Heydər Əliyev irsi Azərbaycanda

 vətəndaş cəmiyyəti quruculuğunun əsasıdır

 

 

Tarixdə şəxsiyyətlərin rolu daim önə çəkilir, yüksək dəyərləndirilir. Hər bir xalq  öz tarixi şəxsiyyətləri ilə  fəxr edir, onların yaratdığı irsə böyük hörmətlə yanaşır. Ulu öndər Heydər Əliyevin  irsi Azərbaycan xalqının milli sərvətidir. Dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyətinin hər bir dövrü tədqiqat obyektidir. Bu gün hansı sahənin inkişafından bəhs ediriksə, uğurlarımız müstəqil Azərbaycanın qurucusu,  ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz  dahi şəxsiyyətin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın tarixində yeni bir səhifə açdı. Bu səhifəni vərəqlədikcə ulu öndərin  Azərbaycan dövlətinin, xalqının qarşısındakı xidmətlərinin miqyasının genişliyi daha aydın nəzərə çarpır, böyük fəxr hissi yaradır.

Demokratik prinsipləri bugünümüzün, gələcəyimizin əsası kimi dəyərləndirən ümummilli lider  Heydər Əliyev bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. Bu nöqteyi-nəzərdən  söz, vicdan azadlığı, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqa malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributları kimi bərqərar edildi.

Bu gün ulu öndər Heydər Əliyev siyasətinin uğurlarından geniş bəhs edərkən keçilən yolun bələdçisi olan  mətbuatımıza  diqqət və qayğını xatırlatmağa böyük zərurət duyulur. Müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan ictimai-siyasi gərginlik,  xaos, anarxiya digər sahələr kimi, mətbuatın da inkişafına öz mənfi təsirini göstərmişdir. Mətbuat azadlığından söhbət belə gedə bilməzdi. Hər addımda söz, fikir azadlığı  boğulur, azad sözün müdafiəsində dayanan jurnalistlər  mənəvi və fiziki təzyiqlərə məruz qalırdılar. 

Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi  ilə hakimiyyətə qayıdışından sonrakı dövr digər sahələr kimi,   mətbuatın inkişafında da   yeni mərhələnin başlanğıcı oldu. Dahi şəxsiyyət bildirirdi ki, respubilkamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması,  insan hüquqlarının qorunması,  mətbuat azadlığının, plüralizmin  təmin edilməsi, çoxpartiyalı sistemin  bərqərar olması bizim əvvəlcədən qəbul etdiyimiz prinsiplərdir. Bu fikirlər ulu öndərin xalqın böyük əksəriyyətinin istəyini özündə əks etdirən 91 nəfər ziyalının müraciətinə cavabında da öz əksini tapmışdır: "Müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi, hər şeydən əvvəl, respublikada  qanunların toxunulmazlığından, qanunun aliliyindən asılıdır.  Totalitarizmdən tamamilə xilas olmaq yalnız demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizm, insan azadlığı  şəraitində mümkündür. Söhbət söz, vicdan, din, təşəbbüskarlıq və sahibkarlıq, mülkiyyətçilik, seçib-seçilmək azadlığından gedir".

Dövlət siyasətinin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsi idi. Ulu öndər  Heydər Əliyevin atdığı bütün addımlarda KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsini, onlara dövlət qayğısının artırılmasını, söz, məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinə dönmədən əməl edilməsini  təmin edən  tədbirlər proqramının həyata keçirilməsi xüsusi diqqət çəkirdi. Mətbuata dövlət nəzarəti olan senzuranın götürülməsi, "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında"  qanunların  qəbulu, Mətbuat və İnformasiya Nazirliyinin ləğvi və s. kimi addımlar bu sahəyə diqqət və qayğıdan qaynaqlanırdı. Ümummilli lider Heydər Əliyev  söz və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməklə cəmiyyətdə qarşılıqlı anlaşmanın, səmimiyyətin dərinləşməsini, insanların öz fikir və mülahizələrini azad, maneəsiz çatdırma imkanlarının genişləndirilməsini başlıca məqsəd kimi qəbul etmişdir. Atılan hər bir addımın əsasında insan amili dayanır. Ulu öndər Heydər Əliyev insan hüquq və azadlıqlarının qorunmasını, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsini daim öndə saxlayıb, bu istiqamətdə mühüm addımlar atmışdır.

