1918-ci il Quba qırğınları

 

Azərbaycanlıların soyqırımı

 

 

Azərbaycanın gələcək "sahibi", uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini tutmuş və şübhəsiz ki, Azərbaycan tarixinə daxil olmuş tanınmış qubalılardan biri olan M.C.Bağırov öz iradəsi iləmi, yaxud yaranmış şəraitin hökmü ilə, hər halda 1918-ci il Quba hadisələrinin əsas da olmasa, kifayət qədər tanınmış iştirakçılarından birinə çevrilir. Onun adı "bolşevik", "qubalı qatı bolşevik", "yerli bolşevik" kimi dəfələrlə həm qubalılar, həm də Gelovani tərəfindən xatırlanır. Mir Cəfər Bağırov özü hələ 1923-cü ildə, Az.SSR DİK Dövlət Siyasət İdarəsinin sədri olduğu zaman yazdığı tərcümeyi-halında Quba qırğınları ərəfəsində və həmin günlərdə baş verən hadisələrə toxunmuş, o cümlədən onu talançıların düşərgəsinə gətirib çıxaran səbəbləri açıqlamışdı. Sözsüz ki, M.C.Bağırovun özü tərəfindən təsvir edilən bir çox məqamlar həqiqətə və ya digər sənədlərdən məlum olan hadisələrə uyğun gəlmir, yaxud onlarla ziddiyyət təşkil edirdi. Quba səhifələri Bağırovun tərcümeyi-halının, demək olar ki, ən dolaşıq, bir çox hallarda onun özü tərəfindən dolaşdırılmış hissəsi olmaqla bu tarixi şəxsiyyətin həyatında heç də işıqlı, yaxud şərəfli hesab edilə bilməz. Lakin onun bolşevik kimi siyasi karyerasının özü tərəfindən parlaq boyalarla təsvir edilən və çox zaman həqiqətə uyğun olmayan ilk dövrünün detallarına varmadan qeyd etmək lazımdır ki, Quba hadisələrinin əvvəllərində Mir Cəfər Bağırov artıq bolşeviklərin tərəfində idi.

Qubalıların şahidliyinə görə, onlara Qubada sovet hakimiyyətinin tanınması tələbi ilə ultimatum elan edildiyi zaman "Quba müsəlmanı, qatı bolşevik" M.C.Bağırov da Gelovani və "iki yəhudi" ilə birlikdə öz həmyerlilərinin qarşısında dayanmışdı. Sonralar Quba camaatı dəfələrlə Bağırovu Gelovaninin dəstəsindən olan bolşeviklərin arasında görür: gah onun mənzilində yerli müsəlmanlar evlərinin yandırılmaması üçün yerli erməni qoçularına haqq verirlər, gah da "doqquzuncu gün müsəlmanlardan qarət edilmiş bütün əmlak Bağırovun evindən arabalara yüklənərək Ayrapetovun nəzarəti altında şəhərdən çıxarılır" və s.

Yeri gəlmişkən, sonuncu epizodu Mir Cəfər Bağırov özü də, lakin başqa yozumda təsdiq edir: "Amazaspın dəstələri bir həftə bütün Quba qəzasında azğınlıq etdikdən sonra qarət etdikləri bütün qiymətli əşyaları götürərək Bakıya tərəf hərəkət etdilər. Mən az qala diz üstə çökərək ondan yandırılmış evlərin sahibləri üçün ev əşyalarından nə isə qoparmağa nail oldum. Alınan şeylər paylanmaq üçün anbara yığıldı".

Lakin hələ Amazaspın hücumuna qədər Mir Cəfər Bağırov Gelovani ilə birlikdə Quba şəhərində və yaxın kəndlərdə inqilab komitələri - revkomlar təşkil edir, qəza idarələrini ələ keçirir, yerli qırmızı qvardiya yaratmağa başlayır və s.

