Demokratik dövlətin qurucusu

 

 

Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərin qorunması, elmin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın dünya miqyasında  neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, şaxələndirilmiş layihələrə marağın artması bilavasitə ümummilli liderin xidmətlərinin nəticəsidir.

Bu gün Azərbaycanın iqtisadi möcüzələr ölkəsi kimi tanınması, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkanda yerləşən ölkə olaraq beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ən əsası, inkişafın Azərbaycan modelinin dünyaya böyük səs salması təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasətə əsaslanır. Bu gün Azərbaycan bayrağının dünyanın ən nüfuzlu təşkilatlarının qarşısında dalğalanması, dünyada gedən proseslərə təsir imkanlarının artması da deyilənlərin təsdiqidir.  Azərbaycanın 193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin uğurlu siyasətinin təntənəsidir. Azərbaycanın haqqı, ədaləti müdafiə edən, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsini istəyən ölkə kimi tanınması onun dünya birliyində yerini və rolunu artırır. Dünya iqtisadiyyatına uğurla inteqrasiya edən, tanınmış maliyyə təşkilatlarının hesabatlarında qeyd olunduğu  kimi,  rəqabət qabiliyyətinə görə 46-cı yerdə dayanan, Cənubi Qafqaz iqtisadiyyatının 85 faizinə sahiblik edən Azərbaycanın beynəlxalq aləmdə  nüfuz və mövqeyinin möhkəmlənməsi bir amillə bağlıdır:  müstəqilliyin bərpasından sonrakı dövrdən inkişaf perspektivinin düzgün müəyyənləşdirilməsi, bütün ölkələrlə qarşılıqlı hörmət və ehtiram prinsiplərinə sadiqlik. Belə uzaqgörən siyasəti formalaşdıranları isə xalq özünün lideri adlandırır, onu sevir, etimad göstərir. Dünya tarixində tək-tək dövlət xadiminin taleyinə yazılan   zirvələri fəth etmək şansı  ulu öndər Heydər Əliyevə də nəsib olmuşdur.

Böyük şəxsiyyətləri tarix özü dəyərləndirir, onlara özü qiymət verir. El arasında belə müdrikləri Tanrının çox sevdiyi insanlar da adlandırırlar.

Xalqa inam və milyonların etimadını qazanmaq, millətlərarası  qarşılıqlı ehtiram, sosial ədalət prinsiplərini şəxsi keyfiyyətləri,  fəaliyyətinin əsas istiqamətləri kimi formalaşdıran Heydər Əliyev  liderlik fəlsəfəsini dövlətçilik təcrübəsi ilə möhürləmişdir. Dahilərin qeyri-adi istedadları, fenomen bacarığı öz zamanında bəlkə də lazımınca dərk olunmur. Ölkəyə rəhbərliyinin hər iki dönəmində  daxili siyasətin əsas aspektləri olan bütövlükdə xalqın  firavan yaşayışını təmin etmək, insan amilini fəallaşdırmaq,  insanların yaxşı yaşaması üçün iqtisadiyyatın sürətli inkişafına nail olmaq kimi prinsipləri xarici siyasətin bütün dövlətlərlə   qarşılıqlı  etimad, səmərəli əməkdaşlıq etmək, sülh, əmin-amanlıq şəraitində yaşamaq,  münasibətləri beynəlxalq hüquq normaları əsasında qurmaq tələbləri ilə  uyğunlaşdıran ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf istiqamətlərini müəyyənləşdirimişdir. Azərbaycanı beynəlxalq aləmdə tanıdan, qoşa qanad kimi vəhdətdə təkmilləşdirilən daxili və xarici siyasətin əsası ulu öndər tərəfindən qoyulmuşdur.   Odur ki, demokratiya yolu ilə  inkişaf edən Azərbaycan  nüfuzlu vətəndaş cəmiyyətinin əsaslarının qurulduğu, müxtəlif siyasi partiyaların sərbəst fəaliyyət göstərdiyi, insan hüquq və azadlıqlarının qorunduğu sivil bir ölkədir.

Siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən ulu öndərin fenomen bacarığı, dövlətçilik tariximizdəki missiyası, irsi, müqayisəyəgəlməz örnək xidmətləri təcrübə məktəbidir. Milli məfkurənin, azərbaycançılıq ideyalarının formalaşması, milli-  mənəvi dəyərlərin qorunması da ulu öndərin adı ilə bağlıdır. Ölkəmizdə söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması Heydər Əliyev dövlətçilik məktəbinin ənənələri və ayrılmaz tərkib hissəsidir. Həyatının mənasını Azərbaycanın iqtisadi və intellektual potensialını xalqının xoşbəxt və firavan yaşamasına yönəldən ulu öndər tarixi şəxsiyyət kimi tək əməlləri ilə deyil, dolğun, məntiqli çıxışları, natiqlik məharəti  ilə də insanların qəlbinə yol tapırdı. Bu, bir həqiqətdir ki, zəruri, mükəmməl qanunların qəbulu ilə kifayətlənməyən,  müxtəlif istiqamətlərdə  konkret fəaliyyət proqramının işlənib hazırlanması ilə ölkə iqtisadiyyatını yeni mərhələ üzrə inkişaf  etdirən Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan  demokratik ölkə kimi əməkdaşlıq, sivilizasiyaların dialoq  bölgəsinə çevrilmişdir. 

"Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətləri götürüb tətbiq edərək heç vaxt dinimizdən, adət- ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik" deyən ümummilli lider Heydər Əliyev  Azərbaycanın demokratiya yolu ilə inkişafını gələcək üçün təminat hesab edərək fəaliyyətinin bütün dövrlərində  əsas dayaq kimi xalqa arxalanırdı. Ulu öndərin mövqeyi belə idi: Azərbaycandakı bütün prosesləri xalqın istəyinə uyğun istiqamətləndirmək.

Azərbaycanın bu gün demokratiya təcrübəsinin digər dövlətlərə nümunə göstərilməsi də dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin gələcək inkişaf yolunun parametrlərini müəyyənləşdirərkən bu prinsipləri öndə saxlamasından irəli gəlir: "Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir".

Azərbaycanın demokratiya yolu heç də hamar olmamışdır. Ölkəmizin müstəqilliyini, uğurlarını gözü götürməyən daxili və xarici qüvvələr hər vəchlə Azərbaycanın demokratik inkişafına, bu yolda inamlı addımlarına mane olmağa səy göstərirdi. Bu gün əlaqələrimizin yüksək səviyyədə olduğu Avropa Şurasına qəbul zamanı ölkəmizin hansı çətinliklə üz-üzə qaldığı hamıya məlumdur. Lakin Heydər Əliyevin qətiyyəti və səyi bütün bu maneələri dəf etdi, Azərbaycan demokratik dövlət quruculuğu yolunu sözdə deyil, əməldə sübut edərək, dünyanın ən nufuzlu təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, Avropa Şurası Azərbaycana nə qədər gərəkdirsə, Azərbaycan da Avropa Şurası üçün bir o qədər önəmlidir. Təbii ki, demokratik inkişaf yolunu seçən, sivil dəyərlərə böyük hörmətlə yanaşan bir ölkə ilə əməkdaşlıq Avropa Şurası üçün xüsusi əhəmiyyət kəsb edirdi. Bu gün üçün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu nəzərə alsaq, Avropa Şurası ilə ölkəmiz arasında əlaqələrin yüksək səviyyədə olmasının üzv ölkələr üçün hansı əhəmiyyəti kəsb etdiyi bəlli olar.

Dünya şöhrətli  siyasətçi, müdrik dövlət başçısı, islahatçı lider kimi tanınan və adı həmişə hörmətlə çəkilən ulu öndər siyasi fəaliyyətinin bütün dövrlərində tək öz xalqı üçün deyil, bəşəriyyətdə   sülhün bərqərar olması naminə çalışmışdır.