22 illik müstəqillik tariximizdə görülən işlər də sübut edir ki,  Azərbaycan  ulu öndərin müəyyənləşdirdiyi demokratik dəyərlərə daim sadiq qalmış, inkişaf etdirmiş, beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə diqqətlə yanaşmışdır. 1998-ci ildə imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanda,  "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda ölkədə insan hüquqlarının qorunması, beynəlxalq standartlara tam uyğunlaşdırılması üçün  çox mühüm  icra mexanizmləri nəzərdə tutulurdu. Bu sahədə müəyyən təcrübə toplamış beynəlxalq təşkilatlarla əməkdaşlıq, ölkədə hüquqi bazanın təkmilləşdirilməsi, kadr hazırlığına diqqətin artırılması, müxtəlif konvensiyalara, sazişlərə qoşulma müsbət nəticəsini göstərdi.

Görülən işlərin məntiqi nəticəsi olaraq insan hüquqlarının qorunmasının keyfiyyətcə yeni mərhələ üzrə davam etdirilməsi, təkmilləşdirilməsi üçün nəzərdə tutulan İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı  qarşıya daha mühüm vəzifələr qoydu. Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə təsdiq olunmuş planın tələblərinə əsasən respublikada köklü islahatlar aparılmış, ictimai müzakirələr keçirilmişdir. Lakin inkişafımızın davamlı, dinamik sürətinə uyğun iqtisadiyyatın şaxələndirilməsi, insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması üçün  əlavə  islahatların zəruriliyi qarşıya yeni prioritetlər qoydu.  Dövlət başçısının 18 iyun 2007-ci il tarixli sərəncamı ilə 18 iyun - İnsan Hüquqları Gününün təsis edilməsi də bu sahəyə diqqətin bariz nümunəsidir. Dövlətin siyasətində insan amilinə yüksək dəyər verilməsi beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilir.

Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə  daha geniş sferanı əhatə edən "Azərbaycan  Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" təsdiq edildi. Ölkəmizdə   həyata keçirilən demokratik islahatları  dəstəkləyən AŞ PA-nın qəbul etdiyi  "Azərbaycanda demokratik təsisatların inkişafına dair" qətnamədə yüksək dəyərləndirilən insan amilinə diqqət dövlət siyasətinin başlıca  prioritetlərini əks etdirən bu proqramda da əksini tapır.

Ümummilli lider Heydər Əliyev tərəfindən  hazırlanmış  mükəmməl Konstitusiyamızın bütün maddələrində insan amilinə diqqət, dövlətçiliyin möhkəmləndirilməsi üçün vətəndaşların üzərinə düşən öhdəliklər tam aydınlığı ilə müəyyənləşdirilib. Ali qanunun müddəalarına əsasən  hazırlanan proqramda insan hüquq və azadlıqlarının qorunması istiqamətində aparılan islahatların daha da təkmilləşdirilməsi tələb olunur.  Prezident İlham Əliyev  proqramı təsdiqləməklə "Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət də ən böyük məmləkət qədər güclü olar" söyləyən ümummilli lider Heydər Əliyevin görmək istədiyi  müasir, qüdrətli  Azərbaycanın gələcəyi üçün möhkəm baza yaratmışdır.

Azərbaycan dünya birliyində insanların azad, sərbəst yaşadığı tolerant ölkə kimi tanınır. Ötən əsrin sonlarında  sovetlərin dağılması ilə  yaranan, dünya birliyi üçün yeni proses olsa da, çox sürətlə yayılan qlobal dəyişikliklər iqtisadi, siyasi, sosial, demoqrafik sahələrdə olduğu kimi,  dini dözümlülük ənənələrinin qorunması üçün də əsl sınağa çevrildi.   Bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərin qorunması üçün dinlər və mədəniyyətlərarası dialoqun yaranmasına ehtiyacı artdı. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan  bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən  ölkə kimi nümunə göstərildi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalqlar və dinlərarası münasibətlər, dialoqlar müasir dövrün tələblərinə uyğunlaşdırıldı. Dövlət-din  münasibətləri modeli çərçivəsində inkişaf edən Azərbaycanda bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Milli Konstitusiyanın 48-ci "Vicdan azadlığı" maddəsində qeyd olunur ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud  heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə  etmək və yaymaq hüququ vardır. 2009-cu ildə keçirilən ümumxalq səsverməsində Konstitusiyanın bu maddəsinə belə bir əlavə də edildi ki,  heç kəs  öz dini  etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Avropa ilə Asiya arasında təbii körpü olan Azərbaycanda  əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri bir ailə kimi yaşayırlar.