Ləzgi dəstələrinin bolşeviklərə hücumu Quba qəzasında sovet hakimiyyətinin qurulması tədbirlərinə son qoyur. Burada xüsusi qeyd etmək lazımdır ki, yekdilliklə şəhərə "qonşu kəndlərdən olan ləzgilərin" girdiyini göstərən qubalılardan fərqli olaraq, M.C.Bağırov "Qubaya hücumun" təşkilatçısı kimi konkret şəxsin - Quba qəza komissarı (gələcək Azərbaycan Parlamentinin üzvü) Əli bəy Zizikskinin adını çəkir. Maraqlıdır ki, 1956-cı ildə M.C.Bağırovun məhkəməsində istintaq materiallarına əsasən onun hələ 1917-ci ilin fevral ayından Quba şəhərinin ikinci (yəhudi) hissəsinin milis komissarı təyin olunduğu və bu təyinatın Quba qəza komissarı Əli bəy Zizikski tərəfindən edildiyi, həmin ilin may ayından noyabr ayınadək isə Zizikskinin köməkçisi işlədiyi göstərilir. 1917-1918-ci illərin kəsiyində - Zizikski bolşevizm və Bakı Sovetinin antimilli rejimi ilə mübarizə mövqeyinə keçdikdə, M.C.Bağırovun isə Bakı Sovetinin timsalında mərkəzi hakimiyyətin Qubada nümayəndəsi rolunu öz üzərinə götürdüyü andan onların yolları ayrılır. Buradan aydındır ki, 1918-ci ilin aprel ayının sonunda Zizikskinin dəstələri tərəfindən Quba alındıqdan sonra Quba İnqilab Komitəsi sədrinin köməkçisi M.C.Bağırov nə üçün şəhərdə qala bilməzdi.

Lakin hadisələrin sonrakı gedişi M.C.Bağırovu qeyri-ixtiyari Bakı bolşevik hökumətinin qırmızı bayrağı altında çıxış edən erməni millətçiləri ilə bir dəstəyə salır və o, partiya tərəfindən nümayəndə kimi "şəxsən yoldaş Şaumyanın əmri ilə Qubanı yer üzündən silmək üçün şəhərə tərəf hərəkət edən" Amazaspın cəza qoşunları ilə Qubaya daxil olur.

Burada belə bir sual meydana çıxır: bolşevik, eyni zamanda həm də müsəlman və əslən qubalı olan M.C.Bağırov hadisələrin gedişinə hər hansı bir təsir göstərə bilərdimi? Çox güman ki, yox! M.C.Bağırov özü sonradan etiraf edirdi: "Çox təəssüf edirəm ki, mənim iradəmin əksinə olaraq mənə Qubada baş vermiş dəhşətli mənzərənin şahidi olmaq qismət oldu. Mən nəinki əhalinin günahsız hissəsinə daşnakların vəhşi hərəkətlərindən qorunmaq üçün heç bir kömək göstərə bilmədim, hətta öz qohumlarımı da xilas edə bilmədim. Mənim 70 yaşlı qoca əmim Mir Talıb, onun oğlu - Mir Həşim, kürəkənimiz Hacı Heybət və digər qohumlarım süngülərlə vəhşicəsinə qətlə yetirildilər".

Beləliklə, öz xoşu ilə, ya yox, hər halda Mir Cəfər Bağırov əks düşərgədə olsa da, həmyerliləri ilə birlikdə Quba faciəsini yaşamalı olur. Bununla belə, "o dəhşətli mənzərənin" qarşısını ala bilməyən Bağırov onun "dayandırılması" üçün cəhd göstərir. Bu fakt D.Gelovaninin sonrakı izahatı ilə təsdiq olunur: "Caparidze mənim keçmiş müavinim, qubalı Mir Cəfər Bağırovdan teleqram almışdı. Teleqramda deyilirdi ki, qubalılar onları xilas etmək üçün mənim Qubaya gəlməyimi xahiş edirlər, çünki Amazasp sağa-sola hər tərəfi yandırır və hamını qətlə yetirirdi. Caparidze mənə Quba şəhərinə getməyi təklif etdi". Məhz bu teleqramdan sonra geniş səlahiyyətlərlə Qubaya gələn Gelovaninin qəti tələbi əsasında Amazaspın dəstələri Quba qırğınlarının 9-cu günü hələ yalnız şəhərin özündə talan etdiyi dörd milyon rubl nağd pul, dörd milyon yarım rubl dəyərində qızıl, qızıl əşyaları və qiymətli daşlar, iyirmi beş milyon rubl dəyərində müxtəlif mallar və ərzaq ehtiyatı ilə Qubanı tərk edirlər.