"Əsrin müqaviləsi"ni  imzalamaqla  daha bir tarixi missiyaya rəhbərlik etdiyini təsdiqləyən Heydər Əliyev  neft strategiyasını müəyyənləşdirərək Azərbaycanla birlikdə qardaş Türkiyə üçün böyük imkanlar açan layihələrin gələcəyinə  inanırdı.   Bu müqaviləni  imzalamaqla,  dediyi kimi, Azərbaycanın dünyaya günəş kimi doğmasını reallaşdırdı. Bu gün region və  Avropa  ölkələrinin  enerji təhlükəsizliyində xüsusi xidmətləri olan Azərbaycanın təbii resursları, karbohidrogen ehtiyatları xalqları, millətləri birləşdirməklə  insanlara nur, səmimiyyət bəxş edir.

Daim xalqının müstəqilliyi və azadlığı uğrunda çalışan LİDER fədakar vətəndaş, rəhbər  kimi fəaliyyətinə də sivil, hüquqi dövlət quruculuğuna yönəlmiş islahatlardan başladı. Uzaqgörən siyasətçi yaxşı bilirdi ki, azadlıq, sərbəstlik olmayan yerdə inkişafa, yeniliyə nail olmaq  nəinki çətindir, hətta müşküldür.  Buna görə də yeniliyə, müasirliyə aparan mühüm addımları ilə   Azərbaycanın suverenliyini əbədiləşdirən məsələlərin həllini sürətləndirdi.

Həmin islahatlar arasında demokratiyanı təkmilləşdirən məqamlara üstünlük verildi. Xalqına,  insanlara vurğunluğunu onların firavan yaşamasının təminatı üçün həyata keçirilən islahatlarla təsdiqləyən Heydər Əliyev  Azərbaycanı sivil,  demokratik ölkə kimi tanıtdı.  Ümummilli lider Heydər Əliyev müdrik siyasətçi kimi beynəlxalq aləmə inteqrasiyanın ən düzgün və balanslaşdırılmış yolu ilə addımladı. İnsan hüquqlarının qorunması, ölkəmizdə,  dünyada   sülhün bərqərar olmasını   fəaliyyətinin əsas istiqaməti kimi müəyyənləşdirdi,  BMT,  AŞ PA, ATƏT kimi nüfuzlu təşkilatlara üzv olmaqla demokratik islahatların tətbiqinə çalışdı. Ulu öndərin səyi nəticəsində  Azərbaycanda formalaşan, Prezident İlham Əliyevin səyi ilə  təkmilləşən demokratik islahatlar indi  nümunə göstərilir, ölkəmiz  bəşəri dəyərlərin beşiyi kimi diqqət çəkir. Sevindirici haldır ki, proseslər bu gün də  dinamik sürətlə davam etdirilir.

Hər bir uğurun əsasında Heydər Əliyev uzaqgörənliyi, düşünülmüş siyasəti dayanır. Prezident İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin zəruriliyini bildirmişdir. Son on ilin uğurları bu vədin konkret əmələ əsaslandığını sübut edir. Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev ölkəmizin ötən dövrdə qazandığı uğurları diqqətə çatdıraraq demişdir: "Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf  Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir".

Dahi şəxsiyyət demokratikləşmə prosesinin iqtisadi inkişafda rolunu hər zaman önə çəkirdi. Bu fikir də daim bildirilirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Müstəqilliyini bərpa etdikdən sonra öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin əsasında neft amilindən istifadə etməklə ölkəmizin dünya iqtisadi bazarına inteqrasiyası kimi önəmli məsələ dayanırdı. Neft strategiyasını müəyyənləşdirməklə Azərbaycanın iqtisadi inkişaf tarixində yeni bir mərhələnin başlanğıcı qoyuldu. 1994-cü il sentyabrın 20-də  "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Bu müqavilədən sonra xeyli sayda neft-qaz sazişlərinin imzalanması, hazırda ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcminin 120 milyard dollardan artıq olması da deyilənlərin təsdiqidir. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan ümummilli lider Heydər Əliyev 1999-cu ilin dekabrında  Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi. Dövlət siyasətinin prioritetlərini müəyyənləşdirən Dövlət Neft Fondu şəffaflıq kriteriyalarına görə nümunəvi qurum kimi dəyərləndirilir. Fondun vəsaitlərinin yönəldiyi sahələrdən biri də gənclərin xarici ölkələrdə təhsilinə dair dövlət proqramının icrasıdır. Bu addım da düşünülmüş siyasətə əsaslanır. Belə ki, hazırda iqtisadiyyatın, təhsilin və elmin vəhdətliyinin yaradılması qarşıya mühüm vəzifə kimi qoyulur. Bildirilir ki, iqtisadiyyatın qarşısında duran çağırışlar elmi əsaslara söykənməlidir. Yeni texnologiyaların tətbiqini zərurətə çevirən əsas amil Azərbaycanın hər dövrün çağırışlarına yüksək səviyyədə əməl etməsidir. Bunun təsdiqi kimi, ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan seçilməsini qeyd edə bilərik.