İnsanın sərbəst yaşayıb işləməsi üçün bütün azadlıqların mövcud olduğu ölkəmizdə bu proses  uğurla davam etdirilir. İslam Konfransı Təşkilatının üzvü, çoxmillətli, çoxkonfessiyalı, dünyəvi dövlət olan  Azərbaycanda  11 kilsə, 6 sinaqoq və digər dini məbədlər mövcuddur. Ölkəmizin sülhsevərliyi,  birgəyaşayış qaydalarına hörməti Azərbaycan xalqına məxsus humanist və xeyirxahlıq kimi yüksək qiymətləndirilir. Dünya ictimaiyyəti üçün aydın olan həqiqət budur ki,  Azərbaycanın dinlərarası dialoqun mərkəzinə çevrilməsi prosesi bu gün də uğurla davam etdirilir. Milliyyətindən, dinindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları ölkə iqtisadiyyatının güclənməsində iştirak edir. Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meyilləri respublikanın müasirləşməsinə, modernləşməsinə xidmət göstərir. "Biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş niyyət və münasibətləri, dostluğu nəzərdə tuturuq" söyləyən Prezident İlham Əliyev vurğulayır ki, milli dəyərlərimizə sadiq olmalı, qloballaşma adı altında  milli mentalitetə  xas olmayan  keyfiyyətlər aşılanmamalıdır. Azərbaycan xalqı milli mənəvi dəyərlərinə bağlı olmaqla ümumbəşəri dəyərləri paylaşmağa da diqqət yetirir.

Sovetlər dövründə  xalqımız nə qədər məhrumiyyətlərlə, çətinliklərlə üzləşsə belə, dininə, mənəvi dəyərlərinə sadiq qalmışdır. Müstəqillik əldə etdikdən sonra  dini ənənələrimizin  təbliği, islami dəyərlərə  hörmət və ehtiram güclənmişdir. İslam  xalqımıza xoşbəxtlik, inkişaf, mədəniyyət, müqəddəs dəyərlər bəxş edib. Ümummilli lider Heydər Əliyev  ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin sivil prinsiplərinə uyğun olaraq tənzimlənməsində, dini etiqad və vicdan azadlığının maneəsiz təminatında, dini-mənəvi, əxlaqi-etik dəyərlərin prioritet yaşayış normalarına çevrilməsində müstəsna xidmətlər göstərmiş, böyük siyasi irsin və dövlətçilik təcrübəsinin təməlini qoymuşdur. Azərbaycan bu gün müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olaraq  beynəlxalq tədbirlərə ev sahibliyi edir.  Göründüyü kimi, uğurlarımızın davamlılığını təmin edən əsas amil demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillərin bərqərar olmasıdır.

İlk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması,  amnistiya aktları və əfv fərmanları ilə azadlıqdan məhrum edilmiş  minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi  dəstəklənir. Bu günə kimi sayca 50-dən artıq  əfv fərmanı imzalanıb. Bundan əlavə, həmçinin 9 amnistiya  aktı həyata keçirilib. Bütövlükdə bu sərəncamlar əsasında  minlərlə  məhkum əfv edilib. Bu fərmanların 32-si ümummilli lider Heydər Əliyev tərəfindən imzalanıb. Bu kimi sərəncamlar eyni zamanda vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərir və ulu öndərin insanpərvərlik ənənələrinin ölkəmizdə layiqincə davam etdirildiyini əks etdirir.

Bu gün ölkəmiz  demokratik təsisatlarla,  beynəlxalq seçki institutları ilə  əməkdaşlıq edir, sivil qanunların respublikamızda tətbiqi üçün təcrübə mübadiləsi aparılır.