Amazaspın Qubada törətdiyi vəhşiliklər haqqında Bakıya teleqram vurduğunu Bağırov özü də etiraf edir. Bununla belə, Gelovanidən sonra Qubaya gələn gürcülərdən ibarət bolşevik rəhbərliyi Bağırovu və onun daha dörd adamını qan tökülməsində iştirak etməkdə günahlandıraraq həbs edir. Quba üzərinə hazırlanan hücum ərəfəsində qəzanın yerli hərbi dəstələrinin başçıları Əli bəy Zizikski və Həmdulla Əfəndinin əlinə düşməmək üçün Bağırov həbsdən qaçaraq gizlicə Bakıya gəlir və 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulanadək Qubaya qayıtmır.

Maraqlıdır ki, 1918-ci il Quba hadisələri düz 30 ildən sonra, 1949-cu il 25-28 yanvar tarixlərində Bakıda keçirilən Az.K(b)P-nin XVII qurultayında artıq Azərbaycan kommunistlərinin rəhbəri M.C.Bağırovun "daşnakların" istər ölkənin - SSRİ-nin xaricində, istərsə də daxildə "canlanması" ilə bağlı söylədiyi yekun nitqində bir daha gündəmə gələcək, 1918-ci il hadisələri ilk dəfə olaraq yüksək mənsəbli bolşevik xadiminin dilindən "səhvlər buraxmış" bolşevik hökumətinin "yol verməsi" nəticəsində erməni-daşnak qüvvələrinin azərbaycanlı əhaliyə qarşı törətdiyi milli qırğın kimi səciyyələndiriləcək.

Amazaspın 3 minlik dəstəsinin Quba qəzasına "cəza yürüşü" boyu etdiyi bütün əməllər bir daha sübut edir ki, bu dəstə heç də 3 günlük döyüşlər zamanı öldürülmüş cəmi bir neçə Quba ermənisinin və yaxud "türklər və kürdlər tərəfindən öldürülən Türkiyə ermənilərinin" qisasını almaq üçün gəlməmişdi. Qubanın şəhər əhalisi həmin döyüşlərdə iştirak belə etməmişdi, lakin minlərlə günahsız qubalı guya məhz bu səbəbdən Amazasp tərəfindən "cəzalandırılırdı". Əslində, "Şaumyanın başçılıq etdiyi mərkəz" tərəfindən Amazaspın qarşısına qoyulan əsas vəzifə qəzanın müsəlman əhalisinin kütləvi şəkildə məhv edilməsi və onun öz əzəli torpaqlarından sıxışdırılaraq çıxarılması idi. Bu həqiqət bir daha onunla təsdiq edilirdi ki, silahlı erməni quldur dəstələri hələ Bakıdan Qubaya və əksinə hərəkət edərkən, bütün dəmir yolu xətti boyunca, yolun hər iki tərəfində yerləşən müsəlman kəndlərinə basqın edir, onları talan etdikdən sonra odlayır, məscidləri və müqəddəs Quran kitablarını yandırır, kəndlilərin əmlakını talayır, rastlarına çıxan hər kəsi isə dərhal - qadın, qoca və uşaqlara rəhm etmədən öldürürdülər.