Ulu öndər Azərbaycanda daim sosialyönümlü bazar iqtisadiyyatının tərəfdarı olmuş, özəl sektorun dinamik inkişafı şəraitində sosial problemlərin həllinə, o cümlədən işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin qanunauyğun qaydada tənzimlənməsini təmin etmək üçün dəfələrlə qanunvericilik təşəbbüsündən istifadə etmişdir. Bu gün qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının müstəqil qurum kimi formalaşması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli liderin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda həmkarlar ittifaqları haqqında qanun qəbul edilmiş, bununla da bu təşkilatın normal fəaliyyətinə şərait yaradılmışdır. Ulu öndərin uzaqgörən siyasəti sayəsində həmkarlar ittifaqlarının uzun illər ərzində yaranmış maddi-texniki bazası qorunub saxlanmış, həmkarlar ittifaqlarının demokratik idarəetmə prinsiplərinə əsaslanan fəaliyyətinə dəstək verilmişdir.  Ulu öndər həmişə bu qurumun fəaliyyətini izləməyə, ona yardım göstərməyə vaxt tapmış, qurultaylarına təbrik məktubları göndərmiş, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirmiş, zəruri tövsiyələrini vermişdir. Ulu öndərin 2003-cü il fevralın 5-də AHİK-nın II qurultayına ünvanladığı təbrik məktubunda deyilirdi: "Yeni şəraitdə həmkarlar ittifaqlarının cəmiyyətdəki rolu daha da artmışdır. 1994-cü ildə qəbul olunmuş "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu bu qurumun cəmiyyətimizdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaradır. Həmkarlar ittifaqları hazırkı dövrdə əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli şirkətlərdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərməlidirlər. Vətəndaşlarımızın ən böyük ictimai təşkilatı olan həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda yaxından iştirak etməli, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynamalıdırlar".

Məhz ulu öndərin göstərişləri və tövsiyələri sayəsində Azərbaycan Həmkarlar İttifaqlarının vəzifələri dəyişdi, onların sosial təyinatı, funksiyaları, fəaliyyətlərinin forma və metodları əsaslı şəkildə yenidən quruldu. "Həmkarlar ittifaqları haqqında" qanun qəbul edilməklə həmkarlar ittifaqlarının cəmiyyətdəki yeri və statusu müəyyən edildi; həmkarlar ittifaqlarının qeyri-siyasi təşkilat kimi dövlət və təsərrüfat orqanlarından və siyasi sistemin digər vəsilələrindən asılılığı aradan qaldırıldı; həmkarlar ittifaqlarının bütün strukturlarında, o cümlədən aşağı vəsiləli həmkarlar ittifaqlarında inzibati-amirlik sisteminə son qoyularaq sahə məsələlərinin həllində həmkarlar ittifaqlarının və orqanlarının müstəqilliyi təmin edildi; əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqlarının hüquqları tanındı; Azərbaycan Həmkarlar İttifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının tərkib hissəsinə çevrildi. Bütün bunlar respublikada həmkarlar ittifaqı hərəkatının inkişafına stimul yaradaraq işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsini daha səmərəli formada həyata keçirməyə imkan yaratdı.

Ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasına sadiq olan Prezident İlham Əliyevin həmkarlar ittifaqlarının sosial-iqtisadi məsələlərlə bağlı mövqeyini dəstəkləməsi və bu sahədə mühüm qərarlar qəbul etməsi xüsusi rol oynadı. Prezident İlham Əliyev dəfələrlə həmkarlar ittifaqlarının güclü qüvvə olduğunu və Azərbaycanda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində mühüm rola malik olduğunu qeyd etmişdir: "Əminəm ki, həmkarlar ittifaqları cəmiyyətdə əməkdaşlıq ruhunun bərqərar olması, sosial ədalət prinsiplərinə riayət edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində çox iş görə bilər". Bu fikirlər həmkarlar ittifaqlarını daha da əzmkarlıq, birlik və həmrəylik nümayiş etdirməyə istiqamətləndirmişdir.

Bu gün Azərbaycan Həmkarlar İttifaqları vətəndaş cəmiyyətinin əsas institutlarından biri olmaqla, cəmiyyətdə öz yerinin və rolunun möhkəmləndirilməsi üçün real yollar axtarıb tapır. Sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.

Azərbaycan Həmkarlar İttifaqları respublikamızın ictimai həyatında mühüm rol oynamaqla iqtisadiyyatın və cəmiyyətin demokratik dəyərlərinin inkişafı sahəsində qarşıda duran vəzifələri yerinə yetirir, qloballaşmanın dərinləşməsi şəraitində dünya həmkarlar ittifaqları ilə əməkdaşlığı genişləndirir. Əhalinin sosial-iqtisadi və məşğulluq problemlərinin həlli üçün hökumətlə sıx əməkdaşlıq edir, cəmiyyətdə mövqeyinin güclənməsinə çalışır. 26 sahə həmkarlar ittifaqını öz ətrafında birləşdirən AHİK və onun üzv təşkilatları qanunvericilikdə onlara həvalə edilmiş hüquq və səlahiyyətlərinin yerinə yetirilməsində uğurlu addımlar atırlar.

Respublikada söz, mətbuat, vicdan, əqidə azadlığının təməlini qoyan, Yeni Azərbaycan Partiyasını yaratmaqla demokratiyanın başlıca tələblərindən olan çoxpartiyalılıq sisteminə keçidi demokratiyanın əsas şərtləri kimi dəyərləndirən ulu öndər müstəqil mətbuatın inkişafına sivil cəmiyyətin əsas atributlarından biri kimi diqqət yetirirdi.  Ölkədə apardığı demokratik islahatlara görə dəfələrlə "jurnalistlərin dostu" adına layiq görülən Heydər Əliyev  daim insanları birliyə, saflığa çağırır, şəxsiyyəti nüfuzdan salan ələbaxımlıq hallarına qarşı mübarizəni ümumxalq işi hesab edirdi.

Ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərinin obyektivliyini, şəffaflığını təmin edən ümummilli liderin səyi sayəsində  Azərbaycanda tam demokratik tələblərə uyğun parlament formalaşdı, təkmilləşdi. Demokratiyaya ölkə əhalisinin ümumi mənafeyinə və istəyinə uyğun islahatların tətbiqi kimi dəyər verən Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi islahatları saymaqla qurtarmaz. Azərbaycan  Şərq aləmində ilk dəfə olaraq ölüm hökmünü ləğv edən ölkə kimi tanındı. İmzaladığı   əfv fərmanları və amnistiya aktları ilə azadlıqdan məhrum edilən yüzlərlə  məhbusu sağlam, ictimai fəaliyyətə qaytardı.  2003-cü ildə  keçirilən prezident seçkiləri ilə əlaqədar xalqa müraciət edən   ümummilli lider Heydər Əliyev üçün ölkə vətəndaşlarının ümumi rəyi başlıca faktor, meyar idi. İlham Əliyevi ölkə rəhbərliyinə tövsiyə edərkən "İnanıram ki, mənim axıra çatdıra  bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyinizlə İlham Əliyev başa çatdıra biləcək" müraciəti ilə  bir daha Azərbaycan xalqına məhəbbətini bildirdi. Doğrudan da, ulu öndərin inamını doğruldaraq, onun siyasi məktəbinin layiqli davamçısı olduğunu yeritdiyi düzgün siyasəti, rəhbərlik təcrübəsi, iradəsi və qətiyyəti ilə Prezident İlham Əliyev  xalqının sevimlisidir.