Siyasi kampaniyalarda  vətəndaşlara  sərbəst seçim hüququnun verilməsi, şəffaf seçkilərin təşkili, obyektivliyin təminatı demokratik dəyərlərə sadiqlik, Azərbaycan təcrübəsinin təbliği kimi dəyərləndirilir. 2009-cu ildə ölkədə keçirilmiş və əhali tərəfindən dəstəklənmiş Konstitusiyaya əlavə və düzəlişləri nəzərdə tutan referendumda da məqsəd və ən çox diqqət yetirilən sahə insanların azad, firavan, sərbəst yaşaması üçün  təkmil qanunvericilik bazasını  dövrün tələbinə, müasirləşən və dünyaya sürətli inteqrasiya yolu ilə  irəliləyən Azərbaycanın inkişafına uyğunlaşdırmaq, zənginləşdirmək idi.

Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Milli Fəaliyyət Proqramının əsas məqsədi insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətindəki islahatların davamlılığını təmin etməkdir. "Azərbaycan 2020:  gələcəyə baxış" İnkişaf Konsepsiyasından sonra belə mükəmməl Fəaliyyət Proqramının təsdiq olunub ictimai müzakirəyə çıxarılması bir daha Prezident İlham Əliyevin iqtisadi potensialın insan kapitalına  çevrilməsi tövsiyəsinə uyğun  həyata keçirilən islahatların davamlı olmasının göstəricisidir. İnkişaf Konsepsiyasında bölgənin lider dövləti olan Azərbaycanın qarşıdakı illərdə iqtisadi inkişafını müəyyənləşdirən atributlar, təbii resurslardan istifadə, qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin, sahibkarlığın gücləndirilməsi kimi vəzifələr göstərilirsə, Milli Fəaliyyət Planında  bu möhtəşəm quruculuq işlərinin aparıcı qüvvəsi olan insan amilinə diqqət və qayğı, hüquqlarının müdafiəsi üçün prioritetlər müəyyənləşdirilib. Başqa sözlə deyilsə, İnkişaf Konsepsiyasının davamı hesab olunan Fəaliyyət Proqramı iqtisadi inkişafda insan amilinin rolu və fəaliyyətini normativ aktlarla  müəyyənləşdirən hüquqi sənəddir.

İqtisadi inkişafı, demokratik dəyərlərə sadiqliyi ilə fərqlənən ölkəmizdə elə bir sahə yoxdur ki, orada hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün islahatlar aparılmasın.

Demokratiyanın başlıca şərtlərindən olan qeyri-hökumət təşkilatlarına dəstəyin artırılması, söz, mətbuat, vicdan azadlığının təminatı, informasiya əldə etmək imkanlarının genişləndirilməsi üçün mükəmməl konsepsiyaların qəbulu, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, insanlara qarşı zorakılıq hallarının aradan qaldırılması üçün nəzarətin gücləndirilməsi, mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan xalqının tərkib hissəsi  olan etnik azlıqların, təcridxanalarda  saxlanılanların hüquqlarının müdafiəsi kimi mühüm amillər  Prezident İlham Əliyevin daim diqqət yetirdiyi istiqamətlər olmaqla qəbul edilən proqramlarda da önəm verilən məqamlardır.