1918-ci ilin əvvəlində Quba qəzasında qışlaqlar da daxil olmaqla, 540 kənd var idi və bu kəndlərin 171.248 nəfər əhalisi 55 cəmiyyətdə birləşirdi. 1918-ci ilin aprel ayının sonundan may ayının ortalarınadək - cəmi iki həftə ərzində Amazaspın dəstəsi tərəfindən Quba qəzasında, erməni birləşmələrinin yalnız qarətlə kifayətləndiyi kəndlər istisna olmaqla, ən azı 167 kənd yandırılmış və talan edilmişdi. Bu zaman bir çox kəndlər iki dəfə - yol boyu Bakıdan Qubaya və ya Qusara və sonra geriyə qayıdarkən - talana məruz qalmışdılar. Evlər, tikililər, ictimai binalar talan edilməklə, daşınan əmlak və mal-qara qarət olunmaqla, hələ təkcə məlum olan faktlar əsasında Amazaspın quldur dəstələri tərəfindən Quba qəzasının kənd əhalisinə on milyonlarla rubl dəyərində hesablanan zərər vurulmuşdu. Qırğınlar zamanı bu kəndlərdə min nəfərdən artıq insan, o cümlədən qadın, qoca və uşaq qətlə yetirilmiş və yaralanmışdı. Burada bir faktı nəzərə almaq lazımdır ki, bir çox kəndlərin əhalisi əvvəlcədən qubalılar, digər kəndlərin sakinləri, eləcə də qəza komissarı Əli bəy Zizikski tərəfindən ermənilərin hücumu haqda xəbərdar edildiyindən həyatlarını xilas etmək üçün elliklə öz kəndlərini tərk edərək dağlara çəkilmişdilər. Erməni quldur dəstələrinin hücumlarının miqyası qarşısında insan tələfatının sayının nisbətən az olması da bununla bağlı idi. Eyni zamanda qeyd olunmalıdır ki, bu zaman qəzanın müsəlman əhalisindən ibarət ayrı-ayrı silahlı dəstələr də erməni quldur birləşmələrinə qarşı təşkil edilmiş müqavimət göstərirdilər. Quba qəzası ictimaiyyətinin görkəmli xadimləri - Ə.B.Zizikski, Həmdulla Əfəndi Əfəndizadə, Əliabbas bəy Əlibəyov, Şıxlar bəylərindən - Mürsəl bəy və İbrahim bəy, Möhübəli Əfəndi Kuzunlu, Hətəm ağa Cağarvi, Bəybala bəy Alpanlı və digərləri xüsusi süvari bölmələr yaradaraq erməniləri qəzanın digər iri yaşayış nahiyələrinə buraxmamaq üçün Quba şəhərinin girişlərini mühasirəyə almışdılar. Amazaspın özünün də təsdiq etdiyi kimi, Digah və Alpan kəndləri uğrunda erməni və qubalıların silahlı dəstələri arasında şiddətli döyüşlər gedirdi. Sayca bir neçə dəfə üstün olan ermənilər sonda qubalıların müqavimətini yararaq bu iki kəndi alova bürüyürlər. Digah və Xucbala kəndləri arasındakı dərədə mühasirəyə düşən Qusar ləzgilərindən ibarət olan dəstə isə burada qanına qəltan edilir. Bu döyüşlərdən sonra həmin yer "Qanlı dərə" adını alır.

Amazasp tərəfindən darmadağın edilmiş və yandırılmış müsəlman kəndlərinin sakinlərinin vəziyyəti o dərəcədə ağır və çıxılmaz idi ki, 15-45 gün dağlarda və meşələrdə sərgərdan dolaşdıqdan sonra əyin-başları yırtıq, ac, xəstə halda öz köhnə yurdlarına qayıdan insanlar arasında ölüm halları minlərlə ölçülürdü.

1918-ci il Quba hadisələrindən danışarkən qəzanın qeyri-müsəlman sakinlərinin də vəziyyətinə toxunmaq vacibdir. 1918-ci il hadisələrində Quba şəhərinin və qəzasının yerli erməni əhalisinin müəyyən hissəsinin müsəlman əhaliyə qarşı qırğınlarda iştirakı Bakıda və Şamaxıdakı qədər genişmiqyaslı olmasa da, erməni vəhşiliklərinin şahidi olmuş bütün Quba müsəlmanlarını çox sarsıtmışdı. Bolşevik-daşnak birləşmələrinin hədəfinin, etnik faktor nəzərə alınmadan, qəzanın bütün müsəlman əhalisinin olduğu, yalnız azərbaycanlı-türk deyil, ləzgi və tat kəndlərinin dağıdılması və yandırılması ilə sübut edilirdi. Qəzanın rus kəndlərindən heç birinin erməni basqınlarına məruz qalmadığı faktı bunu bir daha təsdiq edir. Müsəlman qırğınlarında ittiham olunan Quba ermənilərinin sayının azlığı onunla izah edilirdi ki, qubalılar, təbii ki, müsəlman qırğınlarında şəxsən iştirak edən və yaxud Amazaspın dəstəsindən olan erməni əsgərlərinə bələdçilik edən yerli ermənilərin hamısını üzdən tanıya bilməzdilər. Quba ermənilərinin şəhər üzərinə hazırlanan hücumla əlaqələrinin olduğu və yaxud, ən azı bundan xəbərdar olduqları isə bir çox faktlarla sübut edilir.

