyyətini göz önünə gətirmək lazımdır. Əgər Azərbaycan bu gün davamlı və dayanıqlı inkişafdadırsa buna görə bütün xalq liderinə minnətdardır. Onun qurduğu bu dövlətin möhkəmliyini nəinki indiki nəsil, gələcək nəsillər də hiss edəcəklər.

Dahi lider Heydər Əliyev həyatın elə bir sahəsi yoxdur ki, ora nüfuz edib, inkişafına diqqət və qayğı göstərməsin. Bu gün Azərbaycan elminin, təhsilinin, səhiyyəsinin, mədəniyyətinin inkişafı, mən deyərdim ki, dünya səviyyəsinə çıxmışdır. Bütün bunlar böyük öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bəli, hər bir xalqın fəxr etdiyi bir lideri olur. Bu baxımdan Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi lideri olmuşdur.

Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov çıxışında Azərbaycanın davamlı və dayanıqlı inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışaraq demişdir ki, təhsil hər bir xalqın davamlı inkişafında əhəmiyyətli rol oynayır. 1980-ci ildə yaradılan Azərbaycan Texnologiya Universiteti bu gün özünün ən inkişaf etmiş dövrünü yaşayır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra respublikamız yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan texnoparklar yaxın gələcəkdə ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayacaqdır. Söz yox ki, həmin texnoparklar üçün yüksək ixtisaslı mütəxəssislər tələb olunacaqdır. Şübhəsiz, bu mütəxəssislərin yetişdirilməsi də Azərbaycan Texnologiya Universitetinin üzərinə düşür. Elə bu məqsədlə Azərbaycan Texnologiya Universitetində qabaqcıl təcrübəsi mənimsənilərək yeni-yeni ixtisasların tətbiqinə başlanılmışdır.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov müasir dövrün ən aktual məsələlərindən olan müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində görülən işlərdən danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada müasir texnologiyalar tətbiq olunmasın. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə bir çox yeniliklərə imza atmışdır. Artıq insanlar bu yeniliklərin bəhrəsini görürlər. Dövlətimizin başçısının təşəbbüsü və qayğısı ilə həyata keçirilən tədbirlər nəticəsində indi Azərbaycan əhalisinin 70 faizi internet xidmətindən yararlanır. Rəqəmsal televiziyanın tətbiqi davam edir, sabit telefon şəbəkəsi yaradılır. Artıq ucqar kəndlərdə də genişzolaqlı internet şəbəkəsi genişləndirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə “Azərspace-1” milli peykinin buraxılması bu sahədə olan inkişafımızın göstəricisidir. Artıq 2016-cı ildə yeni müşahidə peykinin buraxılması üçün hazırlıq işləri aparılır. Ümumiyyətlə, respublikada informasiya- kommunikasiya texnologiyalarının inkişafı üçün bir çox layihələrin icrasına başlanılmışdır. Bütün bunlar yaxın gələcəkdə Azərbaycanı bu sahədə daha da irəliyə aparacaqdır.

Konfransda Azərbaycan Respublikası təhsil nazirinin müavini Samir Vəliyev, Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetinin professoru Gennadi Smorodin, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev, Kutaisi Dövlət Universitetinin departament rəhbəri Nino Dalidze, Doğu Akdeniz Universiteti rektorunun müşaviri Orxan Həsənoğlu çıxış edərək Heydər Əliyevin nəinki Azərbaycan xalqı qarşısında, eləcə də dünya siyasətindəki xidmətləri barədə ürək sözlərini demiş, onun bəşər tarixində bir şəxsiyyət kimi gördüyü işləri faktlarla diqqətə çatdırmışlar.

Konfrans müzakirə edilən məsələ elə bağlı bəyannamə qəbul etmişdir.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olmuş, dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən guşələrə və fotoşəkillərə baxmışlar.

Mayın 3-də konfrans öz işini bölmə iclaslarında davam etdirəcəkdir.

 

Azərbaycan.-2014.- 3 may.- S.5.