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Azərbaycanın demokratik dəyərlərə sadiqliyini nümayiş etdirən amillərdən biri beynəlxalq təşkilatlarla əməkdaşlığın yüksək səviyyədə qurulmasıdır. Məlum olduğu kimi, ölkəmiz 2001-ci ildə dünyanın nüfuzlu təşkilatlarından olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu. 17 yanvar 2001-ci il tarixdə  ölkəmizin Avropa Şurasına  üzv qəbul olunması barədə qərarın qəbul edilməsi və  yanvarın 25-də üçrəngli bayrağımızın qurumun qarşısında dalğalanması ilə Azərbaycanın  demokratik inkişafında yeni bir mərhələnin əsası qoyuldu. Bu mühüm hadisə Azərbaycanın demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini bir daha dünyaya nümayiş etdirdi. Bu fikir beynəlxalq səviyyədə də qeyd olunur ki, Azərbaycanda iqtisadi və siyasi islahatların bir-birini tamamlaması uğurların davamlılığını təmin edir, gələcəyə böyük inamla baxmağa stimuldur. Dövlət başçısı İlham Əliyev demokratik inkişaf baxımından ən öndə gedən ölkələrin təcrübəsinə diqqəti yönəldərək bildirir ki, onların əksəriyyətində iqtisadi inkişaf çox yüksək səviyyədədir,  dünyada  inkişaf etmiş ölkələr kimi tanınırlar. Bizim də məqsədimiz ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olsun.  Bunun üçün bütün imkanlar mövcuddur: şəffaf siyasət, siyasi islahatlar, iqtisadi güc, təbii ehtiyatlar, əlverişli coğrafi məkan. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə işlənib hazırlanan və qəbul edilən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası   bu istəyin reallaşdırılmasının fundamental  mexanizmi kimi dəyərləndirilir. Konsepsiyanın hazırlanması zamanı dünya təcrübəsinin  araşdırılması, bu işə xarici mütəxəssislərin cəlb olunması, dövlət və ictimai təşkilatlarla geniş müzakirələr aparılması bir daha bu reallığı təsdiqlədi  ki, Azərbaycan dövləti  islahatları dövrün tələbinə uyğun yeniləşdirməklə yanaşı, qabaqcıl ölkələrin təcrübəsindən bəhrələnməkdə maraqlıdır və bunu əməli işdə sübut edir.

Ölkəmiz beynəlxalq təşkilatlara üzv qəbul olunmaqla   eyni zamanda həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün  tribunanı əldə edir. AŞ PA-nın hər sessiyasında Azərbaycanda həyata keçirilən demokratik islahatların yüksək dəyərləndirilməsi də bu təbliğatın real faktlara əsaslanmasından irəli gəlir. Qurumun Azərbaycan üzrə həmməruzəçiləri mütəmadi olaraq ölkəmizdə olur, aparılan islahatlarla yaxından tanış olaraq hazırladıqları hesabatlarında reallıqların əksini tapmasına çalışırlar.

Reallığı inkar etmək qeyri-mümkündür. Ölkəmizdəki sabitlik, davamlı inkişaf və vətəndaş cəmiyyətinin formalaşması ilə xarakterizə edilən iqtisadi tərəqqi Azərbaycanda demokratik təsisatların inkişafı üçün etibarlı zəmin yaradır. Quruma tamhüquqlu  üzv kimi qəbulumuz hər iki tərəf üçün faydalıdır.  AŞ PA-nın ilk sessiyasında ulu öndər Heydər Əliyev bu fikri xüsusi vurğulamışdır ki, Avropa Şurası Azərbaycana nə qədər gərəkdirsə, Azərbaycan da Avropa Şurasına bir o qədər lazımdır. Ötən dövr ərzində AŞ ilə uğurlu əməkdaşlıq, qarşılıqlı münasibətlər öz müsbət nəticəsini verir. Ölkəmizdə ən mütərəqqi prinsiplərə, beynəlxalq təcrübəyə, demokratiyanın tələblərinə əsaslanan institut yaranıb. Seçki sistemi təkmilləşdirilir. 2003-cü ilin mayında Seçki Məcəlləsi  Azərbaycan hökuməti ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası Venesiya Komissiyasının birgə rəyi əsasında qəbul olunub.  Sonrakı dövrlərdə də dövlətimiz beynəlxalq əməkdaşlıq sayəsində bu sənədə əlavə və dəyişikliklər edərək, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu sübut edib.  Eyni zamanda  Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlıq  nəticəsində "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilib, "Siyasi partiyalar haqqında" yeni qanun qəbul olunub. 2013-cü il prezident seçkiləri Azərbaycanın demokratik inkişafında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu fikir AŞ PA-nın müşahidə missiyasının rəyində də öz əksini tapdı ki, 9 oktyabr prezident seçkiləri Azərbaycanda demokratik islahatların təntənəsidir. O da məlumdur ki, qurum  tərəfindən 2005-ci ildə  qəbul  olunan "Azərbaycanda demokratik təsisatların inkişafına dair" qətnamədə də  ölkəmizdə demokratiyanın inkişafına təkan verən təsisatların inkişafı təqdir olunmuş və demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilmişdir.