Quba şəhərinin və qəzanın rus kəndlərinin əhalisinin müsəlman qırğınlarında iştirakı haqqında hər hansı bir məlumat əldə edilmədiyi halda, Qubanın yəhudi əhalisi ilə bağlı vəziyyət daha fərqli və mürəkkəb idi. Sənədlər Quba faciələrində istər gəlmə, istərsə də yerli yəhudilərin iştirakı, habelə həmin dövr Quba qəzasının yəhudi əhalisinin taleyi barədə dəqiq təsəvvür yaradır. Qubanın yəhudi əhalisinin Şamaxı molokanları kimi, özlərinin müsəlman həmyerlilərinə qarşı kütləvi çıxış etmədikləri, bununla belə, yəhudi cəmiyyətinin bəzi nümayəndələrinin ermənilərlə birlikdə qəzanın müsəlman əhalisinə qarşı zorakılıq aktlarında iştirakı, zəngin müsəlmanların evlərini ermənilərə nişan verdiyi və s. kimi faktlar qubalıların şahid ifadələri ilə təsdiq edilir. Eyni zamanda, Quba yəhudiləri şəhəri tərk edən Amazaspın "bir saat sonra və ya bu gecə sizin başınıza bəlalar gələcək, çünki müsəlmanlar və ləzgilər sizə hücum edəcək və sizi doğrayacaqlar" kimi hədə-qorxusuna aldanmış və 6 min nəfərə qədər yəhudi ermənilərlə birlikdə çıxıb getmişdir. Bu əhali qrupunun sonrakı taleyi haqqında qırmızı komissar Kasradze belə məlumat verir: "Biz Xaçmazdan geri çəkilərkən yəhudi kütlələrinin qorxu içərisində Qubadan və digər kəndlərdən qaçdığının şahidi olduq. Onlar ayaqyalın, əldən düşmüş vəziyyətdə, açıq səma altında, palçıq içində sığınacaq taparaq istər-istəməz yatalaq, çiçək və digər xəstəliklərin epidemiya ocağına çevrilmişdilər".

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il iyul ayının 15-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının (FTK) Quba hadisələrinə dair sənədləri bunu deməyə əsas verir ki, Quba qırğınları zamanı müsəlmanlardan fərqli olaraq, yəhudilər bilavasitə qırğın obyekti olmamışlar və ola da bilməzdilər. Onlar nə erməni quldur dəstələri, nə də Amazaspın həyasızcasına qorxutduğu kimi, "müsəlman və ləzgilər" tərəfindən zorakılığa məruz qalmamışlar. Burada bir məqam da nəzərə alınmalıdır ki, bolşeviklərin, o cümlədən Bakı Soveti komissarları arasında yəhudilər az deyildi və yəhudi əhaliyə qarşı hər hansı zorakılıq əməlləri ermənilərə bağışlanmazdı. Quba hadisələri zamanı şəhərin yəhudi əhalisi də itkilər vermişdi. İstər Gelovaninin dəstələri şəhərdən geri çəkilərkən, istərsə də Amazaspın quldur birləşmələrinin üç tərəfdən şəhərin top atəşinə tutulması ilə müşayiət olunan Qubaya hücumu zamanı yəhudi əhalinin də ayrı-ayrı nümayəndələri həlak olmuşdu. Yəhudilərin Qubadan kütləvi surətdə qaçmasını isə, yəqin ki, yaşadıqları yerlərdə baş verən bütün qiyam və iğtişaşlar zamanı bir qayda olaraq günahsız qurbana çevrilən yəhudi xalqının qəlbində onilliklər boyu kök salmış qorxu hissi ilə izah etmək olardı. Bu baxımdan təkcə Qubada baş vermiş məlum hadisələr zamanı həlak olmuş yəhudilər deyil, sərgərdanlıq zamanı xəstəlikdən, aclıqdan və əziyyətdən ölmüş yüzlərlə digər yəhudi qubalı da, öz müsəlman həmyerliləri kimi, ermənilərin təcavüzkar millətçilik siyasətinin qurbanları sayılır.