Bu gün Azərbaycanın siyasi mənzərəsi  stabildirsə, dinamik inkişaf bütün sahələrdə hiss olunursa, bu, yalnız ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin gərgin zəhmətinin bəhrəsidir.

Ulu öndər  mənsub olduğu millətin milli-mənəvi zənginliyinə,  adət-ənənələrinin  qorunub saxlanmasına, islami  dəyərlərə daim hörmətlə yanaşırdı. Buna görə də hər bir azərbaycanlının qəlbində yer almış  Heydər Əliyevə xalq  məhəbbəti, ehtiramı sonsuz, bitib-tükənməzdir. Ulu öndər milli-mənəvi dəyərlərimizi qoruyub təbliğ etməyi, soykökümüzə bağlılığımızı gündəlik fəaliyyət istiqamətləri kimi yaşatdı.

Bəşər tarixi çox böyük insanlar yetirmişdir. Onların arasında inqilab edənlər, dövlət yaradıb millətləri üçün böyük işlər görənlər də var. Ancaq onların çoxunun tarixdə izi, qalmamışdır. Onların gördüyü işlər gələcək uğurlara hesablanmadığı, dəyərli, faydalı olmadığı üçün  uğursuzluqla nəticələnmiş, ardıcılları olmamışdır. Ancaq qərinədən artıq bir müddətdə hakimiyyətdə olan ulu öndərin  xalqımız üçün gördüyü işlər o qədər qiymətli, misilsizdir ki, siyasi irsi, dövlətçilik məktəbi, ənənələri yaşayır, böyük uğurla davam etdirilir. Ulu öndər dövlətçilik təcrübəsindən də aydın bilirdi ki, hökumətin iki məqsədi, vəzifəsi var: millətin qorunması, insanların rifahının təmin olunması. Heydər Əliyev müəllifi olduğu Azərbaycanın müstəqilliyini qoruyub əbədiləşdirməklə bu missiyanı layiqincə  yerinə yetirdi. Ölkəmizin dünya birliyində  mövqeyinin möhkəmlənməsini apardığı demokratik islahatlarla  təmin etdi, dövləti etibarlı əllərə tapşırdı.  Azərbaycanın hamını heyrətə salan iqtisadi inkişafı sübut etdi ki, onun ideyaları  gələcək nəsillər üçün də dəyərlidir.

Xalqımız keçən il keçirilən prezident seçkilərində yenidən İlham Əliyevə səs verməklə, əslində Heydər Əliyev kursunun davamına, Azərbaycanın dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, Xəzər neftinin çoxvariantlı marşrutla dünya bazarına çıxarılmasına, tikinti, quruculuq və abadlıq işlərinin daha da genişləndirilməsinə, enerji və nəqliyyat təhlükəsizliyinin davamlılığına, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına, Azərbaycanın Cənubi Qafqazdakı lider rolunun daha da möhkəmlənməsinə, sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına, güclü və müasir ordu quruculuğuna, bütövlükdə, Azərbaycanın sürətli və davamlı inkişafının yeni mərhələyə qədəm qoymasına, ölkə vətəndaşlarının xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə dəstək verdi.

Həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf  duymuş Heydər Əliyev xalqının parlaq və işıqlı gələcəyi naminə ardıcıl, məqsədyönlü mübarizə aparmış, arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Ulu öndərin şah əsəri olan Azərbaycan onun layiqli davamçısı - dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edir, strateji hədəflərə uğurla çatır.

 

Səttar MEHBALIYEV,

Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Azərbaycan.-2014.- 7 may.-S.7.