Bu kimi faktlar bir daha göstərir ki, siyasətində insan hüquqlarının qorunmasına və demokratik islahatların sürətləndirilməsinə xüsusi diqqət yetirən Azərbaycanın dünya dövlətləri, beynəlxalq təşkilatlarla  əməkdaşlığı  tərəflərin maraqlarına uyğun şəkildə uğurla davam etdirilir. Bu gün  Azərbaycanın dünyanın  enerji təhlükəsizliyinin təminatındakı önəmli rolu da  AŞ-Azərbaycan münasibətlərinin yeni istiqamətlər üzrə inkişafına  stimul verir.

Təbii ki, bu uğurlarımız reallıqların təbliğatçısı olan mətbuatımızın qarşısında mühüm vəzifələr qoyur. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana  rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və onların son on ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə  söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər.  Azərbaycan  KİV-lərin sayına görə  MDB və Şərqi Avropa  ölkələri arasında  lider mövqedə dayanır. Ölkəmizdə 4 minə yaxın  kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Xeyli sayda  jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir. Yuxarıda da qeyd etdiyimiz kimi, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol  oynayır. Ölkəmizdə internet azaddır, heç bir məhdudiyyət yoxdur.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən "Azərbaycanın hərtərəfli inkişafı üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir" söyləyərək, atdığı bir-birindən əhəmiyyətli addımları ilə bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını sübut etdi. 2003-cü ildən sonrakı dövr Azərbaycan tarixində Böyük Yolun davamı kimi dəyərləndirilir. Demokratikləşmə prosesinin sürətləndirilməsini Azərbaycanın hərtərəfli inkişafında vacib amil kimi önə çəkən dövlət başçısı İlham Əliyev atılan addımların hansısa beynəlxalq təşkilata, dövlətə xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçün olduğunu qeyd edir: "Siyasi islahatlar iqtisadi islahatları qabaqlamamalıdır, eyni zamanda  geridə də qalmamalıdır. Mən hesab edirəm ki,  biz Azərbaycanda  elə bir model yarada bildik ki,  həm iqtisadi islahatlar, həm siyasi islahatlar paralel şəkildə aparılır və  ölkəmizin hərtərəfli inkişafını təmin edir".

Görülən işlərin fonunda mətbuata diqqət və qayğısı daha aydın görünən dövlət başçısı İlham Əliyev bütün çıxışlarında mətbuatın üzərinə düşən vəzifələrdən bəhs edir, onların icrasında dövlətin hər bir dəstəyi göstərməyə hazır olduğunu diqqətə çatdırır. 2005-ci ildə "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamlar imzalanıb.  Həmin ildə mətbuatın 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi də atılan addımlar sırasındadır. Azərbaycan milli mətbuatının 135 illik yubileyi də dövlət başçısının bir-birindən əhəmiyyətli sərəncamları ilə yadda qaldı. Belə ki, Prezident  İlham Əliyev kütləvi informasiya vasitələrinə birdəfəlik yardımın göstərilməsi,  bir qrup jurnalistin fəxri adlar və "Tərəqqi" medalı ilə  təltif edilməsi barədə  sərəncam imzalamaqla yanaşı, dünyada analoqu olmayan bir addım da atdı. 2010-cu ildə dövlət başçısı İlham Əliyevin  mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncamı ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı.

Ötən il milli mətbuat günündə binanın açılışı oldu. Göründüyü kimi, iqtisadi tərəqqi mətbuatın inkişafına yönələn tədbirlərdən də sezilir.  Milli mətbuatımızın 138 illik yubileyində jurnalistlər üçün yaşayış binasının istifadəyə verilməsi, eyni zamanda "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" Prezident sərəncamı deyilənlərin bir daha  təsdiqidir. Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycanın dinamik inkişaf etdiyi, demokratikləşmə prosesinin getdikcə dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə  kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə daha etibarlı şərait yaradılması dövlətin  diqqət mərkəzində duran əsas  məsələlərdən biridir.

Dövlət başçısı İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə  "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi də diqqət və qayğının bariz nümunələrindəndir. Konsepsiyaya uyğun olaraq möhtərəm Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Ölkə Prezidentinin 22 may 2009-cu il  tarixli sərəncamı əsasında isə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru və  Müşahidə Şurasının  üzvləri  təyin edildi.  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlətin mətbuata hərtərəfli qayğısının daha bir əyani təzahürü kimi dəyərləndirildi.