Amazaspın erməni dəstələri Qubadan getdikdən sonra şəhər daha böyük təhlükə - xəstəliklər və epidemiyanın başlanması ilə üzləşir. Küçə və məhəllələr, evlər və həyətlər eybəcər hala salınmış və doğranmış minlərlə kişi, qadın və uşaq cəsədləri - ölümün onları haqladığı yerdə də qalan və çürüməyə başlayan meyitlərlə dolu idi. Qurbanları kütləvi surətdə dəfn etməyə məcbur olan şəhərin rəhbərliyi, yerli mollalar və sakinlər tərəfindən gətirilən rəqəmlər, qırğınlar zamanı itkin düşmüş (ermənilərin özləri tərəfindən basdırılmış?) insanlar da nəzərə alınmaqla, Quba qırğınları zamanı şəhərdə öldürülənlərin və qorxudan ölənlərin təxmini sayının 2.000-2.900 arasında, Quba qəzası üzrə ümumilikdə isə 4.000 nəfərdən artıq olduğunu söyləməyə əsas verir. FTK-nın sənədlərinə əsasən, Quba qəzası əhalisinə ümumilikdə dəyən maddi ziyanın miqdarı 121.824.819 rubl təşkil edirdi.

1918-ci il dekabr-yanvar aylarında Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.F.Novatskinin başçılıq etdiyi istintaq qrupu Quba qırğınlarını təhqiq edərək 4 cilddən ibarət istintaq sənədləri hazırlayır. Bu sənədlər əsasında Quba qırğınlarının rəhbərlərinə və icraçılarına qarşı müəyyən obyektiv səbəblərə görə cinayət işi açılmasa da, tale özü bu cinayətlərin əsas iştirakçılarını cəzalandırdı. D.Gelovani FTK ilə əməkdaşlıq etdiyinə görə 1919-cu ilin oktyabr ayında Bakıda erməni terrorçusu Sarkis Terunts tərəfindən öldürülür.

Amazasp Srvandstyan 1918-ci il iyul ayında Şamaxı cəbhəsində olduğu kimi, sentyabrın 15-də Bakını azad edən Qafqaz İslam Ordusu və azərbaycanlıların hərbi hissələri qarşısında bir daha cəbhəni tərk edir, əsgərlərini başsız qoyaraq İrana qaçır. Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Ermənistana qayıdan Amazasp Nor Bəyazid regionunda Ermənistan ordusunun komandiri təyin olunur, lakin Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra həbs edilərək 1921-ci ilin fevralında Yerevan həbsxanasında erməni kommunistləri tərəfindən balta ilə doğranaraq öldürülür. Bu zaman Amazaspın səsi həbsxananın hər yerinə yayılıbmış: "Vəhşilər, məgər adamı belə öldürərlər?!" Amazaspın bədəni və başı o qədər eybəcər hala salınıbmış ki, oğlu onu yalnız keçə çəkmələrindən tanıya bilibmiş.

2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında Qubanın müsəlman əhalisinin soyqırımına məruz qalmasının əyani sübutu oldu. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı əsasında Heydər Əliyev Fondu tərəfindən aşkar edilmiş kütləvi məzarlığın yaxınlığında "Quba Soyqırımı memorial kompleksi" inşa edildi. 2013-cü il 18 sentyabr tarixdə açılan bu muzey-abidə yalnız Quba qırğınlarının deyil, 1918-ci il Azərbaycanın bütün ərazisində azərbaycanlı-müsəlman əhalisinə qarşı erməni milli-hərbi birləşmələri tərəfindən törədilmiş faciələrin bu gün Azərbaycan xalqı tərəfindən unudulmadığının və soyqırımı qurbanlarının xatirəsinin əziz tutulduğunun bariz nümunəsidir.

Solmaz RÜSTƏMOVA-TOHİDİ,

Azərbaycan Milli Elmlər Akademiyası Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor

Azərbaycan.-2014.- 4 may.- S.7.