Qeyd etdiyimiz kimi, hər dövrün öz çağırışları, tələbləri var. Bu gün yazılı və elektron KİV-lərin qarşısında duran əsas vəzifə vətənpərvərlik mövzusunda yazılara və verilişlərə geniş yer verilməsidir.  Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında bu məsələyə də xüsusi önəm verərək yazılı və elektron KİV-lərin qarşısında duran vəzifələri diqqətə çatdırmışdır. Azərbaycanın müharibə şəraitində yaşayan ölkə olduğunu, eyni zamanda mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, gənc nəslin  vətənpərvərlik ruhunda tərbiyə olunması işində  medianın xidmətləri aydın şəkildə görünür. Milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğində, dilimiz, mədəniyyətimiz, tariximizlə bağlı həqiqətlərin ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasında yazılı və elektron KİV-lərin üzərinə böyük məsuliyyət düşür. Təbliğat xarakterli, vətənpərvərlik ruhunda yazılar dövrün tələbidir.

Bu gün Cənubi Qafqazın parlayan ulduzu, dünyanın ən xoşbəxt ölkəsi kimi tanınan, yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkan seçilən Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Problemin həllində Azərbaycan dövlətinin  dəyişməz mövqeyi dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edilir. Dağlıq Qarabağ problemi  ümummilli məsələdir.  Möhtərəm Prezidentin bəyan etdiyi kimi,  bu məsələdə  siyasi maraqlar kənara qoyulmalıdır.  Bu məsələdə iqtidar-müxalifət münasibətləri ümumiyyətlə olmamalıdır. "Bütün Azərbaycan xalqı birləşərək bu məsələni həll edə bilər" söyləyən dövlət başçısı İlham Əliyev eyni zamanda bildirir ki,  həm ölkə daxilində, həm də beynəlxalq media nümayəndələri ilə əlaqələrin  genişləndirilməsi istiqamətində fəal iş aparılmalıdır. Dağlıq Qarabağ problemi gündəlik işimiz olmalıdır. Azərbaycan həqiqətlərinin faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırılması ölkəmizin diplomatik mübarizədə qələbəsini şərtləndirən əsas amillərdəndir. Buna görə də mətbuat bu istiqamətdə səylərini daha da artırmalıdır. Hazırlanan hər yazıda jurnalist peşəkarlığı ilə yanaşı, məsuliyyəti də unudulmamalıdır.

Mətbuata dövlət qayğısı davamlılığı ilə diqqət çəkir. 2010 və 2013-cü illərdə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən cənab İlham Əliyevin "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi onun azad mətbuatın inkişafına diqqət və qayğısına verilən dəyərdir. Dövlət başçısı İlham Əliyev ikinci dəfə  "Jurnalistlərin dostu" seçilməsi münasibətilə keçirilən mərasimdə bildirmişdir: "Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki  ölkə Prezidentini "Jurnalistlərin dostu" adına layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim".

Uğurlarımız yeni hədəflərin müəyyənləşdirilməsində stimul rolunu oynayır. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğuların fonunda təsdiqlədiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında başlıca hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir.  Təbii ki, bu inkişaf, tərəqqi dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, digər sahələrlə yanaşı, mətbuatın da qarşısında yeni imkanlar açır.

Qeyd etdiklərimizin ümumiləşdirilmiş ifadəsi budur ki, Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir. Arxada qalan il daim əvvəlki ildən daha möhtəşəm, mühüm uğurlarla yadda qalır. Bugünümüzün reallıqları ulu öndər Heydər Əliyevin vaxtilə səsləndirdiyi fikri xatırlamağı bir tələb kimi qarşıya qoyur: "Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir". Dahi şəxsiyyətin bu tezisinin davamı olaraq möhtərəm Prezident İlham Əliyev bildirir ki, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir.

 

Hüseyn PAŞAYEV,

YAP Mətbuat xidmətinin rəhbəri, YAP Siyasi Şurasının üzvü

Azərbaycan.-2014.- 4 may.- S.3.